"Avtomatın burnu ilə qadının üstünü açıb yoxlayırdılar" - "Ahıllar evi"ndən reportaj

"Avtomatın burnu ilə qadının üstünü açıb yoxlayırdılar" - "Ahıllar evi"ndən reportaj
6 noyabr 2025
# 15:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə gedirik. Bura ömürlərinin ən kövrək fəslini yaşayan anaların, ataların, nənələrin və babaların dünyasıdır.

Kulis.az Lent.az-a istinadən "Ahıllar evi"ndən reportajı təqdim edir.

Ahıllar evinin darvazasından içəri daxil olanda həyətin o biri başında yanaşı gəzib, söhbət edən iki dayını görürəm... O an təsadüfən qulaqlıqda bu sözləri olan mahnı səslənir:

“Kimimiz var axı özümüzdən başqa,

Daşıya belimizdəki daşları…

Alın yazımız çoxdan yazılıb,

Bizlər sadəcə şərhik, yorumuq”.

Mahnını burada da yarımçıq qoyub, qulaqlığı çıxarıram. Əlində əsa, beli bükülə-bükülə gəzən dayıya yaxınlaşıb, hal əhval tuturam. O, səsi titrəyə-titrəyə yol yoldaşına “bizi yada salmağa gəliblər”, - deyir. Bu cümlənin ağırlığını isə təəssüf ki, sözlə ifadə etmək olmur…

Ahıllar evinin içərisində əlil arabalarında dolaşan, divanda oturub, musiqiyə qulaq asan babaları, nənələri görürük. İkinci mərtəbəyə çıxanda bizi Həbib (Qənbərov) dayı qarşılayır. Salamlaşıb, hal əhval tutandan sonra deyir ki, gedim kostyumumu geyinim gəlim. Gözləyirik, geyinib gəlir.

Elə ayaqüstə başlayırıq söhbətə

- Həbib dayı, niyə buradasınız?

- Qızım, mən 20 il bundan əvvəl (2006-dan) abırımı götürüb çıxmışam evdən.

- Nə baş verdi ki?

- Televiziyaya, internetə baxırsınız axı, görmürsünüz, nə baş verir ailələrdə?

- Elə ailə məsələlərinin televiziyada göstərilməsi problemdir. Yaxşı, siz deyin görək, nə olub axı ailənizdə?

- Kişilər qadınların əlindən çöllərə düşür, övladlar da, atanı saymırlar. Evin böyüyü qadın olandan sonra orada kişinin nə işi var? Böyük qadındırsa, vəzir-vəkil uşaqlardır. Hə, bəs şah neyləsin o yerdə?

- Neçə övladınız var?

- 5.

- Onlardan biri çıxıb, demədi ki, ay ata, hara gedirsən?

- Əksinə. Dedilər, tez get, biz də sərbəst yaşayaq.

- Sərbəst yaşayaq deyəndə ki? Necə insan olmusunuz ailədə?

- Mən abırlı insan idim.

- Əvvəl nə işləyirdiniz?

- Naxçıvanlıyam. Şərurda tikintidə texnik işləyirdim. Sonra uzun müddət sənətkarlıqla məşğul oldum. Bakının Nəsimi rayonunda da, eyni işlərdə çalışdım.

- Bura gəlməmişdən əvvəl Naxçıvanda qalırdınız, yoxsa Bakıda?

- Bakıda.

- Övladlarınız gəlib-gedir?

- Yox.

Təəccüblə, 20 ildə heç qapınızı açan olmadı?, deyirəm. Həbib dayı bildirir ki, oğlunun biri ildə 1-2 dəfə gələr, ya gəlməz…

“Qızım, alim olmaq olar, amma insanlıq çətindir. Bu hər adamın qabına sığışan xüsusiyyət deyil. Adicə bir şey danışım: Bu gün səhər gedirdim Maştağaya. Təzə avtobuslarda əlillər üçün ayrıca oturacaqlar var. Bir qız əyləşib orada, qulağında da, nauşnik. Dedim ki, qızım, icazə verirsən oturum? Heç saymadı məni. Telefonun endirdim əlimlə, dedim ki, evdə baxarsan ona. Əyləşəndə fikir ver, kimin yerində oturmusan. 30-35 yaşlı bir qadın durub yer verdi mənə, amma o heç tərpənmədi. Hamısı ailə tərbiyəsinin nəticəsidir. Kim nə verirsə, onu da biçir”.

- Razıyam, amma siz uşaqlarınıza normal tərbiyə vermisiniz, bəs onlar niyə atalarının yanında olmadılar?

- Gərək ana da, verə axı.

- Uşaqlarınızın anası ilə sevib evlənmişdiniz?

- O vaxt sevgi yox idi, kənd yeri idi. Heç indi də yoxdur. Sevgi nədir? Hörmət var, vəssalam.

- Neçə il evli qalmısınız?

- 30-35 ilə qədər.

- Nəvələriniz var? Gəlmir onlar da?

- Var. Gəlmir heç kim.

Həbib dayı keçib, öz uşaqlığından danışır: “Mənim atam ferma müdiri işləyirdi. Gedirdi idarələrə filan, gec gəlirdi. O evə gəlməyənə qədər anam qazanın ağzını açmırdı. 4 uşaq idik. Pendirdən dürmək hazırlayırdı ki, atanız gələnə qədər başınızı bununla qatın.

Bir otaq idi evimiz. O vaxt qara çıraq deyilən bir şey var idi. Pambığı butulkaya qoyub, yandırırdılar. O qədər həmin yerdə otururduq ki, burnumuzu his tuturdu, nəfəs ala bilmirdik. İndi hansısa uşağı elə yerdə 1 dəqiqə saxlaya bilməzsən. Dövr dəyişib. Qabiliyyətli uşaqlar çoxdur, amma çoxluq… nə bilim. İndi ağlı olanın uşağı olmaz. Övladı olmayan 1 dərd çəkir, olan 5. Kasıblıq 1 il gedər, nadanlıq 1000. Çalış, əvvəldən insan ol”.

Həbib dayının yaxşı səsi var imiş. O, teatr səhnələrində də, oynayıb.

“Burada olandan 3-4 tamaşa hazırlamışıq. “23:59 qatar” adlı 1 saat yarımlıq tamaşanı da özüm hazırlayıb, baş rolunda oynamışam”.

Həbib dayının keşməkeşli taleyindən xeyli danışandan sonra divanda əyləşən Xanlar (Camiyev) dayıyla söhbətləşirik. Elə olur ki, ilk sualı o bizə verir. “Cami sözünün mənasını bilirsən?”, hə, sözünü deyəndən sonra, davam edirik.

“8 ildir buradayam. Özüm gəlmişəm. İstəmədim qalıb, kiməsə yük olum. Tək də yaşaya bilmirdim. Yoldaşım rəhmətə gedəndən sonra, ümumiyyətlə, yalnızlaşdım, darıxırdım”.

- Oğulla, qızla qala bilmirdiniz?

“Yox, özüm istəmədim. Bir az şıltaq adamam (gülür). 3 oğlum, bir qızım var. Onlardan da 11 nəvəm doğulub, 9-u oğlandır, ikisi qız. Çox şükür. Oğlanlar o qədər hündürboyludurlar ki, burada heç o ucalıqda adam yoxdur. Hə, bu arada 7 də nəticəm var”.

Adama qəribə gəlir. Bu qədər adamın biri gəlmir heç? Bu sualı Xanlar dayıya elə bu tonda da, verdim.

“Demək olar ki, yox. Burada olmasa idim, arvadın arxasıyca mən də getmişdim. Yaşamağımın səbəbi burada olmağımdır. Uşaqların hamısı böyümüşdülər. Evləndirdim, ev-eşik elədim. Onlar heç bir-birləri ilə yol getmirdilər, atayla necə dil tapsınlar? Yoldaşım aranı yumşaldırdı, söz-söhbətin qarşısını alırdı, amma daha o da yoxdursa, mənim nə işim var?... Bu şeyləri fikirləşəndə, əsəbiləşirəm”.

Yaxşı gəncliyinizdən danışaq, deyib, davam edirik.

“Mən 20 Yanvar hadisələrində və Birinci Qarabağ Müharibəsində təcili tibbi yardım maşınının sürücüsü olmuşam. O vaxt sürücülərə 100, həkimlərə 50 manat pul verirdilər”.

- Həkimi aparan da sürücüdür axı…

“Hə, belə başa düşürəm ki, sən nə dediyimi göydə tutursan. Bir-birimizi anlayacağıq”.

Xanlar dayıya lap əvvəldən əyləşək, əyləşək desəm də, yox cavabı almışdım. Amma ayaqüstə narahat olduğunu görüb, oturaq dedim.

“Bura hər qonaq gələndə məndən “Məşədi ibad” obrazını canlandırmağımı istəyirlər”,-dedi, Xanlar dayı.

Elə bu dəmdə o, “mən nə qədər, nə qədər qoca olsam da, dəyərəm min cavana!”, deyə-deyə rəqs edir. Xanlar dayının daxilindəki coşqunu, həyat eşqini elə bax, buradan bilmək olur.

Stulda əyləşəndən sonra söhbətimizə qaldığımız yerdən davam edirik.

“Danışacaqlarım tarixdir. İndiyə qədər heç yerdə deməmişəm, sizə deyəcəm. Deməli, 20 Yanvar gecəsi zəng gəldi ki, Qobustanda yaralı var, dərhal təcili yardım gəlməlidir. Ələtdən Bakıya da, 71 km məsafə var”. Həkimləri də götürüb, getdik. Daşkənd deyilən sahəyə çatanda gördüm ki, tanklar var. Bizə yol vermədilər, qarşımızı kəsdilər. Tez sayrışan işıqları yandırdım ki, yanından keçib gedim. Elə də etdim. Yolboyu 32 tank saydım. Təkcə cənub tərəfdən Bakıya 32 tank! Təzəkənd deyilən yerə çatana yaxın gördüm ki, bizimkilər yolun ortasında nəyisə yandırır ki, tank keçməsin.

Qarşımızı “UAZ” markalı maşın kəsdi. Saxladığım an iki nəfər düşdülər maşından, əllərindəki avtomatı düz alnıma tuşladılar. Rusca “hara gedirsiniz?”, - soruşdular. Üzümü çevirib həkimə baxanda dəhşətə gəldim. Qorxudan rəngi sapsarı olmuşdu, alnına avtomatı dirəmişdilər.

O avtomat tutanların gözlərindən qan axırdı. Bir təhər izah elədim ki, həkim aparıram, xəstə var. Avtomatı endirdilər, biz getdik. Həmin xəstə kamaz sürücüsü imiş. Tankların qarşısına çıxanda onu vurmuşdular, yaralanmışdı. Apardıq. Yolda zəng elədilər ki, tez Bakıya çatdırın özünüzü. Burada hər yer od tutub, yanır. Xəstəni hospitala çatdıranda həmin oğlan vəfat etdi. Adı Yusif idi, onun adına məktəb də var.

O hadisələrdən sonra da, uzun müddət işlədim. Xəstə aparıb-gətirirdim. “Azneftdə”, “Daşkənddə” post qurulmuşdu. Bir dəfə təcili doğuşla bağlı çağırış aldıq. Getdik, qadını götürdük. Qayıdanda “Azneft”də bizi saxladılar. Mənə ən pis təsir edən şey o idi: Onlar avtomatın burnu ilə qadının üstünü açıb, güya yoxlayırdılar, görsünlər ki, bu həqiqətən hamilədirmi?

20 Yanvar hadisələrini görəndən sonra Qarabağdakı savaşa da, könüllü kimi qatıldım. Mənə dedilər ki, Şuşaya iki maşın aparıb, Rəhim Qaziyevə vermək lazımdır. 700 sürücüdən heç biri qorxudan getmir. Ya mən getməli idim, ya da direktorumuz. Dedim, mən gedəcəm. Güllə mənə dəysə idi, 20 Yanvar günü dəyərdi. Qismətdir, qorxmağa dəyməz.

Mənlə birgə bir oğlan da gedirdi, yolda dedi ki, yüksək vəzifədə işləyir. Sonra o sarsıntı keçirdi, başında şiş yarandı. Elə məndə də yaranıb. Amma o, şişdən sonra dünyasını dəyişdi.

Biz gedəndə daşaltı əməliyyatına düşdük. Oradan Laçına keçdik. Bilirsən, qızım, Allah adamı saxlayanda ona heç nə olmur”.

Xanlar dayının həyatı kitabdı, o deyir ki, danışsam gərək reportaj yox, kitab yazasan.

O vaxt müharibəyə gedəndə də, evli-uşaqlı imiş. Oğullarından biri “Azərişıq”da işləyir, biri dənizçidir, digəri isə həbsdə…

- Bircə onu deməyin ki, narkotik?

- Məndən qabaq dedin. Onun ailəsi dağıldı. Mən burada olan vaxtlarda da, qoşuldu kimlərəsə, düşdü pis yola.

Danışa-danışa bir məqam diqqətimi çəkir. Xanlar dayının telefonunun ekranında da uşaq şəkilləri var. Qaleriyasında nəvələrinin şəklini göstərir. 1-2 gün sonra adını qoyduğu nəvəsi Xanların da, toyu olacağını deyir. Həvəslə şəklini axtarır ki, mənə göstərsin. O da, 44 günlük müharibənin iştirakçısı olub, deyir.

Xanların şəklini axtarıb, tapa bilmirik. Şəkillərə baxdıqca, onun Məşədi İbad obrazını canlandırdığı videolara baxırıq.

Sonra uşaq evində yaşayan uşaqlarla şəklini göstərib deyir, “onlar da, mən də kimsəsizəm… Bülbül olun, amma qəfəsdə olmayın. Kef çəkin bu dünyadan”. Beləcə, söhbətimizi sonlandırırıq.

Birinci mərtəbədə rəssamlıq qabiliyyəti olan Şəfəq (Səfərəliyev) dayının qaldığını deyirlər. O, uzun illərdir ki, əlil arabası ilə hərəkət edir. Bizi görüb, otağına doğru gedir və orada danışırıq.

Onun otağının divarlarında maraqlı rəsmlər var. Yatağı tərəfdən iki böyük bayraq asıb: Azərbaycan, Türkiyə. Həmçinin qapının yanından da, 4 kiçik ölçülü bayraq var.

“Mən məhsəti türküyəm. Əvvəllər işləyirdim. 25 il öncə avtomobil qəzası keçirdim. Ondan sonra ayaqlarım işləmədi, əlil arabası ilə gəzdim”,-deyir.

- Ailəlisiniz?

- Ayrıldıq.

- Hadisədən sonra?

- Əvvəl. Aramız yaxşı deyildi.

- Övladınız yox idi?

- Var.

- Əlaqələriniz yoxdur, niyə onlarla yaşamırsınız?

- Övladdır da… Onları uşaqlıqdan qoymuşam analarıyla. 8 yaşlarında tək buraxmışam onları, nəyə görə mənə baxmalıdırlar ki? 30 il əvvəl ayrılmışam, ondan sonra da heç evlənmədim.

- O vaxtdan bəri övladlarınızı görməyə getmədiniz?

- Bizim ayrılığımız pis olub. Sonra heç görüşə də getmədim.

- Bəs uşaqlar? Siz burada olanda gəliblər?

- Oğlum bu yaxınlarda tapıb məni. Bir dostunun tanışı burada işləyirmiş söhbət düşüb, deyiblər Şəfəq adlı türk yaşayır burada. Atam ola bilər deyə, düşünüb, gəlmişdi. Elə bilirdim ki, İsraildədir, amma yox, gəldi yanıma. Sonra həyat yoldaşını, uşaqlarını da gətirdi, tanış olduq. Tam 30 il sonra görüşdük.

- Görüşəndə nə danışdınız?

- Dedi, ata, sən nə yaxşı şəkil çəkirsən. Dedim, mən mühəndisəm, bu qabiliyyəti Allah verib ki, sıxılmayım. Əvvəllər bu divardakı pərdələrə baxıb, xəyal edirdim. Sonra boş divara baxmaq məni yordu, başladım onları boyayım, gözəlləşdirməyə.

- Qəza bəs, necə baş verdi tam olaraq?

- Avtomobildəydim, arxadan vurdular. Qəzadan sonra 2 il yeridim, sonra zamanla gördüm ki, ayaqlarım işləmir. Həkimlər dedi ki, beynin travma alıb, zədələnib. Ona görə də, zamanla gəzməyi itirəcəksən. Əvvəllər anamla yaşayırdım, sonra o da rəhmətə getdi, qaldım tək. Evin də bir neçə pilləkəni var idi. Düşüb, çıxa bilmirdim. 2-3 il ancaq tək yaşadım, gördüm ki, ürəyim partlayır, ünsiyyətə ehtiyacım var idi. Yalnız yaşamaq olmurdu.

- Burada dost-tanışınız var?

- Buradakılara dost demək olmur. Yoldaş… Amma yox, yoldaşın da, mənası fərqlidir.

- Bəlkə “dərddaş?”

- Ay yaşa, düz tapdın. Biz dərdimizi bir-birimizə söyləyirik. Həyətdə gəzirik, darvazaya qədər.

Divardakı dovşan şəklini göstərib deyir: Bu axırıncı çəkdiyimdir.

“Birinci günəş çəkdim, sonra gördüm boşdur, ətrafını doldurdum, çəkdikcə, çəkdim. Quşlar, heyvanlar. Yuxarı hissələri fırçanın ucu ilə çəkirdim. Burada heç kimin otağı mənimki kimi rəngarəng deyil. Bayraqlardan biri Vətənimindir, biri millətimin. Ona görə yan-yana asmışam”.

- Gündəlik nə işlə məşğul olursunuz?

- Yeyib, yatırıq (gülür).

- Bəs gəncliyinizə qayıtsaydınız nə edərsiniz?

- Bu Allahın əlindədir. Mənim istəyimlə deyil ki. Əvvəllər gül kimi işim var idi. Bir məşhur şirkətdə iradə rəisi idim. Balaca adam deyildim ki… “AzNeft”dən də, iş təklifi gəlmişdi… Heyif, qəzadan sonra hamısı getdi.

- Dediniz ki, ayrılandan sonra evlənmədim.

- Adam möhkəm sevəndə, yenidən evlənə bilmir. Kimsə ikinci dəfə evlənirsə, deməli sevməyib.

- Bəs sevən adam ayrılır?

- Qəlbinə toxunanda sevgi də, gözündə görünmür. Qəlbin qırılır, heç kimlə ünsiyyət qurmaq istəmirsən. Mən idmançı idim, yaxşı işim var idi. İndi görürsünüz necəyəm? Həyat qəribədir. 25 ildir bu cür əlil arabasındayam.

- Əvvəl çətin idi, indi?

- İndi. Əvvəllər gənc idim, indi qocalıram, sümüklərim əyilir, kilo almışam, gücsüzəm. Qocalıram.

- Neçə nəvəniz var?

- 2. Biri qızdır, biri oğlan. Sevinirəm ki, mənim davamçılarım var. Onlar mənim qanımı daşıyırlar.

- Gəldilər, tanış oldunuz. Bəs təklif etmədilər, evə getməyi?

- Mən özüm getmərəm. Nə var evdə. Bura düzgünlük, dürüstlük yeridir. Ağsaqqallar var burada. Şəhərdə nə var bəs? Mən dünyadan təcrid olmuşam, buranı sevirəm. Nisbətən cavanam, özümü toxtaq hiss edirəm, beynim işləyir.

- Gənclərə nə tövsiyəniz var?

- Allahı yaddan çıxarmayın, vicdanlı olun. Kim necə olur olsun, sən özünə görə vicdanlı ol. Onda ətrafın da, düzələcək.

Divardakı şəkillər yenidən diqqətimi çəkir. Şəfəq dayı yanında olmayan ailəsini, gəncliyində yarım qalan yuvasını divarlara rəsmlərlə həkk edir. Amma bunu heç kimə bəlli etmədən, quşlar, heyvanlar üzərində canlandırır. Hekayəsini içdən duyan hər kəs anlaya bilər ki, onun daxilindəki ailə boşluğu divarlardadır… və istər-istəməz bunu deyirəm: Çəkdiyiniz rəsmlərin hər birində ailə görürəm. 4 baş quş. İkisi bala, ikisi böyük. Bura evdən yaxşıdır deyirsiniz, amma görürəm, rəsmlər sizin psixologiyanızdan xəbər verir.

Üzünü o biri tərəfə çevirib, bikef formada, hə, haqlısan, deyir.

“Nə qədər desəm də, bura yaxşıdır, amma ailə necə də olsa, ailədir də… Yaxşı ki, gəldiniz, ürəyimi boşaltdım, rahatladım”.

Elə bu sözlərlə də, söhbətimizi yekunlaşdırıb, Ahıllar evindən gedirik.

Foto: İlkin Nəbiyev © APA GROUP

Tariximizin qəhrəmanı necə kimsəsiz qaldı? - Ahıllar evindən ÜRƏK  SIZLADAN REPORTAJ Tariximizin qəhrəmanı necə kimsəsiz qaldı? - Ahıllar evindən ÜRƏK  SIZLADAN REPORTAJ Tariximizin qəhrəmanı necə kimsəsiz qaldı? - Ahıllar evindən ÜRƏK  SIZLADAN REPORTAJ Tariximizin qəhrəmanı necə kimsəsiz qaldı? - Ahıllar evindən ÜRƏK  SIZLADAN REPORTAJ Tariximizin qəhrəmanı necə kimsəsiz qaldı? - Ahıllar evindən ÜRƏK  SIZLADAN REPORTAJ

# 628 dəfə oxunub

Oxşar xəbərlər

Maykl Kanniqem:   "Tənqidləri oxumuram, onlar yaradıcılıq prosesinə mane olur..." - Müsahibə

Maykl Kanniqem: "Tənqidləri oxumuram, onlar yaradıcılıq prosesinə mane olur..." - Müsahibə

18:20 6 noyabr 2025
Əməkdar artist Vahid Əliyev vəfat etdi

Əməkdar artist Vahid Əliyev vəfat etdi

17:52 6 noyabr 2025
Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub

Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub

17:20 6 noyabr 2025
"Buker"li  hind qadın yazıçı: "Onlar üçün Qandi bəlkə də gözyaşardıcı qazdır..."

"Buker"li hind qadın yazıçı: "Onlar üçün Qandi bəlkə də gözyaşardıcı qazdır..."

17:00 6 noyabr 2025
"44" filminin çəkilişləri başa çatıb

"44" filminin çəkilişləri başa çatıb

16:33 6 noyabr 2025
Anar:  "Erməni yazıçıların belə niyyəti varsa, bizə müraciət etsinlər"

Anar: "Erməni yazıçıların belə niyyəti varsa, bizə müraciət etsinlər"

13:25 6 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər