“Bir ehtimal da var, o da ölməkmi deyirsən?” - Sərt xarakterli, qədim yunan dillərini mükəmməl bilən şair

“Bir ehtimal da var, o da ölməkmi deyirsən?”  - Sərt xarakterli, qədim yunan dillərini mükəmməl bilən şair
12 avqust 2025
# 13:00

12 avqust Türkiyənin məşhur şairlərindən biri Can Yücəlin anım günüdür.

Kulis.az bu münasibətlə “Baba” ləqəbli şairin həyatı və irsi haqqında maraqlı faktları təqdim edir.

Can Yücel, türk ədəbiyyatının ən maraqlı simalarından biridir. O, sərt xarakteri, kobud dili, içkiyə meyilli həyat tərzi, anarxist duruşu və eyni zamanda dərin zəka ilə gündəmi yaxından izləyən, həyata daim tənqidi yanaşan bir şairdir.

Bütün bu xüsusiyyətlərin arxasında isə duyğulu və səmimi bir insan dayanır – bu səbəbdən xalq arasında ona “Can Baba” deyə müraciət edilirdi.

Can Yücəlin poeziyasında ictimai həssaslıq və satira ön plandadır. Onun təbii və səmimi dili oxucuların könlünü fəth edir. İroniya isə onun üçün bir mübarizə vasitəsidir.

İlk kitabı olan “Yazma”dan etibarən daim forma və üslub axtarışında olan şair, orijinal bir dil yaratmaq məqsədilə hər cür cəsarətli yolu sınayıb. Bəlkə də bu səbəbdəndir ki, ona aid olmayan bir çox şeir ona məxsus kimi təqdim edilmişdir – sosial mediada Can Yücel imzası ilə yayılan təxminən 50 saxta şeir müəyyən edilib.

Prof. Dr. Semih Çelenk bu saxta şeirlərin siyahısını hazırlayaraq belə deyir:
“Metafizik və quruvari sözlər danışan, sərxoş bir obraz yaradırlar. Can Yücel bu şeirləri görsəydi, kədərlənərdi.”

Can Yücəl yalnız şeirləri ilə deyil, həm də tərcümələri ilə tanınır. Brext, Lorka və Şekspir kimi dünya ədəbiyyatının nəhənglərini tərcümə edib. Tərcümələri də öz poeziyası kimi fərqli və özünəməxsusdur. Bəzən orijinal mətnə tam sadiq qalmadan, “Can Yücəlvari” ifadələrlə şeirləri təkrar yaradır. Məsələn, Şekspirin məşhur “To be or not to be” (Olmaq ya da olmamaq) ifadəsini belə tərcümə etmişdir:
“Bir ehtimal daha var, o da ölməkmi deyirsən?”

Can Yücəl, 21 avqust 1926-cı ildə İstanbulda anadan olub. O, Türkiyənin məşhur Maarif naziri və Kənd İnstitutlarının qurucularından biri olan Həsən Əli Yücelin oğludur.

Ankara və Kembric universitetlərində latınca və qədim yunan dili üzrə təhsil alıb.

Təhsilini başa vurduqdan sonra bir müddət müxtəlif səfirliklərdə tərcüməçi kimi çalışmış, Londonda BBC-nin Türkçə bölməsində spikerlik edib. 1956-cı ildə ailə həyatı qurur və bu dövrdən sonra həyatında maddi çətinliklər önə çıxmağa başlayır. O, bu barədə belə deyirdi:

“Pul dərdi həmişə olub. Atamdan heç nə qalmadı. Mən şeirlərimlə dolandım. İndi vəziyyətim bir az yaxşıdır. Kitablarım satılır, ev kirayəsi vermirik. Yəni qarnımızı doyurmaqda problemimiz yoxdur. Bu günlərdə maddi çətinlik çəkmirəm.”

Can Yücəl, 1989-cu ilə qədər İstanbulda yaşayıb-yaradıb, sonralar Ege bölgəsində yerləşən Datçada məskunlaşıb.

Həyatının son 10 ilini burada təbiət qoynunda keçirib. 12 avqust 1999-cu ildə vəfat edir. Ölməzdən əvvəl vəsiyyətində belə deyirdi:
“Məkanım Datça olsun, öldükdən sonra məni Datçaya dəfn edin.” Və ailəsi bu istəyi yerinə yetirir.

1974-cü ildə yazdığı bir şeirə görə “Kommunizm təbliğatı” ittihamı ilə mühakimə olunmuş və bir müddət həbsdə qalıb. Lakin 1974-cü il amnistiyası ilə azadlığa çıxıb. Bu hadisə onun sistemə qarşı olan mövqeyini daha da kəskinləşdirib.

Latın və qədim yunan dillərini mükəmməl bilən Can Yücəl türk dilinə sonsuz sevgi ilə bağlı idi. Bəzən özü yeni sözlər və ifadələr yaradaraq dilə rəng qatır, məhəllə dili ilə ədəbi dili birləşdirirdi.

Şair şeirlərində fəhlə sinfinin hüquqlarını və zəhmətkeşlərin mübarizəsini ön plana çəkib.

Can Yücəlin çox az bilinən bir uşaqlar kitabı da vardır – "Rəngbərəng". Bu kitab onun uşaqlara da ədəbiyyat və dil sevgisi aşılamaq istədiyini göstərir.

O, rəsm çəkməyi sevərdi, bağçılıqla məşğul olar və Datçadakı sadə evində təbiətlə iç-içə yaşamağı üstün tutardı. Fəlsəfəyə, xüsusilə antik yunan düşüncəsinə böyük maraq göstərirdi.

# 156 dəfə oxunub

Oxşar xəbərlər

Türk aktyor yenidən  İsmet İnönü  rolunda

Türk aktyor yenidən İsmet İnönü rolunda

15:30 12 avqust 2025
"Niyə hamı ilə mübarizə vəziyyətindəyəm?"  - Bir il ərzində kitabı milyon nüsxə satılan Nobelli yazıçı

"Niyə hamı ilə mübarizə vəziyyətindəyəm?" - Bir il ərzində kitabı milyon nüsxə satılan Nobelli yazıçı

15:00 12 avqust 2025
Tanınmış müğənnidən yeni albom

Tanınmış müğənnidən yeni albom

14:26 12 avqust 2025
2000 illik Roma papağı restavrasiya edildi

2000 illik Roma papağı restavrasiya edildi

13:54 12 avqust 2025
"Agent 007" obrazı ilə kino sənayesini kökündən dəyişən yazıçı - Məşhur Ceyms Bondun yaradıcısı kim idi?

"Agent 007" obrazı ilə kino sənayesini kökündən dəyişən yazıçı - Məşhur Ceyms Bondun yaradıcısı kim idi?

13:25 12 avqust 2025
Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

Məşhur müğənni Bülent Ersoydan sərt açıqlama

12:12 12 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər