Kulis.az Günel Mehrinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsəri əsasında hazırlanan eyniadlı tamaşası haqqında yazısını təqdim edir.
Qapıdan çıxanda iş yoldaşım məni səslədi:
- Hara gedirsən?
- Azdramaya.
- Nə var ki orada?
- “Dantenin yubileyi” olacaq. Bu da dəvətnaməm... Nəyə gülürsən?
- Dəvətnamədə yeriniz əllə yazılıb ki. Köhnə dəvətnamə olmasın?
- Yox əşşi...
- Oxumamısan əsəri? “Dantenin yubileyi”ndə elə idi də. Sən də onlar kimi vaxtı ötmüş dəvətnaməylə boş yerə gedib qayıtmayasan...
Bir iş yoldaşıma baxıram, bir də əlimdəki dəvətnaməyə. Yox, əminəm, premyera bu gündür - 20 oktyabr. Amma iş yoldaşım düz deyir. Hekayənin baş qəhrəmanı Kəbirlinskiylə “zarafatlaşmaq” istəyən tanışı ona vaxtı ötmüş dəvətnamə verir. Özü də italyan şairi Dantenin yubiley gecəsinə...
Açığı, Danteni ilk dəfə Anarın kitabı sayəsində tanımışdım. Onda tələbə idim. Universititetin birinci kursunda təhsil alırdım. Bir gün Anarın “Seçilmiş əsərləri”ndən ibarət kitabın mündəricatında belə bir başlıq gördüm: “Dantenin yubileyi”. Ad diqqətimi çəkdi. Əsəri oxuyandan sonra öyrəndim ki, Dante Aligyeri italyan şairidir və dünyada “İlahi komediya” əsəri ilə tanınıb. Sonra televizorda rejissor Gülbəniz Əzizmzadənin Anarla birgə ekranlaşdırdığı “Dantenin yubileyi” filmini izlədim. Kəbirlinski rolunu rəhmətlik Həsənağa Turabov necə maraqlı canlandırmışdı. Məncə, o Turabovun kinoda yaratdığı ən uğurlu obrazlardan idi. Həmin vaxtdan illər keçib. Və mən ilk dəfə “Dantenin yubileyi”ni səhnədə izləmək üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına tələsirəm. Yaxşı ki, əsərdəkindən fərqli olaraq mənim dəvətnaməm köhnə deyil. Uzaqdan görünür ki, teatrın binası çıraqbandır. Amma bir məqam diqqətimdən yayınmır. Nədənsə yeni tamaşanın afişası hələ vurulmayıb...
Teatrın foyesində sənət dünyasının tanış simalarıyla rastlaşıram. Tanışlarımdan biri sözarası deyir ki, rejissor Sankt-Peterburqdan dəvət edilib. Keçən dəfə də Anarın “Mən, sən, o və telefon” əsərini səhnələşdirmək üçün dəvət edilmişdi. Maraqlı rejissordur. Hm... Təəssüf ki, o tamaşaya baxmamışdım. Gedib lojadakı yerimdə əyləşirəm. Teatr cameəsi ikibir, üçbir söhbətləşə-söhbətləşə zalda öz yerini tutur. Gözüm Anar müəllimi axtarır. Hər halda nəsr əsərinin pyes versiyası bir müəllif kimi ona lap maraqlı olar, deyə düşünürəm. Amma Anar müəllim gözə dəymir. Səhnə dekoru diqqətimi cəlb edir. Səhnədə sovet dönəmindən qalma köhnə bir avtobus var. Vəssalam. Əslində Azdrama səhnəsi üçün belə minimalist həll məni təəccübləndirir. Bilirəm ki, nəsr əsərini səhnələşdirmək daha qəlizdir və artıq tanışımın ağızdolusu təriflədiyi rejissorun ortaya nə çıxardığını izləmək üçün səbirsizlənirəm. Nəhayət, sonuncu zəng. İşıqlar azalır və şən ovqatlı bir italiyan musiqisi bizi ağuşuna alır. Bu musiqini biz müxtəlif versiyalarda tamaşa boyu gah fonda, gah musiqiçilərin ifasında, gah da aktyorların dilindən dinləyirik. Bəlkə, ilk baxışdan təsadüfi seçilmiş bir melodiya təsiri bağışlasa da, leytmotiv nəğmə əsərin ümumi süjet xəttinə xidmət edir. Yəni bu italyan musiqisi italyan əsilli Danteyə bir göndərmədir. Rejissor tamaşaçını şüuraltı olaraq əsərin əsas hadisəsinə hazırlayır. Yeri gəlmişkən, bayaq dediyim o avtobus – səhnənin yeganə atributu və dekoru olan bu avtous da eyni ilə həmin musiqi kimi təsadüfən seçilməyib. Həm tamaşa boyu fırlanaraq gah ev, gah iş yeri, gah da nəqliyyat vasitəsi funksiyalarını yerinə yetirir. Amma və lakin onun əsas funksiyası mənə görə, dramaturji detal kimi seçilməsidir. Belə ki, bu avtobus da elə əsərin baş qəhrəmanı Kəbirlinski kimi Nuh əyyamından qalmadır. Üstəlik, necə ki Kəbirlinski bu boyda dünyada tənhadır, avtobus da o boyda səhnədə tək-tənhadır. Və elə Kəbirlinski kimi çoxfunksiyalı olsa da, miskin görünüşlüdür.
“Dantenin yubileyi” ötən əsrin 60-cı illərində Azərbaycan nəsrində özünəməxsus yeri olan ən yaddaqalan povestlərdəndir. Maraqlıdır ki, aradan bu qədər zaman keçsə də, əsər də, oradakı personajlar da, hadisələr də bu gün üçün yad deyil, əksinə sanki indiki zamanın problemlərinə güzgü tutur. Feyzulla Kəbirlinski az qazancla kifayətlənən, parlaq istedadı olmayan, amma illərini sevdiyi teatra həsr edən yaşa dolmuş bir aktyordur. Bu vaxta kimi heç bir nailiyyəti olmadığından ailəsi daim ondan narazıdır. Dost-tanışı isə bu adsız-sansız aktyora tənə ilə yanaşır. Günlərin birində Kəbirlinski həyat yoldaşını şeytanın qıçını sındırıb adlı-minnətli dəvətnamə ilə “Dantenin yubileyi”nə aparır. Və bəlli olur ki, dəvətnamə köhnədir. Həmin gün heç bir tədbir yoxdur. Bu, tanışının Kəbirlinski ilə etdiyi növbəti “zarafat”dır. Kəbirlinski bəlkə də həyatında ilk dəfə bu qədər acınacaqlı bir vəziyyətə düşür. Amma evdə həmişə deyinən həyat yoldaşı bu pərt durumda susur, ərinin daha da alçalmaması üçün onunla metroya düşəndə özünü elə aparır ki, sanki ilk dəfədir, qatara minir. Bax bu məqamda tamaşanın ən dadlı səhnələrini izləyirik. Sabir məmmədov və Sənubər İsgəndərlinin maraqlı plastikası ilə tamamlanan duet gah kədərləndirir, gah da çöhrəmizdə təbəssüm yaradır. Mən uzun illərdir, sevimli və gözəl aktrisamız Sənubər xanımı da, maraqlı səs tembri ilə seçilən aktyorumuz Sabir bəyi də bu səhnədən izləmişəm. Düşünürəm ki, bu tamaşadakı obrazları onların yaradıcılığında yer tutmuş ən parlaq ifalardan biri kimi hafizələrə köçəcək. Məncə, mimikaları və danışıq tərzi ilə, hətta ikiqat duruşu ilə əzilmiş obrazını təqdim edən Sabir müəllimin də, evdar Bakı xanımını səmimi ştrixlərlə çatdıran Sənubər xanımın da oyunundan tamaşaçılar tamaşa boyu zövq aldılar. Hətta onları izləyə-izləyə “Bizim Cəbiş müəllim” filmindəki Şəfiqə Məmmədova və Süleyman Ələsgərovun uğurlu tandemindəki dadı da aldım. Bir sözlə, aktyor seçimi kifayət qədər dəqiq və uğurlu idi. Bu uğur Kəbirlinskinin oğlu Eldarı canlandıran gənc aktyorun – Elsevər Rəhimovun monoloqu zamanı da müşahidə olundu, əsəbi rejissoru canlandıran Elşən Rüstəmovun temperamentli oyununda da, digər səhnələrdə də göründü. Və mənə görə, ən önəmli məqam rejissorun nəsr əsərini “massovka”nın dilindən nəql etdirməsi idi! Tamaşa başlayandan bitənə kimi əksər səhnələrdə bir qrup insan eyni anda səhnədə olur və növbəylə bir-birinin fikrini tamamlayırdılar və məhz bu tapıntı dinamika yaradır və hadisələri sürətləndirirdi. Üstəlik, bu kütləvi səhnə iştirakçıları tamaşanın müxtəlif məqamlarında səhnədə fon rolunu oynamaqdan çıxır, dramaturji yükü olan obrazlara çevrilirdilər. Bütün bu detallar rejissuradan qaynaqlanırdı. Və mən təzim zamanı bu uğurlu həllə görə rejissoru alqışlamaq üçün səhnəyə boylananda bir daha təəccübləndim. Səhnənin küncündə təvazökar görkəmli bir gənc dayanmışdı: tamaşanın müəllifi Ərşad Ələkbərov. Bu alqışlar sizin üçündür, maestro! Ümid edirəm, Azərbaycan teatr səhnəsində bu imza ilə hələ çox uğurlu işlər ortaya qoyulacaq.
Deyirlər, sevilən nəsr əsərini səhnəyə, ya ekrana gətirmək təhlükəlidir. Amma əsərin uğurlu həlli təsir gücünü bir az da artıraraq onu kütləviləşdirir. Bu anlamda, Anarın “Dantenin yubileyi” povesti uduşlu çıxdı, çünki uzun illər sonra yenidən gündəmə gəldi. Bilənlər bilir ki, teatral olduğum üçün çox tamaşalara gedirəm, amma və lakin yalnız içimi isidən səhnə həllərini işıqlandırıram. İstədim ki, qələmimi gücə salıb teatrsevərləri bu uğurlu səhnə həlli lə müjdələyim. Yeri gəlmişkən, gözünüz aydın olsun, artıq bu teatrdan Mehriban Ələkbərzadənin dəyərli nəfəsi duyulmağa başlayıb.
P. S. Yaxınlarda italyan əsilli müğənni Toto Kutunyo dünyasını dəyişəndə az qala bütün Azərbaycan ona rəhmət oxuyurdu. Onda bir nəfər mənə yazmışdı ki, heç italiyada Toto bu qədər sevilmir. Tamaşadan çıxanda düşünürdüm ki, “Dantenin yubileyi” İtalyadan min kilometrlərlə uzaqda olan Azərbaycanda alqışlarla qarşılandı. Tanıyanlar da, tanımayanlar da Danteni yad etdi. Məncə, Dantenin də ruhu şaddır.