Həsən Seyidbəylinin oğlu: “Atamın Amaliya Pənahovadan xoşu gəlmirdi” - Müsahibə

Ziya Seyidbəyli

Ziya Seyidbəyli

22 dekabr 2021
# 21:00

Bu gün Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor, yazıçı, Xalq artisti Həsən Seyidbəylinin doğum günüdür. Kulis.az bu münasibətlə “Atamın xatirəsi” layihəsindən Xalq artisti Həsən Seyidbəylinin oğlu Ziya Seyidbəyli ilə müsahibəni təqdim edir.

- Ziya müəllim, əlli ildən sonra atanızı necə xatırlayırsınız?

- Atamgil üç qardaş olublar. Atam evin ortancıl uşağı olub. Onlar hər üçü uşaqlıqdan idmana meyl ediblər. Böyük qardaşı Kamil voleybolla, Həsən akrobatikayla, kiçik qardaşı Adil isə gimnastikayla məşğul olurdu. Sonralar Kamil hərbçi oldu. Podpolkovnik rütbəsinə qədər yüksəldi. Adil idmana yaxın sənət seçdi. Jurnalist kimi Azərbaycan Dövlət Televiziyasında idman verilişlərində işlədi. Atam isə yazıçı, rejissor, ssenarist kimi fəaliyyət göstərdi. Rejissorluq onun öz seçimi olmuşdu. Elə orta məktəbi bitirən kimi Sankt-Peterburqdakı Kino Mühəndisləri İnstitutuna daxil oldu. 1939-cu ildə isə Moskvaya getdi. Orada VQİK-də (Ümumittifaq Kinematoqrafiya İnstitutu - S. Ə.) kinorejissorluq fakültəsində oxumağa başladı. Atam Sergey Eyzenşteynin və Qriqori Kozintsevin tələbəsi olub. Kozintsevin atama yazdığı məktublar indiyə qədər məndə durur. O, bizdə qonaq da olub. Atam Moskvada institutu bitirib Bakıya qayıdandan sonra burada onu təxminən dörd, beş il kinoya yaxın buraxmadılar. Halbuki ovaxtkı rejissorların heç biri onun qədər savadlı və təcrübəli deyildi.

- Səbəb nə idi?

- Mən bu haqda və yaxud da kiminsə barəsində pis danışmaq istəmirəm. Qısqanclıq da ola bilərdi, paxıllıq da. Göydə allah var, o, hər şeyi görür.

- Elə yazıçı kimi fəaliyyəti də həmin kənarlaşma dövrünə təsadüf edir.

- Həmin illərdə atam “Telefonçu qız”, “Uzaq sahillərdə”, “Cəbhədən cəbhəyə” kimi nəsr əsərləri yazdı. “Telefonçu qız” və “Uzaq sahillərdə” ekranlaşdırıldı. “Cəbhədən cəbhəyə” əsəri də qismən “O, qızı tapın” filminin ssenarisində istifadə olunub. Atam demək olar ki, bütün filmlərinin ssenarisini ya özü tək yazırdı, ya da kiminləsə birlikdə. “Bizim Cəbiş müəllim” filmi onun ssenarisini yazmadığı yeganə filmidir. Amma həmin filmdəki dialoqların çoxu improvizasiya idi. Ona görə ki, orada gözəl aktyor heyəti vardı. Atam da filmdə iştirak edən aktyorları heç vaxt sıxmırdı. Onlara sərbəstlik verirdi.

- Atanızın iki filmində çəkilsəniz də, sonralar davamı olmadı...

- “O qızı tapın” filminə çəkilmişəm. Bunun da əsas səbəbi bu idi ki, Həsən müəllim rola uyğun aktyor tapmamışdı. Ona görə də məni çəkmişdi. Sonra məni, bacımı və qardaşımı “Bizim Cəbiş müəllim” filminə çəkdi. Amma bunu sırf bizdən yadigar qalsın deyə çəkdi. Biz bilirdik ki, heç birimiz kino sahəsinin adamı deyilik. Heç birimizin də belə fikri olmayıb.

- Həsən Seyidbəyli necə ailə başçısı, necə ata idi?

- O, əsl ata idi. Onun üçün həmişə birinci ailəsi, uşaqları gəlirdi, sonra sənəti. Yaxşı musiqilər dinləməyi, bilyard oynamağı, ova getməyi xoşlayırdı. “Bitlz” qrupunu, onların ifa etdiyi musiqiləri çox sevirdi.

- Üzməyi, dənizi də çox sevib.

- Elədir. O, üzməyi çox yaxşı bacarırdı. Hətta mən bildiyimə görə atam gənc olanda Nardaranda dənizdə iki qızı batmaqdan xilas edib.

- Atanız ailədə nə qədər mühafizəkar idi?

- Hər bir valideyn övladına nə qədər sərbəstlik versə də, qəlbən həmişə onun üçün narahat olur. Bacıma qarşı mühafizəkarlığı vardı. Çünki sovet dövrü qaydalar, ənənələr bir az başqa cür idi. Mənə və qardaşıma müəyyən sərbəstliklər vermişdi. Bəzən bizimlə açıq söhbətlər edirdi, bəzi məsələləri başa salırdı. On altı yaşım olanda o, mənə avtomobil bağışlamışdı. Çox vaxt ailədə oğlan uşaqları atasından qorxur, çəkinir. Amma bizdə belə deyildi. Mənim nə sualım olsa verirdim, o, da həmişə özünə, yaşına uyğun şəkildə cavablandırırdı. Atam yumoru sevən kişi idi. Evimiz də həmişə qonaq-qaralı olardı.

- Evinizə gəlib-gedən, dostluq etdiyi insanlar kimlər idi?

- İmran Qasımovla dostluq edirdilər, həm də birgə yazırdılar. Amma sonra bir-birlərindən uzaqlaşdılar. Gənclik illərində Maqsud və Rüstəm İbrahimbəyov qardaşları ilə yaxın idi. Atam vaxtilə onların Kinematoqrafiya İttifaqına qəbul olunmaları üçün köməklik etmişdi. Onlar da sağ olsunlar itirmirlər. İsa Hüseynovla bir yerdə işləyirdilər. Yazıçı Çingiz Hüseynovla da dost idilər. Onda o, Moskvada yaşayırdı, Bakıya qonaq gələndə bizə mütləq baş çəkirdi. Rəssamlardan isə Məmməd Hüseynov, Elbəy Rzaquliyev, süd qardaşı Mikayıl Abdullayevlə dostluq edirdi.

- Deyilənlərə görə, İsa Hüseynovla “Nəsimi” filminin çəkilişi zamanı xeyli mübahisələri də olub...

- İsa Hüseynov yazıçı kimi Nəsimini çox dərindən öyrənirdi. Atam da film çəkilən zaman istər-istəməz öyrənməli oldu. Onlar hər ikisi öz sözlərini deyirdilər. İsa müəllim çəkilişlərə də gəlirdi. Bəzən nəyisə bəyənmirdi, inciyib, küsüb gedirdi. Amma sonra ortaq dil tapırdılar. Onlar hələ “Nəsimi” filmindən əvvəl dost olublar. Amma mən sizə deyim ki, İsa müəllim bir az çətin adam idi.

- Atanızı həm də çəkiliş meydançasında izləmək şansınız olub. Həsən müəllimin iş prinsipləri, aktyorlarla davranışı necə idi?

- Doğrusu o vaxtlar mən məktəbli idim. Siz deyən qədər də onu izləmək imkanım olmayıb. Həm də aradan əlli ilə yaxın vaxt keçib. Amma onu deyə bilərəm ki, o, filmlərin çəkilişinə başlamazdan əvvəl bir, iki ay aktyorlarla, yaradıcı heyətlə məşq edərdi. “Nəsimi” filminə görə isə yarım ildən çox məşq etdi. Filmin çəkilişləri başlananda kamera qarşısına keçən aktyorlar artıq hazır vəziyyətdə idilər. Rasim Balayev o zaman çox gənc olsa da atam Nəsimi rolunu ona etibar etmiş, bu obrazı onda görmüşdü. Buna görə də atam çox maneələrlə rastlaşmışdı. Amma onun öz prinsipləri vardı. Hətta atamın həyatında elə məqamlar olub ki, o, çox yüksək mənsəbli adamlarla, məmurlarla sənət baxımından böyük mübahisələr edib. O dövrdə Mərkəzi Komitə yaradıcı insanları ideoloji baxımdan çox sıxırdı.

- Rasim Balayevin “Nəsimi” filminə çəkilməsi üçün olan maneələr konkret təcrübəsizlik baxımından idi?

- Atam bu rolu, lazımi istedadı Rasim Balayevdə görmüşdü. Sadəcə onunla işləyib həmin istedadı üzə çıxarmaq lazım idi. Atamın çoxlu, yaxşı filmləri var. Amma mənə belə gəlir ki, “Nəsimi” filmi onun şah əsəri idi.

- Həsən müəllim çox gənc yaşda şəkər xəstəliyinə tutulub. Hətta xəstəliyinə qarşı ironik yanaşması olub. Şəkər xəstəliyini Şəkər xanım adlandırırmış.

- Yaradıcı və istedadlı adamlar çox həssas olurlar. Və onlara qəsdən deyəndə ki, sən bu filmi niyə belə çəkmisən, çəkməməliydin, həmin adamlar bunu ürəklərinə salırlar. Əsəbiləşirlər, fikir edirlər. Şəkər xəstəliyi də belə əsəbiləşmələrin nəticəsində yaranır.

- Həsən müəllimi qəsdən əsəbiləşdirirdilər?

- Əlbəttə. Onu istəməyənlər bilirsiniz nə qədər idilər?

- Nə ilə bağlı idi?

- O, insanlara yaxşılıqdan başqa heç nə etməzdi. Kinematoqrafiya ittifaqının sədri olanda orda işləyən insanların maşın, ev almasına köməklik etmişdi. İndi onların adlarını çəkmək istəmirəm. O vaxtın ən gənc rejissorlarını VQİK-ə qəbul olunmasında xeyli yardım etmişdi. VQİK-in ovaxtkı dekanları, müəllimləri hamısı atamla vaxtilə bir oxumuşdular. Onu tanıyırdılar. Atamın ölümündən əlli ilə yaxın vaxt keçir. Amma bu günə qədər heç vaxt eşitməmişəm ki, kimsə onun haqqında pis fikir söyləsin.

- Həbsdən çıxan bir insana da köməklik etdiyi deyilir..

- Tahir adlı yaşlı kişi idi. Həbsdən təzə çıxmışdı. Ayağında nəsə problem vardı, axsayırdı. O, yolu keçəndə atam az qalmışdı ki, maşınla onu vursun. Sonra o, atamla söhbət edəndə, dedi ki, həbsdən təzə çıxıb. Atam onu yanacaq doldurma məntəqəsində yaxşı işə düzəltmişdi.

- Ziya müəllim, Həsən Seyidbəylidən “Babək” filminin alınması fikrinə münasibətiniz maraqlıdır. Bu fikir həqiqətə nə qədər yaxındır?

- Atam 60 illik yubileyi üçün “Nizami” filmini çəkmək istəyirdi. Sonra səhhəti pisləşdi. Məktub yazıb filmi çəkə bilməyəcəyini bildirmişdi. Ola bilsin belə söhbətlər olub, amma mən bilməmişəm. “Babək” haqqında söhbətlər getməyib. O filmi Eldar Quliyev çəkdi.

- Eldar müəllim özü müsahibələrinin birində filmin Həsən müəllimdən alınıb ona verilməsindən sonra atasının filmin bəstəkarlığından imtina etməsini qeyd etmişdi.

- Tofiq Quliyev lap cavanlıqdan atamla yaxın dost olublar. “Bizim Cəbiş müəllim” filmindən başqa onun bütün filmlərinin musiqisini Tofiq müəllim yazmışdı. Eldar da atam üçün həmişə Tofiqin oğlu olub. Sonralar böyüdü, rejissor oldu, filmlər çəkdi. Amma “Babək” filmi barədə hansısa söhbət mənim yadımda deyil. O filmdən niyə danışırlar, onu da bilmirəm. “Babək” filmi o vaxtı perspektiv idi, “Nizami” isə çəkilməli idi.

- Hətta “Babək” filmini atanızın ölümünü tezləşdirən səbəblərdən biri kimi də vurğulayırlar...

- Qətiyyən. Atam diabet xəstəsi idi. Xəstəlik onu daxilən yeyirdi. Axırıncı iki, üç ili onu anam iynələrlə saxladı. Anam yaxşı həkim idi. Atamın ömrünü belə deyim də anam uzadırdı. Onun sənət eşqi çox güclü idi, hətta xəstəliyi belə buna mane ola bilmirdi. O gecələr səhərə qədər işləyirdi. Amma atamın ölümünü tezləşdirən siz deyən kimi “Nəsimi” filmi yox, açıqlanmasını istəmədiyim başqa səbəblər oldu.

- Həsən müəllim ona qarşı tətbiq olunan senzuralara nə dərəcədə riayət edirdi?

- Kommunist partiyasının üzvü idi. Ona qarşı qoyulan senzuralara uyğun yollar tapırdı. Bilirsiniz, ovaxtkı sistemə qarşı açıq-aşkar getmək olmazdı. Buna görə o zamanlar nə qədər adamları sürgün etmişdilər, ölkədən qaçaq salmışdılar. Atam Rüstəm İbrahimbəyovla birgə “Bir cənub şəhərində” filmini çəkmək istəyirdi. Amma çəkmədi, çünki bilirdi ki, o vaxtı bu filmi ekranlarla buraxmayacaqlar.

- Həsən müəllimin filmlərində maraqlı aktyor heyəti olurdu. Özünün ən çox sevdiyi aktyorlar kimlər idi?

- Nəsibə Zeynalovanı çox bəyənirdi. İmkan düşən kimi Nəsibə xanımı filmlərinə çəkirdi. Şəfiqə Məmmədovanı, Xalidə Quliyevanı, Safura İbrahimovanı da çox istəyirdi. Bircə Amaliya Pənahovanı filmlərinə çəkməmişdi. Ondan aktrisa kimi xoşu gəlmirdi. Spesifik aktrisa hesab edirdi. Atamın filmlərindəki rolların heç birinə Amaliya xanım aktrisa kimi uyğun gəlməyib. Amma münasibətləri yaxşı idi. Muxtar Maniyevlə çox yaxın dost idilər, filmlərinə də çəkirdi. Bir də Fazil Salayevi çox bəyənirdi.

- Mircəfər Bağırov Seyidbəyli soyadına görə atanızı Mərkəzi Komitəyə çağırıb…

- Atam seyid nəslindən idi. O da ata-babaları kimi, Allaha inanan adam idi. Görünür, sovet hakimiyyətinin məsul şəxsləri bunu yaddan çıxarmamışdılar. Bir gün onu Mərkəzi Komitəyə çağırdılar. O vaxtı Azərbaycanda Seyidbəyli soyadı bir bizdə, bir də əslən qarabağlı olan nəsildə vardı. Onlar Sibirə sürgün olunmuşdular. Amma biz onları tanıyırdıq, bizim küçədə yaşayırdılar. Mircəfər Bağırov da atamı çağırıb həmin nəsildən olub-olmaması ilə maraqlanmışdı. Biləndə ki, atam bakılıdı, ondan sonra onu sərbəst buraxmışdılar. Sonralar da heç vaxt atam soyadıyla bağlı heç vaxt narahat olunmadı.

- Həsən müəllimin usta-şəyird münasibətində olduğu insanlar olub. Kimlər ondan öyrənmişdilər?

- İncəsənət universitetində dərs deyib. O, rəhmətə gedəndən sonra adına stependiya da təsis edilmişdi. Şeyx Əbdül atamla üç, dörd filmdə işləyib, Gülbəniz Əzimzadə, Adil Ələkbərov, Rasim Ocaqov, Rasim İsmayılov atamdan öyrəniblər. Rasim Ocaqov VQİK-də operatorluğu bitirmişdi. Atamla iki, üç filmdə işləyəndən sonra Rasim yavaş-yavaş rejissor oldu, yaxşı filmlər də çəkdi.

- Ziya müəllim, atanızla bağlı heç unutmadığınız xatirə, əhvalat hansıdır?

- Bilirsiniz, o qədər xatirələr var ki... İndi sizin sualınızdan sonra onun mənim qollarımın üstündə rəhmətə getməsini xatırladım. Otuz saniyənin içərisində dünyasını dəyişdi. Günorta vaxtı idi, mən də həyətdə maşını yuyurdum. Atam gəldi, naharını etdi. Bir az keçmişdi ki, evdən qışqırıq səsi gəldi. Evə qalxanda, gördüm anam atama iynə vurur. Atama yaxınlaşıb onu qucaqladım. Bir-iki dəfə qışqırdı, sonra dünyasını dəyişdi. İkinci dəfə infarkt olmuşdu. Heç kimə əziyyət vermədən, yatağa düşmədən getdi.

O, çox maraqlı insan idi. Lətifə danışmağı, gülməyi çox sevirdi. Hərdənbir adamlarla səviyyəli əylənməyi olurdu. Amma heç kimi təhqir etmədən. Mən gənclikdə dəblə ayaqlaşmağı çox sevirdim. Bakenbard saxlamağı da çox xoşlayırdım. Atamın isə bakenbarddan heç xoşu gəlmirdi. On altı yaşım var idi. Bir gün evdən çıxmağa hazırlaşanda soruşdu ki, hara gedirsən? Dedim, gəzməyə gedirəm. Dedi, bəs niyə pul istəmirsən? Dedim, elə indi istəyəcəkdim. Atam da dedi ki, gəl, bakenbardlarını mənə sat. Mən əvvəl razılaşmadım. Dedi, sat da, neçəyə desən alacam. Dedim ki, yaxşı, əlli manata satıram. Razılaşdı. Bakenbardın birini təraş edəndən sonra atam mənə iyirmi beş manat verdi. Mən təəccüblənəndə isə dedi ki, o biri bakenbardı saxlaya bilərsən. Yəni belə duzlu, məzəli adam idi.

- Yuxunuza girir?

- Çox nadir hallarda atamı və onunla yaşadığımız evimizi yuxuda görürəm. Həmin evi sonralar rəhmətlik qardaşım satdı. Hərdən nə isə düz iş görməyəndə, atam yuxuma girir. Heç nə demir. Amma başa düşürəm ki, yəqin nəsə düz eləməmişəm ona görə yuxuma gəlib, nigarandı.

- Ziya bəy, insan nə zaman öz xoşbəxtliyini itirir?

- İnsan varlı da olsa, kasıb da olsa hər yerdə xoşbəxt ola bilər. Amma insan yaxın adamını itirəndə, onun xoşbəxtliyi azalır. Xüsusi ilə də övlad itkisi, valideynin çiynində məzara getmək ağır dərddi. Nə vaxtsa mənim də vaxtım çatanda övladlarımın, nəvələrimin çiynində gedəcəm. Amma Allah insanı övlad acısından qorusun. Övlad acısı xoşbəxtliyin itməsi yox, faciə, ötüb keçməyən ağrıdır. Ata, ana ölümü labüddür. Ayın 25-də mənim atamın ölüm günüdür. Mən də onun məzarına gedəcəm. Quran oxutdurub, gül qoyacam. Bu belə də olmalıdır. həyatın qanunauyğunluğudur.

P.S. Müsahibənin baş tutmasına görə Dövlət Film Fondunun Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımova təşəkkür edirik.

# 42351 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #