"Azərbaycanda elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzu edim" - Nadir Rüstəmli ilə müsahibə

müğənni Nadir Rüstəmli

müğənni Nadir Rüstəmli

7 mart 2025
# 09:00

Kulis.az müğənni Nadir Rüstəmli ilə müsahibəni təqdim edir.

- Nadir bəy, sizi daha çox “Səs Azərbaycan" yarışması ilə tanımışıq. Yoxsa, düşünürsüz ki, ora qədər də artıq məşhur idiniz?

- Təbii ki, daha böyük məşhurluğu "Səs Azərbaycan"gətirdi, amma bundan əvvəl də fəaliyyətim var idi axı. Məsələn, "Tələbə baharı" mahnı müsabiqəsində respublika üzrə pop nominasiyasında birinci yerə çıxmışdım. Daha sonra isə "Youthvision" mahnı müsabiqəsində 22 ölkə arasında ikinci yerə çıxmışdım, Azərbaycanı təmsil etmişdim. Ondan sonra da bu kimi kiçik çaplı yarışmalarda iştirak etmişəm və elə əksər yarışmaların da qalibi olmuşam. Dediyim kimi, sadəcə, "Səs Azərbaycan" daha böyük məşhurluq gətirdi. "Səs Azərbaycan"a qədər daha çox tələbələr, universitetlər arasında tanınırdımsa, yarışmadan sonra bütün Azərbaycan tanıdı, hətta videolarım xaricə belə çıxdı.

- Nə mənada xaricə çıxdı, yəni, xarici səhifələr paylaşdı? Yoxsa, hansısa beynəlxaq məkanlarda, tədbirlərdə ifalarınız səsləndi?

- Elə “Səs Azərbaycan"dakı çıxışlarım dünyada paylaşıldı. Yutubda "The Voice Of Global" var, yəni, dünya üzrə səs yarışmalarının ən yaxşı top 10 çıxışı paylaşılır və mənim də video çıxışımı paylaşıb ən yaxşı çıxışlardan biri kimi saymışdılar. O nöqteyi-nəzərdən deyirəm ki, “Səs Azərbaycan” məni ölkədən kənarda da tanıtdı. Daha sonra isə "Avroviziya" tanınmağım üçün kifayət etdi.

- Universitet demiş, bildiyim qədəri ilə ixtisasınız biznes sahəsi üzrədir. Bəs necə oldu ki, musiqini seçmək qərarına gəldiniz, məsələn, gedib biznesmen olmadınız?

- Düşünürəm ki, ruhum musiqi ilə yaşayırdı və hələ də yaşayır. Həm də uşaqlıq arzum incəsənət, musiqi idi. Rejissor olmaq, filmlər çəkmək və filmlərimdə öz musiqilərimi göstərmək istəyirdim. Bir çox ailələrdə olduğu kimi məni də incəsənətə tərəf getməyə qoymurdular. Başqa sənətə yiyələnməyim üçün təkid edirdilər. Deyirdilər, incəsənət ikinci planda olsun. Mən də valideynlərimin ürəklərini xoş etmək üçün Turizm və Menecment universitetinə daxil oldum, oxudum, diplom aldım. Musiqini isə paralel şəkildə davam etdirdim. Elə bir məqam gəldi, atam da gördü ki, daha qabağımı kəsmək olmaz. (gülür)

- Ümumiyyətlə, Avroviziya mahnı müsabiqəsində iştirak etmək sizin üçün hansı yeniliklər gətirdi, musiqi karyeranıza necə təsir etdi?

- Əlbəttə, yaxşı təsir etdi. Məşhurluq qazandım, populyar oldum. Ancaq burada bir incə məqam da var. Bir çox iştirakçılar kimi ora bağlanıb qalmamalısan. Bacardığım qədər bu hissi qırmağa çalışıram, məncə, alınır da. Yəni, düşünməyə çalışıram ki, Avroviziya bir tramplin idi və arxada qaldı. Bəlkə nə vaxtsa yenə də olar. İnanıram ki, olacaq da. Sadəcə, təkcə Avroviziya təmsilçisi kimi yadda qalmaq istəmirəm. Bunun belə problemləri də var ki, bu ad üstünə hopur və qalır üstündə, səni belə tanıyırlar.

- Bəs o səhnəni görmüş biri kimi beynəlxalq səhnədə kimlərlə mahnı ifa etmək istəyərdiniz? Yoxsa, heç belə bir fikriniz yoxdur?

- Əlbəttə, var. Bəzi duet arzularım var.

- Azərbaycanlı müğənnilər var o arzuların içində?

- Xeyr. Bu arzularım Azərbaycan müğənnilərinə aid deyil. Azərbaycanda elə bir müğənni yoxdur ki, mən onunla duet oxumağı arzu edim.

- Heç bir nəfər də yoxdur oxumaq istəyəsiniz?

- Kimləsə oxumaq istəyərəm, oxumuşam da, amma bu, sadəcə arzu etmək səviyyəsində deyil. Beynəlxalq səviyyədə isə arzuladıqlarım var.

- Məsələn, kimlər?

- The Weeknd (Abel Makkonen). Onunla duet oxumaq istəyərəm, arzulayıram da bunu. Daha sonra Bruno Marsla oxumaq istəyərəm. Ən çox istədiyim isə “İmagine Dragons” qrupudur.

- Yeri gəlmişkən, onların “Bad Liar" mahnısını ifa etmişdiniz. Düşünürəm ki, bu mahnı üslub olaraq sizi daha çox ifadə edir. Bəs siz necə düşünürsünüz?

- Ümumiyyətlə, o qrupu çox sevirəm və özümə çox uyğun görürəm. Bir çox insan düşünür ki, onların repertuarlarındakı mahnılar məndə uğurlu alınır. Mən də sizin kimi düşünürəm. Onların repertuarı məni daha çox ifadə edir. Əslində, bir çox mahnılarını oxuyuram, sadəcə olaraq, “Səs Azərbaycan”da məhz “Bad Liar” mahnısını ifa etmişdim. Hətta “Maska şou”da "Believer" mahnısını ifa etmişdim və indi fərqinə varıram ki, bu qrupun mahnılarını yarışmalarda ancaq finalda ifa etmişəm. “Səs Azərbaycan”da finalda "Bad Liar", “Maska şou”da isə finalda "Believe" mahnısı.

- Həm xarici, həm də milli musiqilər ifa edirsiniz. Bəs sizə görə ən yadda qalan ifanız hansı olub?

- Yəqin ki, elə hazırda Avroviziya səhnəsindəki “Fade to black" ifam ola bilər. “Səs Azərbaycan”nın finalında “Bu da son” (Day after day” mahnısının Azərbaycan versiyası) mahnısını ifa etmişdim. Hesab edirəm, indiyə kimi ifa etdiyim ən çətin mahnı idi. Çünki iki nəfər üçün nəzərdə tutulan mahnını tək oxumuşdum və bu mahnı ayrılıqda iki nəfər üçün də çətin bir ifadır. Düzdür, uğurla öhdəsindən gəlmişdim, amma o mahnı bitəndə mən elə bir hiss keçirdim ki, elə bil müharibədən çıxmışdım. Amma qalib ayrılmışdım. “Səs Azərbaycan”da görüntülərdə var idi ki, mahnı bitəndən sonra güclə nəfəs alıram. Düşünürdüm ki, bitdi bu müharibə, bitdi. O dərəcə çətin gəlmişdi mənə. Amma çox sevmişdim o mahnını. Mənə elə gəlir ki, ən yadda qalan ifam o idi.

- Müasir Azərbaycan musiqisi haqqında nə düşünürsünüz? Sizcə, milli musiqilərimizi kifayət qədər tanıda bilirikmi?

- Məncə, yox. Hətta tanıda bilsək belə, istəmərəm belə tanıdaq. Razıyam ki, müasir Azərbaycan musiqisi dinlənilir, sevilir azərbaycanlılar tərəfindən. Hətta mən özüm də bəzən qulaq asıram. Amma Azərbaycan musiqisi bu deyil, tamamilə başqa bir şeydir. Düşünürəm ki, retro musiqilərimiz əsl Azərbaycan mahnılarıdır. Dünya səviyyəsində onların tanınmasını istəyərəm, nəinki indiki Azərbaycan musiqilərinin. Amma hər bir halda Azərbaycanın adının hallanması bizim üçün uğurdur, fəxrdir. Bayağı musiqilərimizlə tanınmağımızı istəmirəm.

- Musiqidən kənar məşğuliyyətiniz var?

- Əvvəla qeyd edim ki, Turizm və Menecment Universitetinin biznesin idarə edilməsi ixtisasını bitirmişəm və şəxsi bizneslərim olub. Ancaq onları batırdım. Hazırda aktyor kimi fəaliyyət göstərirəm. "44" filmi çəkilir. 44 günlük qələbəmizlə bağlı filmdir və o filmdə baş rollardan birini ifa edəcəm. Onunla paralel olaraq başqa bir serialda da çəkilirəm. Azərbaycanda çox fərqli bir serial olduğunu düşündüm və qəbul etdim. Düşünürəm ki, bu yolda davam edəcəm. Çünki bayaq da dediyim kimi, uşaqlıq arzularımdan biri olub filmdə çəkilmək, musiqilərimi ifa etmək. Yəqin elə paralel olaraq aktyorluğa da davam edəcəm. Bundan əlavə, hazırda boksla məşğulam. Onu da deyim ki, özümə məxsus atlarım var və at çapmağı çox sevirəm. Üstəlik, professional üzgüçüyəm.

- Nadir bəy, tənqidlərə münasibətiniz necədir? Sizi də tənqid edirlər və bu tənqidlər sizdə hər hansı küskünlük hissi yaradıbmı? Dözümünüz varmı?

- Tənqid düşünürəm ki, önəmlidir. Təbii, təhqir olmadığı halda. Tənqid yoxdursa, demək, inkişaf da yoxdur. Ya da sən o qədər mükəmməlsən ki, sənə qarşı heç bir tənqid yoxdur. Bu isə mümkün deyil. Ən mükəmməl insanın belə mənfi tərəfi var. Düşünürəm ki, tənqid yoxdursa, deməli, sənin həyatın da maraqsızdır. Çünki müəyyən tənqidlər olmalıdır ki, sən onun üzərində işləyəsən, məsələn, hər səhnə çıxışından sonra “daha yaxşı edə bilərdim” sözünü deməlisən. Əks halda, sən uğur qazanmayacaqsan, yerində addımlayacaqsan və həmişə belə olacaq. “Kaş ki bunu belə edərdim” sözünü deyirsənsə, bu, çox mükəmməl bir şeydir. Deməli, sən inkişaf edirsən, özün öz səhvini görürsən. Özün özünü tənqid etməyə başlayırsan. Bu cür rəyləri çox önəmsəyirəm. Bəzən fikrini çəkirəm, ürəyimə salıram, dostlarım da yorulublar mənə “fikir vermə, onlar həmişə yazacaqlar” deməkdən. Açığı, şükürlər olsun, nifrət edən insanlarla nadir hallarda rastlaşıram. Tənqid yox, sırf rəy yazmaq xətrinə fikir bildirən insanlar da var. Məsələn, sonuncu videom - Aleksandr Rybakın "Fairytale" mahnısı çox məşhurlaşdı. Bu ifamdan sonra neçə-neçə məşhurlar da məni izləməyə aldı, dostluq təklifləri göndərdilər, rəylər yazdılar. Hardasa həmin videoda 4-5 min rəy var. Həmin o nifrət edən insanlar da baxır və deyir ki, mən də rəy yazım, mənim də rəyim tutsun, mən də məşhurlaşım. Bütün hallarda, bacardıqca altdan almağa da çalışıram.

- Bəs sizi kiməsə bənzədən insanlara münasibətiniz necədir? Ən çox da Elnura bənzədiyinizi deyillər. Bu bənzətmələr sizə xoş gəlir, ya əksinə?

- Baxır hansı nöqteyi-nəzərdən. Əgər səsimizi bənzədirlərsə, deməli, mən də yaxşı oxuyanam. Elnur çox yaxşı ifaçıdır. Mən uşaq idim Elnur səhnədə olanda. Ondan çox şey öyrənmişəm, baxıb götürmüşəm. Elnur mənim üçün mükəmməl bir ifaçıdır. Belə müqayisə olunmağım, əlbəttə, xoş gəlir. Amma başqa tərəfdən baxsaq, püxtələşmiş bir artist olmağa çalışıramsa, kimsə ilə müqayisə olunmaq istəmərəm. Bunu heç kəs istəməz. Çünki həmişə özün olmağı arzu etməlisən. İstəməlisən ki, fərdi bir şəxsiyyət olasan.

- Səhnə adamları, adətən, dəyişkən olur. Görürük ki, efirdəki, səhnədəki adamlar oradan düşəndən sonra eyni insan olmur. Siz də beləsiz?

- Bunu, məncə, izləyicilərin, başqalarının və elə sizin deməyiniz daha doğru olar. Özüm haqqımda belə şeyləri deməyim yaxşı çıxmaz. Belə də olur. Səhnədə kimsə yalanda gülə, əylənə bilər, lakin ola bilsin, o ifaçı, əslində, qaraqabaq insandır. Şəxsən məndə belə deyil. Əksinə, həmişə deyirlər ki, səhnədə, monitor arxasında çox eqoist görünürsən. Düzdür, əksini də deyənlər olur ki, çox səmimi görünürsən. Realda tanıyanlar da çox səmimi olduğumu deyillər. Bunun əksini bilirsiniz niyə deyirlər? Mən “Səs Azərbaycan” vaxtı favorit iştirakçılardan biri idim. Hamı deyirdi ki, o iştirakçı necə varsa, elədir. Məsələn, digər yarışma yoldaşlarım paylaşım edəndə ”mən səs istəyirəm sizdən” deyəndə, mən isə demişdim ki, mahnıma qulaq asın, ifamı dinləyin. Layiq bilsəniz, səs də verərsiniz. Ona görə də maksimum dərəcədə səmimi olmağa və özüm olmağa çalışmışam. Yenə də deyirəm, bunu siz deməlisiniz, necə varam, eləyəm, ya yox?

- Adətən, sənətçilər deyirlər ki, səhnəyə gəldiyimə görə filan-filan adamlara borcluyam. Siz kimə borclusuz?

- Hər şeyi, özüm etmişəm. Heç vaxt maddi və digər dəstəklər görməmişəm. Təklif edənlər olub, ailə üzvlərimdən, ya qohumlardan deyənlər olub ki, gəl, səni filankəsə tapşırım, ancaq razılaşmamışam, dalaşmışam ki, mən bu qədər əziyyət çəkmişəm və belə şeylərlə yerə vura bilmərəm. Elə bir şey olsa, gecə gözümə yuxu getməz. Məsələn, açığı deyim, “Səs Azərbaycan” vaxtı bir qohumum var idi. Dedi ki, gəl səni tapşıraq. Amma mümkün deyildi belə bir şey. Çünki yarışma tamamilə şəffaf keçirilmişdi. Buna çox sevinmişdim. Mən onsuz da orada sevilirdim, hörmət də qazanmışdım. Tapşırılıb gözdən düşə, bununla da yerə vurmaq istəməzdim əziyyətimi. Əgər onunla qazansaydım belə, sonra özüm özlüyümdə fikirləşəcəkdim ki, görəsən, öz hesabıma qazana bilərdimmi? Qazanmasam da, yenə də gözümə yuxu getməzdi ki, mən öz hesabıma qazana bilmədim. Yəni heç vaxt belə bir şey olmayıb. Yanımda hər zaman dostlarım olub. Mənə dəstəkləyən, həvəsləndirən, uşaqlıqdan bu yana yanımda olan tanışlarım var idi ki, onlar həmişə mənə “sən bir gün Avroviziyaya çıxacaqsan, Azərbaycanı təmsil edəcəksən” deyirdilər. Onlar mənim öz üzərimdə çalışmağıma səbəb olublar. Özləri də bilmədən. Bir az da irəliləsək, qardaşım Nahid Rüstəmli skripka ifaçısıdır. Bir gün özünə gitara almışdı və sonra o gitaranı mənə vermişdi. Mən də o gitarada ifa etməyi özüm öyrəndim, həvəsim var idi gitaraya. Öyrəndim və beləcə qardaşım mənə dəstək olmuş oldu. Yenə də özü bilmədən. Anam uşaq vaxtı musiqi məktəbinə getməyimizi israrla təkid edib, bacımla piano təhsili almışıq. Məktəbə demək olar ki, getmirdim, çünki orada alətlərin qəribə bir qoxusu var idi. Ona görə də nifrət edirdim, gedə bilmirdim məktəbə. Ancaq özüm evdə telefona qulaq asıb öyrənirdim. 7-8 yaşım var idi, müəllimlər də şoka düşürdü ki, sən bunu necə bacarırsan? Anam hazırda da çox böyük dəstək olur. Demək olar ki, o, həm menecerimdir, həm stilistimdir, həm də dizaynerim, prodüsserimdir. Atamın da musiqi bilikləri var. Baxmayaraq ki, özü həkimdir, amma tarda, gitarada çox gözəl ifa edə bilir, muğamları çox gözəl bilir. Yəni ki, bunları nəzərə alsaq, əslində, özləri də bilmədən mənə dəstək olublar. Lakin Nadir həmişə tək olub, özbaşına olub və tək olaraq da buralara gəlib çıxıb.

- Ədəbiyyatla aranız necədir? Oxuyursunuzsa, kimləri oxuyursunuz?

- Məktəbdə tərbiyəli, bütün müəllimlərin sevimlisi, nümunəvi şagird, həm də dəcəl, dərsdən qaçan, bəzən də oxumayan şagird olmuşam. Bir sözlə, “avaraçılıq" da etmişəm, amma tərbiyəmi qorumaq şərtiylə. Azərbaycan dili və ədəbiyyat fənnini bizə keçən sinif rəhbərimiz idi - Kübra müəllimə. Ən sevdiyim müəllimlərimdən biri olub. Ədəbiyyata marağım çox olub. Azərbaycan dilində də çox gözəl oxuyurdum. Müəllimimiz sinifdə hər uşağa "ad" qoymuşdu. Mənə isə sinifin "düşünən beyni" deyirdi. Amma hazırda heç bir əsər oxumuram. Mənə görə insanlar iki qrupa bölünür: Kitab oxuyanlar və filmə baxanlar. Mən filmə baxanlardanam.

- Müsahibələrinizin birində demisiniz ki, şou-biznesdən kənardasınız və daxil olmaq istəmirsiniz. İndi necə, daxil ola bilmisiniz, ya hələ də kənardan baxmağın tərəfindəsiniz?

- Şou-biznesimiz əsl şou-biznes olsa, daxil olmaq istəyərəm. Amma deyil, ona görə də kənardan izləməyin tərəfdarıyam. Düzdür, bəzən özüm də istəmədən daxil oluram. Məsələn, keçən dəfə bir hadisə baş vermişdi, efirə gecikmişdim deyə bir az qalmaqal yaranmışdı. Yenə də bacardıqca sakit davranmağa çalışdım ki, qalmaqal yaranmasın. Lakin yenə də uzaqdan baxmağın tərəfdarıyam, çünki şou-biznesimiz normal şou-biznes deyil.

- Dediklərinizdən belə anladım ki, Nadir Rüstəmli bəzi həmkarları kimi qalmaqal iştirakçısı deyil?

- Yox, qətiyyən. Həmişə sənətimlə, peşəmlə gündəmdə olmağa üstünlük verirəm.

- Sevilərək məşhur olmaq uşaqlıq arzunuz olub. İnsanda isə bu cür məşhurlaşmaq hissləri, adətən, müəyyən komplekslərdən yaranır. Sizin hansı kompleksləriniz var?

- Siz əməlli-başlı araşdırmısınız ki… Çox maraqlı sualdır, ilk dəfədir bu cür sual verilir mənə. İndi düşünürəm ki, ola bilər. Bəlkə də bu mənim ortancıl uşaq olmağımla bağlıdır. Məşhur bir sindrom var - "ortancıl uşaq sindromu". Yəni balaca övlad ən balacadır, ən şirindir. Böyük uşaq evin ilkidir. Nə günah varsa, hamısı ortancılındır.

- Başa düşürəm sizi. Mən də evin ortancıl uşağıyam…

- Əla, eyni dərdi çəkmişik. (gülür) Bəlkə də, buradan qaynaqlana bilər kompleks hissinin olması. Amma bilmirəm, indinin özündə də sevilirəm, ailədə məşhur uşağam. Bu da bir az ortancıl uşaq sindromunu aradan qaldırır. Amma buna baxmayaraq, yenə də sevilməyi çox sevirəm. Hətta ən böyük qorxularımdan biri də tək qalmaqdır. Düşünürəm ki, birdən heç kim məni sevməz, hamı məndən üz döndərər və tək qalaram. Burada tək qalmaq deyəndə hansısa otaqda-filan tək qalmağı demirəm. İnsanlar arasında tək qalmağı nəzərdə tuturam. Ən böyük qorxum da budur. Çox adam məşhur ola bilər, amma sevilərək məşhur olmaq bir az çətin məsələdir. Ancaq buna nail olduğumu düşünürəm. Ümid edirəm ki, belə də davam edər.

- Nadir bəy, demişdiniz ki, bir gün Nadir Rüstəmli "Grammy" mükafatı alacaq. Çox var o günə?

- Bəli, demişəm. Açığı, nə qədər qalıb, bilmirəm, bilmək də istəmirəm. Çünki dünən dünəndə qaldı, tarix oldu. Sabah gələcək, ya yox, bilmirik. Bu gün isə var. Bu günü yaşayırıq və mən elə bu günü yaşayan biriyəm. Sabah məni nələrin gözlədiyi maraqlı deyil. Sürprizləri çox sevirəm. Bir sözlə, az qalıb, çox qalıb, bilmirəm. Ancaq olacaq. Bəlkə, elə siz özünüz də bu müsahibəni paylaşıb deyəcəksiniz ki, Nadir demişdi və qazandı.

# 1115 dəfə oxunub

Oxşar xəbərlər

Azanın sədaları altında küçələri təmizləyən qadın:  "Bizə heç olmasa, bir salam verin"

Azanın sədaları altında küçələri təmizləyən qadın: "Bizə heç olmasa, bir salam verin"

22:02 8 mart 2025
Xalq artisti:  "Elə edin ki, öləndə gorunuza lənət oxumasınlar"

Xalq artisti: "Elə edin ki, öləndə gorunuza lənət oxumasınlar"

15:00 8 mart 2025
Tamilla Ələkbərovanın səhhətində problem yaranıb

Tamilla Ələkbərovanın səhhətində problem yaranıb

13:51 8 mart 2025
"Mənimlə evlənərsən, Müşkünaz?" - 8 MART REPORTAJI

"Mənimlə evlənərsən, Müşkünaz?" - 8 MART REPORTAJI

11:45 8 mart 2025
8 marta "prostina" almışıq, götürmür - Aqşin Yenisey

8 marta "prostina" almışıq, götürmür - Aqşin Yenisey

11:26 8 mart 2025
Xalq artisti Fidan Hacıyeva:  Anamın evini də satıb opera məktəbi yaratdım - MÜSAHİBƏ

Xalq artisti Fidan Hacıyeva: Anamın evini də satıb opera məktəbi yaratdım - MÜSAHİBƏ

10:03 8 mart 2025
#
#
# # #