Tanınmış aktyor: "Miri Yusifdən də dəhşətli “bozbaş”lar var" - Müsahibə

Tanınmış aktyor: "Miri Yusifdən də dəhşətli “bozbaş”lar var" - Müsahibə
19 fevral 2020
# 15:08

Kulis.az-ın “Ulduzlu çərşənbə”sinin qonağı aktyor Kamran Yunisdir.

- Aktyor işi birbaşa olaraq ədəbiyyatla əlaqəli olduğu üçün söhbətimizə ədəbiyyatla başlamaq istəyirəm. Hansı əsərləri oxumusunuz?

- Çox əsərləri oxumuşam. Amma axırıncı dəfə oxuduğum kitab Kafkanın əsəri olub. Kafka mənim üçün bir sirr qapısıdır. Onu hər dəfə oxuyanda bir şey kəşf edirəm. Amma ümumilikdə ədəbiyyatda poeziyanı daha çox sevirəm. Mənim üçün gözəl şeir sənətçiyə Allahın ətəyinə toxunma imkanı verir. Gənclik illərimdə Alim Qasımova qibtə edirdim. Fikirləşirdim ki, necə olur, Vaqif Mustafazadə musiqisi ilə, Səttar Bəhlulzadə rənglərlə, Fikrət Əmirov yeddi notdan yaratdığı musiqilərlə Allah qatına çata bilir, bəs mən niyə Vaqif, Səttar, Füzuli qədər yaradıcılığımla əlimi uzadıb Allahın ətəyinə toxuna bilməyim. Aktyor bunu edə bilmirsə o sənətçi deyil, artistdir.

Gallery

- Şeir səsləndirirsiniz. Amma seçiminiz, ya Ramiz Rövşən olur, ya Elçin Mirzəbəyli. Yeni şairləri bəyənmirsiniz?

- İndi hamı yazır, maşallah. 20 il bundan əvvəl deyirdilər ki, ərindən boşanan müğənni olur. İndi də axşam arvadı qabağına çay qoymayan kişi şair olur. Yazır ki, yalandır məhəbbət, yalandır dünya. Ay qardaş yaz ki, arvadım mənə çay vermir. Bekar qalan ya şeir yazır, ya artistlik edir, ya da müğənni olur. Yəqin sizin rastınıza həmişə bu iki şairdən səsləndirdiyim şeirlər çıxır. Mən Esmira Məhiqızından da çox şeirlər səsləndirirəm. Şamil Ənvəroğlunu çox sevirəm. Yeni nəsil şairlərdən Aqşin Evrəni, Şəhriyar Del Geranini, Cəlil Cavanşiri, Aysel Əlizadəni çox bəyənirəm.

- Bu sadaladığınız şairlərin poeziyasında sizi ən çox nə cəlb edir?

- Esmira Məhiqızının vətən sevgisi məni çox təsirləndirir. Öz torpağını, kəndini, vətənini hər daşını-kəsəyini Esmira Məhiqızı qədər, Azərbaycan qadınını Şamil Ənvəroğlu qədər sevmək mümkündürmü? Bir insan öz dünyasını Aqşin Evrən qədər sevə bilərmi? Elçin Mirzəbəylinin sevgisi tamamilə fərqlidir. Onun şeirlərində qəribə bir ab-hava var. Ölümü Vaqif Səmədoğlu qədər yaşamla harmoniyalaşdırmaq mümkündürmü? Amma sizə deyim ki, qələmi tanınmayan gənc şairlər də var ki, onların da şeirlərini səsləndirirəm hərdən. Xəlil Rza Ulutürkə deyirdilər ki, sən niyə filankəsi tərifləyirsən? Axı o adam bu tərifə layiq deyil. Deyirdi, mən o adamda ocağın qığılcımını gördüm və başladım üfürməyə. Mən o gənclərdə qığılcım görəndə üfürməyə başlayıram.

- Özünüz də şeir yazırsınız deyəsən?

- Cızma-qara edirəm hərdən. Yazdıqlarıma şeir deyə bilmərəm. Azərbaycanda bir çox şairlərin yazdığı şeirlərin gündə otuzunu yazaram. Nə var elə şeir yazmağa. Hər adam Vaqif Səmədoğlu, Ramiz Rövşən, Aqşin Evrən, Kamal Abdulla olmur. Mən Şəhriyar Del Gerani ilə danışmıram. Amma onun istedadına göz yuma bilmərəm. Bu adam müasir dövrün şairidir. O nə yazdığını bilir. Şair Kamal Abdulladır. Az yazır, çox yazır fərq etmir. Əsas odur yazdığı şeirin ruhu var. Şeirin ruhu yoxdursa söz yığınından başqa bir şey deyil.

- Dayınız Xəlil Rza Ulutürkdən bəhs etdiniz. Sizin üçün Xəlil Rza Ulutürk dayıdan, şairdən başqa kim idi?

- Elə şəxsiyyətlər var özlərindən asılı olmayaraq onlar həyat tərzləri ilə tarixə həkk olunurlar. Bu baxımdan Xəlil Rza Ulutürk özünü tarixə elə mükəmməl şəkildə həkk edib ki, mənə elə gəlir, onun haqqında nə danışsam, yetərsiz olacaq. Amma mən ondan həmişə dayım kimi danışmaq istəmişəm. Onun bu dünyada yerinə yetirməsini vacib hesab etdiyi bir vəzifəsi var idi. Xəlil Rza o vəzifəni layiqi ilə yerinə yetirdi. Mən həyatımda onun qədər güclü, əzmli, ideyaları uğrunda özünü məhv edən ikinci bir adam tanımadım. İndi belə məlum olur ki, sən demə Sovet dövründə hamı demokrat olub. Sən demə elə Süleyman Rüstəm, Mirzə İbrahimov da Soveti baltalayıb. Onlar Soveti necə baltalaya bilərdilər ki, Mikayıl Müşviqə, Hüseyn Cavidə, Əhməd Cavada hansısa bir məqamda badalaq gəlib həbsinə imza atıblar. Onları indi necə azadlıq carçısı adlandırmaq olar? Amma Xəlil Rza əsl azadlıq carçısı idi. O, son nəfəsinə kimi Azərbaycan azadlığı uğrunda döyüşən fövqəlinsan idi. Azərbaycan ədəbiyyatının XX əsrinə də nəzər yetirmişəm, 21-ci əsrdən də artıq 20 il keçib. Mən hələ onun kimi vətən aşiqi görməmişəm. Şeiriyyatda vətəni sevmək mümkündür. Yazmaq olar “vətənimin gülünə çiçəyinə qurbanam… Mən sənin uğrunda ölərəm.” Amma ölüm məqamı gəlib çatanda sən hardasa gizlənirsənsə, poeziya ilə şəxsiyyətin balansı pozulursa bu artıq sevgi deyil. Bu dünyada ən şirin nemət övladdır. Vətən uğrunda övladından bu qədər rahatlıqla keçmək hər adamın işi deyil. Kim keçdi? Xəlil Rza kimi insanlar XX əsrdə on, on beş nəfər oldu. Həbsxanalara düşən Xəlil Rza oldu, övladını qurban verən Xəlil Rza oldu, universitetlərdən qovulan Xəlil Rza oldu. İllərlə işsiz qalan yenə Xəlil Rza oldu. Bu faktlardan sonra Xəlil Rzanı gözdən salmaq üçün nə deyilsə də əhəmiyyətsiz görünəcək.

Gallery

- Kəramət Böyükçöl ilə bir neçə il əvvəl qalmaqal yaşamışdınız bu səbəbdən.

- İnsan burunun ucuna baxanda gözləri çəp olur, hər şeyi çəp görür. Kəramət də deyəsən həmin ərəfədə burnunun ucuna baxıb Xəlil Rzanı çəp görüb. Amma biz o məsələni yoluna qoyduq. APA TV-də atası, da özü, də hamının qarşısında üzr istədi Xəlil Rza ailəsindən. O adam istedadsız adam deyil. Amma nədənsə yazıları ilə gündəmdə qala bilmir. Ustadım Vaqif İbrahimoğlunun bir sözü var idi deyirdi, elə insanlar, elə şeylər var onları analiz etməzlər. Kəraməti analiz etmək mənim vəzifəm deyil. Bu insan söyülərək gündəmə gəlməyi sevir.

- Tez-tez sosial şəbəkələrdə verilişləri tənqid edirsiniz. Nədir sizi ən çox narahat edən məqam?

- Televiziyamız bərbad vəziyyətdədir. Savadsız insanlar efirdə meydan sulayır. Bayağı mövzular məni iyrəndirir artıq. Düzdü aparıcılar and-aman edir ki, biz səviyyəli veriliş də hazırlasaq heç kim baxmır.

- Həqiqətən də baxmırlar.

- Çünki 27 ildir kanallar, aparıcılarla əlbir olub camaatı bayağılığa öyrəşdirib. Körpə ana bətninə düşəndə həkimlər deyir, gözəl musiqilər dinlə, gözəl verilişlərə bax ki, övladın gözəl tərbiyə olunsun. Bu gün bətnində körpə daşıyan ana oturub bayağı verilişlərə baxırsa, o uşağın musiqi, sənət zövqü necə mükəmməl ola bilər? Ləhcə ilə, məzmunsuz yumorları ilə kanal-kanal gəzən artistlərə öyrəşən tamaşaçı əsl yumorun nə olduğunu artıq unudub.

- Və bu gün fəxri ad alanlar da elə həmin aktyorlar, sənətçilərdir.

- Onlar sənətçi deyil. Sənətçi böyük sözdür. Mən fəxri adı qəbul etmirəm. Sovetdən qalma fərqləndirmədən başqa bir şey deyil. Azərbaycan kino sənətində ən böyük gülüş ustalarından biri olan Fazil Salayevin heç bir fəxri adı yox idi. Topal Teymur obrazı ilə kino tarixinə düşən Yusif Vəliyevə - aktyorluğunu qoyuram bir qırağa, təkcə səs tembri ilə Xalq artisti adına layiq olan bir sənətkara o fəxri ad verilməmişdisə, mən o adı neyləyirəm?

Çox yaxından tanıdığım bir aktyor var. O, aktyor 30 ildir teatr səhnəsinə çıxır hələ də ləhcəsini dəyişməyib. Yerişi, duruşu zay. Bu adam iki ildir fəxri ad uğrunda bədii rəhbər üçün maşının qapısını açıb-bağlamaqdan qolu qırılıb. Sabah o adam Xalq artisti olsa, mən artıq təəccüb etməyəcəm.

- Yəni düşünürsünüz ki, fəxri adlar artıq ləğv olunmalıdır?

- Çoxdan olunmalı idi. Hətta bildiyim qədəri ilə bir dəfə bu baş vermişdi. Sonra təzədən qaytardılar. Hindistanda İranda, Türkiyədə olmuşam, hər yerdə bizim bu fəxri ad məsələsinə gülürlər.

Gallery

- Hətta bu yaxınlarda Azərbaycanda gəlib konsert verən Cem Yılmaz da bizim bu fəxri ad məsələsi ilə zarafatlaşadı. Dedi, bir az da Azərbaycanda qalsam, Miri Yusif kimi Xalq artisti olacam.

- Miri Yusif hələ ən şükürlüsüdür. Özünə görə reperdir. Miri Yusifi deyirik, amma ondan da dəhşətli “bozbaş”lar var. İllərlə oturub düşünürəm ki, niyə və nəyinə görə veriblər bu adı sənə? Rəhmətlik Habil Əliyev demiş, yaxşı, verirdilər, bəs sən niyə götürürdün? Həsənağa Turabov, Həsən Məmmədov, da Xalq artistidi, Murad Dadaşov da? Heç olmasa o sənətkarların ruhundan utanmırmı?

- Amma Murad Dadaşov pis şoumen deyil.

- Aktyor deyil. Ola bilər yaxşı insandır, yaxşı şoumendir. Amma Xalq artisti deyil axı, başınıza dönüm. Murad Dadaşov bu günə qədər hansı obrazı yaradıb? Müslüm Maqomayeva verilib ey bu ad. Heç nə etməyə-etməyə adama necə Xalq artisti adı vemək olar?

- Filmlərə az-az çəkilirsiniz. Azərbaycan kinosunun bu günkü vəziyyəti sizi nə dərəcədə qane edir?

- Qəti şəkildə qane etmir. Azərbaycanda kino olmayacaq. Çünki əsaslı kinonun yaranması üçün zəmin yoxdur. Bu saat ən çox mükafat qazanan yerli film “Çölçü” filmidir. Mən şəxsən o filmi bəyənmirəm. O kino deyil.

- Dövlət hər il vəsait ayrırır. Bu şərait altında, düşünürəm ki, keyfiyyətli iş qoymaq olar ortaya.

- Kinoya pulu dövlət yox sərmayəçilər ayırmalıdır. Onlar da öz düşüncə zövq və səviyyəsində olan məhsullara pul ayırır bu aspektdən böyük kino haqqında düşünməyə artıq dəymir. Yəni sərmayəçi hır-zıra maraqlıdır. Hır-zır ilə Nizami, Xətai haqqında film çəkilə bilməz. Yaxşı film üçün 2-3 milyon pul azdır. Dünyada kinoya 30-50 milyondan çox pul ayrılır. Azərbaycanda hansı axmaq kinoya o qədər pul qoyar? Axı əmindirlər, bu pulu çıxara bilməyəcəklər. Çünki Azərbaycanda kinoteatrlar dağıdılıb. Rayonlarda, kəndlərdə mövcud olan kinoteatrları ləğv edib tövlə, anbar etdilər. Bakıda da çoxunu “mall”, marekt, şadlıq evi etdilər. Sərmayəçi kinoya qoyduğu pulu o halda çıxara bilər ki, Bakının hər yerində kinoteatr olsun.

Gallery

- Mən düşünmürəm ki, bu kinoteatrların azlığı ilə əlaqəli bir şeydir. Çünki bu gün Elməddin, Fərda, Müşviq kommersiya filmləri çəkirlər təqdimatdan sonra kinoteatrlar ağzına qədər dolu olur. Bilet tapmaq olmur.

- Mən o uşaqların əziyyətlərini yerə vurmaq istəmirəm. Əziyyət çəkir onlar da.

- Siz deyirsiniz kinoteatrlar azdır deyə kino inkişaf etmir o baxımdan çəkdim bu məsəli. Gəlin, etiraf edək ki, kütlənin zövqü artıq kommersiya filmləri ilə pozulub.

- Mən təəssüf hissi ilə qeyd edirəm ki, bu təkcə kinoda deyil, hər sahədə belədir. Ramiz Rövşənin bir şeirini səsləndirirəm, “youtube”da baxış sayı bir ilə güclə on min olur. Amma o uşaqlar barmaqlarını burunlarına salıb paylaşırlar bir gündə iki-üç yüz min baxış olur. Amma yenə də onları qınamıram. Ona baxanları qınayıram. Niyə baxırsan? Baxırsansa niyə söyürsən?

- Siz də baxırsınız onlara?

- Hərdən millətimizin səviyyəsini bilmək üçün baxıram. Amma birinci girib altında yazılan şərhləri oxuyuram. Nə qədər söyüş söyürlər.

- Yenə onlar kişi obrazında çıxış edirlər. Rafael, Coşqun 20 ildir səhnədə qadın obrazındadır.

- Rafeli, də Coşqunu, da universitet illərindən tanıyıram. İstedadlı adamlardır. Amma yaşadığımız həyat, reallıq bizim əlimizdən Rafael, Coşqun kimi çox dəyərli sənətkarları alıb, şou-biznesin ağuşuna atdı. Azər Axşamın istedadının nə qədər olduğunu mən bilirəm. Amma efirdə gördüyüm Azər Axşam mənim tanıdığım Azərin bir zərrəsidir. O daha böyük istedad sahibidir. Pantomima Teatrında Bəxtiyar Xanızadə onun potensialını necə gözəl ortaya çıxarırdı. Amma o adam yaşamaq istədi. Hamı Kamran Yunis kimi gic deyil ki!

Gallery

- Niyə Vaqif İbrahimoğlu dünyasını dəyişəndən sonra teatrdan getdiniz? Sizi ordan getməyə nə vadar etdi. Ya da kimlər?

- Getmək səbəbim getmək istəyimlə bağlı idi. Əslində mən bilirdim ki, ordan çıxarılacam. Vaqif İbrahimoğlu dünyasını dəyişdi, mən sentyabrda işdən çıxarıldım. Amma bu barədə heç nə danışmayacam. Sirrim olaraq qalsın.

- Sirlər nə vaxtsa açılmalıdır.

- Bəlkə nə vaxtsa açılacaq. Amma indi o vaxt deyil.

- Teatr səhnəsi üçün darıxdığınızı hiss etdim. Yenidən o səhnəyə qayıtmaq istəyiniz, planınız varmı?

- İldə bir dəfə yaxşı bir tamaşada oynamaq istəyərəm. Mehriban Ələkbərzadə məni ötən il dəvət etdi. Danışdıq. Anlaşdıq da. İndi xəbər gözləyirəm. Gümrah Ömərovun vaxtında da danışmışdıq. Mənə dəyər verdiklərini hiss etdim. Amma mən də öz şərtimi qoydum. Böyük sənətçi deyiləm, amma dəyərimi bilən adamam. Onlara dedim ki, zay-zay tamaşalarda oynamayacam.

# 20926 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
# # #