Diri yüzlükdən savayı bir şey deyilsiniz

Diri yüzlükdən savayı bir şey deyilsiniz
1 sentyabr 2025
# 12:00

Kulis.az Malik Atilayın "Mürid-mürşüd oyunları və müasir cibgirliyin əsasları" yazısını təqdim edir.

Bir sabah oyananda artıq 9 saatlıq iş rejiminin sənə uyğun olmadığını anlayıb daha rahat bir gəlir qazanmağın yollarını axtarmağa başlayırsan.

Ölkənin cinayət tarixi ilə maraqlananlar şübhəsiz bilirlər ki, bir dövrün ən prestijli oğurluq növü cibgirlik sayılırdı. Çünki bu oğurluq sahəsi xüsusi bir estetika ilə yanaşı yüksək hissiyat da tələb edirdi. Yəni, bir növ oğurluğun incəsənəti idi.

Zaman keçdikcə, insanlar daha ayıldılar, hər yerdə kamera oldu, bu sahə tarixin dəftərinə düşdümü bəs?

Xeyr, sadəcə şəkil dəyişdirdi. Sizə müasir dövrün cibgirlərindən danışacam - kouçlar... Onlar isə təkcə cibimizdən yox, mənəvi gücümüzdən də əlüstü apara bildiklərini aparırlar.

Amma gəlin, əvvəlcə bir az da Şərq fəlsəfəsinə nəzər salaq.

Bir vaxtlar mürşüd olardı, bir ömür bir söz deyərdi, ton-ton kitablar oxuyub, ariflərdən ürək dolusu irfan götürüb, insanların ruhuna aramlıq gətirər, dünya sınağını yüngülləşdirib, meylə ərşə qaldırardı.

İndi hər saat başı bir “mürşüd” peyda olur – telefon ekranından çıxıb sənə özünü tanıtmağa çalışır, özünü sevmədiyin üçün səni bir-iki ağız danlayıb, ömrü əzab-əziyyətlə keçən valideynlərinin haçansa üstünə acıqlandıqları üçün sənə dərin travma yaşatdıqlarını və indi bütün uğursuzluqlarının onları bağışlaya bilmədiyinə görə başına gəldiyinə inandırır.

Özünü dünyanın sirlərindən xali bilən, ali insan olmağa bir-iki nəfəs qaldığını düşünən müasir dövrün cibgir mürşüdləri nə qırxlar məclisindən mey içiblər, nə çillə görüblər. Tək bildikləri – sənə “enerji-vibrasiya-çakra” qarışığında nəsə desin, sən də ağzın açıq ona baxasan. Qəribə cümlələrlə özünə olan-qalan son inamını da silkələyib səni tora düşmüş ov halına gətirir.

Bu kouçların ən böyük qabiliyyəti danışmaqdır. Danışdıqları sözdə məna olmasa belə "enerji" , "travma", "çakra" kimi sözlərlə səni hipnoz edir hardasa.

Danışa-danışa səni elə bir yerə gətirirlər ki, az qala o bilinən evlərdəki basqın çəkilişləri kimi üzünü tutub, öz dərdinə görə utanırsan.

Guya bütün problem sənlikdi, sən inanmırsan, sən özünü sevmirsən, sən səhv düşünürsən. Əslində isə sən sadəcə realist adamsan – iş tapa bilmirsən, ət almağa pulun yoxdu, uşaqların gözü səndədir.

Həyatdan beş dəqiqə dincəlmək üçün pəncərəyə baxırsan, görürsən ki, insanlar harasa tələsir, hamı fərqində olmadığı bir qaçaqaçda, qovhaqovdadır. Amma pəncərəni bağlayıb telefonun ekranına baxan kimi, bir “kouç” çıxır və deyir:

– Bu gün özünə dəyər verdinmi?

Tam özünə dəyər verməyə hazırlaşırdın ki, marketdən aldığın iki çörəyin, bir kilo kartofun pulunu "1 manatdan kartdan çıxın, qalanını belə verəcəm" deyərkən tutmusan.

Bir də bu müasir dövrün cibgir mürşüdlərinin ən sevimli cümlələri belədir: “Hər şey içindədir.”

Düz deyir, amma insanların “içində olanlar” dediyi – əsəb, kredit və axşam evə çörək aparmaq dərdidir.

Bir də “səhər 5-də durmaq” vəsvəsəsi var. Guya saat 5-də duranda kainat sənə “bravo!” deyir. Ay kouç xanım və bəy, bura Bakıdır. Saat 5-də duran adam ya çörəkçi, ya da baş həkimin növbəsindəki tibb bacısıdı. Onların indi “güc mərkəzini oyatmağa" gücləri yoxdu, sadəcə çörəkpulu qazanmaqla məşğuldurlar.

Ən ağrılısı nədir düşünmüsünüz? Bunlar sənə “inkişaf” adı ilə bir teatr göstərirlər. Səhnədə süni təbəssüm, arxa fonda bej rəngli divar, əlində bir fincan latte, dodağında “tox” bir gülümsəmə. Sənə deyir ki:

– Öz hekayəni özün yaz.

Əzizim, yaşı 45-i keçsə də özünə bir gün ağlaya bilməyib, səndən mədət uman adam uzağı özünə şeir yazar. Onu da başdaşına həkk edərlər...

Sosial şəbəkədə oturub yazırlar:

– Sən kainatsan, kainat sənin içindədir...

Nəsimi "Həqq məndədir" dediyi torpaqlarda indi kainatın səndə olduğuna inanırlar.

Çoxumuzun yadına gəlməz, amma bir vaxt haçansa insanların bir-birinin dərdinə şərik olurdular, qulaq asıb gücü məsləhət verməyə çatanda onu əsirgəmirdilər.

İndi “dərdini danışmaq” üçün sənə link atırlar. “Qeydiyyatdan keç, ödəniş et, ağla.”

Sizin gözyaşlarınızı içə-içə böyüyən, bu boyda olan bu əziz kouç müəllim və müəllimələr üçün sosial şəbəkədə izləyici sayı, pulqabındakı diri yüzlükdən savayı bir şey deyilsiniz.

Hə, onu deyirdim axı...

Bir gün Mövlana öz mürşüdü Şəms Təbrizinin suyun üstündə "Ya Həqq" deyərək yeridiyini görüb, eynisini edir. Boğazına qədər suya batan Mövlanaya Şəms Təbrizi bir cümlə deyir "Sənin üçün Ya Həqq hələ tezdir, sən hələ Ya Şəms deməlisən".

Bu kouçlar içinizdəki dəryalardan sizi ətəyiniz suya dəymədən keçirməyəcəklər, uzağı dəryalar boyda dərd-sərinizin içində ən böyük dərdinizin "ata travması" olduğunu deyəcəklər...

# 2979 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər