Atasını erkən itirdi, dayısının himayəsində yaşadı, qadın əsarətinə qarşı çıxdı – Onun intiharına kim səbəb olmuşdu?

Atasını erkən itirdi, dayısının himayəsində yaşadı, qadın əsarətinə qarşı çıxdı – Onun intiharına kim səbəb olmuşdu?
3 oktyabr 2023
# 21:00

Bu gün yazıçı Süleyman Sani Axundovun doğum günüdür.
Kulis.az yazıçının həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Süleyman Sani Axundov 1875-ci ildə Şuşa şəhərində anadan olub. Uşaq yaşlarından atasını itirib və dayısının himayəsində böyüyüb. Onun dayısı görkəmli maarif xadimi Səfərəli bəy Vəlibəyov idi.

***

Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. Bakıdakı yoxsul ailələrdən olan yüzlərlə uşaq onunla dostlaşmışdı.

***

1920-ci il may ayının 25-də Gəncə qiyamı yatırıldıqdan sonra Qarabağda da qiyam baş verir. Qiyamı yatırtmaq üçün ciddi tədbirlər hazırlanır. XI ordu hissələri Qarabağa gəlir. AKP MK və Azərbaycan İnqilab Komitəsi Dadaş Bünyadzadə və Çingiz İldırımı Qarabağa göndərir. Azərbaycan İnqilab Komitəsi tərəfindən göndərilən nümayəndələr arasında Süleyman Sani də vardı. Qarabağ İnqilab Komitəsinin qərarı ilə Süleyman Sani bir sıra partiya və dövlət tapşırıqlarını yerinə yetirir. Həmin il avqustun 9-da Qarabağ vilayəti maarif şöbəsinə müdir təyin edilir. O, maarif işində həvəslə işləyib, Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasında fəal iştirak edib.

Süleyman Sani Axundov - Uşaq Bilik Portalı

***

Bir çox vəzifələrdə çalışıb: 1920–1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922–1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində işləyib. 1922-ci ildə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib. Ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə ona "Əmək Qəhrəmanı" adı verilib. 1921-ci ildən 1930-cu ilədək fasiləsiz Bakı Soveti üzvü, Bakı İcraiyyə Komitəsinin namizədi və Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvü olub.

***

1906-cı ildə Bakıda çağırılan müəllimlər qurultayında fəal iştirak edən Süleyman Sani ərəb əlifbasını islah etmək üçün faydalı təşəbbüs göstərib, ana dilində proqram tərtib etmək üçün təşkil edilən komissiyaya seçilib. 1908-ci ildə A.Şaiq, M.Mahmudbəyov və başqa qabaqcıl maarif xadimləri ilə birlikdə Azərbaycanın pedaqoji tarixində mütərəqqi bir hadisə olan məşhur “İkinci il” dərsliyini tərtib edib.

***

Onun ilk əsəri "Tamahkar" komediyasıdır. Yazıçı bu əsərini Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərinin təsiri ilə yazıb. Bu əsəri S.S.Axundov 24 yaşında qələmə alıb. “Tamahkar” komediyasında xəsisliyə və qadın əsarətinə qarşı çıxıb.

***

S. S. Axundovun “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Eşq və intiqam” kimi pyesləri var.

***

Süleyman Sani Axundov 1912-1914-cü ildə yazdığı “Qorxulu nağıllar”a, “Qorxulu nağıllar” isə Qaraca qıza görə tanınırdı. Amma çox maraqlıdır ki, uşaqlar üçün nəzərdə tutulmuş bu nağıllar sözün həqiqi mənasında qorxuluydu. Məşhur “Qaraca qız” nağılı Qaraca qızın ölümü ilə başa çatırdı, “Abbas və Zeynəb” nağılı uşaqların güllələnməsi ilə bitirdi.

S.S. Axundovun özü isə bu hekayələr haqda belə yazırdı: “Bu hekayələr, həqiqətən də, qorxulu idi. Lakin onlar uşaqları qorxutmur, onlara həyat həqiqətlərini, həyatın işıqlı və qaranlıq tərəflərini açır, xeyirxahlıq və ədavətin təntənəsini əks etdirirdi”.

***

Qori seminariyasının müdavimlərindən biri də Süleyman Sani Axundov olmuşdu. Burada milli, klassik rus və dünya ədəbiyyatı ilə dərindən tanışlıq onun dünyagörüşünə faydalı təsir edib. 1894-cü ildə seminariyanı bitirən Süleyman Bakıdakı III dərəcəli rus-tatar məktəbinə müəllim təyin edilib. Həmin ildən o, tərəqqipərvər maarifçilərlə birlikdə, xalqı cəhalətdən qurtarmaq, gənc nəsli mütərəqqi ideyalarla tərbiyələndirmək işində var gücü ilə çalışıb.

***

İlk yazılarını yazmağa başlayan Süleyman Mirzə Fətəli ilə eyni familiyanı daşıdığına görə Sani təxəllüsünü soyadının əvvəlinə əlavə etmişdi. Sani ərəbcə “ikinci” demək idi.

***

Seminariyada oxuduğu günlərin birində, Azərbaycan şöbəsinin inspektoru Çernyayevski S.S.Axundova pul verib onu çörək almağa göndərir. İntihar məktubunda da yazdığı kimi, yazıçı Qoridə qərib idi və buna görə də çörəyin qiymətini bilmirdi. Çörəyin qiymətini ona baha demişdilər. Çernyayevski onun oğurluq etməsindən şübhələnirdi. Sabahısı gün onun çörək aldığı dükan yoxlanıldı və Süleymanın düz dediyi aydın oldu.

***

Yoxlamanın nəticəsi haqqında da Süleymana məlumat verildi. Lakin izzəti-nəfsi təhqir edilən Süleyman rahat olmadı, 22 yanvarda o, nümayişkaranə şəkildə Çernyayevskinin qarşısında ayağa durmadı. İntizam komissiyası bu məsələ ilə bağlı müzakirə aparanda o intihar məktubları yazırdı. O gecə Süleyman artıq intihar edəcəyinə qərar vermişdi. Dörd məktub yazdı, birinci məktub dayısı İsmayıl bəy Səfərəliyevə ünvanlanmışdı: “Mən bu ləkə ilə yaşaya bilmərəm”.

İkinci məktub seminariya yoldaşı Musaya yazmışdı: “Elə mənim üçün kifayətdir ki, dünyada məni başa düşə bilən bir adam tapmışam. Sabah mənim qanlı meyitimi görüb deyəcəksən: Burda bir qərib ölüb; Göy kişnər, bulud ağlar. Əlvida dostum. Məni heç bir vaxt yadından çıxarma. Öpürəm səni”.

Üçüncü məktub Çernyayevskinin adına idi: “Mən namuslu olduğumu yoldaşlarım yaxşı bilirlər. Desələr, Axundov filan işdə dələduzluq etmişdir, əminəm ki, onların heç biri buna inanmaz… Ağ saçlarınızdan utanın, qoca! Eh! Siz mənim başıma nə iş açdınız!”

Dördüncü məktubla isə borclu olduğu Saşaya xitab eləyirdi: “Sabah doqquz manatınızı alacaqsınız. Mən sizin pulunuza üzük yox, bizim şüşəçi Xaritovdan tapança almışam. Şərtimiz belədir: əgər onun tapançası mənim xoşuma gəlməsə, özünə qaytarıb pulu geri almalıyam”.

Məktubları yazdı, tapançanı hazırladı və saat 5-də güllə açıldı. Sabahısı gün seminariyanın direktorunun Qafqaz Təhsil İdarəsinin rəisinə təqdim etdiyi raportda seminariya həkimi Saakovun verdiyi arayışa istinad edilmişdi: “Axundovun atdığı güllə onun sol döşünün əzələsini yarım verşok enində dəlib keçmişdir və bu yara Axundovun həyatı və səhhəti üçün qorxulu deyildir”.

1. Süleyman Sani Axundov… “Qorxulu nağıllar” qaldı ondan. Amma bir... |  Интересный контент в группе Axı dünya fırlanır

***

Pedaqoji Şura onun intihar etməsini müzakirə edərkən Çernyayevski iclasda iştirak etməsə də, yolladığı yazılı rəydə Axundova hər hansı bir cəza verilməsini insanlıqdan kənar hesab etdiyini vurğulamışdı.

Xəstəxanada yatarkən Çernyayavski dəfələrlə Süleymanı ziyarət etdi. Lakin bu intihar Çernyayevski üçün yaxşı qurtarmadı, dəfələrlə müxtəlif orqanlara çağırıldı, axırda məcbur olub ərizə yazdı və təqaüdə çıxdı.

***

Süleyman Sani Axundov 1939-cu ildə, mart ayının 29-da Bakıda vəfat edib. Onun məzarı Fəxri xiyabandadır.

# 7288 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #