Kübra Əliyeva: “Oğlum həbsxanaya düşəndə rahat olurdum” - Müsahibə

Kübra Əliyeva: “Oğlum həbsxanaya düşəndə rahat olurdum” - Müsahibə
5 yanvar 2023
# 21:00

Bu gün aktrisa, Əməkdar artist Kübra Əliyevanın ad günüdür. Kulis.az bu münasibətlə aktrisa ilə müsahibəni təqdim edir.

- Kübra xanım, səhv etmirəmsə, ilk dəfə Gəncə teatrında işə başlamısınız?

- Düz deyirsən. Mənim əmək kitabçam ilk dəfə 1971-ci ilin yanvar ayında yazılıb. Leninin 100 illiyi ilə əlaqədar tamaşa hazırlanmışdı. Heç bir teatr fəaliyyətim olmadan inanıb rol verdilər və məni teatra götürdülər. Sonra instituta qəbul olundum, Sumqayıt teatrına işə düzəldim. 6 il orda işlədim. Ümumən 41 illik teatr fəaliyyətim oldu. 1976-cı ildə Bala Qasımov və Niyaz Şərifov dəfələrlə mənim dalımca Sumqayıt teatrına gəldilər. Ora da məni buraxmırdı. Amma mən Bakı teatrını istəyirdim. Daha doğrusu, “Azdrama”ya gəlmək istəyirdim. Gəncədən o teatr üçün gəlmişdim. Amma mümkün olmadı.

- Niyə?

- Bakı şəhərinə qeydiyyat problemi vardı. Rəhmətlik Tofiq Kazımov məni nənəsinin evinə qeydiyyata salmaq istədi...

- Şəxsi tanışlığınız vardı?

- Əlbəttə. Mən onun bir tamaşasına baxmışdım. Tamaşanın məndə olan buraxılış vərəqinin üzərinə Tofiq müəllim ürək sözlərini də yazmışdım. Uzun müddət saxladım o kağızı. Arxiv yığmağa marağım olmayıb. Kimsə deyəndə ki, böyük kolleksiyam var, qəribə gəlir. Mənim kolleksiyam həyatım, uşaqlarım və özüməm.

- Tofiq Kazımov yadınızda necə qalıb?

- Düzdür, mən Tofiq müəllimi az görmüşəm. Amma o, mənim gəlişimi istəyirdi. Bir dəfə aktyorlar evinin pilləkənlərində onunla rastlaşdım, mənə dedi, sentyabra qədər səni gözləyirəm teatrda. Allahın işinə bax ki, Tofiq müəllimin ölümü mənim gözümün qabağında oldu. Gəncəyə gedirdim, mənə dedilər, Tofiq müəllim Gəncəyə gedəndə maşını pambıqçıları tarlaya aparan maşının qoşqusuna çırpılıb. Çox üzülmüşdüm. O, çox gözəl insan və rejissor idi. “Məhv olmuş gündəliklər” tamaşası teatrda nə qədər oynanılırdısa, o qədər də gedib baxmışdım. Gözəl tamaşa idi. “Sən həmişə mənimləsən”ə də çox baxmışam. Sən hələ Mehdi Məmmədovun “Xəyyam” tamaşasından, onun anşlaqından danış...

- O vaxtlar teatra maraq vardı.

- Bilirsən, indi ayrı zəmanədir. Televiziya, internet teatrı bir az geridə qoydu. Amma tamaşaçı öz qədrini bilmək istəsə, özünə mənəvi qida axtarsa, bunu teatrda tapacaq. Mən çoxuşaqlı ailədə anadan olmuşam. Ailədə doqquz uşaq idik. Atam tarix müəllimi idi, külfət çox olduğundan çörəkçi işləyirdi, Gəncədə ona çörəkçi Ağa deyirdilər. Anam da evdar qadın idi, uşaqlar çoxaldıqca otuz il aşpaz işlədi. Balaca olanda anamla atam teatra gedərdilər və özləri ilə məni də aparardılar. Məni teatra bağlayan həmin tamaşalar idi. Bir də çoxlu ədəbiyyat oxuyurdum. Təsəvvür et ki, dördüncü sinifdə oxuyanda Teodor Drayzerin “Cenni Herhard”, “Dahi” əsərlərini oxumuşdum. Soruşsan, Kübra xanım, nə zamansa oğurluq etmisən, cavab verəcəm ki, hə, etmişəm. Çoxlu kitab oğurlamışam.

- Qohumlardan oğurlayırdınız, ya kitabxanalardan?

- Gəncədə hökumət evi var. Bu yaxınlarda bir iş üçün ora getmişdim. Orada bir kitabxana vardı, həmin kitabxanaya getməyim, oradan kitabları götürüb geri qaytarmamağım yadıma düşdü. Çünki mən bir kitabı bir dəfə oxumurdum. İki, üç ildən bir oxuduğum kitablara qayıdırdım. Hər dəfə də tamam başqa təəssüratlar alırdım. Cəfər Cabbarlının, İlyas Əfəndiyevin, digər klassiklərin kitablarını, loru dildə desəm, yeyirdim. Sonra o kitabları Gəncə kitabxanasına bağışladım. Çünki hamısı kiril əlifbasında idi. İndi evimdə sənətşünasılıq kitabları var. Onları hərdənbir vərəqləyirəm, keçmişlə müqayisələr aparıram. Öyrənmək heç vaxt gec deyil. Arada heç bir fərq yoxdur. Sənət, sənətdir və sənətin yolu birdir. Gərək ürəyin, fitri istedadın olsun. Mən sənətə cırmaq-cırmaq, zülmlə gəlmişəm. İndikilərə nə var, ata-ana özü aparır universitetə.

- Əsas çətinlik nə idi?

- Evdən qoymurdular. Ona görə Gəncə teatrından qaçıb Bakıya gəldim, instituta girdim. Teatra gedib-gələndə evdə narazılıqlar olurdu. Amma sonra fəxr etdilər. Bir gün uşaq verilişləri redaktoru Nazim Zeynalov Gəncəyə gəlib, uşaq verilişləri üçün aktrisa seçiminə başladı. Məni seçdi. Anam məni atamdan, qardaşlarımdan gizlin Bakıya göndərdi.

- Ananız dəstək olurdu?

- Olurdu. Amma buna da səbəb vardı. Gəncə teatrının yardımçı heyətində paltar ütüləyən işləyirdim. Gəncə də balaca, dedi-qodusu çox olan yerdir. Biz bir küçədən keçəndə, ikinci dəfə ordan keçməzdik ki, söz edərlər. Evdən teatra gedib-gəldiyimi eşidirlər, amma aktrisa kimi yox, texniki işçi kimi. Bir gün məni “Şərqin səsi” tamaşasında bir erməni aktrisasına dublyor verdilər. Daxili baxışda Anna Kavalini rolunu oynadım. Çox böyük aktyorlarla tərəf-müqabiliydim. Anama dedim, ana, ictimai baxışdır, sən də gəl. Səhnəyə çıxanda rolu necə ifa etdimsə, anamın əlini dizinə vurub “Ağa, evin yıxılsın” dediyini eşitdim. Ürəyimdə dedim, Kübra, allah sənə kömək olsun! Tamaşa bitdi, hamı məni bağrına basıb təbrik elədi. Evə gələndə şair Ramiz Heydər anama dedi, bu qız, çox istedadlıdır, gələcəyi var, bu qıza kömək ol. Anam evə gələnə qədər dedi, allah, mən nə edəcəm, Ağaya nə cavab verəcəm? Bütün bunlara baxmayaraq məni Bakıya yolladı. Yusif Qazıyev də mənə dedi ki, burda səni incidəcəklər. Hər dəfə teatra gələndə saralırsan. Birdən səni burda vurarlar, döyərlər, söyərlər. O, Mehdi Məmmədovdan xahiş etdi ki, məni “Azdrama”ya götürsünlər, hətta onda Şəfiqə Məmmədovaya evi təzə vermişdilər. Onun yataqxanadakı otağını da mənə verirdilər. Amma bayaq dediyim kimi, “Azdrama” alınmadı.

- Bu, təkcə qeydiyyat məsələsi ilə bağlı idi?

- Məni qeydiyyata da salmaq istədilər. Ad çəkməyəcəm.

- Çəkməyin, amma səbəbi deyin...

- Onlar indi ölmüş olsalar belə ad çəkməyəcəm. Bir dəfə bir balaca eyham elədim, bir nəsil məndən küsdü. O zamanlar İsmayıl Dağıstanlı teatrda partkom idi. Mənim qeydiyyat məsələmi ona həvalə etdilər. Bir gün İsmayıl Dağıstanlıya yaxınlaşdım. Türklər demişkən, huyum qurusun, bir az gözəl idim, bir az da boy-buxunum vardı. İsmayılla söhbət edəndə, bir aktrisa vardı, o, gəlib bizim yanımızdan keçdi. Mən indi onun səsi ilə danışsam, sən biləcəksən, hansı aktrisadır.

- Hökümə Qurbanova?

- ...

- Mane oldular?

- Hə. Həmin aktrisa gəldi, keçdi. Keçəndə dedi, İsmayıl, mənim yanıma gələrsən. Səhəri gün mənim İsmayıl Dağıstanlıya əlim çatmadı. Onu tapmadım. Sonra Məmməd Ziyadovun yanına getdim. Dedim, mənə yardım edin, teatrda işləmək istəyirəm. Hətta erməni qadının evinə də qeydiyyata düşdüm. Məmməd müəllim mənə Sumqayıt teatrına getməyi məsləhət gördü. Çünki orda aktrisa çatışmırdı. Razılaşdım. Sumqayıt teatrında aktrisa olmadığından rejissor tamaşadakı qadın rolunu öz xanımına vermişdi. Teatra gedən kimi o xanımdan rolu alıb mənə verdilər. Belə deyim də, elə mən çantamı yerə qoyub səhnəyə çıxdım. Dəhşətli dərəcədə nifrət ediləsi zalım gəlin rolu idi. Tamaşadan sonra Sumqayıt camaatı az qalırdı məni öldürsün. Beləliklə rollar, qastrollar başlandı. Elə olurdu, biz iki, üç, hətta dörd ay qastrolda olurduq. Səhər, günorta, axşam tamaşa oynayırdıq ki, planı doldura bilək.

- Amma həyat maraqlı idi.

- Çox. O qədər dərdin, sərin içində qaqqıltım dünyanı götürürdü, gülüşüm dayanmırdı. Hacı Xəlilov, Kamil Məhərrəmov, Valeh Kərimov, Elmira Həşimzadə ilə uzun illər birgə işlədim.

- Afaq Bəşirqızı ilə də bir işləmisiniz, onun da sənətə gəlişi çətin olub...

- Afaq gələndə mən artıq estafeti ona verib çıxdım. Çünki məni Bakıya istəmişdilər. Bizim heç birimizin yolu asan deyildi. Çox əziyyətlər çəkmişik. 85 manatla teatra girmişdim, sonra 120 manata qalxdı. Biz az maaşla aktrisa olmuşuq. Elə ay olmurdu ki, biz ən azı 20 manat borc almayaq. Bu aydan o aya çatdırmırdıq. Bir müddət Siddiqə xanım Heydərovanın evində qaldım, sonra yataqxanada mənə otaq verdilər. Ev veriləndə uşaqlarımı Gəncədən yanıma gətirdim.

- Bəs Gəncədə uşaqlarınıza kim baxırdı?

- Orasını gəl, qarışdırmayaq (susur).

- Uşaqlarınızdan neçə il ayrı qaldınız?

- 1974-cü ildə ev aldım. Orderi götürüb, açarları əlimə alanda əllərimi göyə qaldırıb dedim, ya rəbbim, mənim bu evimi Bakıdan et. Nümayəndə mənə baxıb dedi, Kübra xanım, bu günə qədər ev üçün gəzdin, soraqladın, indi evini aldın, bu nə arzudu edirsən? Dedim, gedib evimin divarlarını öpəcəm. Bu günə qədər evimi sizdən istədim, sağ olun, verdiniz. İndi allahdan istəyirəm, o, mənim arzumu yerdə qoymaz. İki il keçmədi ki, mən evimi Bakıya - mərkəzə dəyişdim. Uşaqlarımı da yanıma gətirdim.

- Və Musiqili Teatr dövrünüz başladı?

- Hə. 76-cı ildən 91-ci ilə qədər Musiqili teatrda işlədim. Topçuyev gələnə qədər işlədim, sonra incidim, çıxdım ordan. Hətta sənətimi tamamilə dəyişmək istədim.

- Niyə incidiniz?

- Bu haqda danışmaq istəmirəm. Danışa da bilərəm, amma yazma. Düzdür, teatrdan istəmirdilər mən işdən çıxım, hətta o vaxtlar xəstə idim, sağalandan sonra xəstəlik tarixini uzadırdım ki, teatra getməyim. Xasiyyətim belədir. İşləmək istəmirəmsə, çıxmalıyam. Sonra məni “Azdrama”ya İlyas Əfəndiyev dəvət etdi. Mən onun əsərləri ilə aktrisa olmuşdum, neçə ildən sonra onu canlı gördüm. Həmin ərəfədə teatrda yox, tamam başqa sahə üzrə işləyəcəkdim. “KQB”-dən də keçmişdim. Anam ora hazırladığım sənədləri götürüb cırdı, dedi, sənin kimi aktrisanın səhnədən ayrılmasına qıymaram. Get, dram teatrında işə başla. İlyas müəllim də bizə zəng vururdu, məni danlayırdı. Deyirdi, sən, mənim bütün əsərlərimi əzbərdən bilən adam, niyə məni bir dəfə axtarmamısan? İlyas müəllimin əsərləri o zaman teatrda çox tamaşaya qoyulurdu.

- Ümumiyyətlə, müstəqillik dövründə İlyas Əfəndiyevin əsərləri teatrları dövrün boşluğundan xilas edə bildi...

- Çox. Milli material kimi onun əsərləri gərəkli idi. O əsərlər teatrı yaşatdı, prosesə kömək oldu.

Uzun sözün qısası Turabovun vaxtında teatra girdim, artıq əlli yaşım vardı. Turabov rəhmətə gedəndən sonra Maqbet müəllim direktor oldu. Çox yaxşı rəhbər idi. Sonra teatr bağlandı. Üç, dörd il orda itirdim. Sənətimdə qırılmalar oldu, özüm isə qırılmadım. Bax, mənim sənət taleyim dram teatrında belə oldu.

- Teatrdan təmir səbəbi ilə çıxdınız?

- Yox, yox. Maqbet müəllimdən o vaxtı şikayət getdi. O, məlum məsələlərin, şikayətlərin heç birində mən olmadım. Ümumiyyətlə, elə şeylərdən uzağam. Amma bir məsəl var, deyirlər, getsin, o yaman, yerinə yaxşısı gələcək. Maqbet müəllimin yerinə Tofiq Kazımovun tələbəsi İsrafil İsrafilov gəldi. Tofiq müəllimin kürəkəni Əbülfəz Qarayev onun tələbəsini teatra gətirdi. İsrafilov da dedi ki, mən teatrda hər kəsi işdən çıxaracam, hətta süpürgəçiyə qədər, sonra özüm yeni işçilər seçəcəm. Dekabrın axırı, qış vaxtı, o, bizim hamımıza ərizə yazdırıb işdən çıxartdı, teatrın qapılarını da bağladı. Mən də hamı kimi ərizə yazıb çıxdım. 20 Yanvar ərəfəsində Heydər Əliyev adına sarayda mərasim keçirilməli idi. Mənim adıma da teatra dəvətnamə göndərilmişdi. Gəldim teatra ki, həmin dəvətnaməni götürüm. İnan, qapıdan içəri girəndə elə bildim, teatra yox, nazirliyə girirəm. Gördüm qapının yanında bir balaca otaqda aktrisalar nə isə yazırlar. Elə həmin vaxt truppa rəhbəri gəldi ki, Kübra xanım, İsrafil müəllim hamımızı əfv edib, gəlin, işə qəbul üçün ərizəni yazın. Baxdım ona, dedim, oğlum, mən nə cinayət eləmişəm ki, İsrafil müəllim əfv edir? O kimdir ki, məni əfv edir. Üzümü çevirib teatrdan çıxdım. Adama deyərlər, ya qalırsan, ya da gedirsən, əfv etmək nədir? Sonra da İsrafil həmin aktyorlara qan uddurdu. İki dəqiqə gecikəni cərimə elədi, maaşını kəsdi.

- Sonra da teatr ona qan uddurdu...

- Hə. Onun etdikləri düzgün deyildi axı. O, gələndə mən sözümü demişdim. Can yoldaşları Atabala Səfərov, Elçin Həmidov idi. O, heç onlara bir gün ağlamadı, bizə nə edəcəkdi? Əbülfəs Qarayev səhv qərar vermişdi. Bir milli teatrımız vardı. Elə etməliydi ki, orda işləyən ən sıravi işçinin də qədri bilinsin.

- Teatrdan uzaq düşmək sizə necə təsir etdi?

- Teatrdan getdim, yaxşı da ki, getdim. Özümü yaxşı hiss eləmirdim. Tez-tez səhnədə, qrim otağında ürəyim sıxılırdı. Ürəyimdən şübhələnirdim. Bütün kardeoloqları gəzdim. Türkiyəyə getmişdim, orda soyuqladım, həkimə getdim, rentgen etdilər və mənə dedilər bir məsələdən şübhələnirik. Bütün aparatlardan keçdim və bəd xəbər gəldi. Mənə dedilər, xərçəng xəstəsiyəm. Amma orda yox, burda - vətənimdə əməliyyat olunmaq istədim. Sayğı ilə yanaşdılar bu qərarıma. Əməliyyat olundum, kimyaterapiyalardan keçdim. Həkimlərdən xahiş etdim ki, mənim əməliyyatım haqda heç kim bilməsin. Saçlarım töküldü.

- Sizə güclü qadın deyirlər həm də. Güclü oldunuz?

- Çox güclü oldum. İndi qohumlarımın, yaxınlarımın bir yeri ağrıyanda, ürəyimdə deyirəm, bu ağrı nədir? Altı dəfə kimyaterapiya aldım. Hər dəfəsində nə qədər ağrı, stress yaşadım. Çox dəhşətli prosedurlar idi. Amma mən onların hamısına səbirlə dözdüm. Bircə gözəgörünməz allaha dua edirdim.

- Ümidsizliyiniz oldu?

- Yox. Bayaq dedim sənə, evimi də allahdan səsli istəmişdim. Heç vaxt heç kimin qapısını döyüb heç nə istəmədim. Nə istədimsə, allahdan istədim. Allah da məni darda qoymadı.

- Amma övlad itkiniz oldu...

- İtkim oldu. Mənim itkimin səbəbi bu gün də var olan böyük bəladır. Bu bəlanın müalicəsi yoxdur. Daha doğrusu, bir müalicəsi var, o da ölümdür.

- Bu qaçılmaz fikri özünüzə təlqin etmişdiniz?

- Bəli. Anayam, əlbəttə, yandım. Kənardan məni zalım adam bilirlər, amma mən zalım deyiləm, əksinə, çox kövrək qadınam. Bu yaxınlarda oğlumun oğlunun on yeddi yaşı oldu. Gözəl ad günü keçirdilər. Türkiyədə oxuduram onu. Onun şəkillərini göndərdilər mənə. Yatdım, yuxuda gördüm, eyvanda mamamla oturmuşam, mamam lobya doğrayır, qəfildən zəng gəlir. Telefonu götürürəm, telefondan oğlumun, Raufumun səsi gəlir, mama deyir. Mən də ona deyirəm, qadan alım, narahat olma, hər şey yaxşıdır (kövrəlir). Yuxudan oyandım, gecə ilə istədim nəvəmə, gəlinimə yazım, sonra öz-özümə dedim, dayan! Yuxumu heç suya da danışmayıb yatdım. Səhəri gün o biri oğluma zəng vurdum, yuxumu danışmaq istəyəndə dedi, mama mən də Raufu nənəmlə yuxuda görmüşəm. İkimiz də eyni yuxunu görmüşdük. Balam mənə yuxuda təşəkkür etmişdi.

Oğlumu Elçin Həmidovun yanında basdırmışam. Getdim oğlumun qəbrinin üstünə. Mən onun üstünə gül aparmıram, gülab aparıb səpirəm. Anam rəhmətlik Gəncədə gülab çəkən idi, indi bacım edir bu işi. Mənə də anam öyrətmişdi ki, qəbirə gülab səpərlər. Bu yuxudan sonra koma ilə gül aldım ki, həm Elçinin, həm də onun qəbrinə qoyum. Getdim, gördüm, kimsə Raufun məzarının üstünə çoxlu gül düzüb. Bilmədim kimdir. Kim gəlibsə, allah ölənlərinə rəhmət eləsin.

- Elçin Həmidovun da itkisi sizin üçün ağır oldu?

- Çox böyük itki idi. Onun ölümü məni Rauf qədər yandırdı.

- Oğlunuz sizə görə hərəkətlərindən vicdan əzabı çəkmişdi...

- Çox əzab çəkdi. Mənim balam həbsxanada çox qaldı. Məndən çox üzr istədi, sənə çox əziyyət verdim dedi. Dedi, mama, kaş bu baş verənlər heç olmayaydı. Amma baş verənlər onun özündən asılı deyildi. Mənim oğlum çox gözəl oğlan idi. Uzun boyu vardı. On beş dil bilirdi. Həbsxanada yatanda ombudsman və danimarkalı nümayəndə onun yanına girəndə tərcüməçi nümayəndənin dediyini tərcümə edənə qədər Rauf özünü saxlamayıb tərcümə eləmişdi. Nümayəndə demişdi ki, çağırın onu mənim yanıma. Bu qədər dövlətlərə getmişəm, mənim dilimdə danışan məhbus olmayıb.

- Onu hətta sizdən övladlıq kimi alıb saxlamaq istəyiblər...

- Hə, uşaq vaxtı məndən istədilər, çox yalvardılar. Vermədim. Elə yaxşı ki, verməmişəm. Verə də bilməzdim. Mən uşaqcanlı adamam.

- Siz oğlunuz həbsdə olanda demişdiniz ki, mən ona kömək etməyəcəm. Etmirdiniz?

- Mən ona kömək etməmişəm. O, həbsdə olanda mən azadlığa çıxırdım, azadlıqda olanda elə bil mən həbs olunurdum. Orda olanda arxayın olurdum, yeməyini, içməyini yollayırdım, onu yaşadırdım. O, həbsdə olanda, onun gözlərinin içi səma kimi tərtəmiz olurdu. Bilirsən, onu evləndirməzdim, birinci dəfə həbsdən çıxanda yaxşı idi, evləndirdim, bir oğlu oldu. Oğlu olandan sonra gördüm, yox, işlər qaydasında getmir. Amma bilirdim ki, özündən asılı deyil. Özüm bütün qohumlarıma xəbərdarlıq etmişdim ki, Rauf hansınıza borca gəlsə, ona qapını açmayın. Amma özüm o, kimdən borc alırdısa, hamısını ödəyirdim. Oğlum dünyasını dəyişəndə mən onun üçündə də, qırxında da ehsan bişirib türməyə apardım, dedim ordakılar da yesinlər. O, zatən türmələrdə yaşamış insan idi. İndi onun oğlu ilə təsəlli alıram. Qadasını alım. Təmiz uşaqdı. Amma böyüyüb burda özünə yer tapmaya bilərdi. Çünki atası elə olmuşdu.

- Özünüzə də qəbir yeri almısınız...

- Almışam. Elə Rauf öləndən sonra özümə yer götürdüm. Heç bir qorxu da keçirmədim. Yerim hazırdır. Mən işlərimi bitirmişəm, ölümə hazıram. Allah bircə il ömür versin, Raufun balasını yan-yön edim. Vəssalam.

- Aktrisaların xoşbəxtliyi çətindir. Bu baxımdan xoşbəxtlik sizə nə qədər yaxın oldu?

- Mən xoşbəxt olmadım və bununla da barışdım. Qadın var barışmır, dübarə nə isə etmək istəyir. Mən özümü belə gördüm. Demirəm, sevgim də olub. Bunlar həyatda ola bilər. Amma sənət aləmində heç kimlə eşq yaşamadım. Həyatımda belə şey olmadı. Bilmirəm, bəlkə də olmalıydı, olmadı. Amma mən belə xoşbəxtəm. Özüm özümün ağasıyam. Bir dövr gənclərlə də işlədim. Rafael, Coşqun, Cabir, Tahir, Dilarə ilə işləyirdim. Onda çox xoşbəxt idim, amma xəstəliyim qoymadı. Xəstəliyimdən sonra saçsız, keçəl formada şəkil paylaşanda insanlar mənə yazdılar ki, Kübra xanım, bu hansı filmdəndir? Dedim, bu Kübra xanımın həyat filmindən!

- Xəstəliyiniz müddətində baş verən prosesə öyrəşmişdiniz?

- Əlbəttə. Xəstəlik idi də. İnsan bilmir sabah nə olacaq. Mən ayağımı yerə vuranda səhnə titrəyirdi, evdə alt qonşularım məni yerişimdən tanıyırdılar. Amma həyatdır, heç kim bilmir ki, bir dəqiqədən sonra nə baş verəcək. Əvvəllər çətinlik olanda ağlayırdım, bir yerdə dayanmırdım. İndi təmkinli olmuşam. Nə olacaqsa, olacaq. Olmayan şeylərə görə dərd çəkməyə dəyməz. Həyat o qədər qısadır ki, əgər dərdin varsa, onu qoy bir kənara, kənardan bax. Onsuz da dərd səninlədir. Amma onu içinə soxma, ona toxunma, toxunsan səni daha da dərindən yaralayar. Mən beləyəm. Cavanlara da belə deyirəm. Bir dərs 45 dəqiqə olduğu kimi, həyatımız da müəyyən vaxta qədər hesablanıb.

- Ən yaxın rəfiqəniz Lütfiyyə Səfərova idi. Onun həyatının sonu acınacaqlı oldu...

- Lütfiyyə haqqında nə zamansa yazı hazırlasan, mənə xəbər edərsən. Ona yazıq oldu. Bir gün o, mənə zəng vurdu, yemək istədi, ac idi. Bazarlıq elədim, gəldim, qapını aça bilmədi mənə. Qonşularından kimin qapısını döydüm açan olmadı. Sonra xəstəxanaya da yanına getdim. Lütfiyyənin evi də vardı, şəraiti də. Oğlunu evləndirdi, sonra gəlini boşanıb onun evini əlindən aldı. Axırda bir otaqlı, birinci mərtəbədən, nəm çəkən bir ev aldı özünə Lütfiyyə. Oğlu da sonra evlənib getdi. Lütfiyyə nə sənətdə, nə də həyatda bir şey qazandı. Sənətdə mən də çox şey qazanmamışam, çünki istədiyim rolları oynaya bilmədim. Amma mən bu qədər dərdlərin içindən çıxıb, cücərib xalqımın sevgisini qazanmışamsa, üzümü görmədən səsimi tamaşaçı tanıyırsa, mənə halal olsun. Bu, mənim uğurumdu.

- Şəxsi həyatınızdakı boşluqları nə ilə bərpa etdiniz, doldurdunuz?

- Bir söz deyim, qızım. İnsanın bəxtinin olması çox vacibdir. Sonradan çıxan günəş insanı qızdırmır. Bir də axı mənim qızım vardı. Qızı olan qadın üçün ikinci ailə həyatı çətin olardı. Mən övladlarıma qarşı da çox qısqanc, həm də qayğıkeş olmuşam. Gecə saat ikidə olsa indinin özündə belə oğlumun, nəvələrimin yeməyini hazırlayıram.

- Xalq artisti adını isə almadınız?

- Qənirə xanım Paşayeva da hələ jurnalist işlədiyi vaxt bu sualı mənə vermişdi. Onda demişdim ki, bu cameyə belədir, vəfasızdır. Mən o adları necə almağın qaydasını bilmirəm. Bilirsən, mən hələ 1976-cı ildə “Həyatım mənim” tamaşasında iştirak edəndə artıq əməkdar artist adını almalıydım. Çünki mənə görə teatrı təbrik etmişdilər. Xalq artisti adı qismət olmadı, canım sağ olsun. O cür ağır xəstəlikdən çıxan adamam, nəfəsim nəvələrimin üstündədir, nəslim mənimlə fəxr edir - bunlara görə allaha şükür edirəm.

Foto: Nicat Əlili

2022-ci il, 5 yanvar.

# 52271 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #