Dörd dəfə sui-qəsdə məruz qaldı, dostu iynə vurub öldürdü - Şıxəli Qurbanovun qətl sifarişini kim vermişdi?

Dörd dəfə sui-qəsdə məruz qaldı, dostu iynə vurub öldürdü - Şıxəli Qurbanovun qətl sifarişini kim vermişdi?
16 avqust 2022
# 21:00

Kulis.az yazıçı, dramaturq, ictimai xadim Şıxəli Qurbanov haqqında maraqlı faktları təqdim edir.


Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, Böyük Vətən müharibəsində Leninqraddan Almaniyayadək döyüş yolu keçib.

***

1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə “Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.



Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.

***

Şıxəli Qurbanov Xavər adlı xanımla ailə həyatı qurub. Onların İlqar və Gülnarə adlı övladları dünyaya gəlib. Sonralar Gülnarə xanım bir müddət parlamentin deputatı, oğlu isə tanınmış diplomat kimi fəaliyyət göstərir.

***

Şıxəli Qurbanov həm də dövlət xadimi idi. 1950-ci illərdə Azərbaycan KP Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri təyin olunub. 1957-1961-ci illərdə Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub.

Həmin dövrlərdə ateist ideologiyalı sovet hakimiyyəti ölkəmizdə Məhərrəmlik, Orucluq, Ramazan ayları, Novruz bayramının qeyd olunmasına qadağa qoyur. Bu fakt Şıxəli Qurbanovu narahat edir.

***

1967-ci il Azərbaycanda ilk dəfə Novruz bayramı “Bahar” bayramı adı altında rəsmi səviyyədə respublika ərazisində olunub. Qadağalara baxmayaraq Novruz bayramının rəsmi səviyyədə qeyd olunmasında Azərbaycan kommunistlərinin o vaxtkı rəhbəri, akademik Vəli Axundov və tanınmış yazıçı-dramaturq, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi Şıxəli Qurbanovun rolu və xidmətləri əvəzsizdir.

***

1967-ci ildə Novruzun qeyd edilməsi baş tutsa da, növbəti ildə - 1968-ci ildə buna imkan verilmir. Bunun nəticəsidir ki, Vəli Axundov və Şıxəli Qurbanov Moskva tərəfindən ciddi təzyiqlərə məruz qalır.

Lakin bu xəbər bütün SSRİ-yə yayılır. Dostları Şıxəli Qurbanova xəbərdarlıq edir. Lazımi qüvvələr Novruz bayramını islam dini ilə bağlayır, Şıxəli Qurbanovun əsl adının isə Şeyx Əli olduğunu deyirlər. O, dərhal Moskvaya çağırılır. Şıxəli Qurbanov Novruz bayramının dinlə heç bir əlaqəsi olmaması barədə 22 səhifəlik izahat yazır. Bir müddət sonra o, özünün təqib edildiyini hiss edir.

***

Bir dəfə isə o, həyat yoldaşı Xavər xanıma deyir: “Bilirəm məni öldürəcəklər, amma xalq elə həmin gün qatili parça-parça edib tikələrini qapımızın ağzına qoyacaq. Xalq qoymaz ki, qanım yerdə qalsın”.

1967-ci il may ayının 23-də Şıxəli Qurbanov “Sənsiz” pyesinin ictimai baxışına gəlir. Amma o, diş həkiminə getmək üçün ictimai baxışı tez tərk edir və aktyorlara deyir: “Gedirəm, əgər gəlməsəm, “Sənsiz”ə baxarsınız mənsiz”.

***

Xalq arasında hörmət qazanan Şıxəli Qurbanov Azərbaycanın milli əqidəsi uğrunda ömrünün sonuna qədər mübarizə apardığı üçün 4 dəfə sui-qəsdlə üzləşir. Birinci dəfə atılan güllə əlindən yan keçir, ikinci dəfə onu avtomobillə vurmaq istəyirlər, üçüncü səbəbi məlum olmayan sui-qəsddən də xilas ola bilir. Lakin, 23 may stomatoloq dostu Əliağa Əhmədovun yanına gəlir. Dostunun ona vurduğu iynədən sonra Şıxəli Qurbanov 42 yaşında elə yerindəcə dünyasını dəyişir.

***

Bu hadisədən sonra həkimin pəncərədən qaçdığı və Vəli Axundovun evində gizləndiyi deyilir.

Şıxəli Qurbanovun ölümü ilə bağlı qəzetlər onun anafilaktik şok keçirərək dünyasını dəyişdiyini yazır. Uzun illər sonra həkim Əliağa Əhmədov yazdığı kitabda Şıxəli Qurbanovun anafilaktik şok keçirdiyini qeyd edir.

***

Mayın 24-də göstərilməli olan tamaşa təxirə salınır. Çünki tamaşaya gələn adamlar eşitdikləri üzücü xəbərdən sonra xəstəxanaya axışır. Çünki həmin vaxt xəstəxanada mərhum katibin nəşi onları gözləyirdi...

***

Lakin, Şıxəli Qurbanovun ailəsi bu fikirlərlə razılaşmır, onun ölümünün dövlət səviyyəsində hazırlandığını iddia edir. Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova müsahibələrində deyir: "Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. O zaman vəzifəyə gəlmək istəyənlər dövlət səviyyəsində bunu təşkil etdilər. Məlum oldu ki, ona sianid turşusu vurublar”.

Şıxəli Qurbanovun ölümündən 40 gün sonra Xavər Qurbanova Moskvada prokurorluqda olur. Onun təkidi ilə prokurorun müavini məsələni aydınlaşdırmaq üçün Bakıya göndərilir. Amma nəticədə Xavər xanıma onun fikirləri ilə şərik olduğunu desə də, həqiqət rəsmi surətdə üzə çıxarılmır. Çünki ixtisasca həkim olan Mərkəzi Komitənin birinci katibi Vəli Axundov diaqnozunda israrlı idi – Şıxəli Qurbanovun “anafilaktik şok”dan ölməsi ilə bağlı dörd nəfər mütəxəssisin imzası ilə qəzetdə yazı da dərc olunmuşdu. Beləcə, respublikanın birinci şəxsinə bata bilməyən Xavər xanım susmağa məcbur olur.

***

Şıxəli Qurbanov Fəxri xiyabanda dəfn olunur. Musiqili Komediya Teatrına, Bakı küçələrindən birinə onun adı verilib.

# 28078 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #