Azərbaycanlı reper: “Elxan Elatlını tulladım kənara...” – Müsahibə

MC BUS, reper

MC BUS, reper

11 mart 2022
# 09:00

Kulis.az azərbaycanlı reper MC B.U.S-la (Baba) müsahibəni təqdim edir.

– Necəsən, Baba?

– Xəstələnmişdim, sən məndən müsahibə üçün vaxt istəyəndə xəstə idim, sağaldım, sən gecikdin, yenə xəstələnmişəm.

– “Əlhəmdülillah” treki yeni albomdandır?

– Yox, o ayrıca bir parçadı. Albomum artıq musiqi platformalarında satışdadı. Vaxt keçdikcə, Yutubda da paylaşacam.

– Qazana bilirsən?

– Şükür Allaha, pis deyil.

– Bizdə musiqiləri platformalardan almaq mədəniyyəti hələ yoxdur. İstəyirlər, hazır yutubdan qulaq assınlar. Ona görə soruşdum ki, platformadan qazana bilmisən?

– Biz elə bir ölkədə yaşayırıq ki, hamının bəlli bir büdcəsi və ona uyğun xərcləri var. Ayda 4-5 dollar az pul kimi görünə bilər. Ancaq bizi dinləyən kütlənin maaşı, evdən ala biləcəyi pul da azdı. Gündəlik 5-6 manat pul ala bilir, onu da siqaretə, yol puluna verir. Ona görə də, gözləyirlər ki, sənətçi yutuba yükləsin mahnıları. Heç kimi qınaya bilmirəm, sosial vəziyyət çox ağırdı. Ölkədə vəziyyət yaxşı olsa, sənətə də pul xərcləyərlər. Adamlar əyləncəsinə pul xərcləyə bilmir.

– Motivasiyadan salmır bu vəziyyət?

– Onsuz da mən repdən böyük qazanc gözləmirəm. Studiyada işlər götürürük, qardaşımın sexi var, hərdən orda başımı qatıram. Pandemiya dövründə, ümumiyyətlə, qazanc olmadı. Məncə, pandemiya dünyada ən çox musiqiçilərə təsir etdi. İndi konsertlər, bətllar olsun, yenə vəziyyət düzələcək yəqin.

– Bətl təklifi var?

– “Kombat Bətl”da Omenlə olacaq.

– Dissləşmə oldu, yoxsa...

– Yox, biz daha əvvəl Omenlə “Eon liqa”da bətla çıxmışdıq. Bu, onun revanşıdır. İntriqa yoxdur aramızda. Sadəcə ikimiz də əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, maraqlı bir bətl olsun.

– Səncə, “Kəllə-Kəlləyə” proyekti davam edə bilər?

– Sənətçilər qonorar istəyir, əgər sponsorlar razı olsalar, niyə də davam etməsin? Amma indi “Kombat Bətl” var və bütün mc-lər ordadır.

– Repi qazancın naminə atarsan?

– Repə mane olacaq heç nəyi istəmirəm. Onsuz da mən dizayner kimi də sərbəst fəaliyyət göstərirəm. Çünki mən müdirlə işləyəcək adam deyiləm. Əslində, musiqi çox da vaxt aparmır. Musiqiyə də, digər işlərə də imkan tapmaq olar. Sadəcə maraq və həvəs olmalıdır.

– Replərin minuslarını özün yığırsan?

– Son işlərimdə yox, mən yığmıram.

– Free beat-lərdi?

– Hə. Repi yazdıran beat-lərdi. Birdən qarşına elə möhtəşəm beat çıxır ki, 10-15 dəqiqəyə sözləri yazırsan. Sonra da beat-ə bir az əl gəzdirirsən, iş bitir. Amma onların da lisenziyasını ödəyirik. Niyə free beat-dir? Çünki, beat yazmaq çox çətindir.

– “Piramida” sənin vizit kartındır. O necə yarandı?

– Hitdir o. Mən bilməzdim ki, o elə tutacaq. Neçə illərdir hələ də dinlənilir.

– Klipsiz həm də...

– Hə, klipi də yoxdu. Onunla belə milyonlar qulaq asır.

– İkincisi tutmadı amma...

– İkincisi Uranla feat olmalı idi. Ancaq bir az yubanma oldu qarşı tərəfdə. Biz də yeni nəsə paylaşmalıydıq. Əlimizdə bu var idi, bunu da paylaşdıq.

– Bir planlama olur yaradıcılığında?

– Planlamanın olması üçün büdcə olmalıdır. Gərək əlində pul ola ki, klipi də çəkəsən, musiqini də tez hazır edəsən. Maksimum bir plan olur, ondan sonrası üçün davamlı plan olmur. Proyektin var, pul yoxdursa, planlama olmur.

– Rep həm əyləncədir, həm də proqres. İkisini bir yerdə vörslərdə (mətnlər) vermək olur?

– Rep, əslində, əyləncədir. Hip-hopun kökü həmişə partilərdən gəlib. Sonralar bir aqressiya, bir az üsyan qarışdı. Beləcə günümüzdəki rep anlayışı yarandı. Mənim son “Əlhəmdülillah” repimdə də həm əyləncə, həm də cəmiyyətin tənqidi var. Qulaq assanız görərsiz ki, bu cəmiyyətin çatışmayan, yarımçıq tərəflərini yazmışam. Və adamlara bunu dinlətməyin yolu əyləncəli musiqidir.

– “Xaraba” sadəcə studiyadı, yoxsa leybl?

– “XRB”, əslində, Xırdalan Rep Birliyi deməkdir. Dostlarla treklər işləyirdik. İndi təkəm, bura həm studiyadı, həm də mənim otağım. “Xaraba” bizik, həm mən, həm dinləyicilərimdi.

– Demək olar ki, bütün replərində Xırdalandan danışırsan. Elə bil, səni Xırdalandan çıxarıb başqa yerə qoysaq, bu parçalar alınmayacaq...

– Mən bu küçələrdə böyümüşəm. Həyatı Xırdalanda görmüşəm, anlamışam, barışmışam. Kasıb məhəllələr mənə həyatı başa salıb. Dostlarımı itirmişəm burda, bəziləri həbsdədir, bəziləri ilə hələ də dostuq. Çətin, yaxşı, pis günlər keçirmişik. Əvvəllər deyirdim ki, pulum çox olanda buralardan gedəcəm. Zaman göstərdi ki, yanılmışam. Mənin ən yaxşı yerlərdə yaşamaq şansım olsa belə, heç vaxt Xırdalandan getmərəm. Əgər özüm haqqında danışıramsa, özüm haqqında oxuyuramsa, həyatı göstərmək istəyirəmsə, mütləq Xırdalandan başlayıb, Xırdalanda da bitirməliyəm. 6 yaşımda atamı itirmişəm, 24 yaşım var artıq. Həyatı atasız başlamaq çətindir. Bir növ bu küçələr böyüdüb məni. Atamın bəlkə də deyəcəyi, göstərəcəyi şeyləri, həyatın o sərt üzünü mən bu yollardan öyrəndim.

– Səni tənqid ediblər?

– Həmişə olub. Xüsusən “Piramida”ya qədər daha çox idi. Mən elə bir dövrə düşdüm ki, repə normal bir musiqi kimi baxmırdılar.

– Rep indi-indi qəbul olunur...

– 2017-dən sonra adamların repə qarşı fikirləri dəyişdi.

– Sizdən öncəki nəslin günahı var bunda?

– Əlbəttə, var. Biz bu gün pul qazana bilmiriksə, bizə mane olan nələrsə varsa, hamısının günahı köhnə nəsildədir. Onlar üçün böyük şərait yaradılmışdı. Hamısı televiziyada idi. Amma, qazandıqları pulu narkotikə xərclədilər. Heç nə qurmadılar, heç nədən istifadə etmədilər. Bizim adamlar həmişə belə edir. Bir az pul qazanan kimi başlayırlar bahalı həyat tərzinə, göstərişlərə can atmağa. Qonşusundan yaxşı yaşadığını göstərmək üçün maşın alırlar, ev alırlar, kreditə girirlər. Bir də baxırlar ki, əllərində heç nə qalmayıb. Sonrakı nəsildə Uran, Xpert var idi. Onlar artıq nəsə etməyə çalışdılar. Bu gün biz istəyirik ki, bizdən sonra gələnlər repdən pul qazansın, yaxşı imkanlar yaransın.

– BUS-ın açılışı nədi?

– Baba, Uran, Saqopa.

– Uranla Saqopanın fanatısan, deməli...

– Dəryanı sevmişəm əvvəllər. Sadəcə, mən repi Uranla tanımışam, Saqopanın “Baytar” treki ilə isə sevmişəm. Məktəb vaxtından bu üç adı yanaşı yazmışam. Sonda baş hərflərindən ibarət bir təxəllüs götürdüm.

– Saqopa fanatısansa, Cəza ikinci plandadı, hə?

– Yox, mən ikisini də dinləmişəm. Dinləyirəm. Cəzanı da sevirəm, Saqopanı da. 11 yaşımda bütün “playlist”im Saqopa idi.

– Digər reperlərlə münasibətin necədi?

– Yeni nəslin ən birincilərindən olmuşam. Köhnələrin gözünün qabağında böyümüşəm. Təzə gələnlər də bizi görüb. Ona görə camiədə qəbul olunmuşuq. Kiminləsə münasibətim gərgin deyil. Hamıya hörmət edirəm və hörmət görürəm.

– Reper olaraq meyxanaya münasibətin necədi?

– Ölkədə inkişaf edən, nələrəsə proqress göstərən tək musiqi repdir, bu öz yerində. Mən qazaxlıyam, ona görə sazı da sevirəm. Meyxananı da sevirəm və məncə, həmişə aktualdı. Eləcə də, digər janrlar. İstəmədiyim tək musiqi toyxana musiqisidir. Efirlər toyxanaya oxşayır. Televiziyalar çox səviyyəsiz görünürlər. Açırsan verilişi, elə bilirsən, toydasan.

– Rep yıxa bilər bu biznesi?

– Şirkətlər istəsə, pul yatırsa, əlbəttə. Biz öz gücümüzə neyləyə bilərik ki? İndustriya yoxdur Hansısa şirkət qonorar təklif etsə, ölkə musiqisini dəyişərik. Büdcə olsa, piar olsa, bu musiqi cəmiyyətdəki mənfi situasiyaları belə dəyişə bilər.

– Gənclərin səviyyəsi səni qane edir?

– 15-20 faizi. Çünki təhsil problemi var. Dünyada hansı ölkənin təhsili zəifdirsə, onun inkişafı da zəif olur. 15-20 faiz dediyim gənclər də təhsildən yarımayıblar, sadəcə öz üzərlərində işləməyi bacarırlar və mənim musiqim onlara xitab edir. Mən deməyəcəm ki, gənclərin musiqi mədəniyyəti yoxdur. Mədəniyyət ümumi və bütöv anlayışdır. Mədəniyyət ya var, ya da yoxdur. Bəli, bu cəmiyyətin mədəniyyəti yoxdur. Növbə mədəniyyəti, musiqi dinləmə mədəniyyəti, küçə mədəniyyəti, kulinariya mədəniyyəti və sair. Şəxslərin özündə olmadığı üçün də toplumda yoxdur. Kiminsə öz şəxsi fikri olmur. Sürü psixologiyası ilə yanaşırıq hər şeyə. Sosial şəbəkələrdə nəsə paylaş, biri mənfi rəy bildirən kimi hamı eynisini yazır. Çünki bizim cəmiyyət düşünə bilmir. Analiz edə bilmir. Bu barədə başqa heç nə deyə bilmərəm.

– Repin efirə çıxmasında problem görürsən?

– Problem görmürəm, amma efir düzəlməlidir. Məsələn, “Fatehin divanı” verilişi yaxşıdı. Mən gedim Zaurla, Elgizlə nə danışım? Qonorar da vermirlər. Mövzuları da bayağı.

– Yeni tendensiyalar niyə gec qəbul olunur?

– Bu, bütün dünyada belədir. Yenilik həmişə qəbulolunmaz görünür. Həm də özümüz gecikirik. Amerikadan gəlməlidir Avropaya, Avropadan Türkiyəyə, ya Rusiyaya. Oradan da bizə. Həm də cahil bir topluma yenilik düşmən kimi görünür. Düzgün tənqid yoxdur. Düzgün tənqid, fikir olsa, inkişaf tez baş verir. Qoy səhvlər olsun, zamanla düzələcək. Təki o yenilikləri qəbul etmək mədəniyyətimiz olsun. Biz repi də səhv anladıq, feminizmi də səhv anladıq, kimsə azadlığı bir-iki bakal pivədə görür, qalanları da onu elə dərk edir. Hansı ki, ölkədə bu sahədə ciddi işlər görmək istəyənlər var. Eyni zamanda da repdə.

– Repin gələcəyi var bu ölkədə?

– Var, bir müddət sonra hər şey yaxşı olacaq. Milyoner olmasaq da, ən azından rahat yaşaya biləcəyik. Ona qədər bir az qurban verməliyik. Bunu edirik də. Vaxtlar olub ki, trekləri pulsuz saytlara vermişik ki, təki dinlənilsin.

– Kitab oxuyursan?

– İndi “1984”ü dinləyirəm. Oxumaq üçün vaxt olmur deyə, audiokitablar dinləyirəm. Bizim ədəbiyyatdan Elxan Elatlını oxumağa başladım, sonra tulladım kənara. Mənə elə ədəbiyyat lazım deyil. Qaraqanı, Çingiz Abdullayevi bəyənirəm. Daha çox xarici ədəbiyyata üstünlük verirəm. Məncə, hamı kitab oxumalıdır.

# 2788 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #