Burda baş verənləri heç yerdə görə bilməzsiniz: Bakının ən qeyri-adi kafesi

Burda baş verənləri heç yerdə görə bilməzsiniz: Bakının ən qeyri-adi kafesi
7 sentyabr 2021
# 16:30

Kulis.az Ayxan Ayvazın yazarların daha çox toplaşdığı məşhur “Delikates” kafesi haqqında yazısını təqdim edir.

Bizim bir Şirzadımız vardı. Yazarların dostunu deyirəm. Əvvəl onun kafesi öldü, sonra özü. Biz o kafedən gəlmişdik ədəbiyyata, Şirzadın səxavəti ilə həvəsə düşmüşdük.

İndi o kafenin yerini hələlik “Delikates” tutur. Şirzadın əvəzində isə Ədalət əmi var. Mən demək olar, hər gün o kafeyə gedirdim. Ədəbi mühitin az-maz siması o kafedə görünürdü.

Ədalət əmi də səxavətlidir. Nisyə dəftərinə yazanda zarafatla deyirdi:

- Çalış, heç kimə borclu qalmayasan.

Neçə vaxtdır ora borcum vardı, yazar dostumla gedib çay içirdik. Ədalət əmi yaxınlaşıb qulağıma pıçıldadı:

- Arada əlinə düşən üç manatdan, beş manatdan gətir ver, yavaş-yavaş borcu qaytarım.

Bunu elə sevgiylə dedi ki... Doğma adam kimi... Hə, Ədalət əmi doğma adamdı. “Delikates” də elədi.

Həm ucuzdu, həm səliqəli. Ev kimi. Təsəvvürünüzdə canlandırmağa çalışın. Bakıda belə bir kafe var, gəlirsiniz ora, içəri girib bir masanın kənarına keçirsiniz. Masalarda yer olmayanda ayaqda qalan müştəriləri dolu masalarda otuzdururlar. Və çox qəribədir ki, nə oturanlar, nə də ayaqda qalanlar buna etiraz edir. Hamı gülümsünür və razılıqla sifarişini verir.

“Delikates”in məşhur yeməyi toyuq kababıdır. Özü də elə qəşəng bişirirlər ki, bax indi yazdım, ürəyim çəkdi. Biz hərdən dostlarla o toyuq kababının istisinə yığışırdıq. Araq da olurdu təbii. Bir az keçirdi, dəmlənirdik, şeir oxuyurduq, deyib-gülürdük, bir-birimizə yazılarımızı tərifləyirdik. Bu dəm Ədalət əmi gəlib deyirdi:

- Ayxan, çox içmisiniz, bunu götürürəm. – arağın qalanının götürüb gedirdi.

Mən ölüm, siz heç belə doğmalıq görmüsünüz?

Hansı kafedə belə bir münasibət olar?

Yaxud bir dəfə fotoqraf dostum Şahin Yüksəllə oturmuşduq. Adətən bizdə belə olur: beşdən-üçdən tapanda düz-qoş edib yngülvari “vurmaq” istəyirik. Şahin dedi, səndə nə var, mən dedim səndə nə var? Ədalət əmini çağırdıq. Sifariş verdik.

- Yeddi yüz də araq...

Şahin bunu deyəndə Ədalət əmi etiraz etdi.

- Gəlin, belə eləyək. Siz yeddi yüzü içməyin, mən sizə yarım gətirim. Bəsinizdir.

Bu, həm cibə uyğun idi, həm də sağlığımıza. Bakıda ayrı kafe olsa, nəyinə lazımdı müştərinin nə qədər içməyi? Özü də Ədalət əmi tək bizə qarşı belə deyil ha, birdən elə bilərsiniz, ancaq gəlib bizə deyir bunu. Yox! Yanılırsınız! Kafedəki bütün müştərilər Ədalət əminin atalığına qonaq olur.

Ədalət əmidən başqa, kafenin ofisiantları da doğmadırlar. “Paxmel” günlərin birində dedim, bir pivə süzün.

- Qaqa, süzülmə pivə yoxdu, butulka var.

Başım partlayırdı deyə etiraz etmədim:

- Gətir!

Ofisiant nə desə yaxşıdır:

- Qaqa, bax burda sənə baha çıxacaq. Market böyrümüzdədir, get al, gəl, burda iç.

Heyrət etdiniz deyilmi? Bu, hər hansısa bir əsərdən götürülməyib. Olan şeydir və “Delikates”də hər gün bu cür inanılmaz olaylar baş verir.

Ədalət əmi müştərini baxan kimi tanıyır. Dəfələrlə müşahidə eləmişəm, dava çıxacağını hiss edib və yaxınlaşıb o masaya, mədəni şəkildə izah edib ki, kafeni bağlayırıq. İçkidən alovlanan bığıburma kişilər Ədalət əminin bu doğma münasibətindən kövrəliblər hətta. Deyiblər, otur, Ədalət kişi, bir əlli vur. Ədalət əmi təbii ki, razılaşmayıb və gülümsəyərək keçib öz yerinə.

Özü də Ədalət əminin sinəsi doludur. Şeir də yazır. Qəzetlərdə çap etmək istəyir. Ümumiyyətlə, bu kafedə çoxusu şeir yazırdı. Çay dəmləyən kişi var idi, o da şeir qoşurdu, dönərçi var idi, o da hərdən şeir qaralayırdı.

Ofisiantlardan bir qara oğlan günlərin birində mənə yaxınlaşmışdı.

- Qaqa, sən tilvizora çıxırsan e...

- Hə...

- Məni də ora çıxara bilərsən?

- Çıxıb nə edəcəksən?

- Şeir yazıram da mən...

Və qalın dəftərini gətirdi. Dəftəri vərəqlədim və nədənsə kövrəldim.

- Qaqa, noldu?

- Bir pivə süz, deyəcəm.

Və oğlan işlədiyi müddətdə hər dəfə o sualı mənə verdi:

- O gün niyə kövrəldin?

Mən də hər dəfə dedim:

- Bir pivə süz, deyəcəm.

O işdən çıxdı və sualının cavabını tapa bilmədi. Əslində mən də o gün niyə o dəftəri vərəqləyəndə kövrəldiyimi bilmirdim. Elə buna görə də hər dəfə o sualdan qaçırdım.

Ədalət əmi hər dəfə kafeyə gələndə təzə xəbərlərdən məni agah eləyir: “Kəramət Böyükçöl gəldi o gün, xəngəl yedi, amma araq içmədi”, “Dizayner Ramiz yoxdu?! O gün stolda yatırdı. Yatmağı da Fəxri Müslümdən öyrənib”, “Şahin Yüksəllə Həmzəli qəbiristanlığa gediblər, bir qəbir axtarırlarmış. Bir manatlıq mollalar tökülüşüblər üstlərinə...”

Sonuncu maraqlı gəlmişdi. Soruşmuşdum:

- Nə qəbri?

Nəsə, uzun söhbətdir, danışıb başınızı ağrıtmaq istəmirəm. Qısaca onu deyim ki, bir nəfər üçün əziz adam imiş, kitaba qəbrinin şəkli vurulacaqmış, Şahin də deyib fotosunu mən çəkərəm, Həmzəliylə başlayıblar axtarmağa. Lazım olan qəbrin yerinə başqasını çəkən Şahinə Həmzəli tərs-tərs baxıb. “Fotoşopda düzəldərəm, narahat olma” – işin içində pul varsa, məsələ həll...

- Şşşş... Sən Allah, yazıb eləyərsən ha...

Ədalət əmi gülümsünür. İndi fikir verirəm ki, uzun əhvalatı qısa eləmişəmmiş.

Pulumuz çatmayanda Ədalət əmiylə məsləhətləşirik.

- 10 manatımız var, nə edə bilərik?

- Gəl, belə eləyək də. Yarım kilo toyuq verim sizə. Bir də yarım araq. Necədü?

- Əla!

Çayın yaxşı dəmlənmişindən, kababın ən yaxşısından gətirir Ədalət əmi. Özü də yalnız yazarlara güzəşt var: çay 2 manatdı, bizə 1 manat, çörəkdə katlet var, camaata 3 manat, bizə 1 manat.

Arada bunu zarafata salırıq:

- Ədalət əmi, bu hələ ədəbiyyata gəlməyib, ona elə öz qiymətinə ver.

Məclis qurulanda Ədalət əmi də gəlib bir qıraqdan söhbətlərimizə qulaq kəsilirdi. Arada özü də nəsə deyir, hansısa şair haqda fikrimizi öyrənirdi. Hamımızı da sosial şəbəkələrdən izləyir. Söhbətin şirin yerində soruşur:

- Sən onu nöşün elə yazmışdın?

Camaatı cırnadan statuslarımızı deyir.

Sonra məclis şənlənir, Ədalət əmi oxunan şeirləri dinləyir, kefi kökəlir. Lap axırda... Ürəyimiz pivə istəyəndə...

- Uşaqlar, gəlin qəşəng çay verim sizə...

Heç Ədalət əmini qırmaq olar?

Uşaqlar siqaretə çıxanda Ədalət əmi yenə hansısa söhbətlə yanımıza gəlir.

- O gün Kəramət gəlmişdi bura.

- Hansı Kəramət?

- Əşşi, o Elgizin verilişinə çıxan Kəramət də...

Bizdə gülməkdən can qalar?

- Hə, nolub ki?

- “Kaşlok”unu burda qoyub.

- Ver, baxaq da Ədalət əmi.

“Kaşlok” əlindədir, amma bizə göstərmir:

- Yox, yox, yaxşı şey dögül. Zəng elədim, gəlib götürəcək.

- İçində pul var idi, Ədalət əmi?

- Baxmamışam.

Nə qədər cəhd etsək də, xeyri olmadı, Ədalət əmi Kəramətin “kaşlok”unu bizə göstərmədi.

Başqa bir vaxt məclis qurulmuşdu. Ədalət əmi dedi:

- Baxın ha, içki verməyəcəm sizə.

- Niyə? – maraqla soruşduq.

- Çox içirsiniz son vaxtlar.

Həqiqətən də içki vermədi o gün, biz də “Coco-cola”dan qurtumladıq.

Hər dəfə “Delikates”ə gedəndə Ədalət əmi:

- Bu gün Ağa gəlmişdi, – jurnalist Ağa Cəfərlini deyir – bir nəfərlə görüşdü. Tez durdu amma.

- Başqa kim gəlmişdi?

- Qəşəm Nəcəfzadə. Təkcə çay içdi.

Beləcə, kafeyə gedib-gələn kim varsa Ədalət əmi mənə “doklad” edirdi.

Doğma yerdi “Delikates”. Evimiz kimi...

Bu yazıdan sonra da Ədalət əmiyə zəng etmək istədim: “Alo, Ədalət əmi, uşaqlarla gəlirik, bizə yer ayır”.

“Gəlin, gəlin, amma cəmi 200 qram verə bilərəm ha. Çox içmək olmaz” – o da yəqin, belə deyəcək.

# 5686 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
#
#
# # #