Dindarların yaratdığı ateist dövlət - Aqşin Yenisey yazır...

Aqşin Yenisey, şair

Aqşin Yenisey, şair

3 mart 2022
# 10:10

Kulis.az Aqşin Yeniseyin “Müsəlmanın qorxusu – çəyirtkə seli” yazısını təqdim edir.

Müsəlman cəmiyyətlərinin uğursuzluqlarının səbəbini dini dünyagörüşünə bağlamaq işin ən görünən tərəfidir. Bəli, biz ruzinin göydən göndərildiyinə inanan qövmük. Amma ortada ABŞ reallığı da var və bu ölkə dünyanda İndoneziya və Türkiyədən sonra allaha inanan ən dindar ölkələrdən biridir. Araşdırmalara görə, ABŞ-da əhalinin 70 faizi allaha inanır. Eyni zamanda dünyanın ən güclü elm mərkəzləri, universitetləri də bu ölkədədir. Nədir bu ziddiyyətin səbəbi?

Niyə allah orada elmə istinad edir, burada vəhyə?

Riçard Doukinz "Tanrı illüziyası” kitabında yazır ki, Amerikaya köçən ilk avropalı xristianlar yeni qitəyə inkiviziasiyası işgəncələrini, "cadugər ovu”, "cənnət qəbzləri” kimi xristian mövhumatını aparmadılar, sadəcə, tanrı düşüncəsini bu dinin içindən sıyırıb özləri ilə götürdülər. Amerikaya köç ənənəvi xristianlığa müxalif olan fikirlərin meydanını genişləndirdi və nəticədə qurucuları ateist olan ABŞ dövləti yarandı. Yəni, dindar avropalılar "yeni torpaqlarda” ateist dövlət yaratdılar.

Müsəlman dünyasında bu proseslər baş verməyib. Məsələn, biz yazıçı, şair tayfası müsəlmanların bu gün dünyanın ən böyük istehlakçı kütləsi olduğunu tənqid edəndə mühafizəkar qardaşlarımız belə bir arqumentə sığınırlar ki, burada pis nə var axı, şirkətlər istehsal edir, hamı alır, biz də alırıq.

Ay camaat, istehlakçı cəmiyyətlə istehsalçı cəmiyyətin fərqi bazarda deyil, şüurdadır.

Fransız filosofu və sosioloqu Jan Bodriyar hesab edir ki, istehlakçı şüura sahib olmaq özünüifadənin bir formasıdır və başqasına göstərmək amaçlı bir davranışdır. Aldığımız hər bir şeylə özümüzü ifadə etməyə və cəmiyyətdə yerimizin harada olduğunu başqalarına çatdırmağa çalışırıq. Bodriyarın bu xarakteristikası necə də bizim kimi cəmiyyətlərin əyninə biçilmiş bir təsnifatdır. Göstər, deyim kimsən!

Qərbli özünü ifadə etmək üçün istehsal edir, yaradır, şərqli isə eyni məqsədə nail olmaq üçün istehlak edir, yaradılanı mənimsəyir, özününküləşdirir.

Biz bir-birimizlə ünsiyyət vasitəsi olan dilimizlə deyil, üstümüzdə gəzdirdiyimiz və ağırlıq ucbatından gəzdirə bilmədiyimiz əşyalarla danışırıq. Dilimiz istehlak etdiyimiz əşyalarımızdır. Onlar bahaldırsa, biz də bahalı insanıq, onlar ucuzdursa, deməli, bizim də qara qəpiklik dəyərimiz yoxdur. Məsələn, bahalı saat taxmaq iş dünyasında bir şifrədir, bu saatın sahibi demək istəyir ki, mənim üçün zaman qiymətlidir. Yəni işləməkdən bir dəqiqə belə boş vaxtım yoxdur. Bizim bir növcavan isə, deyilənə görə, iki milyonluq saatı hansısa çimərlikdə avaralananda itirmişdi.

İstehlakıçı cəmiyyətin şüur(suzluğ)udur bu.

Səbəbi odur ki, sənaye dövrünün dəzgahları bizə gəlib çıxdı, amma sənaye şuurunun özü gəlmədi, yəni biz sənayeləşmiş cəmiyyətə xas olan həmkarlar ittifaqları, işçi haqları kimi sosial təsisatların fəlsəfəsini mənimsəmədik. Ağamız ağa, nökərimiz nökər olaraq qaldı. Sənaye dövrünün İspaniyası kimi feodalizmdən kapitalizmə keçə bilmədik. Ağamızda fabrikant, nökərimizdə fəhlə şüuru formalaşmadı. Şüur formalaşmadığı üçün gələcəkdə bizi nə gözlədiyini izah edə bilmədik, enerjimizi keçmişin populyarlaşdırılmasına xərclədik. Ona görə Sabirin satirası öz aktuallığını qoruya bildi. Yaxud bu gün dünyada insanların çox az pulla milyonlar qazandığı müasir texnologiyalara biz bir ucdan öz cibimizdən pul xərcləyirik. Çünki texnoloji avadanlığa sahibik, amma texnoloji şüurumuz yoxdur.

Təsərrüfatı mədəniyyətə çevirən icaddır, ixtiradır. Daş alətlərin icadı bir mədəniyyətin başlanğıcıdır, barıtın ixtirası başqa bir mədəniyyətin başlanğıcıdır və s.

İstehsalçı cəmiyyət icad etməyə məhkumdu. İctimai romantikası icadlarından qaynaqlanır.

İcad, ixtira edə bilməyən bütün mədəniyyətlər nəhəng təsərrüfat sistemləridir.

Məsələn, antik Roma icadlarla dolu mədəniyyət idi. Modernizmə qədərki Orta əsrlər xristian Roması isə geriyə, təsərrüfat sisteminə qayıtmışdı, çünki icad və ixtira şeytan əməli hesab olunurdu.

Günümüzün islam dünyası da nəhəng təsərrüfat sistemidir. Bu sistemin öz feodalları var. Onlar icadın əleyhinədirlər.

Bizim kimi şair-şüur tayfası elmi ona görə dinə qarşı qoyuruq ki, bu uzunömürlü təsərrüfat sistemini mədəniyyətə çevirmək istəyirik.

İxtira edə bilməyən qövm məhvə məhkumdur! Bircə cəyirtkə seli kifayətdir ki, yox olsun…/qaynarinfo.az

# 3515 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
# # #