“Azadlığa monument” adlı qrup sərgisi açıldı

“Azadlığa monument”  adlı qrup sərgisi açıldı
25 may 2024
# 11:00

Mayın 24-də YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Azadlığa monument” adlı qrup sərgisi açılıb.

Kulis.az xəbər verir ki, qrup sərgisi Azərbaycanın tarixi, ictimai və siyasi təcrübələrini nəzərdən keçirərək, azadlığa aparan yolun çoxtəbəqəli, travmatik və qanlı olduğunu açıqlayır.

Sərginin kuratoru Fərəh Ələkbərli jurnalistlərə açıqlamasında 21 rəssamın əsərinin nümayiş olunduğunu bildirib. O, sərginin müqavimət, dekolonizasiya kimi mövzularda müxtəlif baxışları, eləcə də nəsillər arasında dialoqu təqdim etdiyini qeyd edib.

F.Ələkbərli diqqətə çatdırıb ki, sərgi sentyabr ayının sonuna qədər davam edəcək. Sərgi çərçivəsində ustad dərsləri və ictimai proqramlar yer alacaq.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Ekspozisiya Nazim Babayev, Kamal Əhməd, Cavad Mircavadov, Toğrul Sadıqzadə, Sirus Mirzəzadə, Şahpələng Məmmədov, Rasim Babayev, Əşrəf Murad, Məlik Ağamalov, Mir Nadir Zeynalov, Adil Şıxəliyev, Rəşad Babayev, Müseyib Əmirov, Adil Yusif, Novruz Məmmədov, Sabina Şıxlinskaya, Leyla Qabulova, Elnarə Nəsirli, Arzu Rzayev, Əmrulla İsrafilov və Elturan Məmmədovun rəngkarlıq, qrafika, heykəl, həmçinin YARAT-ın sifarişi ilə hazırlanmış videoəsərlərini bir araya toplayır.

Tarixin dominant hekayələrinin kölgəsində danışılmamış hekayələr, susdurulmuş səslər və basdırılmış həqiqətlər yatır. Sosializm vədi və marksizm-leninizm prinsipləri əsasında qurulmuş nəhəng Sovet imperiyası XX əsrin tarixində silinməz iz qoyub. Onun utopik istəkləri və avtoritar reallıqları milyonlarla insanın həyat və düşüncəsini formalaşdıraraq, süqutundan sonra faciələr mirası qoyub.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, kuklaçı-rəssam Fərəh Əliyeva yaxından tanış olduğu əsərlər barədə öz təəssüratlarını bildirib: "Burada maraqlı və konseptual üslubda işlənmiş, eyni zamanda, ötən əsrin 80-ci və 90-ci illərin əsərləri ilə tanış oldum, çox bəyəndim. Azərbaycanda belə sərgilərin açılışlarının sayının çox olmasını ümid edirəm", - deyə F.Əliyeva vurğulayıb.

ABAD-çı rəssam İqbal Həsənəlizadə sərgidə çox möhtəşəm sənətkarların əsərlərinin nümayiş olunduğunu söyləyib. Rəssam sərgini tarixi, nəsilləri, sənətkarları birləşdirən bir nöqtə kimi ifadə edib.

“Azadlığa monument” sərgisi sovetləşmə illərinin fəsadları ilə qarşılaşaraq, onun şəxsiyyətə, yaddaşa, milli kimliyə və kollektiv şüura təsirini araşdırır. Sərgi keçən əsrin 70-ci illərində müstəmləkə ideologiyasına qarşı olan və onun ikonoqrafiyasını alt-üst edən rəssamların yaradıcılığından ilhamlanaraq, onların müasir davamçılarını, eləcə də yeni nəsil rəssamlarının dekolonizasiya mövzusuna olan refleksiyalarını qarşılıqlı dialoq şəklində təqdim edir.

Sovet dövründə nonkonformist rəssamlar rejimin ideoloji məhdudiyyətlərinə qarşı çıxmaqda və bədii ifadələrin sərhədlərini aşmaqda həlledici rol oynayıblar. Bu rəssamlar Azərbaycan tarixinin və mədəniyyətinin mürəkkəbliyi ilə mübarizə aparan sovet hegemonluğu qarşısında öz irsini geri qaytarmağa və yenidən şərh etməyə çalışaraq həm gizli müqavimətin həm qalibləri, həm də rejimin rəqibləri idilər. Onlarla dialoqda çıxış edən müasir rəssamların fotoqrafiya, video və instalyasiya əsərləri sosialist ritorikasının ziddiyyətlərini, onun milli mənsubiyyət, yerli mədəniyyət və ənənələrə dair münasibətini tənqidi şəkildə araşdırırlar.

YARAT-ın sifarişi ilə hazırlanmış əsərlərdə isə ədalətsizliklərin travması, fərdi və kollektiv yaddaşa olan davamlı təsirləri araşdırılır.

Sənətsevər qonaqların “Azadlığa monument” sərgisi ilə tanışlığından sonra möhtəşəm konsert proqramı təqdim edilib.

Vizual görüntülərin müəllifi Aydan Dəvəli olan konsertdə gənc, istedadlı musiqiçilər Edqar Ravin, İlkin Dövlətov (muğam), Elşən Qəribov (kamança) və Emin Bayramovun (gitara) bir-birindən maraqlı ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi sentyabrın 29-dək davam edəcək.

# 747 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
#
#
# # #