Bərpaçı rəssam: "Rəssamlar DTK-da and içirdilər ki..." - Müsahibə

Bərpaçı rəssam:  "Rəssamlar DTK-da and içirdilər ki..." - Müsahibə
10 iyun 2022
# 17:00

Azərbaycan Milli İncəsənət Muzeyinin elmi bərpa şöbəsinin müdiri, bərpaçı-rəssam Natiq Səfərovun APA-ya müsahibəsi

Milli İncəsənət Muzeyi. Bakıda ən çox sevdiyim məkanlardan biri və bəlkə də, birincisi. Dəfələrlə bura gəlsəm də, müsahibimi tapmaq üçün ilk dəfə heç vaxt baş çəkmədiyim hissəyə keçirəm – Elmi Bərpa Mərkəzinə.

İçəri girən kimi masanın üzərində bərpası aparılan rəsm diqqətimi çəkir.

– Natiq müəllim, elə buradan başlayaq. Bu nədir?

– Bu, 50-ci illərə aid rəsm əsəridir. Muzeyin fonduna aiddir. Amma materialı kağız olduğu üçün xeyli zədə alıb, qurd yeyib. İndi biz onu konservasiya edirik. Buraya isə müəyyən proseslər daxildir: üzərində olan cırılmış hissələri bərpa edib ətrafına köbə salacağıq, ondan sonra da ömrü uzanacaq. Amma, istənilən halda, yenə də insandan asılıdır, qorunmalıdır.

Natiq müəllimlə bərpa emalatxanasını gəzə-gəzə söhbətimizə davam edirik.

– Bizdə bərpaçılıq sənətinin tarixi neçənci illərdən başlayır?

– 1957-ci ildən başlayır və banisi mərhum Fərhad Hacıyevdir. İlk bərpa olunan əsər isə Hacı Zeynalabdin Tağıyevin rəsmidir. Rəsm ağ-qara çəkilmişdi, amma biz bərpadan sonra onu həm də rəngləmişik.

Divarda həmin əsərin fotolarını göstərir.

– Siz Fərhad müəllimin tələbəsi olmusunuz?

– Bəli, mən onun komandasında ən gənc – dördüncü adam olmuşam. Həmin o dediyimiz Tağıyevin əsəri də məhz burada bərpa olunub. Mən də məhz buna görə xahiş elədim ki, buranı onun xatirinə ehtiram olaraq, elmi-bərpa mərkəzi edək və etdik də.

Bizə bu əsərləri bir şərtlə verdilər ki, bərpa edib qaytaraq

Divarda asılmış digər bərpa olunmuş əsərlərin fotoları diqqətimi çəkir. Natiq müəllimdən bu rəsmlər haqqında da soruşuram.

– Şəkidə Şəkixanovların evi var, o evin otaqlarından birinin divarı tamamilə rəsmlərdən ibarətdir, oranı şəxsən mən bərpa etmişəm. Yaxud, bax bu əsər divar peçinin rəsmidir. Bərpadan sonrakı halı ilə əvvəlkini özün də görürsən.

İrəvan Sərdar Sarayından qalma əsərdir. Vaxtilə biz Gürcüstanla xeyli danışıqlar apardıq, çünki o əsərləri gürcülər gizli saxlayırdı. Bizə bu əsərləri bir şərtlə verdilər ki, bərpa edib, sərgi şəklində nümayiş etdirib sonra qaytaraq. Elə də etdik.

Yavaş-yavaş digər otağa keçirik. Burada Natiq müəllimin tələbələri müxtəlif əsərlər üzərində bərpa işləri ilə məşğuldurlar. Natiq müəllim onların artıq tələbə yox, mütəxəssis olduğunu xatırladır.

– Bu uşaqlar əvvəllər tələbələrim olub, amma bu gün artıq işçim sayılırlar. Belə başqa tələbələrim də var, sadəcə çoxu indi burada deyil, məzuniyyətdədirlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, vaxtilə Akademiyada da dərs demişəm. Bax bu Samir 10 yaşından mənim yanımdadır, bu xanım isə onun həyat yoldaşıdır. Hər ikisi, dediyim kimi, artıq işçilərimdir.

– Onda belə çıxır ki, artıq kifayət qədər kadr var.

– Bəli, bəli. Hələ bir neçə işçimiz məzuniyyətdədir və eyni zamanda, tələbələrimiz də yetişir. Bax, məsələn, hazırda xanım işçimiz Cövdət Həmzəyevin portreti üzərində işləyir. İnan ki, bu əsər ələgəlməz halda idi. Amma biz onu formaya salacağıq.

Bizim bir tələbəmiz var, mən sənə qətiyyətlə deyirəm ki, dünyada onun kimi farforu (çini qab – N.P) peşəkar şəkildə bərpa edən yoxdur. Xaricdən nə qədər təkliflər gəlir ki, gəl bizə də öyrət. Mən onu buraxmıram, çünki başa salmışam ki, sənin bütün xərclərini ödəsinlər, özünə qonorar versinlər, get master-klass keç. Başqa cür qətiyyən olmaz.

– Natiq müəllim, bərpaçı-rəssam ilk növbədə nəyi bilməlidir?

– Bərpaçı-rəssam, birinci növbədə, çox güclü səbrə, hövsələyə sahib olmalıdır. İkinci, rəssam olmalıdır, üçüncüsü isə, sənətşünas olmalıdır. Bu üçlük mütləq tamamlanmalıdır. Hansındasa axsama olsa, alınmayacaq. Mən özüm davakar uşaq olmuşam, amma oturub bir əsər üzərində işləyəndə diqqətim tamamilə orada olur, yanımda nə olsa, bayıra bomba düşsə belə, xəbərim olmur. Rəssam olmasan, rənglərin qarışığını, məcazi mənada desək, dilini bilməzsən. Ən nəhayət, sənətşünas olmalısan ki, əsərin hansı dövrə aid olduğunu biləsən və ona uyğun bərpa etməyi bacarasan. O dövrü, o mühiti beynində canlandıra biləsən.

– Haradasa oxumuşdum ki, həkimlər Hippokrat andı içdiyi kimi, rəssamlar da and içir, hə?

– Rəssamlar hamısı yox, bərpaçı rəssamlar üçün bu and Sovet hökuməti dövründə var idi. Xüsusi bir blank idi, bərpaçı universiteti bitirəndən sonra Dövlət Təhlükəsizlik Komitəsində xüsusi bir kağıza qol çəkərək, heç vaxt saxta rəsm əsərləri çəkməyəcəyinə, saxtakarlığa yol verməyəcəyinə dair qaydalara əməl edəcəyinə and içirdi.

Yenidən Natiq müəllimin otağına qayıdırıq. Söhbətimizin bundan sonrakı hissəsini burada davam edirik. İçəri daxil olan kimi Natiq müəllim masadakı ağ-qara rəsmi göstərir.

– Şuşaya gedəndə yolda Füzulinin rəsmini, oradakı dağınıqlığı çəkmişəm. İndi fikrim var ki, bunu böyük rəsm kimi çəkəm. Bilirsən, nə olur olsun, rəssam fizikanı da bilməlidir, kimyanı da, nə bilim, tarix – dünyəvi bilgisi olmalıdır.

– Siz kağız, yaxud kətanla davranış incəliklərini bilirsiniz. Maraqlıdır, bu gün rəssamlar sizinlə məsləhətləşirmi?

– Əlbəttə! Çünki mən bərpaçı kimi rəssamların bilmədiklərini də bilirəm. Ona görə ki, 16-20-ci əsrin rəssamlarının texnologiyası ilə tez-tez rastlaşıram, onları bərpa edirəm. Toğrul Nərimanbəyov, Böyükağa Mirzəzadə kimi dahi şəxsiyyətlər belə mənimlə daima məsləhətləşər, zəng vurub soruşardılar. Tofiq Ağabəyov günü bu gün də zəng edib müəyyən qarışdırıcı məhlulun sirrini istəyir, tərkibini soruşur. Bu da olduqca normal haldır.

– Bəs arxeoloji tapıntılar zamanı sizə müraciət olunur?

– Bəli, əlbəttə. AMEA-nın özündə də arxeoloji materialların bərpası həyata keçirilir, eyni zamanda, Tarix Muzeyində də aparılır. Amma, dediyim kimi, İncəsənət Muzeyinin öz əşyaları ki var, biz onların bərpasını həyata keçiririk. Yaxud dəfələrlə olub ki, Mədəniyyət Nazirliyi xətti ilə də müraciətlər olub və köməklik etmişik.

– Natiq müəllim, mozaikaların bərpası necə? Bizdə mütəxəssislər var?

– Sovetlər dönəmində mozaika ustalarının yanında işləyən gənclər bu gün artıq kifayət qədər peşəkardır. Məsələn, mənim bir dostum var – Zöhrab müəllim. O, kifayət qədər peşəkardır, Nizami metrosundakı mozaikaların bərpasını o həyata keçirib. Bilirsən, burada əsas məsələ o daşları tapmaqdır, bu çox çətin prosesdir.

– Elə bil Sovet dövründə mozaikalar daha çox təbliğ olunurdu. Səbəb nə idi, görəsən?

– Doğrudur, o vaxt çox təbliğ və təqdim olunurdu. İndi bir az həminki durumdan fərqlidir. Bu da, görünür, həm maddiyyata görədir, həm də ona görə ki, insanlar mozaikanı başa düşmür, mahiyyətinə vara bilmirlər. Amma, dediyim kimi, mozaika işi ilə məşğul olan sənətkarlarımız var. Məsələn, Hüseyn Haqverdiyev çox gözəl mozaika ustasıdır. Səngəçaldakı neftayırma zavodunda, Fransa səfirliyi yaxınlığındakı binalardan birinin üzərində çox ciddi və bədii yüklü işlər görüb.

– İstənilən halda, o vaxtla indinin müqayisəsində vəziyyət çox pisdir. Məsələn, bizim ofisə yaxın yerdə mozaika dağılıb, neçə dəfə müraciət olunub, amma bərpası hələ də həyata keçirilməyib.

– Razıyam. Yenə də təkrar edirəm ki, o vaxt təbliğat başqa idi. Bax, məsələn, “Azərnəşr”in binasında, Bakı Slavyan Universitetinin binasındakı o mozaikalar məhz o təbliğatın bəhrələri idi.

Amma mən sənə bir şeyi dəqiq deyim ki, bu gün mozaikanı dirçəltmək mümkün deyil. Çünki o tələbat yoxdur, sifarişlər yoxdur. Amma bərpası olar, mümkündür. Və Sovet dövründə ona görə geniş yayılırdı ki, adam ixtisasını bitirirdi və dərhal da iş tapa bilirdi, işlə təmin olunurdu. Amma bu gün bizdə belədirmi? Yox! Bir nəfər dizaynı bitirir, qalır ortalıqda. Sovet dövründə mozaika üzrə tələbələr ixtisası bitirirdi və məhz o təbliğatın sayəsində iş yerləri açılırdı, sifarişlər əldə olunurdu. Açıq deyək, biz o vaxt 50 kvadratlıq mozaika işi görəndə bir dənə maşının pulunu alırdıq. Və mozaika illərlə açıq havada qalırdı. İnsanlarda estetik zövq formalaşırdı. Bütün bunlar hamısı düşünülmüş işlər idi. Bu gün qrafik dizayn ixtisasını bitirən adam öz ixtisası üzrə işləyə bilmir, gedir yağlı boya ilə məşğul olur. Çünki dəzgah bahadır, onu çap eləmək üçün olan kağız bahadır və s.

– Qarabağa getmişdiniz. Orda vəziyyət necədir, bərpaçı-rəssam gözü ilə.

– Adam heyrət edir, nə bilim, dəhşətə gəlir. Vəhşilikdən də o tərəfə bir şeydir. 80-ci illərin sonu, 90-cı illərin əvvəlində Ağdamda Çörək Muzeyi deyilən bir yer var idi. Köhnə dəyirmanın içərisində yerləşirdi. Orada müəyyən çörək eksponatları saxlanılırdı: eradan əvvəl küpdən çıxmış çörəkdən tutmuş, kosmosdan gələn çörəyə qədər. Amma, Nihat, ora elə bir halda idi ki... Viran qoyublar. Orda hətta divarda mozaika da var idi. Necəsə olub divarın bir hissəsi qalıb. Bu gün mənə desələr, canla-başla o mozaikanı dərhal bərpa edərəm.

– Mozaikanın mövzusu nə idi?

– Daha çox kənd təsərrüfatı, zəhmətkeşlik, əmək və s. Yəni əsas bu mövzudur: əlində sünbül tutan qadın, günəşli hava – bir növ, 60-cı illərin çiçəklənən Azərbaycanını əks etdirən bir mozaika.

– Onun bərpasına təqribən, nə qədər vəsait lazım olar?

– Əzizim, onu demək bir az çətindir. Bərpadan öncə kvadratı hesablanır, orda işlənəcək maddələr, başqa materiallar və s. Bunlar da həmin o bərpa ediləcək materiala görə dəyişir. Bilirsən, elə ola bilər ki, bərpa prosesində bir santimetr hissədə bir ay işləyəsən. Bu da həm zaman, həm də maddiyyat alır. Ona görə konkret nəsə demək çətindir. Amma, dediyim kimi, proses əvvəlcədən hesablanır, hər bir əsər üzərində minimum 10-16 proses ola bilər. Və hər prosesin özünün də qiyməti olur. Bu qiymət də iki cür hesablana bilər: beynəlxalq yol və Rusiya yolu. Bütün bunların ortaq məxrəcinə əsasən, əsərin bərpa qiyməti, xərclər hesablanır. Məsələn, divarda deşiklər açılmalıdır, sual yaranır nə ilə açılacaq? O deşilmiş hissələrə maddələr yeridilməlidir, yenə sual yaranır, nə ilə yeridiləcək? Yəni bərpa prosesi bu cür mərhələli şəkildə aparılır.

– Natiq müəllim, İlya Repinin məşhur “İvan Qroznı oğlunu öldürür” əsərini bir neçə dəfə zədələyiblər. Bizdə belə hadisələr olub?

– Yox, amma onu yaxşı dedin, dünyada belə şeylər dəfələrlə olub. Məsələn, Rembrandtın “Danaya” əsərinə turşu atıblar, Munkun əsərinə Osloda bıçaq vurublar – belə nümunələr çoxdur. Bu şeylər daha çox psixi xəstəliyi olan adamlar tərəfindən həyata keçirilir. Sənə bir şeyi dəqiq deyim ki, bizim xalqın genetikasında əşyalara, incəsənət nümunələrinə qarşı həssaslıq var, onu qorumaq, ziyan vurmamaq kimi xüsusiyyət var. Məsələn, gedirəm hansısa rayona, bir dənə uşaq yaxınlaşır, qəpik göstərir ki, bunu filan yerdən tapmışam, tarixi pula oxşayır. Baxıram, izah edirəm ki, filan dövrdən gəlib və s. Soruşuram ki, indi bunu neyləmək istəyirsən? Deyir, muzeyə verəcəm.

Bayaq “Danaya” əsərinə turşu atılmağını misal çəkdim. O adam xəstə idi, onda çox nadir xəstəlik var idi – qadınlara nifrət. Jurnalların birində o şəkli görüb və o əsərdə də qadının çılpaq təsviri var. Adam şəkildən əsəbiləşib, qərar verib ki, tablodakı qadını “öldürsün”. O vaxt muzeylərin nəzarət sistemi də indiki kimi güclü deyildi. O da özü ilə turşu aparıb və əsəri zədələyib.

– Bərpa olundu?

– Bəli, onun bərpa komissiyasına mən də üzv seçilmişdim. Müəyyən məsləhətlər verildi, elə bizim fikirlərlə də əsərin bərpası həyata keçirildi, haradasa 10 il çəkdi. Əsərin bəxti onda gətirmişdi ki, üzərinə 9 dəfə lak çəkilmişdi, atılan turşu lakı yemişdi. Əsərin bir nömrəli düşməni sudur, o vaxt bu hadisə olanda təşvişə düşüb, əsəri yanğınsöndürmə aparatı ilə yumuşdular və düz də etmişdilər. Başqa şeylə onu yumaq olmazdı. Rəngə çatana qədər artıq su turşunu nisbətən öldürmüşdü.

Bizdə belə hadisə yox, amma qismən buna bənzər qalmaqal olmuşdu – muzeydən 93 əsər oğurlanmışdı. Mən o zaman 2 il yoxlanış komissiyasında ekspert olmuşam, əvvəl sayını 12 deyirdilər, sonra məlum etdik ki, 93-dür. Əsərlər sonradan Amerikadan tapıldı, hamısı qaytarıldı və sərgisi təşkil edildi.

– Əli bəy Hüseynzadənin əsərlərindən bərpa olunan var?

– Bəli, burada var. Rəhmətlik Fərhad Hacıyev “Bibiheybət məscidinin görünüşü” tablosunu bərpa edib. Haradasa, 60-cı illərin ortasında bərpa olunub. Həmçinin, bir sıra əsərlərini Teymur Rzayevin təşəbbüsü ilə Azərbaycan Dövlət İstiqlal Muzeyinə veriblər və Elmi Bərpa Mərkəzində onların bir qisminin bərpasında biz də iştirak etmişik.

– Bəs Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid hansı əsərlər bərpa edilib?

– O əsərlər ya Tarix muzeyində, ya da İstiqlal muzeyindədir. Tarix muzeyində də 15-20 il qabaq bərpa şöbəsi açıldı və indi orada da bərpa işləri gedir. Mən orada da işləyirəm.

– Xanlıqlar dövrü bəs...

– Çoxdur. Gəncə xanlığının, İrəvan xanlığının bayrağı, qızıl-zinət, geyim əşyaları və s. bərpa edilib. Bayaq foyedə göstərdiyim “Şəki xan sarayı” da onlardan biridir. Memarlıq binalarının bərpasında da bizdən məsləhət alırlar, son dəfə “Qırmızı körpü”nün bərpası zamanı müəyyən məsləhətlər vermişik.

– Natiq müəllim, şairlər kimi rəssamlar doğulur, hə?

– Yaradıcı adam mütləqdir ki, doğulur. Bu, birmənalıdır. Məsələn, çəkməçi də bir yaradıcıdır və o da çəkməçi olaraq doğulur. Amma bir şey də var ki, bəzən istedadsız adamlara da rast gəlirik. Rəssamlıq Akademiyası hər il nə qədər məzun buraxır, amma onların hamısı rəssamdırmı? Yox. Bizim nə qədər aktyorlarımız olub ki, həm də rəssam olublar. Yəni o adamlarda yaradıcılığın müxtəlif tərəfləri olub. Qaraca çobanı oynayan Elçin Məmmədov rəssam olub, yaxud Suğra xanım (aktrisa Suğra Bağırzadə - red.) həmçinin, rəssamlıqla məşğuldur. Məsələn, mən özüm şeir, parodiyalar yazıram.

– Sosial şəbəkədə bir ABŞ-lı rəssam görmüşdüm. Təyyarə ilə şəhərin üzərindən keçəndə şəhərə bir dəfə baxırdı və düşəndən sonra həmin mənzərəni çəkirdi.

– Adam var ki, ani şəkildə 30 dənə rəqəmi göstərirsən, amma sonra o, heç bir səhvə yol vermədən o rəqəmləri sənə deyir. Bu, göz yaddaşının gücüdür.

– Sizin Ağdamı çəkdiyiniz şəkildə də göz yaddaşının rolu var.

– Demək olar ki, hə. Mən ani görmüşəm, yolla gedə-gedə başladım onu çəkməyə. İndi bunu kağız üzərinə köçürəndə də əlavələr edəcəyəm, təbii.

– Ən sevdiyiniz rəssam kim olub?

– Çoxdur, amma, yəqin ki, Van Qoq. O adam 26 yaşdan 35 yaşa qədər rəssamlıqla məşğul olub, təbiəti tamamilə başqa cür görüb, təsvir edib. Yaxud Salvador Dali. Həyatı yuxu kimi təsvir edirdi. Dənizi qaldırmaq, saatı, zamanı əritmək və s.

Toğrul Nərimanbəyovun əsərlərini çox sevirəm, pərəstiş edirəm. O əsərlərini sanki səbət kimi toxuyurdu. Mən Toğrul bəyi Ginnesin Rekordlar Kitabına saldırmaq üçün təşəbbüs qaldıracağam.

– Niyə?

– Toğrul Nərimanbəyov dünyada yeganə rəssamdır ki, 600-700 kvadrat metr divar rəsmi çəkib. Abdulla Şaiq adına Kukla Teatrında 300, Milli Məclisdə 130, Gəncədə 80 kvadrat metr və sair.

– Gəncədə?

Gəncədə məhəllə məscidi var idi, uçmuşdu. Camaat bərpası üçün müraciət etmişdi. Məscidin içərisinə baxanda görüblər ki orada vaxtilə Nizami və Puşkin adına kitabxana olub. Divarlarda isə rəsm əsəri, müəllif də Toğrul Nərimanbəyov, təqribi, 80 kvadrat imiş. Gecə mənə Əbülfəs Qarayev zəng vurdu ki, Gəncədə belə bir məsələ var. Gedib baxdım, izah elədim ki, bu, vəsait tələb edir, mən bunu divardan söküb istənilən yerə köçürə bilərəm.

Cüzi bir vəsait ayrıldı, mən açıq deyim, Şəkidə də son anda öz cibimdən xərclədim, burada da həmçinin. O əsər qrafika ilə yağlı boyanın sintezi idi. Heç kəsin elə bir əsər yaratmağa gücü çatmazdı, amma Toğrul etmişdi. Gəncədə başqa bir yerə əsərin həcmi uyğun gəldi, köçürdük ora. Amma arxa tərəfdən onun nəm çəkmə ehtimalı vardı, ona görə öz cibimdən pul ayırıb arxa tərəfdən bir dənə də divar atdım.

– Ümumiyyətlə, bizdə yerli mütəxəssislərdən daha çox, xaricilərə inam var.

– Təəssüf ki, hə. Şəki xan sarayını 1962-ci ildə Peterburqdan gələn bərpaçılar işləmişdi, pərvazlarını isə Fərhad müəllim eləmişdi. 2000-ci illərdə təzədən onun bərpası gündəm oldu. 4 firma tenderə qatıldı və 4-ü də məni çağırdı, dördünə də layihəni hazırlayıb təqdim etdim. 4-ü də dedi ki, qazansaq, birgə işləyirik. Bir də xəbər tutdum ki, 3 milyon pul ayrılıb, almanlar udub və məni çağıran belə olmayıb. Sarayın arxasında yeraltı sulardan ötrü boru salıblar, axan sular boru vasitəsilə dolanıb axacaqmış. Bir müddət sonra boru tutulub və divarı zədələməyə başlayıb. Mənə dedilər, dedim ki, komissiya yaradılsın, o bərpanı kim edibsə araşdırılsın, təzminat alınsın, sonra işə başlayım. Hələ ki, o söhbət qalıb, gözləyirik görək nə olur...

# 5150 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
# # #