Bir ömür sevincdən süzülən kədər - Sevinc Səyyadqızı

Bir ömür sevincdən süzülən kədər - Sevinc Səyyadqızı
26 yanvar 2024
# 13:00

Kulis.az Sevinc Səyyadqızının Rüstəm Behrudinin şeirləri əsasında yazdığı "Bir ömür sevincdən süzülən kədər" yazısını təqdim edir.

Milyon ildir torpaq göyə boylanır
çiçəklər günəşə.
Milyon ildir pərvanələr oda yanır
aşiqlər atəşə
Mən ayrılıqlara yandım.


Ayrılıq fani adlandırdığımız dünyanın, əslində isə fani olan cəmiyyətin xarakteristikasıdır. Nədə ayrılıq yoxdur ki... Yer Göydən aralı, Ay Günəşdən ayrı, İnsanlar sərhədlərlə ayrı... Müxtəlif ölçüdə, müxtəlif formada çərçivələri qoymuşuq onsuz da çərçivəli həyatımıza. Din, dil, torpaq, millət arılığı özlüyündə qoyduğumuz, qanun kimi qəbul elədiyimiz çərçivə deyilmi?!

Ayrılıqda bir tənhalıq... Tənhalıqda bir sükut... Sükutda bir səs...

Böyük şəhər... Kiçik bir ev...
Pəncərəndə yalnızlıq ək.
Çiçəyini oxşamağa
Göydən mələklər gələcək.


Yüz illərdir, mələklərin çiynində səadət enir Yer kürəsinə. Az qala inanmışıq bu nağıla. İnsan göydən aralı, mələk insandan aralı, tanrı mələkdən aralı...

Könül daha özünə var,
Hara dönsən ayrılıq var.
Yıxdı məni ayrılıqlar
Gülüm, xoş gəldin, xoş gəldin.

Könlüm qapanır özünə. Varır, vardıqca axtardığını, ayrılar içərisində aradığını tapır. Sevinmək üçün səbəb axtarma... O zaman daha çox narahatlıq gəlir, sevinc yox... Sevinmək üçün, sadəcə, sevinmək istəyi axtarın... onu da axtarmazlar...gərək adamın içində olsun...

Soruşma kiməm, nəyəm?
Ağıllı divanəyəm.
Tanrının elçisiyəm.
Sözlərimdə səsim var.

Bu səs hardan gəldi belə?! Bu nə səsdir, söz yaratdı. Söz yarandı, cümlə-cahan tabe oldu hökmünə.

Söz Tanrının mərhəməti,
Ahı daşı dəlibdisə.
Gərək yenəm, mən qul olam
Sözə göydən gəlibdisə.

Min illərdir, söz məskəni göylər insanların dua yeri, ümid, pənah yeridir. Min illərdir göylər ucalıq, paklıq, xoşbəxtlik yeridir.

Göy üzü çadırım, günəş bayrağım...
Yolunda dev duran bir yolçuyam mən.
Qoymurlar özüm tək görünüm, Allah!
Hara çıxım gedim bu yer üzündən?!

Yer üzü qovğalar, dava yeridir. İnsanların pis xisləti onu çirkaba bulayıb. Yer adamı oldun, demək günahlara batdın artıq. Yer adamı oldunsa, demək enmisən ucalığından...

Müqəddəs ruhdusa əvvəl də, son da,
Ey Tanrım, qəribə işindən əl çək.
İztirab yeridir bu Yer kürəsi;
Əzabi təzədən doğulub ölmək.
Bezdim yer üzündə... O göylər niyə
Eşitmir? Sökülüb üstümə axır?
Yüz ildi, min ildi üzüm göylərə...
Göy üzü bir dəfə üzümə baxmır.

Göy üzü – sakitlik, dinclik məskəni... Göy üzü safdır, təmizdir. Göydən uca nə var ki... Mənsə... mənsə, hər addım başında çətinliklə rastlaşan, hər addım başı əzablara qatlaşan sadə bir bəndəyəm, “əzab çəkməyə doğulan adam”am.

Mən kiməm? Cəzamdı bəndə doğulmaq,
Min illik ocağın qovurduğu kül...
Sən kimsən? Nə vaxtsa yad baxışlarla
Əyilib titrəyən, çırpınan könül.

Tanrım mənə bəndəliyi bəxş etdi. Sadə bir bəndəlik – səhv etmək, səhv edə–edə öyrənməkdir. Amma günahkar bir bəndənin günahsız ruhu olarmış. “Ruhum mənim”

Qorxuram ruhuma qoşulum gedim,
Gedim göy üzündə təmizlənim mən.
Niyə buraxmırsan, günahkar canım,
De niyə qorxursan təmizliyindən?

Can bu dünyanın sakini, cisim qorxu əsiri. Ruhumuzla yaşaya bilmək... – Səadət olar ki... Ruha hakimiyyət gərək deyil. O sərbəstdir, azaddır, məkana, zamana sığmazdır... insanlar da iki cürdür... Ağrının təsiri ilə böyüyən; və ağrının təsirilə kiçilən. Ağrı və kədər hər bir insanın həyatında rast gəlinə bilən haldır. Lakin həyatın dolanbac yollarında çəkdiyi məşəqqətlərə görə mənən o insan böyüyə bilir ki, ruhən güclü, əqlən uzaqgörən, dünyagörüşcən isə müdrik olur.

Ey ruhum, ayağa dur,
Düşdüyün tilsimi qır!
Zaman məndə çırpınır
Mən bir sözün içində.

Yenə söz... Yenə sözmü saldı sehrinə maddi dünyanı?! Söz–hakim, söz–hökm! Söz–məna! Söz–yaradan, söz–yaranan!!!

Günah içindəyəm, ruhum didərgin.
Günahın son ucu həmişə tövbə.
Sözümdən boylanan bu tənhalığım
Ruhumun önündə sonuncu tövbə.

Tövbə deyirəm günahlarıma – bir savab üçün. Tənhalıq içində yumaq istəyirəm günahlarımı didərgin ruhum önündə – Sözümlə!

Duanda tövbə var,
dilində nə də andın
Yüz andımdan keçmişəm
mən divanə, mən arsız
Mən yazdığım, pozduğum
gözəl sözə inandım.
Doğru söz gözəl olmur,
Gözəl söz etibarsız.

Gözəl olmaz doğru söz... Bir doğruluqda bir acılıq yaşayar. Oğul gərək bu acını yeyə bilsin, oğul gərək həqiqəti görə bilsin. Axı,

Yalana sığınıb düz
Yalan düzün içində

Bu düzlər içində yalan, yalana sığınan düz... Acısından dadmaq olmur, şirinindən keçmək çətin. Bir söz de... Kəlməsindən sevgi yağsın, doğmalıq yağsın... Bir söz de, təsirindən munislik süzülsün nəvaziş axsın, bir nəğmə çal, avazından gözəllik tökülsün şəkkər dadsın...

Sənə gələn yolun adı
Sözüm ustə od qaladı
Bu nə cür eşq sevdadı
Dərd qayıdır, dərman olur

Yalandı ya düzdü sevgi? Haqdı ya nahaqdı sevgi? Amma... bir şey var ki, daim yaradır, yaşadır sevgi... Səni məndə tam eləyən, məni səndə bitirəndir, Dillən, ruhum... sözlərində tüm vücudum titrədi...

Eşq nəymiş? İlahi, açılmaz bu sirr
Yer deyir, göy deyir, deyir, haqq deyir
Dilini bildiyim ot, yarpaq deyir:
Nə sən mənimkisən, nə mən səninki.

Nə sən mənimkisən, nə mən səninki, Amma... Qapını döyəcəm...Üzünə sığal çəkəcəm, saçlarına tumar... yanağından öpəcəm, bağrıma basacam səni baxışlarımla...

Payızda
Göz yaşlarım üzümü
Yağışlar pəncərəmi yudu.
Payızda çılpaq yarpaqlar torpağın ruhudu,
Sapsarı yarpaqlar ağacların...
Sapsarı yarpaqlar
Ağacların ruhudu –
Sən mənim!..

Ruhum oldun, içimdə çırpınan canım oldun. Hüzuruna gəlmişəm. Ya çək məni öz yanına xilas elə əzablardan, ya da... Yox...

Günahlı, günahsız bu dünya, aləm
Qiyamət gününü gözləyən bu haqq...
Yer göyə qovuşar qiyamət günü
Mən sənə qovuşa bilmərəm ancaq...

Həyat - gözləməməkdir...sadəcə yaşamaqdır. Yaşamaq - mövcud olmaq deyil, hiss etməkdir...Hiss etmək - instinkt deyil, duyğulardır... Duymaq - anlamaqdır, Anlamaq - ağıl deyil, dərk etməkdir. Dərk etmək - həyatdır...

Sənə qovuşmağa gəlirəm, yetər
Bəndənəm, gözünü yola dik Allah !
Bağışla sözumdən dəlilik yağır ,
Sevgidən ölməkdi dəlilik, Allah !


Mərdi namərdə möhtac etməyən, haqqı nahaqqa qurban verməyən, məzlumun ahını zalımda qoymayan aləmlərin ilahı uca Rəbb! Fitnəkarın, bədəməlin şərindən, əzazilin felindən sənə sığınırıq.

Sən ki qüdrət sahibisən! Xocalının ahını duydun, ya Rəbbim! Bax, o köməyi istəyirəm. Sən ki vermək istəməsən, istəməyi də verməzdin... sən ki “yetər ki, istə” demisən... “çox istə” demisən... Bax, həmin zamandı, tanrım! İstəyirəm! Çox istəyirəm! Yerdən-göyə, ərşə qədər, 1000 il susuz qalmış insanın su istədiyi kimi istəyirəm! Elliklə TÜRK olaraq istəyirik! Səndən başqa sığındığımız yox, ey adil olan, qadir olan Tək Allahım!

Əzəməti və cəlalı, qüdrəti və qadirliyi ilə bənzərsiz və təsəvvürə sığmaz UCA RƏBBİM! Həqiqətin və ədalətin zəfəri naminə, haqq uğrunda mübarizə aparan oğullarımızın üzərindən nəzər və mərhəmətini əskik eləmə! Müzəffər ordumuzun yolunu açıq, qolunu bükülməz, ayağını büdrəməz elə. Ey gücü və qüdrəti ilə misilsiz olan Rəbbim! Türkün səndən başqa pənahı yoxdur!

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Basat nəslindənik... "qurtuldunmu igid" deyəndə hər cür ağlasığmaz çətinliyi aşıb "qurtuldum" deyənlərdənik... Bizə zaval yoxdu. Olmayacaq! Bir ölüb min dirilən, basdığı yeri yurd edən türk! Yurdun dağılmaz, suyun axar, ocağın isti, çörəyin bişmiş olsun! Əsrlərdi Türkün mərdliyi dilə dastandı! Hər kəsə çox yaxşı məlum olan "Kitabi Dədə Qorqud" dastanındakı Dəli Domrul həyat yoldaşından can borcu istəmir, amma eyni mövqedə olan yunanların Admeti istəyir də, qəbul edir də! Amma türk ölər, öz xanımının arxasında gizlənməz!

Hər ağrılar, hər acılar ötəndi,
Əl uzatsam, Ərzuruma yetəndi,
Füzulinin məzarı da Vətəndi - Vətən!

Mənə üz tut - yurda ocaq qurana,
"Turan" - deyib Boz qurd kimi durana.
Sonun yoxdu, çevrilməsən Turana - Vətən!

Mənim andım "Ya bütövlük, ya qandı",
Zalım dostlar, qəbul edin bu andı:
Qara başım bu yol üstə qurbandı, - Vətən!

# 2087 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
# # #