Barmaqlarını itirsə də, yazmağa davam edən yazıçımız

Zaur Bayramoğlu, yazıçı

Zaur Bayramoğlu, yazıçı

13 yanvar 2022
# 16:00

Kulis.az Sədaqət Əhmədovanın “Qaranlıqdan süzülən işıq” yazısını təqdim edir.

Ötən il dekabr ayının 5-də Türkiyə Yazarlar Birliyinin Ankara şöbəsində azərbaycanlı yazıçı Zaur Bayramoğlunun “Adını sen koy” kitabının təqdimatı keçirilib. Həmin kitab artıq Boğaziçi Universitetinin elektron kitabxanasına da daxil edilib.

Oktyabrın əvvəllərində 7-ci Bakı Beynəlxalq Kitab Sərgisində kitabları təqdim olunan, dekabr ayında qardaş ölkədə kitabının təqdimatı keçirilən yazıçımızı kifayət qədər tanıyırıqmı?

Zaur Bayram oğlu Muradov keçmiş XTQ zabiti, Qarabağ qazisidir, vətən üçün canından, sağlamlığından keçən minlərlə igid, cəsur oğullardan biridir. 2001-ci ildə vəzifə borcunu yerinə yetirərkən mina partlayışı nəticəsində ağır kontuziya alıb, gözlərini, barmaqlarını itirib, beynindəki çox sayda qəlpələrlə yaşayır. Yaşayır və fiziki olaraq dayandırmağa məcbur olduğu mübarizəsini qələmi ilə davam etdirir. Bəzi laqeyd insanların, təkəbbürlü məmurların ögey münasibətinə rəğmən, insanlığını və mübarizə əzmini itirmədən, vətən üçün, millət və xalq üçün bacardığını edir.

Əsərlərində Azərbaycan ordusunun əsgər və zabit heyətinin Qarabağ uğrundakı inadlı və fədakar mübarizəsindən bəhs edən yazıçı Zaur Bayramoğlu dörd kitab müəllifidir: “Öz üzərində qələbə” (2019), “Döyüşlə kəşfiyyat” (2020), “Adını sən qoy” (Bakı, 2021, mart) və “Adını sen koy” (Ankara, 2021, noyabr).

“Öz üzərində qələbə” kitabı müəllifin şəxsi həyat təcrübəsinə əsaslanır. Qayğısız, intizam sevməyən ali məktəb tələbəsindən XTQ-in intizamlı, peşəkar zabitinədək çətin və əzmli bir yol keçən, nəticədə öz zəiflik və qorxularına qalib gələrək “fiziki cəhətdən bərkiyib möhkəmlənmiş” insana çevrilən real ədəbi qəhrəman obrazı gənclərimiz üçün yaxşı nümunədir. Əsərdə iki gəncin məhəbbətini əks etdirən romantik səhnələrə, bəzi tarixi məlumatlara yer verilsə də, əsas məqsəd gənclərin ağır sınaqlardan çıxaraq və ordu sıralarında kişilik məktəbi keçərək necə möhkəmlənməsindən, ixtisaslı bir hərbçiyə necə çevrilməsindən bəhs etmək, gənclərə vətənpərvərlik duyğusu aşılamaq, orduya, hərbçi peşəsinə sevgi hissini təlqin etməkdir.

“Döyüşlə kəşfiyyat” əsərinin yazılmasında məqsəd, müəllifin də qeyd etdiyi kimi, “qəhrəmanlıq salnaməmizin kiçik bir bölümünü... millətimizin qan yaddaşına yazmaq”, “al qanları ilə suvardıqları” torpağı Vətən edən şəhidlərin əziz xatirəsini bədii obrazlar vasitəsilə yaşatmaqdır. Əsərdə çox əhəmiyyətli bir döyüş və kəşfiyyat tapşırığının yerinə yetirilməsindən, XTQ əsgər və zabitlərinin qəhrəmanlıq və peşəkarlığından, ölümün gözünün içinə baxa-baxa bütün təhlükələrdən keçərək zəruri nəticəni əldə etmələrindən, ağır yaralandıqda, əl-ayaqlarını don vurduqda belə dayanmayıb yoldaşlarına kömək etməyə can atmalarından, yüksək rütbəli zabitlərin öz tabeliyindəki hər zabitə, hər əsgərə görə keçirdiyi narahatlıqdan, şəhidlik zirvəsinə ucalan zabit və əsgərlərin fədakarlığından danışılır.

Azərbaycanda nəşr olunmuş “Adını sən qoy” əsəri yazıçının üçüncü kitabıdır. O burada özünün ənənəvi hərb mövzusundan kənara çıxır və iki gəncin real hadisələrə əsaslanan sevgi əhvalatından bəhs edir.

Türkiyədə (türk dilində) işıq üzü görən eyni adlı “Adını sen koy” kitabında isə son iki əsrdə Azərbaycan ərazisində baş verən müxtəlif hadisələri, o cümlədən, azərbaycanlıların müxtəlif illərdə Qərbi Azərbaycandan sürgün edilərək çıxarılmasını, 20 Yanvar faciəsini, xüsusilə də 30 il davam edən Qarabağ müharibəsinin müxtəlif epizodlarını özündə əks etdirən hekayələr toplanmışdır.

Zaur Bayramoğlunu digər yazıçılardan fərqləndirən, əsərlərini oxucular üçün xüsusilə dəyərli edən iki amil vardır. Müəllif həm tarixçi, həm də peşəkar hərbçidir.

O, tarixi hadisələri bir tarixçi kimi işıqlandırır. Əsərlərində Rusiya imperiyasının yürütdüyü, kökü I Pyotrun Dərbənd səfərinə gedib çıxan ermənilərin Qafqaza köçürülməsi siyasətinin səbəbləri, gedişatı və nəticələri, torpaqlarımızda tədricən Ermənistan adlı dövlətin yaradılması, sonrakı illərdə də hər fürsətdə torpaqlarımızın hissə-hissə qoparılıb ermənilərə verilməsi; azərbaycanlıların məqsədli şəkildə hərb sənətindən uzaqlaşdırılaraq onlardakı döyüşkənlik ruhunun sarsıdılması; rusların əbədi erməni havadarlığı, Qarabağ müharibəsindəki rolları və s. kimi məsələlərə toxunulur.

“Öz üzərində qələbə” əsərində mövzu daha çox şaxələnir. Burada Alban mədəniyyətinin və Alban kilsəsinin tədricən erməniləşdirilməsi, Nargin adası ilə bağlı faciəli hadisələr, H.Z.Tağıyevin xeyriyyəçilik fəaliyyəti, blokadada qalan Naxçıvan əhalisinin əsrin əvvəllərində yaşadığı çətinliklər və s. kimi ən müxtəlif tarixi və real hadisələrdən söhbət açılır. Yazıçı hərbi biliklərindən yararlanaraq müxtəlif silahlar, onların tətbiq sahəsi, imkanları, müsbət və mənfi cəhətləri haqqında ətraflı məlumat verir, eyni zamanda, ordunun yaranma və inkişafının ilkin dövrlərindəki çatışmazlıqlardan, ərzaq və silah-sursat təminatındakı çətinliklərdən, fərarilik hallarından və s. söhbət açır.

Əsərlərində toxunduğu ağır mövzulara, müxtəlif silahlar, hərbi texnika və s. haqqında verdiyi geniş məlumatlara, hərbi döyüş və kəşfiyyat əməliyyatlarının planlaşdırma və həyata keçirilməsinin kiçik detallaradək təsvir olunmasına baxmayaraq, yazıçının axıcı, oxucunu yormayan, incə bədii təsvir vasitələri ilə zəngin olan təhkiyəsi var. Tarixi məlumatlar, hərbi bilgilər ardıcıl olaraq verilmir, əsərlərin müxtəlif hissələrinə səpələnir, hadisələrə uyğunlaşdırılaraq təsvir edilir. Hərbi terminologiyamızın kasad dövründə müəllifin asan yola qaçmaması, yad sözlərdən mümkün qədər az istifadə etməsi, dilin saflığını qorumağa çalışması da diqqətəlayiq haldır. “Dikuçar”, “yerləşgə”, “heyət daşıyıcı”, “qurama”, “yanalma körpüsü” və s. kimi az işlənən sözlərə müraciət etməsi, dialoqların ustalıqla qurulması, uğurlu mövzu keçidləri yazıçının dil ehtiyatının zənginliyindən xəbər verir.

Z.Bayramoğlunun yazıçılıq fəaliyyəti adi bir həvəsdən, yaradıcılıq qabiliyyətini nümayiş etdirmək istəyindən irəli gəlmir. O, fiziki mübarizəyə sağlamlığı imkan vermədiyi üçün, ordumuza, əsgər və zabitlərimizə, döyüş dostlarına qələmi ilə yararlı olmaq istəyir: “...Əsgər olmanın, zabit olmanın bir şərəf işi olması xalq, özəlliklə də gənclik içərisində yayılmalı, ordumuza inam, sevgi, yüksək sayğı günlük normaya çevrilməlidir. Bu yolda hər kəs əlindən gələni etməlidir. Mən artıq əlimə silah ala bilməsəm də, qələm mənim üçün bir silaha çevrilib və yazılarımla ordumuza yardım etməyi özümə borc bilirəm” (“Öz üzərində qələbə”).

Yazıçının mübarizə əzmi “Döyüşlə kəşfiyyat” əsərində xüsusilə qabarıq hiss olunur. “Mənə geri dönməyi deyil, verilmiş əmri yerinə yetirməyi, ailəsini, sevgilisini deyil, vətən uğrunda ölməyi düşünəcək əsgərlər lazımdır, çünki bu əməliyyata gedəcək əsgərlərin sağ-salamat geri qayıtma ehtimalı azdır... özünü şəhid olmağa hazır hesab etməyənlər bu əməliyyata getməməlidir...” II Qarabağ savaşından əvvəl qələmə alınmış “Döyüşlə kəşfiyyat” əsərində döyüşdən əvvəl komandirin dilindən səslənən həmin sözlər sonralar – 44 günlük Vətən müharibəsində, xüsusilə, Şuşanın azad edilməsində əsgər və zabitlərimizin göstərdikləri əfsanəvi, dastanlara sığmayan qəhrəmanlığın kökünü, özəyini açıqlayır.

Zaur Bayramoğlu, bir hərbçi kimi, Vətən müharibəsindən əvvəl də ordumuzun nəyə qadir olduğunu çox gözəl bilirdi və hərbi-vətənpərvərlik mövzusunda yazdığı əsərləri ilə xalqımıza orduya və qələbəyə inam duyğusu aşılayırdı. II Qarabağ savaşından əvvəl Azərbaycan əsgərinə müraciətlə yazdığı bu sözlər əsərlərinin ideya və məqsədini aydın şəkildə ifadə edir: “Əziz əsgər! İlk Qarabağ savaşındakı məğlubiyyətimizi sənin üstünə yıxmaq istəyənlər bədxahların, ya da xarici kəşfiyyatın təbliğatına inanan, Əsgəran döyüşündən, Şuşa keçidindən xəbərsiz olan cahillərdir. Mən bir sən olaraq sənin nələrə qadir olduğunu çox gözəl bilirəm. Başını dik tut və pusquya yatmış aslan kimi ovunun üstünə sıçrayacağın zamanı gözlə. O gün gəldiyində sən mütləq qalib gələcəksən!”

O gün gəldi. Azərbaycan artıq qalib ölkə, ordumuz müzəffər ordudur.

Hazırda istedadlı yazıçı ordumuzun Vətən müharibəsindəki qəhrəman mübarizəsini əks etdirəcək yeni bir layihə üzərində işləyir. Həmin layihənin ilk əsəri olan “Pusqu” povesti yaxın zamanlarda oxuculara təqdim olunacaq.

İşığı görə bilməyən yazıçı Zaur Bayramoğlunun yaradıcılığı aşıladığı böyük vətən, millət və ordu sevgisi ilə qaranlıqdan süzülən işıq kimidir. Hər birimizin qəlbində gur atəşə çevrilən işıq kimi...

# 2045 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
# # #