Nonna Vinnitskaya: "Çingiz Abdullayev mənim xəstəm olub" - Müsahibə

Nonna Vinnitskaya:  "Çingiz Abdullayev mənim xəstəm olub" - Müsahibə
1 sentyabr 2025
# 14:05

Kulis.az APA-nın “Əsrin yaşıdı” layihəsində Mirmehdi Ağaoğlunun Bakının keçmiş Baş nevropatoloqu Nonna Vinnitskaya ilə müsahibəsini təqdim edir.

Dosya: Nonna Vinnitskaya 1941-ci ildə Bakıda anadan olub. Nevropatoloqdur. Uzun müddət “Semaşko”da (1 saylı Kliniki Tibbi Mərkəz – M.A.) çalışıb, Bakının Baş nevropatoloqu olub.

Nonna xanımla müsahibə isti avqust günlərindən birinə təsadüf edir. Səhər çağına vədələşsək də, metrodan çıxıb beş dəqiqəlik yolu gedənəcən isti əhədimi kəsir. Özümü güc-bəla ilə onun bu yaşda da çalışdığı klinikalardan birinin girişindən içəri atıram. İçəri girər-girməz də özümü kondisionerin qabağına verirəm, toxtayım. Yalnız azacıq sərinləyib özümə gələndən sonra müsahibimin telefon nömrəsini yığıb, beşinci mərtəbəyə qalxacağımı öyrənirəm.

...söhbətimizə mənim artıq təşrif gətirdiyim bu balaca kabinetin divarları şahidlik edəcək. Bunun üçün Nonna xanımı kreslosundan ayırıb pasiyentləri üçün nəzərdə tutulmuş xudmani kətildə əyləşdirirəm. Görək, karyerası boyu minlərlə xəstə qəbul etmiş qocaman həkim özünü pasiyent kimi necə hiss edəcək?

- Nonna xanım, Azərbaycan dilində yaxşı bilirsiniz? Yoxsa elə rusca danışaq?

- Mən Azərbaycanca başa düşürəm, amma danışmağa çətinlik çəkirəm. Rusca cavab verəcəyəm.

Atam müharibə vaxtı hərbləşdirilmiş zavodda işləyirdi, anam isə cəbhədən gələn xəstələrin müalicəsi ilə məşğul olurdu

- Onda istərdim ilk sualım sizin milli mənsubiyyətiniz barədə olsun. Mən bilirəm ki, ananız gürcü qızıdır.

- Anam, bəli, gürcüdür, atam yəhudi. Anam Militsa Semyonova Qzelişvili 1937-ci ildə Moskva Tibb İnstitutunu bitirəndən sonra təyinatla Bakıya gəlib. Atam isə Odessada institut bitirib. O da təyinatla Kransovodska (indiki Türkmənbaşı şəhəri - M.A.) gəlib. O zaman Krasnovodsk Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tərkibində idi. Anam da Bakıya təyinat alandan sonra burdan Krasnovodska göndərilir. İlk illər orada işləyir. Atamla anam orada tanış olurlar, bundan sonra birlikdə Bakıya köçüb burada yaşamağa başlayırlar. Mən də Bakıda doğuluram.

- Necə tanış olublar, danışıblar, yadınızdadır?

- Yox, onlar Krasnovodskda tanış olublar. Bilmirəm.

- Neçənci ilə ildə anadan olmusunuz?

- 1941-ci ildə anadan olmuşam.

- Müharibə vaxtı?

- Hə, müharibə vaxtı.

- Mən oxumuşam ki, sizin ananız müharibə vaxtı hospitalda çalışıb.

- Bəli, atam isə Bakıda hərbi zavodun rəhbəri idi.

- Atanız həkim deyildi?

- Yox, mühəndis idi. Müharibə vaxtı hərbləşdirilmiş zavodda işləyirdi. Onlar tez-tez cəbhə bölgələrinə gedir, istehsal etdikləri avadanlığı cəbhə bölgəsində test edirdilər. Anam isə cəbhədən gələn xəstələrin müalicəsi ilə məşğul olurdu.

- Ona körpə uşaqla işləmək çətin olardı.

- Yəqin.

- Sizi özü ilə hospitala aparırdı?

- Yox, mən o vaxt balaca olmuşam, haradan yadımda qalacaq? Bir də ki, mən həmişə dayə ilə idim. Anam səhərdən axşama kimi işləyirdi, Bakıda isə qohumlarımız yox idi ki, anam məni onların yanına qoysun. Qohumlar Odessa və Tbilisidə yaşayırdılar.

- Atanız Odessa yəhudisi idi?

- Bəli. Orada doğulmuşdu.

Mənim çox qayğısız uşaqlığım olub

- O dövrün Bakısını, müharibəni, müharibədən sonrakı dövrü necə xatırlayırsınız?

- Müharibə dövrünü o qədər də xatırlamıram. Tez-tez Bulvara getməyimiz yadımdadır. Çünki biz Xəzər Dəniz Gəmiçiliyinin binasında yaşayırdıq. Ordan Bulvara yaxındır. Mən ömrümün 50 ilini orada yaşamışam, 23 nömrəli məktəbdə də oxumuşam. Sizə deyim ki, mənim çox qayğısız uşaqlığım olub. Mənim yox, amma yəqin ki, valideynlərimin müharibə dövründə həyatı çətin keçib. Mən ailədə yeganə övlad idim. Onun üçün də ata-anam əllərindən gələni edirdilər ki, mənim üçün yaxşı olsun, korluq çəkməyim. Yadımdadır ki, müharibə dövründə mən uşaq bağçasına gedirdim.

- Eşitmişəm ki, müharibə vaxtı təhlükə yaranan zaman şəhər sakinləri bunkerlərə qaçırdılar.

- Yox, elə bir şey mənim yadıma gəlmir. O vaxtı pəncərələrə taxta qapıya bənzəyən kəpənglər vurulardı. Axşamlar onları örtərdik ki, küçəyə işıq düşməsin. “Həyəcan” siqnalı səslənən kimi də tez onları bağlayırdıq. Bir də müharibənin bitməyi yadıma gəlir. Bulvarda atəşfəşanlıq olmuşdu, şəhər rəngarəng işıqlara qərq olmuşdu.

Milliyyət məsələlərində özümə qarşı çətinlik hiss etməmişəm

- Siz onda Qələbə Gününü xatırlayırsınız?

- Çox dumanlı şəkildə xatırlayıram. Onda mənim dörd yaşım vardı. Nə xatırlaya bilərdim?

- O dövrdə yaşamaq çətin idi?

- Uşaq olduğum üçün mənə çətin deyildi, görünür ata-anama çətin olub. Yenə də deyirəm, mənim uşaqlığım çox şən keçib.

İndiki dövrlə müqayisədə o illərdə insanlar arasında münasibət çox gözəl idi. Birincisi, mən şəraitə uyğunlaşan adamam və milliyyət məsələlərində özümə qarşı çətinlik hiss etməmişəm. Sözün düzü, heç olmasa, özüm də bilmirdim milli mənsubiyyətim nədir. Bakıda internasional hava yaşandığından məktəbdə oxuyan zaman mənim millətimi soruşanda deyirdim rusam. Çünki öz milli mənsubiyyətimi bilmirdim. Sonralar mən hansı millətə mənsub olduğumu bildim, amma bununla belə mən milli mənsubiyyət məsələsində heç zaman çətinlik yaşamamışam. Birinci mən qeyri-azərbaycanlı olaraq Bakının keçmiş Baş nevropatoloqu işləmişəm. Dissertasiya müdafiə eləmişəm, düzdür, namizədlik dissertasiyasını Leninqradda eləmişəm, yenə də olsun, uzun müddət “Semaşko”nun Nevrologiya şöbəsinə rəhbərlik etmişəm. Yəni heç bir zaman milli mənsubiyyət məsələsində özümə qarşı təzyiq hiss etməmişəm.

- Necə deyərlər, Bakıda o dövrdə yeganə millət vardı, “bakılılar” adlanırdı.

- Bəli. Bakı həmişə internasional şəhər olub. Mənim hələ də azərbaycanlı dostlarım var. Özü də nəvəm azərbaycanlı xanımla evlənib. Yeri gəlmişkən, nəvəm Nəriman Nərimanovun nəslindəndir.

Çingiz Abdullayev də, Natiq Rəsulzadə də mənim keçmiş xəstələrim olub

- O dövrdə məşhur adamlardan kimlərlə münasibətiniz, dostluğunuz vardı?

- Bizim mənzilin üstündə İrina Alleqrovagil (1960-cı illərdə Bakıda yaşamış erməni əsilli Rusiya müğənnisi, Azərbaycan SSR-in Əməkdar artisti, - M.A) qalırdılar. Müslümlə (Müslüm Maqomayev- M.A.) Polad (Polad Bülbüloğlu- M.A.) tez-tez onlara qonaq gəlirdilər. Çox yaxşı münasibətimiz var idi. Alleqrovagil Moskvaya köçəndən sonra təəssüf ki, əvvəlki sıx əlaqələrimiz qalmadı, amma bayramlarda filan bir-birimizi təbrik edirik.

- Şair-yazıçılardan kimlərlə bir yerdə böyümüsünüz, dostluğunuz olub?

- Maqsud İbrahimbəyovun keçmiş həyat yoldaşı, Murad İbrahimbəyovun anası Tamilla Aşumova ilə rəfiqə idik. O, jurnalist idi. Uşaqlarımız bir yerdə oynayardı. Bundan başqa Çingiz Abdullayev də, Natiq Rəsulzadə də mənim keçmiş xəstələrim olub. Rus Dram Teatrının aktyorları arasında da xeyli pasiyentim olub və təbii ki, onlarla səmimi ünsiyyət qurmuşuq.

- Mən bilirəm ki, sizin pasiyentləriniz arasında elələri olub ki, ata da sizin yanınıza gəlib, övlad da gəlib, indi də nəvə qəbulunuza gəlir.

- Əlbəttə, o qədər olub. Day mən 64 ildir nevrologiya sahəsində çalışıram, görün nə qədər pasiyent əlimdən keçib.

Mənim İsrailə köçmək şansım çox olub

- Nonna xanım, nə əcəb doxsanıncı illərdə bir çoxları kimi siz də İsrailə gedib, orada həkimlik fəaliyyətini davam etdirmədiniz? Axı orada daha çox qazana bilərdiniz?

- Mənim İsrailə köçmək şansım çox olub. Dəfələrlə dəvət ediblər. Niyə getməmişəm? Bəlkə də çox banal səslənəcək, amma mən Azərbaycanı çox sevirəm və mənim Vətənim buradır. Sizə bir etiraf edim: Mən səfərə çıxmağı çox sevirəm. Beynəlxalq tədbirlər, konfranslarla bağlı dünyanın çox yerində olmuşam, Yaponiyadan Amerikaya qədər gəzmədiyim ölkə qalmayıb. Amma mən bu vaxta kimi bir dəfə belə olsun İsraildə olmamışam.

- Niyə?

- (Gülür) nəsə belə alınıb. Həm də orda bircə qohumum belə yoxdur.

- Bakıda sizi cəlb edən nədir? Yayı...

- (Sözümü kəsir) çünki Bakı mənim vətənimdir, ona görə də demək olmaz ki, nəyi cəlb edir, nəyi yox.

Bakı mənim vətənimdir

- Yayı istidir...

- Mən istini sevirəm.

- Qışı xəzrili, küləkli...

- Nə olsun! Bakı mənim vətənimdir. Bu bir. İkincisi isə mən burada tələb olunan adamam. Burada özümü rahat hiss edirəm. Şəhərdə məni tanıyır, hörmət qoyurlar. Siz mənim barəmdə olan kitablara baxmısınız?

- Hansı kitabı deyirsiniz?

- “Azərbaycanın görkəmli qadınları” adlanır.

- Ananızın da adının salındığı kitabı deyirsiniz?

- O ayrı. Anamın adı salınan kitab 1975-ci ildə çıxıb. Onu keçmiş səhiyyə nazirinin müavini Cavadov hazırlamışdı. Ora mənim haqqımda bir cümlə də yazılmışdı ki, qızı da anasının yolu ilə gedir, hazırda “Semaşko”da işləyir. Amma sonradan çıxan “Azərbaycanın görkəmli qadınları” kitabına isə mənim adım ayrıca verilib.

- Övladlarınız da həkimdir?

- Qızım, oğlum, nəvəm həkimdir.

- Hamınız ananızın yolu ilə gedirsiniz.

- Bəli, mən hələ məktəbdə oxuyanda bilirdim ki, nevropatoloq olmalıyam.

- Mənə sizin haqqınızda danışanda dedilər bu yaşda belə xizək sürməyi çox sevir.

- Yox, yox, yox....

- Hər il İsveçrəyə dincəlməyə gedir.

- Yox. Elə deyil. Düzdür mən idmançıyam, nə vaxtsa voleybolla məşğul olmuşam, hətta balaca boyuma baxmayaraq, basketbol komandasına kapitanlıq da etmişəm. Əlbəttə, bunlar gənclik dövründə olub. Amma xizək sürmək mənlik deyil.

- Mənə Sovet dövrünün 60-70-ci illərinin həyatı həmişə maraqlı gəlib. Mənə görə həmin vaxtı SSRİ-dəki əmin-amanlıq dünyanın heç bir dövründə, heç bir ölkəsində olmayıb.

- O illər ən qayğısız illər idi. Həmin dövrdə Bakı şəhərindəki atmosfer, ab-hava qeyri-adi idi. Əvvəla Bakı internasional şəhər idi. İnternasional şəhərdə də müxtəlif millətlərin, konfessiyaların nümayəndələri bir-biriləri ilə ünsiyyətdən yalnız xeyir tapırlar. Dünya görüşləri, düşüncələri yeni olur. Onun üçün də mən düşünürəm ki, o dövrdə həm Bakıda yaşayan azərbaycanlılar, həm də qeyri-azərbaycanlılar üçün gözəl, qayğısız günlər idi.

Novruz bayramında mən bilirdim ki, qonşuların verdikləri sovqat nəticəsində bizim evdə olan şirniyyat istənilən azərbaycanlının evindəkindən çoxdur (gülür). Təbii ki, bizim bayramlarda da anam nəsə hazırlayanda qonşulara pay verirdi. Mənim çox mehriban qonşularım olub.

- O vaxt Bulvarda, Zabitlər bağında və şəhərin müxtəlif yerlərində rəqs meydançaları qurulurdu, axsamalar orada canlı musiqi ifa edilər, qızlar, oğlanlar rəqsə gedərdilər.

- Ola bilər var idi, lakin mən belə yerlərə getmirdim. Tanımadıqlarımın arasına niyə gedim? Hə, tələbə yoldaşlarımızla öz aramızda əyləncələr təşkil edərdik, amma siz dediyiniz yerlərə getməzdik.

- 64 ildir bu sahədə çalışırsınız. Bu datanın əvvəli ilə sonu arasında nə dəyişiklik var? Misal üçün, pasiyentlər bu illər necə dəyişiblər?

- Pasiyentlər dəyişilə bilməzlər. Mən dediyim kimi “Semaşko”da uzun illər işləmişəm, ora da bildiyiniz kimi ağır yerdir. Hətta orada belə mən heç zaman pasiyentlərlə ünsiyyət zamanı çətinlik hiss etməmişəm. Həmişə ortaq dil tapmışıq.

Pasiyentlərimi heç vaxt artıq analiz verməyə qoymamışam, artıq dərman yazmamışam

- Bəlkə həmən dövrdəki xəstələr özlərinə qarşı daha tələbkar idilər, yaxud əksinə?

- Mən özümə qarşı o qədər tələbkar olmuşam ki, xəstələrdə hansısa məsuliyyətsizlik görməmişəm. Həkim gərək həmişə situasiyaya nəzarət etməyi bacarsın.

- Bəs xəstəliyə qarşı məsuliyyətdə, yaxud davranışda milli xüsusiyyət rol oynayır? Məsələn, biz tez-tez belə fikir işlədirik: Bizim millət ancaq ölməyə yaxın həkimə gedir.

- Yox, mən elə fərqi heç vaxt hiss etməmişəm. Yalnız sənəd qabağıma gələndə, xəstənin ad-familiyasını oxuyarkən hansı millətdən olduğunu bilirəm. Mən heç bir çətinlik yaşamıram. Xəstələrim mənə həmişə çox güvəniblər. Çünki mən pasiyentlərimi heç vaxt artıq analiz verməyə qoymamışam, artıq dərman yazmamışam. Təəssüf ki, indi bunları edirlər. Buna görə də mənə inanırdılar. Və düşünürəm ki, indi də inanır və hesab edirlər ki, həmin prinsiplərim qalır.

- Bəs o illərə baxanda xəstəliklərin sayında artım, yaxud azalma var?

- Yeni xəstəliklər yoxdur. Sadəcə klassifikasiya qaydası, xəstəliklərin xarakteri dəyişib.

- Stressli, depressiv şəhər, tıxaclar. Bunlar xəstəliklərə, əsəblərin pozulmasına təsir edir?

- Əlbəttə, təsir edir. Amma bir məsələ də var ki, hər dövrün öz çətinliyi mövcuddur. Sadəcə mənim iş stilim bir qədər dəyişib, əgər əvvəllər stasionarda çalışırdımsa, indi daha çox konsultasiya ilə məşğulam.

- Siz şəhərin baş nevropatoloqu olmusunuz.

- Bəli. Özü də ictimai əsaslarla.

- Buna görə pul almamısınız.

- Bəli. Məhkəmə-tibbi ekspertizasının da baş məsləhətçisi olmuşam. Orda da ictimai əsaslarla çalışmışam. Bunların hamısını əsas işimlə yanaşı görmüşəm. Üstəlik 2000-ci illərdə sanitar aviasiyada çalışmışam. Ayda iki-üç dəfə təyyarə və vertolyotlarla rayonlara uçur, əhaliyə səyyar xidmət göstərirdik.

- Afərin sizə!

- Təxminən 5 il sanitar aviasiyada işləmişəm. Uçmadığım rayon qalmayıb (gülür).

- Əla. Nonna xanım, bəs bir nevropatoloq həkim kimi necə dəyərləndirirsiniz? Bakı əsəbi şəhərdir?

- Əsəbidir, əlbəttə. Bakı paytaxtdır, bəs necə olmalıdır?

Bakı emosional şəhərdir

- Bakıya gələn qonaqlar ən çox bizim nəqliyyat sistemindən, tıxaclardan gileylənirlər, deyirlər burda maşın sürmək çətindir.

- Onu düz deyirlər, Bakıda maşın sürmək birmənalı olaraq çətindir. Amma onu da nəzərə almaq lazımdır ki, Bakı emosional şəhərdir. Üstəlik Bakı həm meqapolisdir, paytaxtdır. Belə şəhərlərdə də həyat adətən, bu cür gərgin, stressli olur. Təbii ki, burda bizim mentaliteti də nəzərə almaq lazımdır ki, qafqazlılar digər xalqlara nəzərən daha emosionaldırlar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, hazırda dünyada Bakı ən rahat, ən sakit, ən dürüst şəhərdir, mənsə dünyanın hər yerində olmuşam, deməli, bu məsələdə fikir yürütməyə müəyyən mənada haqqım çatır. Mənim dostlarımın çoxu xaricə köçüb, biz onlarla danışanda hər dəfə bura üçün darıxdıqlarını deyirlər. Bundan başqa onlar hələ də bizim tibbə etibar edirlər. Siz bilirsiniz, xaricdə yaşayan nə qədər adamı onlayn konsultasiya eləmək mənə nəsib olub? Mənim Niderlandda, Amerikada xəstələrim var. Bunlar ya bizim bakılılardır, ya da bizim bakılıların qohumlarıdırlar.

- Nonna xanım, biz nələri qoruyub saxlamalıyıq ki, Bakıda əvvəllər mövcud olan o atmosfer yaşasın?

- İstər ictimai, istərsə də milli mənada xeyirxahlıq, qarşılıqlı hörmət kimi dəyərləri qoruyub saxlamalıyıq. Təəssüf ki, Bakıdan gedən intelegensiya ilə - onların içində azərbaycanlılar da var idi – dəyərlərimizin bir hissəsini biz itirdik. Amma onların yerinə gənclər gəlir. Mənim çoxlu tələbələrim olub, onlarla əlaqələrim hələ də davam edir. Buna görə də mən bilirəm ki, güclü cavan kadrlarımız var.

Stalini uzaqdan görmüşdüm

- Bakı görürsünüz də günü-gündən dəyişir.

- Oy, Bakı inanılmaz dərəcədə gözəlləşir. Bəlkə mən subyektivəm, amma deyərdim ki, Bakı dünyanın ən gözəl şəhəridir. Əlbəttə, müəyyən xatirələr var, amma sökülənlərin yerinə o qədər gözəl binalar tikilir, küçələr salınır ki, təəssüflənmirsən.

- Siz əlbəttə Stalini görməmisiz.

- Niyə? Görmüşəm. Anam Rusiyada təhsil aldığı üçün mən uşaq olanda valideynlərimlə Moskvaya tez-tez gedirdik. Bir dəfə də, deyəsən, Moskvanın 800 illiyi zamanı Qızıl Meydana getmişdik. Orada uzaqdan-uzağa Stalini görmüşdüm.

- Bilirsiniz, Sovet İttifaqı haqqında deyilir ki, totalitar rejim idi, insanların heç bir azadlığı yox idi. Bəs daxildə adi insanların həyatı necə idi? Həqiqətən də totalitarizm hiss olunurdu?

- Ola bilsin mənim valideynlərim hansısa çətinliklə qarşılaşıblar, canlarında repressiya qorxusu olub, çünki onlar yüksək vəzifələrdə çalışırdılar. Amma mən heç bir çətinlik hiss etməmişəm.

- İşdə də hiss etməmisiniz?

- Yox. Təbii ki, müəyyən mənada totalitarizm var idi, amma mən bunu şəxsi planda hiss etməmişəm.

- Arzularınız maraqlıdır.

- Əvvəla arzulayıram ki, övladlarım sağlam olsunlar. Hərçənd mən həkiməm, amma arzulayıram ki, xalqımız sağlam olsun (gülür).

- Nonna xanım, 84 yaşınız var, vurğuladığınız kimi, həkimsiniz. Bunlar onu deməyə əsas verir ki, siz düzgün yaşamağın yolunu yəqin bizdən yaxşı bilirsiniz. Necə edək ki, sağlam və uzunömürlü olaq?

- Mən düşünürəm ki, insan öz milli, dini mənsubiyyətini heç vaxt büruzə verməməlidir. Bunlar hamısı insanın qəlbində olmalıdır.

- Onda sağlam və uzun yaşamaq olar?

- Ruhən sağlam olacaqlar, amma uzun yaşamaq baxımından deyə bilmərəm. Arada-sırada sırf profilaktiki nöqteyi-nəzərdən həkimə müraciət etmək lazımdır.

- Bizim xalq işləməyə hədsiz aludədir. İşləyirlər, işləyirlər, dincəlməyi unudurlar.

- İşləmək bizim xalqın milli xüsusiyyətidir. Amma onu deyim ki, artıq əvvəlki kimi deyil, adamlar dincəlməyi unutmurlar, kifayət qədər vaxt ayırırlar. Dünyanı gəzir, dünya görüşlərini genişləndirirlər.

- Əlqərəz, bir həkim kimi yekun olaraq nə tövsiyə edirsiniz, uzun və sağlam yaşamaq üçün nə etsinlər: çəkməsinlər, içməsinlər, idmanla məşğul olsunlar, yoxsa...

- Hər şeyi ölçüsündə, qaydasında eləsinlər. Və bir-birləri ilə xeyirxah davransınlar. Qəlblərində nə qədər az kin-küdurət, nifrət olsa, o qədər uzun yaşayacaqlar.

...bu məqamda müsahibəmiz yekunlaşır. Nonna xanım yenidən həkim kreslosuna qayıdır. Mənsə təzədən cəhənnəmi xatırladan isti Bakı küçəsinə çıxasıyam. Amma bu dəfə içimdə bir sərinliklə - Nonna xanımın Bakıya məhəbbətindən pay götürdüyüm bir parça sərinliklə.

FOTO: İlkin Nəbiyev

# 616 dəfə oxunub

Oxşar xəbərlər

Qəzənfər Paşayev:  "Kiminsə acığına ədəbi həyatda özünüzü təsdiqə çalışmayın..." - Müzakirə - müsahibə

Qəzənfər Paşayev: "Kiminsə acığına ədəbi həyatda özünüzü təsdiqə çalışmayın..." - Müzakirə - müsahibə

15:40 1 sentyabr 2025
Rumiyə Ağayeva qəzaya düşdü

Rumiyə Ağayeva qəzaya düşdü

14:53 1 sentyabr 2025
Film layihələrinin pitçinq mərhələsi  başlanacaq

Film layihələrinin pitçinq mərhələsi başlanacaq

13:45 1 sentyabr 2025
Növbəti Nəsimi  festivalı keçiriləcək

Növbəti Nəsimi festivalı keçiriləcək

13:40 1 sentyabr 2025
SSRİ-nin yataq səhnəsi ilə şantaj elədiyi prezident - “Lastoçka” əməliyyatının pərdəarxası

SSRİ-nin yataq səhnəsi ilə şantaj elədiyi prezident - “Lastoçka” əməliyyatının pərdəarxası

13:00 1 sentyabr 2025
Mətanət Vahid  "LitArtAz" ədəbi - mədəni agentliyini   yaradıb

Mətanət Vahid "LitArtAz" ədəbi - mədəni agentliyini yaradıb

12:30 1 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər