Bir adamlıq şəhərin poeziyası – Nizami Cəfərov yazır

Nizami Cəfərov, filoloq

Nizami Cəfərov, filoloq

16 mart 2022
# 11:10

Kulis.az Nizami Cəfərovun İlham Qəhrəmanın “Bir adamlıq şəhər” kitabına yazdığı ön sözü təqdim edir.

Yaradıcılığına, şəxsiyyətinə həmişə hörmət elədiyim İlham Qəhrəmanın yeni kitabını maraqla oxudum. Və hər dəfə şeirdən şeirə keçərkən təəssüflənirdim ki, sonrakı şeirlər əvvəlkilərin son dərəcə təəssüratlarını dumanlandırır. Xüsusilə o baxımdan ki, İlhamın yaratdığı təbii olduğu qədər də canlı poetik lövhələrdən birini arxada qoyub o birinə adlamaq istəmirsən. Ancaq tədricən bu psixoloji gərginlik ona görə aradan qalxır ki, İlhamın bədii intonasiyasının, təhkiyə tərzinin izinə düşüb görürsən ki, onun şeirlərini həm ideya-məzmun, həm də struktur-formaca öz məhvərində saxlayan nə isə bir mənəvi iradə var. Və şeirdən şeirə həmin iradə enerjisini duymağa daha çox cəhd göstərirsən.

Şairin yalnız son bir neçə ildəki yaradıcılığını nümayiş etdirən “Bir adamlıq şəhər”də elə şeirlər var ki, hər biri barədə ayrıca söhbət açmaq olar – məsələn:

Heyif, saxlaya bilmirəm,
Çəkirsən gərdən gedirsən.
Bir adamlıq şəhər idim,
Sən o şəhərdən gedirsən.

Burdan belə nə fərqi var –
Kim haqlıdı, kim günahda?!
Bu can şəhəri tərk etdin
Xaraba qaldı Gün altda.

Özümü Adəm sanırdım,
Səni də onun Həvvası.
Sevgim sovulmuş bostandı,
Özüm bostan müqəvvası.

Bu şeirdəki poetik ovqat kiməsə “yaşanmış” görünə bilər, ancaq köhnə yaşantıları bir daha özünü Adəm, sevdiyini Həvva hesab edənin növbəti aldanması timsalında yaşamağın nəyi köhnədir ki? Biz hamımız hansısa “bostan”ın müqəvvası deyilikmi?..

Yaxud:

Qurumuş quyunu görən gözün
eynən məni görsün.
Sən quyunun su xatirəsi...
Səndən sonra nə var itirəsi?!

İlhamın istedadı lirikanın ən munis qatlarında da zarafat eləməsilə təravətlidir:

Qarışqa cığırında
bir qarışqa çiçək aparırdı,
Dayandım barmağımı dişlədim...
Bütün sirlərin cavabı Allah,
gedən də, gələn də sənin qulundu...
Demək, bu avara erkəkdi,
sirrin gerisi məlumdu...

İham bu yaşında vəsiyyət etməkdən də çəkinmir... Ancaq bu, bir şair vəsiyyətidir: “qəbrimin yanında sərv əkilsin”...

Mən çox şeydən korluq çəkdim,
Sevdim həyatı, dostlar.
O sərv susuz qalmasın,
Sərvim amanatı, dostlar!


İlham Qəhrəman poeziyaya üç misralıq bəndlər gətirir ki, həm “Səni düşünmək”də, həm də “İkimiz üçün yer”də bu üç misralıq bəndlər dörd misralılıqların çoxəsrlik nüfuzu ilə qarşı-qarşıya gələ bilər.

Şairin öz kökünü aşıq şeirindən aldığını təkcə ruhu yox, müraciət etdiyi (hətta üzərində kifayət qədər uğurlu eksperimentlər apardığı) şeir texnologiyaları da göstərir. Və aşıq şeirinin ən mürəkkəb janrlarından olan təcnisə girişmələri heç də həmişə uğurlu alınmasa da, cəhdin özü ona görə təqdir edilə bilər ki, poetik ənənəyə təkrarlayıcı yox, yaradıcı münasibətdir. Bu münasibət özünü aşıq ədəbiyyatı klassiklərinin “gözəl”ə ərkyana müraciətinin yaradıcı “təqlid”ində də göstərir:

Xallım! Tellim! Gözü qaram! Bəbirgözlüm!..

İlham Qəhrəmanın tənqidi də lirikası kimi ürəkdən (tərcümeyi-haldan) gəlir, bir fərq var ki, lirikasında nə qədər ümumiləşdirirsə, tənqidində o qədər xüsusiləşdirir:

Şair quru nəfəs durur,
Xeyir-şəri savaşdırır,
Ümid doğur, o basdırır
Bir qarnı ac, bir qarnı tox.

“İnsan mənzərələri” hər bir inkişaf etmiş ədəbiyyatın ona görə ayrıca bir janrıdır ki, cəmiyyət ən azı mənşəyinə görə təbiətdir. Və təbiət kimi insan da mənzərələrdən ibarətdir... Ancaq İlham burada da “xüsusiləşmə”nin tərəfdarıdır: o, laçınlıların (və nəticə etibarilə, Laçının) mənzərələrini tərənnüm edir. İstisna təşkil edən bircə Əsəd Cahangirdir ki, onunla Azərbaycanın hər bölgəsi fəxr edə bilər:

Səni bir şəhər tanıdım,
Küçəsi, xiyabanıyla...
Səni bir şəhər tanıdım,
Çayı da axar yanıyla.

Əsədin qeyri-adi istedadını (və şəxsiyyətini) kəşf edən sözlərdir....

“Bir adamlıq şəhər” bizim hamımız, ilk növbədə o yerlərdə doğulmuş İlham üçün əziz olan Laçına həsr olunan bayatı və poema ilə bitir. Və nə qədər paradoksal görünsə də, çox böyük xoşbəxtlikdir ki, İlhamın bu barədəki hissləri, düşüncələri oxucuları artıq əvvəlki kimi kədərləndirməyəcək, ancaq adına Tarix dediyimiz bir mənəvi dəyər var ki, hər anı bizim üçün həyəcanlandırıcı olaraq qalır.

İlham Qəhrəmanın şairlik istedadının çox mühüm göstəricilərindən biri yeni (və koloritli) ifadə – obraz yaradıcılığıdır ki, buna, demək olar, hər şeirində rast gəlinir:

İçində sevgidən yanıq yeri var... Kəndin qulağını səsdə qoyubdu, Salxım söyüd kimi incə bir gözəl... Canıma bir od düşüb, qoymağa yer tapmaram... Məni səndən gözəl heç kəs unutmaz... Xatirələri dəyməyə qoyma, eləcə kal unut... Allah tərəfi, gözəlliyi onu öyürdü... Dərdlər gözdən düşə bilər, Hər bir dərdi dərd eləmə... Səni tapdım, işıq tapdım, Həmən işıqda yazıram... Qələm məndən şeir umar, Mənim umudum sevgidi... Xeyir şərlə birevlidi... Dürlü- dürlü yarasını yaddaş qanatdığı bəndə...

Və maraqlıdır ki, bu cür ifadə – obrazlar içərisində satirik məzmunluları da az deyil: Bir gözəl qadın öpəsən, Üzünün suyu getməmiş... Yoxsul qazana gön qoyar, Ha qaynayar bişməz, oğul... Payız yarpaq üçün marığa durur... Dərd bir sümük, bir dəridi... Kimi kürəyə alırsan, tərkinə də birin alır...

İlham yalnız şeir yazmır, həm də poeziya barəsində elə mühakimələr irəli sürür ki, adamın onunla üzbəüz oturub saatlarla mükalimə etməyi gəlir... Hər bir şair nəinki birinci, ikinci, üçüncü, hətta onuncu şeirini (hələ kitabları bir yana) oxuculara təqdim edəndə həyəcan keçirməlidir. Hər şeydən əvvəl ona görə ki, hər yaşın, hər yaradıcılıq addımının öz məsuliyyəti var – get-gedə artan məsuliyyəti ki, şairdən, Füzuli demiş, yeni-yeni ürəklər fəth eləməyi tələb edir. Hər dəfə eyni ürəklərə xitab eləyən şair hər dəfə eyni ölkəni çapıb talayan (və təbii ki, axırda xaraba qoyan) hökmdar kimidir.

İlhama bundan sonra da hər şeiri, hər kitabı ilə yeni ürəklər fəth etməsini arzulayıram.

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #