Özgə adam - Xəyyam Rəfilinin hekayəsi

Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
11 iyul 2020
# 15:42

Kulis.az Xəyyam Rəfilinin "Özgə adam" hekayəsini təqdim edir.

Eynəyini çıxarıb, masada qalaqlanmış kağızların üstünə qoydu. Gözlərini ovuşdurdu. Yumruqlarını başının üstünə qaldırıb elə dartındı ki, sanarsan yumruqlarından tutub qəddini düzəldir. Saatına baxmaq istəyəndə yadına düşdü ki, qolundakı saat iki gündü dayanıb, hesabatlardan vaxt eləyib saatsaza verə bilmir.

“Eybi yox, sabahdan boş vaxtım çox olacaq, aparıb düzəltdirərəm” – fikirləri ilə masadakı qələmi dəri çantanın içinə qoydu. Əlində boş çanta gəzdirməkdən heç xoşu gəlmirdi. Üç ay əvvəl Geologiya institutuna mühasib təyin olunanda işə əliboş getməmək üçün, həm də əlində çanta olsa daha ciddi görünər düşüncəsiylə Əhmədlidəki kitab mağazasından ilk bəyəndiyi çantanı almışdı. O gün də boş çanta ilə evə getməsin deyə çantanı salafan torbaya qoyub aparmışdı. Səhərisi işə gedəndə iki kitabı, “Mühasibat uçotu” və yarıya qədər oxuduğu Albert Kamyunun “Yad” romanını rəfdən götürüb, yeni çantasına qoymuşdu. O zaman boşluğu dolduran iki kitab indi də masanın küncündə səfərə hazır dayanırdı. Kitabları çantaya qoyub, paltosunu geyindi. Eynəyini qatlayıb, paltosunun döş cibinə qoyandan sonra kağızları səliqə ilə dəstələyib, üzbəüz oturan baş mühasib Kələntərin masasına yaxıxınlaşdı.

- Hesabatı bitirdim, Kələntər müəllim. İstəyirsiz, siz də bir göz atın. – deyib, əlindəki kağızları Kələntərə uzatdı.

Kələntər qalın eynəyin üstündən Səfəri süzüb:

- Qoy burda qalsın sabah tezdən baxaram. Saat altıdı, mən də bir azdan çıxacam – dedi.

- Kələntər müəllim, mən sabah bir-iki saat gec gəlsəm olarmı? Saatım dayanıb yolüstü onu düzəltdirmək istəyirəm.

- Hə, əlbət də olar. Xarab saatla gəzməzlər. Mütləq düzəltdir.

- Niyə? Mən iki gündü gəzirəm, heç nə də olmur. Kələntər müəllim, siz rəqəmlərlə işləyən adamsız, belə şeylərə necə inanırsız, başa düşmürəm?

- Sən yenə də o saatı qoluna taxma, cibində-zadda gəzdir.

- Lap elə qolumda gəzdirəcəm, siz də görəcəksiz ki, heç nə olmur. Sabah görüşərik.

Yol boyu dəyişən və dəyişkən fikirlər zaman-zaman Səfərin yerişini də dəyişirdi. Mağazaların vitrinlərindəki Səfərlərlə vidalaşa-vidalaşa Süleyman Rüstəm küçəsindəki dəlixananın yanına gəlib çatanda qəfil bir pıçıltı ilə az əvvəlki dünyası yoxa çıxdı. Dəlixananın pəncərəsindəki dəmir barmaqlıqların arasından gələn pıçıltı elə bil Səfərin ayaqlarına dolaşdı. Bir anlıq yerişini itirdi, özünü tarazlayıb ətrafına baxdı. Küçənin tinindən indicə gözdən itən kölgəsi özündən böyük itdən savayı heç kimi görməyəndə, çönüb pəncərədki dəlinin üzünə baxdı.

- Ey! Özgə adam! – adam bu dəfə daha qətiyyətli çağırdı.

- Mənimləsən? – Səfər bir də ətrafına baxıb, nəzərlərini pəncərədəki dəliyə zillədi.

- Hə, səninləyəm. Mən dəli deyiləm. Mənə qulaq as! Xahiş edirəm! Məni bura zorla salıblar. – pəncərədəki dəli danışdıqca, çevrilib arxasına baxmağı da unutmurdu. – Eşidirsən? Mən dəli deyiləm. Səndən bir şey istəsəm edərsən?

- Nə istəyirsən?

- Mənim burda olduğumu heç kim bilmir. Sənə bir nömrə versəm anama zəng edib oğlunun burda olduğunu deyərsən? Heç olmasa anamın xəbəri olsun.

- Bilmirəm, baxaram.

- Zəng edəcəksənsə nömrəni deyim yaz.

Səfər pəncərədəki dəlini başından eləmək üçün:

- Yaxşı nömrəni de! – dedi.

Bu an məscidin minarəsindən qopub küçələri dolaşan azan səsi dəli ilə Səfərin arasından keçdi. İkisi də qeyri-ixtiyarı nəzərlərini göyə zilləyib durdular. Pəncərədəki dəli qəfil baxışlarını Səfərə yönəldib:

- Sən Maykl Ceksona qulaq asırsan? – soruşdu.

- Hərdən olur. Nə olub ki? – Sualın gözlənilməzliyindən çaşan Səfər tərəddüdlə cavab verdi.

- Deyirlər o da müsəlman olub. Mütləq qulaq as!

Pəncərədəki dəlinin son sözü Səfərin səbrini lap bitirdi.

- Nömrəni de, mənim işim var getməliyəm.

- Kağız-qələm çıxart, deyim yaz.

- Sən de, mənim yadımda qalacaq, narahat olma!

- Yaxşı, amma yadından çıxartma ha!

- Deyəcəksən, yoxsa çıxım gedim?

- Hirslənmə deyirəm. Belə edirəm ki, yadından çıxmasın. 2182035

Səfər nömrəni dilinin altında təkrarlayıb sağollaşmadan çevrilib gedəndə, pəncərədəki dəli arxadan yenə çağırdı.

- Özgə adam!

Səfər bu dəfə qəzəbli sifətlə çönüb pəncərədəki dəliyə baxanda o, səsini yumşaldıb astadan dedi:

- Sən yaxşı adamsan. Zəng eləsən də sağ ol, eləməsən də.

- Sən niyə mənə “özgə adam” deyirsən?

- Birinci dəfədi səni görürəm, nə deyim? İkinci dəfə görüşəndə dost deyərəm.

- Görsən, deyərsən.

Səfər son sözü dilinin altında qımıldansa da, deyəsən, pəncərədəki dəlinin də qulağına çatdı, amma biruzə vermədi.

Səfər kölgəsi özündən böyük itin burulduğu tindən burulan kimi, ayağını səkinin kənarına qoyub, çantadakı kitablardan birini çıxartdı, ilk səhifəsinə nömrəni yazıb çantanı bağladı. İndi olub-keçənləri rahat düşünə bilərdi, çünki yadında saxlamağa çalışdığı nömrə ona rahat fikirləşməyə mane olurdu. Yol boyu ağlına gəlməyən fikir qalmadı.
“Bu adam doğrudan dəli deyilsə, onu bura niyə salıblar? Bəlkə kimləsə düşmənçiliyi var? Bəlkə siyasətçidi? Miras məsələsi də ola bilər. Birdən düşmənləri məni də tapar. Məni də ora salarlar”.
Az qala oxuduğu və baxdığı bütün detektivlərin sujetləri gözünün önündən gəlib keçdi.

Əhmədliyə necə gəlib çıxdığından xəbəri olmadı. Kirayə qaldığı evin həyətinə çatanda yol boyu onunla gələn fikirlər birdən yox oldu və həyətdəki dükana girmək lazım olduğunu düşündü. Dükançıya salam vermədən:

- Bir qutu siqaret ver. – dedi.

Dükançı “bəs tərgidirdin? Nə oldu, gücün çatmadı? – deyib qımışanda, Səfər həmişəki soyuq səsi ilə:

- Sən malını satmaq istəmirsən deyəsən, – dedi.

Dükançı Səfərin kobudluğuna bələd idi. Ona görə də sözü çox uzatmadan siqaret qutusunu masanın üstünə qoydu.

Siqaretini götürüb mənzilinə qalxdı. Paltosunu qapının ağzındakı asılqana asıb, otağa keçdi. Çantasını masanın üstünə atıb, divana elə yıxıldı, elə bil illərin yorğunluğu üstündən basırdı. Bu neçə gündə heç hesabatın üstündə işləyəndə bu qədər yorulmamışdı. Cibindən siqaret qutusunu çıxarıb, birini yandırdı. Siqaretdən çıxan duman yay kimi burulub havaya sancılır, sonra da havada heçə dönürdü. Siqaret çəkəndə Səfərə ən çox tüstünün necə yox oluşu ləzzət edirdi. Yoldakı fikirlər bir-bir geri dönüb Səfərin beynindən paraddan keçən adamlar kimi keçirdilər. “Birdən məni də aparıb ora salsalar, kimin xəbəri olacaq? Anamın? Anamın yeddi ildi məndən xəbəri yoxdu. İndiyə qədər yeddi dəfə o dəlixanaya girib çıxa bilərdim, heç nədən xəbəri olmazdı. Bəlkə, o adamı da heç axtaran yoxdu? Axtarsalar, tapardılar yəqin? Ola bilər, anası da ölüb. Ya da düşmənləri öldürüb. Nə isə, mənə nə? Kim dəli olub, kim ölüb?”

Divandan qalxıb mətbəxə keçdi. Çaydanı doldurub qazın üstünə qoydu. Qazı yandırıb, külqabının içindəki əriyib yox olmağa can atan siqaretdən son tüstünü sümürdükdən sonra külqabıya basıb söndürdü. Kətili altına çəkib oturdu. Gözləri milçək kimi vızıldayan çaydana zillənsə də, harasa uzaqlara baxırdı. Çaydan vızıldayıb qurtaran kimi özünə bir fincan qəhvə düzəldib yenidən otaqdakı divana oturdu. Əlinin tərsi ilə telefonu kənara itələyib qəhvəsini masaya qoydu. Telefona baxanda fikrindən keçirtdi ki, elə bil kimsə bu gün hər şeyi onun qabağına itələyir. Bir az da düşündükdən sonra qərara gəldi ki, zəng eləməsə, bu gecə rahat yata bilməyəcək. Ona görə yox ki, pəncərədəki dəliyə, ya da onun anasına yazığı gəlmişdi, sadəcə, başqa heç nə haqqında düşünə bilmirdi deyə, yaddaşındakı yükdən azad olmaq lazım idi.

Telefonun dəstəyini götürüb, nömrəni yadına salmağa çalışdı. O boyda institutun illik hesabatını əzbər yadda saxlayan adam indi adi bir telefon nömrəsini unutmuşdu. Özü də buna çox təəccüb elədi. Başını yelləyib, çantasından kitabları çıxartdı. Hansı kitaba yazmışdı o vurhavurda özü də bilmirdi. “Yad”ın birinci səhifəsində nömrəni tapdı. “Hə, burdadı zəhrimar” – deyib, nömrələri yığmağa başladı. Çağırırdı! İki, üç, dörd siqnal oldu, dəstəyi götürən yox idi. Daha üç siqnal da gözləyib dəstəyi telefonun üstünə qoydu. “Bir dəlinin sözüylə məşğul olduğum işə bax! Mənimkilər mənim kimi ağıllıya sahib çıxmır, mən gedib özgənin dəlisinə sahib çıxıram. Dəlinin yekəsi elə mən özüməm”. Deyinə-deyinə fincandakı qəhvədən bir qurtum içib, bir siqaret də yandırdı.

O, gecə ilan vuran yatdı, Səfər yatmadı. Səhərə kimi çarpayısında uzanıb, ağ tavanda kinoya baxırmış kimi olan-keçənləri yadına saldı. Arada özünün də eşidə biləcəyi səslə “Gözləri göydü, anası rusdu, nə olsun axı? O da insandı da. Gərək öz kəndimizdən olsun. Guya başqa yerdən olanların buynuzu olur. Qoy indi getsin gəlinsiz qalsın! Mən də sənin acığına evlənməyəcəm” – anasına sitəm edirdi. “Atası ki təmiz azərbaycanlıydı. Ona nə sözünüz?”

Səfərin institutda tanış olduğu qızla evlənməyinə anası razı olmamışdı. O da hamıya acıq edib o çıxan evdən cıxmışdı. Qız da Səfərdən əli üzülən kimi başqasına ərə getmişdi deyə, indi Səfər ikiqat yanırdı. Qüruruna sığdırıb evə, anasının yanına da gedə bilmirdi. Kirayə qaldığı evdə hər dəfə yemək bişirəndə, ya da paltarlarını yuyanda özündən başqa hamını günahkar çıxarırdı. Keçən il şəhərdə uzaq qohumlarını görmüşdü. Anasının başqa evə köçdüyünü onlardan eşitmişdi. O uzaq qohumlar sözarası Səfərə anasının təzə nömrəsini də eşitdirmişdilər, amma Səfər həmişəki təkəbbürü ilə özünü eşitməzliyə vurmuşdu.

Səhər yerindən qalxmaq istəyəndə yadına düşdü ki, bu gün saatını saatsaza aparmalıdı. Axı dünən Kələntərdən icazə alıb. Divardakı saata baxdı. Hələ saat səkkiz idi. Yarım saat da yataqda uzanmaq olardı, amma artıq oyanmışdı və təzədən yuxuya getsə, lap gec durardı. Həvəssiz yataqdan qalxıb, telefonun yanındakı siqaretdən birini damağına qoydu. Axşamdan orda qalan qəhvə fincanını götürüb, mətbəxə keçdi. Çaydanın altını yandırdı, sonra da damağındakı siqareti yanan qaza tutub sümürdü. Qəhvəsini içib, qazı, işığı yoxladıqdan sonra paltosunu geyinib qapıdan çıxanda gözü çantaya sataşdı. Onsuz da idarəyə aparmalı bir sənəd də yoxdu deyə çantanı evdə qoyub çıxdı.

Saatsaz, Səfərin on illik saatını əlində o yana, bu yana çevirib özünə qaytardı:

- Bundan saat olmaz, ay oğul, düzələn deyil. Özünə təzə saat alsan yaxşıdı.

Səfər əlindəki saatı saatsaza verib getmək istədi, sonra ağlına nə gəldisə saatı qatlayıb cibinə qoydu. Metroya minmək üçün yerin altına girəndə, cibindəki saatı çıxarıb, zibil qutusuna atdı.

İnstitutdakı iş otağına yaxınlaşdıqca “doktorski” kolbasanın iyi Səfəri bütün dünyalardan qoparıb işinə gəldiyini xatırladırdı. Kələntər demək olar ki, hər gün işdə kolbasa-çörək yeyirdi. Bunu ucuz olduğu üçün yox, uşaqlıqdan kolbasaya tamarzı olduğu üçün edirdi. Özü danışmışdı ki, uşaq olanda evdə nadir hallarda kolbasa olardı. Onun da ən böyük dilimini atasına verərdilər. İndi də elə bil, qisas alırmış kimi hər gün kolbasa yeyirdi. İnstitutda mühasibatlığı axtaran adama desən ki, kolbasanın iyinə get, gedib mühasibatlığı tapardı. Otağın qapısını açanda kolbasanın iyi Səfərin üzünə elə dəydi ki, az qaldı qapını örtüb geri qayıtsın. Amma Kələntər elə qapının arasından Səfəri görən kimi yanına çağırdı.

- Səfər, bu nədi bura yazmısan? - əlindəki hesabatı Səfərə uzatdı.

- Nə yazmışam?

- Bu rəqəmlər düz gəlmir. Bayaqdan neçə dəfə baxmışam, heç nə başa düşə bilmirəm. Sən bu rəqəmləri hardan alıb bura yazmısan? Bizim işçilərin aylıq maaşı bu qədər eləmir axı. – Kələntər vərəqin aşağısındakı 21820,35 manat yazılan qrafanı Səfərə göstərdi.

- Verin, bir də baxım. Ola bilsin nəyisə gözdən qaçırmışam.

- Al, bax! Düzəlt, sonra gətir. Sabah axırıncı gündü, bu gün hamısını bitirməliyik.

Heç bir səhv eləmək olmaz. Başa düşdün?

- Əlbəttə! İndi hamısını düzəldərəm.

Səfər bitirdiyini sandığı hesabatı indi yenidən işləməli idi. Cədvəldəki rəqəmləri bir neçə dəfə təkrar hesablayandan sonra öz-özünə “axı bu rəqəmlər heç nəyə uyğun gəlmir? Hər şey düzdü, bircə rəqəmlər o deyil”, – deyindi. Rəqəmləri dönə-dönə yoxlayıb, düzəldəndən sonra hesabatı təkrar Kələntərə təhvil verdi.

Axşamı evinə gələn kimi yenə bir fincan qəhvəsini hazırlayıb yanına qoydu. Divanda oturub bir siqaret də çəkdikdən sonra gözü masanın üstündəki açıq qalmış kitaba sataşanda, dünənki hadisə yadına düşdü. Kitabı götürüb nömrəyə baxdı.
“Bu nə sirdi belə? Heç nə anlamıram? Bu nömrələr hesabatda yazdığım rəqəmlər deyilmi? Özüdür ki var - 2182035. Bu qədər zarafat olmaz artıq” – deyib tələsik dəstəyi götürdü. Nömrələri kitaba baxmadan, əzbərdən yığdı.
“Kaş cavab verən olmaya” – düşünsə də, xəttin o biri ucundan kiminsə səsinin gəlməyinə ümid edirdi, çünki bu müəmma bir yerdə bitməliydi. Telefonun dəstəyindən siqnal səsləri gəldikcə Səfəri soyuq tər basdı. Dördüncü, ya beşinci siqnaldan sonra uzaqdan tanış bir səs eşidildi. “Alo. Kimdi? Kim lazımdı?”

O tanış səs Səfərin içində bomba kimi partladı. Dəstəyi qulağından ayırıb, əli yetdiyi qədər uzağa apardı. Özünün də çətin eşidəcəyi asta səslə pıçıldadı: “Ana?”

# 3893 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #