Əsgərliyə gedən gənc yazar: “Polislər bulvarda qolumu burub apardılar” - Müsahibə

Əsgərliyə gedən gənc yazar: “Polislər bulvarda qolumu burub apardılar” - Müsahibə
23 iyul 2021
# 13:01

Kulis.az “Səni deyirlər” layihəsindən bu günlərdə hərbi xidmətə yola düşəcək gənc yazıçı Orxan Saffari ilə müsahibəni təqdim edir.

- İlk kitabın çıxdı… Satışı qane etdimi səni?

- Xüsusi nəsə demək istəmirəm, mənim işim bu hekayələri yazmaq olub, yazmışam, danışmaq da oxuyanların işidir. Hekayələrim haqqında özüm yüksək fikirdəyəm, görək, oxuyanlar nə deyəcək. Kitab haqqında bəzi dostlar artıq yazılar da yazıb, digər oxuyanlardan da yaxşı fikirlər eşitmişəm. Tənqidi fikirlər də var. Satışı isə hazırda bəli, qane etdi. 25 günə 150 kitab satıldı. Hələlik çox da tanınmayan, ilk kitabı çıxan bir gənc üçün məncə də yaxşıdır. Bir az da ölkədəki reallığı nəzərə alıram.

- Orxan, çoxları səni davakar, vurub-yıxan, xoşuna gəlməyən adamları döyən biri kimi tanıyır. Doğrudan eləsən?

- Doğrudan eləyəm, ya yox, başqa məsələdir. Elə görünürsə, yəqin, bir az da eləyəm. Narahatammı, bəs? Yox. Zəif olmaqdansa, bu cür olmağı üstün tuturam. Davakar, vurub-yıxan olanda nə olar? Gənclikdə olur da belə şeylər. Heminquey, Lyosa dalaşanda olur, mən yox? Bizdə öz yazıçılarımıza qarşı mənasız yükləmələr var ki, yazıçı-şair elə olmaz, belə olar. Niyə? Səysiz? Sən onun mətnini oxu, həyat tərzinə çox da ilişib qalma. Xoşuma gəlməyən adamları döymək kimi bir məşğuliyyətim isə yoxdur. Bu söhbətləri daha çox döydüyüm adamlar çıxardıb. Bir az da qəsdən belə təqdim edirlər, guya bu cür gözdən salacaqlar məni. Xəstədilər, dəlidilər, nədilər? Eybi yox, nə qədər gəncəm, qollarımdan getməyib küçə davası, bir dəfə də danışmamaqları üçün döyərəm onları (gülür). Zarafat bir yana, bu kimi məsələlərə bir az da vizual görüntüm gətirib çıxardır. Təbii, əvvəlki ərgən həyat tərzim, başıma gələnlər də buna əsas verir, amma tam olaraq belə demək olmaz. Yenə də bəzən elə hallar olur ki, ən doğrusu dava olur. Bəzən görürəm, bir adamı sözlə başa salmaq olmur. Niyə ona izah edirəm, beş saat nələrisə sübut etməyə çalışıram? Hazır beş dəqiqəyə döyərəm, bitər də. Çox vaxt effektiv olur. Onsuz da başa düşmür, qabırğası qalındır. Hər kəsi anladığı dildən bir az da! Dediyim kimi, bu, gəncliyin verdiyi çılğınlıqdır. Yaşlandıqca gedəcək. İndi yaşayıram ki, yaşlananda özümü biabır etməyim. Durub qırx-əlli yaşımda indiki kimi çılğınlıq edəsi deyiləm. Öz yaşımı yaşamağa çalışıram.

- Polis bölməsinə də çox düşmüsən deyəsən.

- Hə, çox düşmüşəm. Sonuncu dəfə yazar dostumuz Orxan Həsəninin yanında idim tutulanda. Bulvarda polis əmilər qolumu burub apardılar ki, profilaktik söhbətlər etsinlər (gülür).

- Yenə dava?

- Bəli. Yüngülvari.

- Profilaktik söhbəti etdilər?

- Yazıçı olduğumu biləndə hörmət etdilər. İnternetdə yazılarıma baxdılar. Başqa bir polis nəfəri bütün gənc yazarların adını çəkdi, dedi, hamınızı oxuyuram feysbukdan tanıyıram. Məni də tanıyırdı. Yoxsa, indi yanıma "peredaçi" gətirirdiniz (gülür).

- Əvvəl şeirlə başlamışdın. İndi deyəsən, şeir yazmırsan? Poeziyada zəif olduğunu görüb nəsrə keçdin?

- Mənim üç-beş şeirim var ki, müəyyən bir kütlənin əzbəridir, sevilir. Bu da mənə ömrümün axırınadək bəsdir. Baxmayaraq ki, şeir yazmıram, bu gün də o şeirləri qiraət edirlər, paylaşırlar, oxuyurlar. Guya ən məşhur şairlərin neçə şeiri əzbərdə var ki? Aşağı-yuxarı bütün yazıçılar şeirdən nəsrə keçid edib. Mən də zəif olduğumu yox, potensialımın daha çox nəsrdə olduğunu düşündüm, yaza bildiyimi gördüm, yazdım. Tolstoy deyir, yazmaya bilirsənsə, yazma. Mən yaza bilirəm. Şeir indi mənim üçün hava məsələsidir. Gələcək illərdə şeirlər kitabı çıxaracam. Ən çox da şeirlərim itib batmasın deyə... Çünki iddiam yoxdur şair olmağa.

- Hekayələrin, yazıların daha çox andeqraundddur. Maraqlı mövzulara toxunursan, amma elə bil, dil baxımından çox kobud, belə deyək, “köntöy” yazırsan. Bəlkə yazı dilin zəifdir?

- Əksinə, hekayələrim haqqında tərifli sözlər dilimin yaxşı olduğu ilə bağlıdır. Özüməxas dilimin, təhkiyəmin olduğu deyilir, bu isə adi məsələ deyil. Hətta zəif yazdığım bir mətnin belə dilə görə sevildiyini görmüşəm. Dili ən yaxşı bilən, dilini ən çox sevdiyimiz ustadlar da yüksək fikirlər deyiblər. O “köntöy “dediyin məsələ, müəyyən adamlar haqqında yazdığım tənqidi mətnlərə görədir. O da qəsdən yazdığım bir şeydir.

- O yazıları niyə yazırsan ki? İçində heç düz-əməlli tənqid də olmur. Hətta təhqir olur. Diqqət çəkmək üçün belə eləyirsən?

- İçində düz-əməlli tənqid də olmur demək düz deyil. Tənqid qəbul edənlər də olur. Bəziləri isə sırf yumor məqsədli. Mən müəyyən yazılar yazanda tənqid adı ilə yox, təhqir adı ilə paylaşmışam, bunun da arxasındayam. Hətta səndən də, digər dostlardan da yazanda bu cür təqdim etmişdim. Açıq-aşkar paylaşanda da bunu yazıramsa, həmin yazıya tənqid demək nəyə lazımdır? Bilinir də tənqid deyil. Qəribə adamlarsız. Bir zamanlar hə, diqqət çəkmək üçün idi, sonradan sadəcə yazırdım. Ürəyim yazmaq istəyirdi, yazırdım. Bu qədər sadə. Onlar yaradıcılıq deyil ki, “ədəbi şuluqluqdur”.

- Təhqir olmaz axı…

- Başa düşürəm, bilirəm olmaz. Mən demirəm bu, çox yaxşı bir şeydir, gəlin, söyüşək. Amma elə anlar olur, elə adamlar olur ki, təhqirsiz keçmir. Mən söyüş söyməyə bəzən stress çarxı kimi baxıram. Rahatlayıram. Həm də vallah, söyüşü haqq edən adamı söyməsən günahdır.

- Düşüncə davası çətindir, yumruq davası?

- Baxır adamına. Mənimlə hər ikisi. Qarşı tərəfdən asılıdır bu. Hər ikisi vacibdir amma. Təbii ki, əsr beyin əsridir, dava-zad boş şeydir, amma unutmamaq gərəkdir. Az da olsa qollarda saxlamaq lazımdı o küçə davalarını ki, bir anda düşüncəsi olmayan biri zorbalıq edəndə cavabını verə biləsən. Həyatdır da. Hansımız nədən sığortalanmışıq ki?!

- Məncə, mütaliən elə də güclü deyil. Kitabdan daha çox həyatdan gəlmə yazıçısan. Səncə, hansı daha yaxşıdır?

- Kitabdan, ya həyatdan gəlmə söhbətləri illərin söhbətidir. Həyatdan gələndə nə olur? Səncə, bu, daha yaxşı deyil? Mən yazdıqlarımı daha çox yaşayıram, görürəm. 23 yaşıma görə normal şəkildə də mütailəm var. Yay günlərini çıxmaq şərti ilə, demək olar, hər gün oxuyuram. Azərbaycan ədəbiyyatını daha yaxşı bilirəm, daha çox oxumuşam, dünya ədəbiyyatını da oxuyuram. Dünyada milyardlarla kitab var. Ömür vəfa edənə qədər oxuyacam. Məncə, həyatdan gəlmə daha yaxşıdır. Yaradıcı adamın maraqlı taleyi də olmalıdır. Gözünü açıb kitab oxuyub, özü də kitab yazan adamdan nə yazıçı olacaq? Ondan çox yaxşı oxucu, ədəbiyyatşünas olar, intellektual bir adam olar, amma yazıçı yox. İnsana yazdıran yaşantılarıdır bir az da. Kabab masasından Afrikadakı ac uşaqlara, bomjlara şeir yazmağa nə var ki?

- Bəyəndiyin, öyrəndiyin yazıçılar kimlərdi?

- Xarici ədəbiyyatdan Çexov, Markes, Tosltoy, bizim ədəbiyyatdan daha çox Əkrəm Əylisli, İsa Hüseynov, Sabir Əhmədli, İsi Məlikzadə...

- Gənclərdən, yaşıdlarından kimləri bəyənirsən?

- Çox adamı bəyənirəm. Əvvəlki müsahibələrdə adlar çəkmişəm, amma indi çəkmək istəmirəm. Həm də elə burdan xahiş edirəm ki, mənim adımı da bundan sonra müsahibələrdə çəkməsinlər.

- Niyə?

- Bir də görürsən, mənasız bir adamla adım yanaşı düşür, qıcıq yaranır. Həmin adamdan da zəhləm gedir ki, sən eyni anda məni də, onu da necə bəyənə bilərsən, bu nə zövqdür?

- Qorxduğun yazıçı var? Yəni mübahisən düşsə, səni döyə biləcəyini düşündüyün...

- Yazıçılardan dalaşa bilən bircə mənəm, deyəsən (gülür). Nəinki yazıçı, qorxduğum idmançı da yoxdur. Uzağı döyəcəklər, bıçaqlayacaqlar ki, bunlarında hamısı olub, bəlkə yenə də olar zamanla. Nə bilmək olar. Həyatdır. O qədər olub ki, qorxu da içimdən çıxıb. Pis çıxmasın, ürəkli oğlanam. Döymək istədiklərim ola bilər amma. Məsələn, Şərif Ağayar gənc olsa, onu döyərdim. Amma oğlu ilə qız üstündə dalaşası yaşdayam. Yaxşı qurtarıb (gülür).

- Şərif Ağayarı niyə döymək istəyirsən? Nə probleminiz var?

- Zarafat edirəm, təbii ki. Görüntü olaraq ikimiz də yekəpərik deyə dedim. Neyləyim, səni döyüm? Yoxsa, Nadir Yalçını götürüb çırpım yerə? Bir yumruqluq canın var. Sinənin ortasından bircə dəfə vursam, bir həftə işə gedə bilməyəcəksən. Ona görə də get, müdirin gəlsin (gülür).

- Şairlər, yazıçılar adətən daha incə olur. Bu boyda cüssə ilə başqa işlə məşğul olmaq keçməyib heç ürəyindən? Hərbiçi, polis, ya idmançı...

- İdmanla məşğul olmuşam, amma idmançı olmaq kimi arzum olmayıb. Polis olmaq ideologiyama, fikirlərimə yaddır. Hərbçi olmaq istəyərdim. Sevdiyim üçün. Bir az da azadlığım, rahatlığım əldən gedəcək deyə istəmərəm bu peşələri. Qalan şeylər qismət məsələsidir. Bəlkə həyat elə gətirəcək ki, heç məndən normal bir adam da çıxmayacaq?

- Əsgər gedirsən. Çox həvəsli olduğun görünür. Nədir bu həvəsə səbəb? Deyəsən yazı-pozu işinin gəliri səni qane etmir.

- Mən yazı-pozu işinə heç vaxt gəlir kimi baxmamışam. Sonuncu iş yerim “Ədalət” qəzeti olub. Ondan əvvəl fəhlə, ofisiant, mühafizəçi və s. sahələrdə işləmişəm. Gələcək üçün də bu ölkədə yazı-pozu işində pul görmürəm. Yəni, qazana bilərəm, amma o yol mənlik deyil. Əsgərliyə isə bəli, həvəsliyəm. Bir ildir getmək istəyirdim, qoymurdular. Səhhətimdə problemlər var idi, amma indi hər şey qaydasındadır, gedirəm. Hərbçi olmaq istəyərəm, görək, qismət. Bəlkə də tam başqa sahəyə yönəldim.

- Tez-tez qızlarla səmimi şəkillər paylaşırsan. Hamısı sevgililərindi?

- Qızla şəkil paylaşan, gəzən, sevən-sevilən vaxtımızdır da. Nə edim? Əsəd Qaraqaplanla paylaşım? Hamısı yox, bir qismi sevgilimdi, olublar. Sevgililərimi çox sevirəm.

- Müsahibə üçün təşəkkür edirik.

- Buyur. Mən təşəkkür edirəm. Qismət olsa, bir müsahibə də hərbi xidmətdən qayıdanda edərik. Bərk gedənləri necə döyməyimdən danışaram (gülür).

# 5476 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #