Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? –  Vilayət Quliyev yazır

Cümhuriyyət ərəfəsində Üzeyir Hacıbəyovu İranda qalmağa vadar edən nə idi? –  Vilayət Quliyev yazır
18 sentyabr 2021
# 09:01

Kulis.az 18 sentyabr – dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü münasibəti ilə yazar-tərcüməçi Vilayət Quliyevin “Üzeyir bəy: ömrün iki şərəfli ili” məqaləsini təqdim edir.

1.

1936-cı ildə sovet tarixində ilk parlament seçkiləri keçiriləndə Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyli də (təbii ki o zaman soyadı hər yerdə Hacıbəyov kimi göstərilirdi) tam haqlı olaraq SSRİ Ali Sovetinin deputatları sırasında yer almışdı. Namizədliyinin belə bir mötəbər quruma irəli sürülməsi və seçilməsi ilə əlaqədar böyük bəstəkarın əleyhdarları baş qaldırmışdılar. Müxtəlif ünvanlara Üzeyir bəyi ləkələyən, onun sovet quruluşuna yad və düşmən münasibət bəsləməsindən, keçmişdə Müsavat partiyası ilə əməkdaşlığından, doğma qardaşının xaricdə yaşamasından və s. söz açan çoxsaylı imzalı-imzasız məktublar göndərilirdi. Şübhəsiz, bu tipli məktublardakı informasiyalar xarakterindən asılı olmayaraq bolşevik xüsusi xidmət qurumlarının diqqətindən kənarda qala bilməzdi. Seçkilər başa çatandan və Üzeyir bəy deputat mandatı alandan az sonra Azərbaycan KP (b) MK-nın partiya və sovet orqanları ilə iş şöbəsinin rəisi Brener birinci katib M.C.Bağırova 7 yanvar 1937-ci il tarixli məlumatında yazırdı:

“Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov – partiyasız, bəstəkar. Naxçıvan seçki dairəsindən SSRİ Millətlər Sovetinə seçilib. Üzeyir Hacıbəyov haqda daxil olan məlumatlarda onun 1919-1920-ci illərdə müsavatçılarla əlaqə saxlaması, bir müddət müsavat qəzetini redaktə etməsi, qardaşının Parisdə yaşaması və uzun illər boyu Hacıbəyovun ona maddi yardım göstərməsi bildirilir. Üzeyir Hacıbəyov özü Azərbaycanda sovet hakimiyyəti (Bakı kommunası nəzərdə tutulur – V.Q.) qurulanda İrana qaçmış və yalnız aradan bir müddət keçəndən sonra Bakıya qayıtmışdı. Hacıbəyov təsdiq edir ki, 1919-cu ildə 3-4 ay ərzində “Azərbaycan” adlı müsavat qəzetində işləyib. Əvvəlcə sıravi əməkdaş olub, ardınca isə bir müddət müvəqqəti redaktor kimi çalışıb. Hacıbəyov onu da təsdiq edir ki, Parisdə Ceyhun Hacıbəyov adlı qardaşı yaşayır. 1910-cu ildə ora təhsil almağa gedib. Hacıbəyovun sözlərinə görə 1924-cü ildən qardaşı ilə heç bir əlaqəsi yoxdur. Hacıbəyov bildirir ki, 1918-ci ildə Bakı Xalq Komissarları Sovetinin icazəsi ilə artistlərdən ibarət truppa götürərək Ənzəliyə qastrol səfərinə yollanıb və 7-8 aydan sonra, təxminən 1919-cu ilin ortalarında Bakıya qayıdıb”.

***

Bu məlumatda bir neçə qeyri-dəqiq məqam var. Amma məsələ onda deyil.

Göründüyü kimi, deputat toxunulmazlığı almasına, yeni sovet musiqisinin korifeylərindən biri kimi məşhurlaşmasına baxmayaraq Üzeyir bəyin həyatının milli dövlətçilik dövründə keçən iki ili bəstəkarın bədxahlarının və Azərbaycanın müstəqilliyinə düşmən kəsilənlərin yadından çıxmırdı.

...1918-ci il mayın 28-də Tiflisdə Misaqi-Milli - İstiqlal Bəyannaməsi qəbul ediləndə Üzeyir bəy Azərbaycanda, ümumən Qafqazda deyildi. Yəqin ki, Vətəndə olsaydı, bu tarixi sənədə imza atanların, yaxud ən qızğın tərəfdarlarının sırasında birincilər cərgəsində onun adını görərdik. Çünki 1905-ci ildən sonra bütün həyatı, mədəni-ictimai və publisist fəaliyyəti mübaliğəsiz şəkildə milli dirçəliş, milli özünüdərk ideyasına, ana yurda sahib çıxmaq amalına xidmət etmişdi. Bütün varlığı ilə xalqı “müsəlman ümmətindən türk millətinə” çevirmək uğrunda mübarizə aparanların biri də gənc Üzeyir bəy olmuşdu.

Ancaq həmin həlledici günlərdə o, Vətəndən uzaqda idi. 1918-ci ilin martında daşnak-bolşeviklərin Bakıda törətdiyi dəhşətli Mart soyqırımından xilas yolu axtaran minlərlə həmvətəni kimi Üzeyir bəy də baş götürüb mühacirətə - İrana yollanmışdı. Onilliklər boyu dahi bəstəkarın həyatının bu dövrü üzərindən ya tam sükutla keçilmiş, ya da Arazın qarşı sahilində yaşadığı narahatlıq və əndişə dolu aylar sadəcə “qastrol səfəri” kimi qələmə verilmişdi.

Çox güman şəraitin təsiri altında Üzeyir bəy özü Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırova 7 may 1938-ci il tarixli müraciətində həyatının həmin dövrünə bir qədər fərqli bucaq altından işıq salaraq yazırdı:

“1918-ci ildə vətəndaş müharibəsinin başlanması ilə əlaqədar tamaşalarımız dayandı. Artistlər hamısı böyük maddi ehtiyac içində idilər və məndən İrana müvəqqəti qastrol səfərinə getməyi xahiş etdilər. Lakin belə səfər üçün Bakıdakı sovet hakimiyyətinin icazəsi tələb olunurdu. Mən yoldaş Alyoşa Caparidze ilə şəxsən tanış idim. Bizi Hənəfi Terequlov (Üzeyir bəyin qaynı, Zaqafqaziyada bolşevik hərəkatının fəal iştirakçılarından biri – V.Q.) tanış etmişdi. Yoldaş Caparidze camaatla təbliğati söhbətlər aparmaq məqsədi ilə Bakı kəndlərinə gedəndə məni də özü ilə götürürdü. Odur ki, artistlərimizin çətin vəziyyəti barədə ona danışdım və teatr truppası ilə birlikdə Ənzəliyə qastrol səfərinə getməyimizə icazə (buraxılış vərəqəsi) vermələrini xahiş etdim. İranda uğursuzluqla keçən qastroldan və üzləşdiyimiz çoxsaylı əzab-əziyyətdən sonra geri qayıtmağı qərara aldıq. Bu həmin vaxt idi ki, türklər artıq Bakıdan çıxmış, onların yerini ingilislər tutmuşdu.

Bakıda müsavat hökumətinin mövcudluğunu geri qayıtdığım zaman öyrəndim. Təbii ki, opera teatrı müsavatçıların sərəncamında idi. Burada tamaşa göstərmək xahişimlə əlaqədar bildirdilər ki, bu məsələ ilə teatr özü məşğul olacaq. Mənə isə təklif etdilər ki, türk dilində rəsmi dövlət orqanının - “Azərbaycan” qəzetinin redaktorluğunu üzərimə götürüm. Çünki hələ 1905-1908-ci illərdən qəzet işi ilə yaxından tanış idim. “Azərbaycan” qəzeti partiyalı xarakter daşımırdı. Partiya mənsubiyyətindən asılı olmayaraq onun səhifələrində hər kəs çıxış edə bilərdi. Müvəqqəti redaktorluq vəzifəsini üzərimə götürəndən üç ay sonra İran qızdırmasına yoluxduğumdan müalicə üçün Gürcüstana (Qocur yaylağına) getdim. Geri qayıdandan az keçməmiş müsavat hökuməti devrildi və hakimiyyət qəhrəman Bakı proletariatının əlinə keçdi”.

Qastrol variantı nə dərəcədə inandırıcıdır?

Əgər Üzeyir bəy özü bu barədə danışırsa, təbii ki, inanmamağa haqqımız yoxdur. Amma istənilən halda bu məcburi qastrol idi. Onun əsasında pul qazanmaqdan daha çox özünün və yaxınlarının həyatını xilas etmək niyyəti dayanırdı.

Bakı cəhənnəmindən Üzeyir bəyin yardımı ilə xilas olan aktyor – SSRİ xalq artisti Mirzəağa Əliyev də sovet dövründə “Revolyusiya və kultura” jurnalında çap etdirdiyi “Xatirələr”ində rəsmi təbliğatın cızdığı çərçivədən kənara çıxmayıb erməni terrorundan qaçışı utancaqlıqla sıradan bir qastrol kimi qələmə verərək yazmışdı:

“Üzeyir və Zülfüqar Hacıbəyovlar başda olmaqla Rəşt və Ənzəli şəhərlərində tamaşa göstərmək üçün İrana getdik. O zamanlar Rəşt, Ənzəli, Lahican şəhərləri, bir sözlə, bütün Gilan mücahidlərin əlində idi. Burada işlərimiz yaxşı getmədi. İngilislər hər gün Rəşt şəhərinə təyyarə ilə bomba tökdükləri zaman “Xurşid” (Həbib bəy Kərimovun xatırladığına görə “Sinemayi-Xurşid” adlanan bu teatr irəvanlı Alış bəy adlı bir şəxsə məxsus idi – V.Q.) teatrı yanmışdı. Dörd ay (əslində 6 ay-V.Q.) işsiz qalıb Bakıya qayıtdıq”.


Üzeyir Hacıbəyov həyat yoldaşı Məleykə xanımla

Səhnəmizin başqa bir fədaisinin - Əhməd Anatollunun xatirələrində də eyni süjet təkrar olunur: “Üzeyir Hacıbəyovla aktyor heyətini və teatrın geyimlərini, musiqi alətlərini götürüb birlikdə İrana yola düşdük... Sonra Rəşt şəhərinə getdik Mollalar oynamağa imkan vermədiklərindən çox çətinlik çəkdik”.

Həmkarlarının təsdiqinə rəğmən Üzeyir bəyin M.C.Bağırova məktubundakı faktlar ortaya haqlı suallar çıxarır: əgər bəstəkar həqiqətən də Bakıdakı bolşevik liderləri ilə yaxın idisə, hətta onlarla müəyyən işgüzar əlaqələri vardısa (məsələn, Bakı kommunasının ikinci adamı Alyoşa Caparidze ilə birlikdə təbliğati fəaliyyət) o zaman nə üçün Vətənini tərk etmişdi? Yəqin ki, bolşeviklər də bütün Qafqazda tanınan belə bir populyar ictimai xadimin yanlarında olmasından məmnunluq duyar, siyasi divident götürməyə çalışardılar.

Xüsusən aralarında “müsəlman əhali” ilə uçurumun olduğu şəraitdə bu göydəndüşmə fürsət idi. Həmin dövrdə Üzeyir bəyi yüz minlərlə insan tanıyır, şəxsiyyətinə və sənətinə böyük hörmətlə yanaşırdılar və heç şübhəsiz, onun ardınca getməyə tərəddüd etməzdilər.

Burada maraqlı bir məqam da diqqəti cəlb edir. Əgər Üzeyir bəyin bolşevik ideyalarına hər hansı rəğbət olsaydı, o Ənzəlidən Bakıya deyil, Həştərxana gedərdi. Çünki yaxından tanıdığı Nəriman Nətimanov başda olmaqla Azərbaycan hümmətçi bolşevikləri bu şəhərdə cəmləşmişdilər...

Amma məsələ ondadır ki, milli intibah ideyasının atəşin tərəfdarı kimi tanınan Üzeyir bəy erməni hökmü altındakı Bakıda yaşamağı heç vaxt şərəf və ləyaqətinə sığışdıra bilməzdi. A. Çaparidze ilə yaxın münasibəti faktlarla təsdiqini tapmasa da (hərçənd istisna da edilə bilməz!) onun köməyi ilə qastrol adı altında Bakını tərk etməsi inandırıcı görünür. Bu işi özü deyil, bolşeviklərlə çalışan qaynı və həmkarı Hənəfi Terequlov vasitəsi ilə həll etməsi də mümkün sayıla bilər.

Başqa sözlə desək, Üzeyir bəy 1918-ci il Mart qırğınından sonra qastrol bəhanəsi ilə ölkəni tərk etməyi Şaumyanın rəhbərliyi altındakı daşnak-bolşeviklərin at oynatdıqları Vətəndə qalmaqdan daha üstün tutmuşdu.

Həmin dövrdə Cənubi Azərbaycan şəhərlərindəki vəziyyət də Bakıdan yaxşı deyildi. Əslində nicat yolu axtaran “qastrolçular” yağışdan çıxıb yağmura düşmüşdülər. Bakı kimi Rəşt və Ənzəli də od içində idi. Bolşevik taunu artıq bura da yol tapmışdı. Mədəniyyətə düşmən kəsilən mövhumatçılar da öz yerində...

Amma bütün çətinliklərə baxmayaraq Azərbaycan sənətçiləri İranda həqiqətən də tamaşalar göstərmişdi. “Arşın mal alan”ı, “O olmasın, bu olsun”u və milli teatrımızın repertuarından digər əsərləri oynamışdılar. Tamaşalar böyük gəlir gətirməsə də, ümumən uğurla keçmiş, insanlarda teatra maraq yaranmışdı. Üzeyir bəy və həmkarlarının fəaliyyətindən bəhs edən iranlı müəllif Rəşid Yasəmi “Ədəbiyyati-müasirə” əsərində yazırdı: “... teatr işində təcrübə qazandıqlarına və bu sənətin incəliklərini bildiklərinə, habelə gözəl oyunçular və xoş səsə malik sənətkarlar olduqlarına görə işləri çox irəli getdi. Xüsusən, Qafqazın “Arşın mal alan”, “Məşədi İbad”, “Əsli və Kərəm” operettalarını əvvəl türkcə oynadılar, sonra yavaş-yavaş farscaya tərcümə edib farsca bilən türklərin iştirakı ilə oynadılar, işləri çox xoşa gələn tərzdə irəli getdi. (Sitat Q. Məmmədlinin “Üzeyir Hacıbəyov. Həyat və yaradıcılığının salnaməsi”. Bakı, 1984) kitabından götürülüb.

Sonralar, yəni 1959-cu ildə Moskvada çap olunan “Современный Иран” kitabında Üzeyir bəyin qonşu ölkənin mədəni həyatında iştirakı belə qiymətləndirilmişdi: “İranda musiqili teatr müvəffəqiyyət qazanırdı. Teatr sənətinin bu janrı Azərbaycan musiqili komediyasının təsiri altında inkişaf edir və Azərbaycan pyesləri İran teatrının repertuarında uzun müddət əsas yer tuturdu. Xüsusilə bəstəkar Üzeyir Hacıbəyovun “Arşın mal alan” və “Məşədi İbad” adlı komediyaları tamaşaçı kütləsi tərəfindən daha çox sevilirdi”.

Bəli, 1918-ci ilin mayında Üzeyir bəy Vətəndə deyildi. Yoxsa bir vaxtlar Puşkin Senat meydanına, dekabristlərin yanına can atdığı kimi o da xalqı üçün taleyüklü məsələlərin həll edildiyi Tiflisə getməyi hər şeydən üstün tutardı.

Amma özü vətəndə olmasa da, tamaşaları teatrların repertuarında əsas yer tuturdu. Qafqazda qan axıdıldığı, atəş səslərinin ara vermədiyi, siyasi və milli düşmənçiliyin hər vasitə ilə körükləndiyi həyəcanlı günlərdə “Arşın mal alan”ın, yaxud “Məşədi İbad”ın həyatsevər, koloritli qəhrəmanları bir neçə saatlığa da olsa, insanları dəhşətli reallıqlardan ayırırdı. Milli mənsubiyyətindən asılı olmayaraq sakit və idillik həyat nostalgiyası yaşadırdı.

Mayın 28-də təkcə Azərbaycan türkləri deyil, xalqımıza əbədi düşmən kəsilən haylar da milli dövlətlərini - Ararat respublikasını yaratdıqlarını elan etmişdi. “Ölkənin” belə adlandırılması qonşularımızın böyük iştahası ilə bağlı idi – yalnız “Qədim Ermənistanın bütün əraziləri üzərində nəzarət ələ keçiriləndən sonra tarixi Ermənistan” elan olunacaqdı. “Tiflisski listok” qəzeti günün bu siyasi xəbər ilə eyni səhifədə mayın 29-da “Артистическое общество” binasında erməni artistləri “Oqanyan və Kostanyanın Bakıdan gəlmiş truppasının Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” operasını ifa edəcəklərini” bildirirdi.

Bir gün sonra isə eyni artistlər eyni binada Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymuşdu. İstiqlal elan etmiş erməni siyasilərinin həmin tamaşada olub-olmadıqlarını söyləmək çətindir. Hərçənd belə bir iştirak istisna edilməməlidir. Əslində isə bizim üçün bu iştirak faktı o qədər də əhəmiyyətli məsələ deyil, başqa bir amil daha önəmlidir – guya milli dövlət yaratmış erməni seçkinlərinin ilk iki günü, müstəqil mədəni həyatın ilk addımları Üzeyir bəyin irsinə müraciətlə səciyyəvi olmuşdu.

Hər bir millət tarixindəki diqqətəlayiq hadisələri öz sözü, musiqisi, rəqsi və s. ilə bayram etdiyi halda, qonşularımız fitnəkarlıq və zor gücünə də olsa, dövlət qurmalarının sevincini Üzeyir sənətinin sehri altında yaşamışdılar...

Dünyanın qəribə paradoksları var. Ermənilər Tiflisdə Üzeyir sənətindən zövq aldıqları bir vaxtda bu ecazkar musiqinin müəllifi erməni terrorundan, soyqırımdan xilas olmaq üçün özünün və yaxınlarının həyatını taleyin ümidinə buraxmalı olmuşdu. Bizim günlərdə - son otuz ilə yaxın müddət ərzində Üzeyir bəyin yurdunda – Şuşada at oynadan hay tayfası bəstəkarın tək sənətini deyil, torpağını və vətənini də oğurlamağa çalışırdılar. Amma arzuları puç oldu – Azərbaycan əsgərinin iradəsi sayəsində sonda Şuşada əzəmətli “Üvertura” səsləndi. Üzeyir bəy birincilər sırasında “evinə” döndü. Vandalların məhv etdiyi büstü və heykəli öz yerinə qaytarıldı. Yəqin ki, yaxın zamanlarda ev-muzeyi də bərpa olunacaq. Artıq bu dönüşün əbədiliyi heç kimdə şübhə doğurmur.

2.

Azərbaycan torpaqlarının işğalı ilə Üzeyir musiqisinin “işğalı” həmişə paralel aparılmışdı. Hələ 1917-ci ildə publisist Eynəli Sultanov rusdilli Tiflis mətbuatında qətiyyətlə bu “mədəni istilaya” qarşı çıxmışdı. Nəticədə teatr afişalarında indiyə qədər heç bir dilə tərcümə olunmayan “Arşın mal alan”ın həqiqi müəllifinin adının göstərməsinə nail olmuşdu. Amma Tiflis miqyaslı bu qələbə ermənilərin sonrakı oğurluq faktlarının qarşısını ala bilməmişdi.


Üzeyir Hacıbəyov (sağda) qardaşı Ceyhun Hacıbəyli ilə.

Eyni notlar Üzeyir bəyin dostu Müslüm Maqomayevin məqalələrindən birində də vurğulanmışdı: “...Yeri gəlmişkən, keçmişdə Vladiqafqazda divarlara yapışdırılmış afişaları da qeyd etmək istərdim. Haman afişalarda “Arşın mal alan” adı yazılmış, fəqət heç bir yerdə onun müəllifi göstərilməmişdi. O vaxt erməni xadimlərindən birisi mənə sübut etmək istəyirdi ki, “Arşın mal alan” əslində qədim zamanlarda ermənicə yazılıb oynanmışdır. O, bu pyesin keçmişdə Türkiyədə də oynandığını iddia edirdi. Bütün bu rüsvayçılıqlara son qoymaq zamanı deyilmi?”

Krım türklərinin dövlətində - Krım Direktoriyasında mühüm vəzifə tutan Yusif Vəzir də yerli “Millət” qəzetində bu “rüsvayçılığa” qarşı çıxmışdı: “Son zamanlar musiqişünasımız və Azərbaycanın iftixarı olan Üzeyir bəy Hacıbəyov musiqimizi nizama salmağa başladı. Yazdığı opera və operettaları ilə şöhrət qazandı. Yalnız özünü deyil, bütün millətini aləmə tanıtdı. Bu gün Krımda tatarlar və ermənilər tərəfindən tamaşaya qoyulan “Arşın mal alan”, “O olmasın, bu olsun” operettaları hamısı Üzeyir bəyindir. Təəssüf ki, onun əsəri Krımda karikatura şəklində camaata göstərilir”. (Məşədi İbad demiş, “burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür”. Polşada eyni vaxtda çalışdığımız erməni səfiri Aşot Qaloyan məni inandırmağa çalışırdı ki, “Arşın mal alan” operettasında Vəli ilə Asyanın məşhur “Pulun var? – Var, var!” dueti (ermənicəsi “Poğel ka? –Ka, ka!”) erməni etno musiqi nümunəsidir. Müəllif musiqisi olduğunu, Üzeyir bəyə məxsusluğunu dəlil-sübutlarla qabağına qoyanda “Onda Hacıbəyov bizdən götürüb. Mən gözümü açanda bu musiqini eşitmişəm”- deyirdi. “Sənin baban da, atan da gözünü açanda bu musiqini eşidib. Çünki özünüzün qulağa xoş gələn heç nəyiniz yoxdur”-desəm də, ermənini inadından döndərmək olmurdu. Və yenə Məşədi İbad demişkən “yıxıb yerə ağzına-ağzına vurmaqdan” başqa bir çıxış yolu qalmırdı...)

Bəstəkar İranda olanda operettaları Bakı, Tiflis, Həştərxan, Bağçasaray, Saratov və Daşkənddə ifa edilirdi. Azərbaycanda hakimiyyəti qəsb edən erməni-rus alyansı - Sentrokaspi diktaturası da Üzeyir sənətinin qarşısına sədd çəkə bilməmişdi. “Arşın mal alan” həmişəki kimi Mayılov teatrının repertuarından düşmürdü. Amma ermənicə oynanılır, erməni musiqisi kimi qələmə verilirdi.

1918-ci il sentyabrın 15-də Bakı düşmənlərindən təmizləndi. Üç gün sonra Azərbaycan Cümhuriyyəti hökuməti müvəqqəti paytaxt Gəncədən Bakıya köçdü. Oktyabrın 4-də isə artıq həyatın qaydaya düşməyə başladığı paytaxtda teatr mövsümünün açılışı oldu. Mart qırğınından bəri üzləri gülməyən, daim qorxu və təhlükə altında, yas və ələm içərisində yaşayan azərbaycanlı əhali “Mikado” teatrına (“Araz” kino-teatrı - V.Q.) tələsirdi. Üzeyir bəyin ölməz “Arşın mal alan”ı tamaşaya qoyulmuşdu. Bu dəfə... ana dilində, Azərbaycan türkcəsində!

Müstəqillik Azərbaycan torpağına Üzeyir sənəti ilə gəlirdi... Rəsmi hökumət qəzeti - rus dilində çıxan “Azerbaydjan” 7 oktyabr tarixli sayında yazırdı: “Uzun fasilədən sonra oktyabrın 4-də nəhayət ki, müsəlman teatrı Bakıda qış mövsümünü açdı. “Mikado” teatrı ağzınadək dolu idi. Artistlərdən Hüseynzadə və Anaplının iştirakı ilə Üzeyir bəyin “Arşın mal alan” operası oynandı”.

Bakıda bu sevincli günlər yaşananda Üzeyir bəy vətənə qayıtmaq üçün son hazırlıq işlərini görürdü. Oktyabrın 22- də 600 nəfərdən çox mühaciri Ənzəlidən gətirən “Arxangelsk” gəmisi Bakı limanına yan aldı. Nargin adası yaxınlığında fırtınaya qopmuş, sərnişinlər üzücü saatlar yaşamalı olmuşdular. Amma hər şey xoşbəxt sonluqla bitmişdi. Mətbuat hadisəyə laqeyd qalmamışdı. “Azərbaycan” qəzeti 24 oktyabr 1918-ci il tarixli sayında yazırdı: “Mart hadisəsindən sonra İrana getmiş olan məşhur musiqişünas Üzeyir bəy Hacıbəyov dünən “Arxangelsk” paroxodu ilə Bakıya gəlmişdir”.

Məhrumiyyət dövrü arxada qalmışdı. Üzeyir bəy yenidən Bakıda idi - Azərbaycan Cümhuriyyətinin paytaxtı kimi tam başqa gözlə, başqa libasda görünən Bakıda! Onun gəlişindən bir həftə əvvəl - oktyabrın 14-də paytaxtda dövrün ən müqtədir artistlərinin iştirakı ilə musiqili dram truppası təsis edilmiş, məşhur tragik Hüseyn Ərəblinski rejissor vəzifəsinə də’vət olunmuşdu.

Qəzetin rusca çıxan versiyasi da eyni gündə “Bakıda, Qubernski küçədəki 43 nömrəli evdə yaşayan” Üzeyir Hacıbəyovun ayın sonuna qədər müsəlman teatrının səhnəsində oynamaq istəyən, Azərbaycan türkcəsini bilən yerli və digər millətlərdən olan qadınları qəbul edəcəyini” xəbər verirdi.

Bakıya qayıdan kimi Üzeyir bəy yalnız teatr və musuqu deyil, publisist fəaliyyətini də bərpa etmişdi. Rus dilində yazdığı üç hissədən ibarət “İran haqda məktublar” (“Meşə qardaşları”, “ Əhali və cəngəlilər” (qocaman jurnalist Qulam Məmmədli səhvən “Əhali və cəngəlliklər” şəklində tərcümə etmişdi – V.Q.), “İran gözləntiləri”) “Azərbaycan” (rusca) qəzetinin 1918-ci il noyabr saylarında dərc olunmuşdu. Silsilə məqalələrdə yerli feodal Mirzə Kuçek xanın şah rejiminə qarşı İranın şimalındakı mübarizəsindən bəhs olunurdu.

Noyabrın ortalarından Zülfüqar bəyin rəhbərliyi altında “Hacıbəyov qardaşları müdiriyyəti” ardıcıl şəkildə Bakıda teatr, opera və operetta tamaşalarının təşkilinə başlayır. Dövrün mətbuatından da göründüyü kimi, əksəriyyəti anşlaqla keçən bu konsertlərdə ara-sıra dirijor pultunun arxasında Üzeyir bəyin özü dayandığı diqqəti çəkir. Tezliklə tamaşaların sayı həftədə üç dəfəyə çatdırılır.

Qastrol səfərlərinə yollanan Azərbaycan artistləri Üzeyir bəyin əsərlərini İstanbulda və Orta Asiyada uğurla oynayırlar. İstanbulda “Arşın mal alan” musiqili komediyasını görən Fransanın “Pate” film-studiyasının rəhbərliyi tamaşanı Parisdə tamaşaya qoymaq və əsasında film çəkmək təşəbbüsü ilə çıxış edir.

Bakıda hökumət teatrında bəstəkarın “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Leyli və Məcnun” tamaşalarına baxan Müttəfiq qüvvələr komandanlığının təmsilçiləri Üzeyir bəyə truppası ilə həmin əsərləri Londonda, yaxud Parisdə göstərməyi təklif edirlər. Versal Sülh konfransına göndərilən Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov da gənc respublikanı tanıtmaq üçün zəngin və özünəməxsus əsərlərin, ilk növbədə isə Üzeyir bəyin milli koloriti və ümumbəşəri keyfiyyətləri ilə seçilən operettalarının Avropa səhnələrində tamaşaya qoyulmasının vacibliyini hökumətə məlumatlarında dönə-dönə vurğulayır. Baş nazir Nəsib bəy Usubbəyov təkliflə razılaşır.

Nəticədə “Azərbaycan” (rusca) qəzetinin 1919-cu il 283-cü sayında aşağıdakı sətirləri oxuyuruq: “Qərbi Avropa xalqlarını Azərbaycanın mənəvi mədəniyyəti ilə tanış etmək üçün Azərbaycan teatr qüvvələrinin Parisə göndərilməsi məsləhət görülüb İşin təşkili bəstəkar Üzeyir Hacıbəyova tapşırılıb”. Sanki arzular artıq çin olurdu. Təəssüf ki, viza, nəqliyyat və maliyyə çətinlikləri, sonra isə Cümhuriyyətin süqutu nəcib niyyətin həyata keçirilməsinə imkan vermir.


Cümhuriyyətçilər

Amma “Arşın mal alan” hər halda Paris səhnəsində oynanılır. Üzeyir bəyin kiçik qardaşı, Sülh nümayəndə heyətinin tərkibində Fransaya gedən və aprel çevrilişindən sonra vətənə yolları bağlanan Ceyhun bəy Hacıbəyli birgə yaradıcılıq məhsulu olan əsəri fransız dilinə çevirib “Fransa-Şərq” komitəsinin yardımı ilə Yelisey meydanındakı “Femina” teatrında tamaşaya qoyur. Afişada isə müəllif kimi yalnız Üzeyir bəyin adını göstərir.

1918-1920-ci illərdə, zaman etibarı ilə çox da böyük olmayan il yarım ərzində dahi bəstəkar əsasən siyasi publisistika sahəsində çalışmasına rəğmən musiqini də unutmur. Bu dövrdə o, “Azərbaycan” və “Dağıstan” xoreoqrafik əsərlərini yazır. Müstəqilliyin bərpasından sonra yenidən Azərbaycan Respublikasının dövlət himni olan, ölkəmizdə və onun hüdudlarından kənarda əzəmətlə səslənən “Azərbaycan” marşını bəstələyir.

Cümhuriyyət dövründə həmin marşa yazılmış sözlər hərbi məktəbdə hər səhər dərs başlanmazdan əvvəl müdavimlər tərəfindən xorla oxunurdu. Vətəni müstəqilliyə qovuşanda 33 yaşı olan Üzeyir bəy gənclik coşqunluğu və enerjisi ilə teatr, musiqi, hətta ilk addımlarını atan kino sahəsində fəal çalışırdı. Amma zamanın və şəraitin tələbi ilə yuxarıda da qeyd edildiyi kimi ictimai-siyasi publisistika yaradıcılığında ön sıraya çıxmışdı.

Əsrin əvvəllərində “Həyat”, “İrşad”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal”, “Tərəqqi”, “Açıq söz”, “Molla Nəsrəddin” kimi mətbu orqanların səhifələrində milli maraq və ehtiyacların ifadə edən aktual məqalə, felyetonlar müəllifi kimi tanınan Üzeyir bəy yeni şəraitdə xalqın doğru sözə, açıq söhbətə olan ehtiyacını nəzərə alıb qəzetçiliyə daha böyük önəm verir.

Onun Cümhuriyyət dövründəki yazıçı-publisist fəaliyyəti rəsmi dövlət orqanı sayılan “Azərbaycan” qəzetində davam etmişdi. Əsası Gəncədə qoyulan qəzet milli hökumət Bakıya köçəndən sonra, 1918-ci il oktyabrın 8-dən Ceyhun Hacıbəylinin (1891-1962) redaktorluğu ilə çıxırdı. “Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifayə məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü” - deyə 1919-cu il yanvarın 9-da dost və yaxınları ilə vidalaşıb bir neçə gündən sonra İstanbula, bir neçə aydan sonra isə Parisə yola düşən Ceyhun bəyi mühüm və məsul vəzifədə qardaşı Üzeyir bəy əvəz etmişdi.

“Azərbaycan” qəzeti 1919-cu il yanvarın 16-dan iyulun 4-nə qədər Ü.Hacıbəylinin müvəqqəti müdirliyi ilə çıxmışdı. Həmin il sentyabrın 1-dən 1920-ci il aprelin 27-nə - müstəqilliyin son gününə qədər isə böyük bəstəkar qəzetin rəsmi baş mühərriri – redaktoru olmuşdu. Onun “Azərbaycan”dakı son yazısı aprelin 25-də, işğaldan iki gün əvvəl dərc edilmişdi...

Qəzetdəki publisist çıxışları, məqalə və felyetonları Üzeyir bəyin əzəmətli portretinə yeni ştrixlər əlavə edir. Yazıları onun XX əsr Azərbaycan siyasi publisistikasının öncül nümayəndələrindən biri olduğunu, janrın Ə. Ağaoğlu, C. Məmmədquluzadə, Ö.F. Nemanzadə, M.Ə. Rəsulzadə, Ə. Hüseynzadə, Yusif Vəzir kimi təmsilçiləri ilə bir sırada dayandığını göstərir.

Xalqın sevimlisi olan Üzeyir bəyin 1919-cu ilin martında, Novruz bayramı günlərində Azərbaycanın ikinci şəhəri Gəncəyə səfəri ölkə miqyasında mədəni-ictimai hadisəyə çevrilmişdi. Burada “Arşın mal alan” operettası “məşhur musiqişünas və məruf bəstəkarın” öz dirijorluğu ilə tamaşaya qoyulmuşdu. Səfər proqramı haqda məlumat verən mətbuat yazırdı ki, “tamaşa başlamadan qabaq Üzeyir bəyin təzə düzəltmiş olduğu “Azərbaycan” milli marşı çalınacaq. Dördüncü məclisdə yenə Üzeyir bəy tərəfindən yazılmış “Azərbaycan” və “Dağıstan” (“Ləzgi rəqsi”) rəqsləri gözəl bir mənzərə ilə artistlər tərəfindən oynanacaqdır”.

3.

Cümhuriyyət mətbuatında çap etdirdiyi məqalələri, publik çıxışları Üzeyir bəyin sonsuz vətənpərvərliyi və istiqlal eşqi, xalqının problemlərinə dərin bələdliyi, onları ictimai fikrin diqqət mərkəzinə çəkmək və tezliklə həll yollarını tapmaq istəyi haqda dərin təəssürat yaradır. İstiqlalın doğurduğu qürur hissi və nəyin bahasına olursa olsun şəhid qanları bahasına qazanılmış müstəqilliyi qorumaq niyyəti ilə yazılmış ehtiraslı, düşündürücü Üzeyir publisistikası ilə tanışlıqdan olandan sonra iki sual üzərində düşünməli olursan:

“Xalq düşməni” sayılmaq üçün 1937-ci ildə irəli sürülən tələblərə dönə-dönə və artıqlaması ilə (“millətçilik”, “pantürkizm”, “panislamizm”, “müsavatçılarla əməkdaşlıq”, “Türkiyəyə, İrana və Fransaya casusluq” , “xaricdə yaşayan qardaş” və s. və i.a.) cavab verən, bir dəfə yox, bir neçə dəfə repressiya üçün NKVD-yə fürsət yaradan Üzeyir bəy sovet cəza maşınının dişlərindən necə qurtulmuşdu? Onu çox güman Cümhuriyyət dövründən şəxsən tanıyan keçmiş əks-kəşfıyyat agenti Beriyanın cəngindən necə xilas olmuşdu?!

“Yoxdan yaranan üç rəngli müqəddəs ideal rəmzini” zorakılıq və təzyiq simvoluna - “qırmızı bez parçasına” dəyişəndən sonra Üzeyir bəy daxilən nələr çəkmişdi, necə ruhi və mənəvi sarsıntılarla üzləşmişdi? O Üzeyir bəy ki, XI qırmızı ordunun Bakıya soxulmasından vur-tut iki gün əvvəl müstəqilliyi yenicə dadmış xalqını gözləyən “perspektiv” haqda “Azərbaycan” redaktoru olduğu qəzetində yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında fərq yoxdur. Xeyr. Təfavüt vardır və özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “svoloç” deyib atamıza söyərdilər, mujik və “raboçi” hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”.

O Üzeyir bəy ki, Şimaldan yardım umanları bəzi tarixi mətləblərdən hali edərək xam xəyallara qapılmamağa çağırır və xəbərdarlıq edirdi ki, “rus rusluğunda baqidir və rus qəlbindəki türk düşmənçiliyi də baqidir”.

O Üzeyir bəy ki, Azərbaycanın istiqlalından böyük bir qürur hissi ilə söz açaraq soydaşlarını bu nadir nemətin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa çağırırdı: “Yerimiz, yurdumuz, torpağımız özümüzün, hökumətimiz, camaatımız, qoşunumuz özümüzün. Dinimiz, ayin və adətimizə edilən şəmatətdən qurtulduq. Dilimizə, millət və milliyyətimizə vurulan həqarətdən qurtulduq. Qapımız da özümüz, yiyəmiz də özümüzük. Öz-özümüzü yaxşı-yaman dolandırırıq. Kimsəyə ehtiyacımız yoxdur”.

Bu düşüncələrlə yaşayan, bu ideallara tapınan yetkin şəxsiyyətin birdən-birə, həm də zor gücünə “sovet adamına” çevrilməsi çox müşkül, əzablı proses idi. Mənə elə gəlir ki, Üzeyir bəy şura Azərbaycanında yaşadığı 28 il ərzində 28 May nisgilini heç vaxt ürəyindən çıxara bilməmişdi. Bəlkə də “Sənsiz”i, “Sevgili canan”ı Cümhuriyyət sənsizliyi və sevgisi yaratmışdı?! Bəlkə də “Koroğlu”nun qüdrətli “Uvertürası”nın mayasında qısa ömürlü müstəqil dövlətçiliyin qürur və iftixarı illər keçəndən sonra yeni bir əzəmət və qüdrətlə peyda olmuşdu?

Sovet rejiminin bütün nəvazişlərinə, təltiflərinə, verdiyi mükafat və fəxri adlara baxmayaraq, Üzeyir bəyin qələmi ilə qoruduğu Cümhuriyyəti unutduğuna, Cümhuriyyət ideallarına arxa çevirdiyinə əsla inana bilmirəm.

Bütün əvvəlki hakimiyyətlər kimi “Şura hökuməti” də Üzeyir sənətindən, onun xalq dilində əzbər olan əsərlərindən imtina edə, yaxud bu əsərlərə qadağa qoya bilməmişdi. Əksinə, müəllifi öz tərəflərinə çəkməyə çaışmışdılar.

28 aprel “inqilabından” altı gün sonra - 1920-ci il mayın 4-də hökumət teatrında “O olmasın, bu olsun” komediyası oynandı. Bolşevik mədəni siyasətinin “siftəsi” də də Üzeyir bəyin ölməz əsəri ilə oldu.

Bir il sonra Bakıda Sabir və Ərəblinskiyə heykəl qoymaq məsələsi ortaya çıxanda yenə Üzeyir yaradıcılığına üz tutulmuşdu. Bu məqsədlə 14 noyabr 1922-ci ildə xalq maarifi komissarı D. Bünyadzadə xüsusi qərar imzalamaşdı. İnsanların böyük sənətkara məhəbbətindən xəbərdar olan bolşevik məmurları ianə toplamaq məqsədi ilə onun yaradıcılığına üz tutmuşdular. “Leyli və Məcnun” operasının tamaşasından əldə edilən bütün gəlir xüsusi fonda köçürülmüşdü. Bu mənada Azərbaycanda söz adamına ilk abidə sayılan Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılmasına Üzeyir bəy birincilər sırasında töhfəsini vermişdi.

Sovet rejiminə “lazımlılığına” baxmayaraq yeni quruluşun ikinci ayında Üzeyir sənətinin bolşevikcəsinə təftişinə başlanmışdı. Sıradan olan erməni əsilli kamança ifaçısı Saşa Oqanezov (Aleksandr Oqanyan) bolşevik mətbuatının səhifələrində “Üzeyir Hacıbəyovu Azərbaycan musiqisinin inkişafına lazımınca çalışmamaqda” ittiham edirdi. Bu da dünyanın qəribə paradokslarından biri idi. Belə çıxırdı ki, gəlmə bir erməni xalqımızın milli musiqisinə bu musiqinin ölməz nümunələrini yaratmış Üzeyir bəydən daha çox can yandırır?!

Yeni rejimin ilk çağlarında Üzeyir bəy gəlmələrdən deyil, ayaqda qalmalarına kömək etdiyi “özümüzünkülərdən” də çoxlu tənə, tənqid eşitməli olmuşdu. Və yəqin ki, belə məqamlarda müstəqilliyin, “öz əli, öz başı olmağın” həqiqətən də ələdüşməz nemət olması barəsində uzun-uzadı düşünmüşdü.

Lakin heç bir siyasi rejim böyük istedadın qarşısına sədd çəkməyə qadir deyil. Və bütün rejimlər gerçək istedada möhtacdır. Bu səbəbdən də aradan on il keçəndən sonra artıq Üzeyir bəy “ləkəli keçmişinə” baxmayaraq sovet quruluşunun “favoritinə” çevrilmişdi. Təbii ki, buna bioqrafiyasını saxtalaşdırmaq, Cümhuriyyət ideallarına arxa çevirmək, əski mübarizə yoldaşlarına ləkə yaxmaq yolu ilə nail olmamışdı. Mövcudluğunun ilk dövründə özünü “fərqli düşünən” ziyalılardan təcrid etmiş sovet cəmiyyətində işinin həqiqi ustası olan insanlara ehtiyac illər keçdikcə daha kəskin şəkildə üzə çıxırdı. Odur ki, Üzeyir bəy miqyaslı bir ziyalı və ictimai xadimlə istər-istəməz hesablaşmalı olurdular.

Doğrudur, belə məqamlarda ona yüngülvari şəkildə “keçmişini” xatırlatmağı da unutmurdular. Sonra da bütün keçmiş “suçlarına” rəğmən artıq “özlərininki olduğunu” bəyan edib “Azərbaycan xalqının “düşmənləri” ilə üz-üzə qoyurdular. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulmasının 10 illiyinin qeyd edildiyi günlərdə partiya publisisti kimi tanınan Əsəd Tahir adlı müəllif “Kommunist” qəzetində “Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!” (bu deyim tərzi ilə Hafiz Hacıyevin sələfi də sayıla bilər!) adlı “məqaləsində” yazırdı:

“Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində... 200-ə qədər türk qızı Azərbaycan himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyov yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce “Azərbaycan” qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanın mədəni quruluşu işlərində ən aktiv iştirak edir”.


Dahi Üzeyir bəy

Xalis bolşevik demoqogiyası ruhunda yazılmış cızma-qara müəllifi ilə yalnız bir məqamda razılaşmaq mümkündür: Üzeyir bəy hər şeyə rəğmən Azərbaycana xidmətini davam etdirirdi! Cümhuriyyət dövründə olduğu kimi indi də eyni əzmlə ölkəsinin və xalqının mədəni-siyasi dirçəlişinə çalışırdı.

Doğrudur, rejim dəyişikliyindən sonra böyük sənətkar hər kəsin başa düşə biləcəyi açıq sözdən, publisistikadan uzaqlaşmağa məcbur olmuşdu. İndi fikir və duyğularının tərcümanı kimi musiqi dilinə daha böyük üstünlük verirdi. Amma şərəfli xidmətinin məqsədi və məramı əsla dəyişməmişdi.

Üzeyir bəyin Peyğəmbər ömrünə bərabər 63 illik həyatının vur-tut iki ilə yaxın bir dövrü, daha dəqiq desəm, il yarımı müstəqil Azərbaycanda keçmişdi. Bu qısa dövrü o, şərəflə yaşamışdı, çünki müstəqillik ideallarının gerçəyə çevrilməsi üçün zəkasının, ürəyinin məqbul, lazımlı saydığı hər sahədə yorulmadan çalışmışdı. Redaktoru olduğu “Azərbaycan” qəzetində Cümhuriyyətin 1918-1920-ci illərdəki ictimai-siyasi və ədəbi-mədəni tarixinin ilk salnaməçisi kimi çıxış etmişdi. Siyasi məzmunlu məqalələrində qaldırılan problemlər isə yalnız həmin zaman kəsimi ilə deyil, bu günlə də səsləşməsi, vətəndaşlıq mövqeyi, yurd-torpaq təəssübkeşliyi baxımından dəyər və əhəmiyyətini saxlamaqdadır.

1919-cu ildə Üzeyir bəy müstəqil Azərbaycanın hər bir vətəndaşını gənc milli dövlətin idarəçiliyində fəal iştiraka çağıraraq yazırdı: “Bu gün biz... dövləti və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur. Çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir. Bu gündən belə hər bir əmri məhz hökumətin boynuna atmaq, “Hökumət özü bilər” demək, hökuməti təkbaşına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək, mənafeyi-milliyyə və istiqlaliyyətimizin və həm də şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Belə bir günah ki, onun cəzası istiqlal və istiqbaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yas və kədərdir”.

Üzeyir bəy “Azərbaycan”ın səhifələrində həm dövlət həyatının mühüm məsələləri ilə bağlı baş məqalələrlə çıxış edir, həm də qanunverici orqanın fəaliyyətini işıqlandırırdı. Azərbaycan Məclisi-Məbusanmm - Parlamentin iclaslarından yazdığı “Təəssürat” başlıqlı silsilə məqalələr müəllifin yalnız siyasi fəhmindən deyil, həm də vətəndaş yanğısından xəbər verir.

Millət vəkillərinin Azərbaycanın taleyi ilə bağlı məsələlərdəki qətiyyət və prinsipiallığı Üzeyir bəyi nə qədər sevindirirsə, siyasi və firqə maraqlarından çıxış edərək ölkənin mənafeyinə arxa çevirmələri qəlbi vətən eşqi ilə döyünən gənc müəllifi bir o qədər hiddətləndirirdi. Üzeyir bəy yazırdı ki, Cümhuriyyət üçün son dərəcə çətin olan başlanğıc mərhələdə hər şey milli mənafeyə tabe tutulmalı, yersiz demokratiya oyunu, parlament tribunasından siyasi bəyanatlar üçün lüzumsuz istifadə cəhdi, naqqallıq və bəlağət bir tərəfə buraxılmalıdır.

Parlament üzvlərindən Əhməd Cövdətin Azərbaycanda guya erməni vətəndaşların sıxışdırılması ilə bağlı qaldırdığı, əslində isə siyasi rəqiblərini gözdən salmaq məqsədi güdən bir məsələ Üzeyir bəyi tamam haldan çıxarmışdı. Qarabağda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, habelə Qafqazın digər yerlərində on minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansız erməni zülmünə məruz qaldıqları bir şəraitdə Hacıqabul stansiyasında Sarkisyan familiyalı bir erməninin təhqir edilməsi ilə bağlı məsələnin Parlamentin gündəliyinə çıxarılması, hətta baş nazir Fətəli xan Xoyskidən izahat istənilməsi bir azərbaycanlı kimi Üzeyir bəyin izzəti-nəfsini təhqir etmişdi:

“Qışın bu soyuq günlərində buzlu dağlara pənah aparmış, Araz çayının qar sellərinə qurban olmuş, yurd və yerlərindən, mülk və mallarından, can və başlarından top və pulemyot güllələri zoru ilə məhrum edilmiş, əsir və yesir günündə dağlara, daşlara, dərələrə, təpələrə səpələnmiş olan məzlum və məzlumələrdən ibarət bədbəxt qardaşlarımızın, ana və bacılarımızın müdafiəsi haqqında bir söz belə dilinə almağı özünə “layiq” görməmiş olan məbus əfəndimizin daşnaklar mənbəyindən xüsusi bir qərəz ilə nəşət edən yalan və acı bir yalan olduğu rəisül-vüzəra Fətəli xanın bəyanatından bəlli olan xəbərlər haqqında kəmali-səlasətlə hərraflıq (boşboğazlıq) etməyi mənə o qədər əlim (kədərli) bir təsiri-yanğı verdi ki, nitqi axıradək dinləməyə taqətim qalmadı”.

Hökumət qəzetindəki siyasi publisistika nümunələrində Üzeyir bəy həm ölkənin daxili vəziyyətinə, siyasi proseslərə, həm də Azərbaycandan kənarda, xüsusən də qonşu dövlətlərdə baş verən hadisə və olaylara xüsusi diqqət yetirilirdi.

Müəllif “bolşevik Rusiyasının Azərbaycanın istiqlalına düşmən kəsilmiş qüvvələri”, Qarabağdakı erməni fitnəkarlıqları və Andranikin vəhşilikləri, Gürcüstan və Şimali Qafqazla əməkdaşlığın zəruriliyi, Qafqaz millətlərinin birliyi, Paris sülh konfransında cərəyan edən hadisələr, Oktyabr inqilabının yalan və demoqogiyası, Müvəqqəti hökumətin riyakarlığı barəsində ardıcıl yazırdı. Onun fikrincə, Rusiyadakı inqilablar çar istibdadını devirməklə bir addım irəli getmişdisə, imperiyanın əsir millətlərini yenidən müstəmləkə boyunduruq altına salmaq niyyəti ilə əslində çarizmin mövqeyinə qayıtmışdı:

“Əgər Lenin öz sözünə əməl edib Rusiyadakı millətləri azad etmək kimi məqduri olan əmri yerinə yetirsə idi, bolşevikliyə böyük xidmət göstərmiş olardı. Halbuki azadlıq əvəzinə nə gördük? Azad olmağa cürət etmiş millətlərin bolşevik qoşunları tərəfindən qətliam edilməsini gördük... Və bu qətliam hansı millətlər üzərində icra edildi? O millətlər üzərində ki, imperializm zəncirinin ən ağır halqaları altında inləməklə hamıdan əvvəl azad olmağa möhtac və layiq idilər...”.

Başqa bir məqaləsində isə o, fikrini konkretləşdirib çar Rusiyasındakı əsir millətlər içərisində Azərbaycan türklərinin daha çox zülm və təzyiqlərə məruz qaldığını vurğulayırdı: “Bəs kimin insafı yol verər və kimin vicdanı bunu qəbul edər ki, Rusiyadakı ümumi millətlər istibdad dövründə də Azərbaycan türklərinə nisbətən istirahətlə yaşadıqları halda bu gün təkmil hüquqlarına nail olsunlar ki, amma Azərbaycan türkləri bu hüquqlarından məhrum edilsinlər?!” Nə qədər acı da olsa, etiraf etmək lazımdır ki, Üzeyir bəyin bu uzaqgörən sözləri yalnız çar Rusiyasına deyil, eyni əsasla sovet Rusiyasına da şamil edilə bilər.

“Azərbaycan” qəzetinin bolşevik çevrilişinə iki gün qalmış çıxan sayında (25 aprel 1920-ci il) Üzeyir bəy bolşeviklərdən nicat gözləyənləri acı tənə hədəfinə çevirmişdi: “Hətta bunu da deyim ki, Azərbaycanda bolşevik hökuməti qurub Əliheydər Qarayevi onun başına qoysan, o halda sovet hökuməti “bizə dəyməz” deyə xəyal edənlərə xam xəyal sahibi demək olar...”

***

1919-cu il sentyabrın 18-də Üzeyir bəy Cümhuriyyət dövründəki ilk və son ad gününü - 34 yaşını qeyd etmişdi. Onu təbrik etməyə gələnlər arasında yaxın qohumları ilə bir sırada baş nazir Nəsib bəy Usubbəyov, Parlamentdə Müsavat fraksiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə, rusca çıxan “Azərbaycan” qəzetinin baş redaktoru, daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov da vardı. Bu barədə 9 oktyabr 1919-cu il tarixli məktubunda qardaşı Ceyhuna xəbər verən Üzeyir bəy sevinc hissi ilə ölkədə vəziyyətin günü-gündən qaydaya düşdüyünü, insanlarda müstəqil milli dövlətçiliyə inam və əminlik hissinin yarandığını yazırdı. Kabinetinə telefon çəkdirdiyini, təzə mebel aldırdığını, işçilərinə qələm haqqı –qonorar ödədiyini dövlətin möhkəmlənməsinin və hər sahədə nizam-intizam yaradılmasının əyani nümunəsi kimi vurğulayırdı. Parisə göndərilən heyət üzvlərini, ilk növbədə isə çox sevdiyi kiçik qardaşını işlərini tez bir zamanda başa vurub dövlət quruculuğu və idarəçiliyində iştirak etmək üçün vətənə qayıtmağa səsləyirdi.

Amma Şimaldan gələn təhlükə - bolşevik işğalı bu arzuların hamısının üstündən qara bir xətt çəkdi...
Üzeyir Hacıbəylinin 1918-1920-ci illərdəki ictimai-siyasi fəaliyyəti, ilk növbədə siyasi publisistikası onun adını Cümhuriyyətin ən görkəmli ideoloqları sırasında çəkməyə imkan verir. Bu sahədə o, doğrudan da yaxın dostu Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan istiqlalı uğrunda dönmədən mübarizə aparan digər istiqlal fədailərinin hər cəhətdən bel bağladığı yetkin siyasi şəxsiyyət, milli düşüncəli fədakar əqidə sahibi idi. Zaman bizdən uzaqlaşdıqca Üzeyir bəyin təbiətindəki və zəngin ədəbi-ictimai irsindəki bu xüsusiyyətlər daha aydın bir şəkildə təzahür edir.

# 7315 dəfə oxunub

Oxşar xəbərlər

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

Bakıda Türkdilli Ölkələrin Milli Kitabxana Direktorları Konfransı Təşkilatının təsis iclası keçirildi

18:40 10 dekabr 2024
Teatr Muzeyinin 90 illiyi qeyd olundu

Teatr Muzeyinin 90 illiyi qeyd olundu

17:56 10 dekabr 2024
#
#
# # #