Atası qaçaq olan, on manatla şəhərə gələn, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti – Maraqlı faktlar

Mikayıl Mirzə

Mikayıl Mirzə

3 iyun 2022
# 21:00

Bu gün Xalq artisti Mikayıl Mirzənin anım günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.


Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Ağsu rayonunun Talış kəndində doğulub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər Akademik Milli Dram Teatrında aktyor işləyib.

Gallery


Ailədə 4 qardaş, bir bacı olublar. Lakin, bundan başqa onun ata-anası kənddə kimsəsiz qalan bir qızı da övladlığa götürüb. Atası sadə kolxozçu olsa da, sinəsi nağıl, şeir, rəvayət dolu olub. Sovet hökuməti təzə qurulanda Şahvələd kişi bir müddət qaçaq olub düşüb dağlara, sovetlərlə mübarizə aparıb. Sonra “ram edib”, gətiriblər onu arana. Əkinlə-biçinlə məşğul olub.

Gallery


Deyilənlərə görə, anası Susay Səfəvilərin şəcərəsindəndir. Ərdəbildən gəliblər Qubaya, sonra Şamaxıya və Ağsuya köçüblər. Qarabuğdayı, hündür qadın imiş. Mikayıl üzdən ona bənzəyib.

***


Rasim Balayev, Səməndər Rzayev və Mikayıl Mirzə Ağsuda məktəbdə bir yerdə oxuyublar. Səməndər artıq İncəsənətdə təhsil alırmış, deyib Mikayıla ki, gəl bura, burda səni götürəcəklər. Mikayıl şəhərə gedib oxumaq istədiyini bildirəndə atası etiraz edib və ona şəhərə getməsi üçün pul da verməyəcəyini deyib.

Gallery

Cibində olan 10 manat pulla kənddən çıxıb. Sənədlərini verib Pedaqoji İnstitutun jurnalistika fakültəsinə. İmtahan götürənlərdən biri Xəlil Rza imiş, qrammatikadan kəsilib. Xəlil Rza deyib ki, onun yaxşı potensialı var, beyni doludur, xırda səhvə görə kəsməyin. Ancaq ona deyiblər ki, get, rayona dəy, gəl. Mikayıl “mən rayona yalnız səlahiyyət sahibi kimi qayıdacağıma söz vermişəm, gedib dəyə bilmərəm” - deyib.

***


Nəhayət institutua qəbul olunur. Həm də bəxti müəllim sarıdan gətirir, sənət müəllimi Mehdi Məmmədov olur. Həmçinin Müxlis Cənizadədən və Ağaəli Dadaşovdan dərs alır.

Gallery

Doğulduğu rayonla bağlı arzularından biri də Ağsuya su çəkdirmək olub. Deyirmiş: Ağsu - adında su, dodağında su yanğısı...

***

Mikayıl uşaqlıqdan çox mütaliə edən olub. Saysız dərəcədə şeir bilirmiş. Məktəb istehsalat briqadasında qızlar onun da əvəzinə pambıq yığarmışlar ki, sən ancaq bizə şeir de, sənin də pambığını yığarıq. Oğlu Mətin Mirzə deyir, nənəm danışardı ki, atan İncəsənət İnstitutunun yataqxanasında qalanda kitabxananın açarının üzünü necəsə çıxartdırıbmış, gecələr girib orda şam işığında kitab oxuyurmuş. Cəfər Cabbarlı onun ən çox sevdiyi dramaturq olub.

Gallery


Geniş tamaşaçı kütləsi onu həm də müxtəlif ekran əsərlərindəki və televiziya tamaşalarındakı obrazlarında tanıyıb seviblər. Məsələn, "Babək"də Minbaşı, "Dədə Qorqud"da Gorqazan, "Qatır Məmməd"də Qasım, "Uzun ömrün akkordları"nda Hüseynqulu Sarabski, "Topal Teymur"da şair Girmani, "Günahsız Abdulla"da Abdulla və s.

***


Yaxın dostu Vilayət Quliyev müsahibələrinin birində nəql edir ki, qızım Humayı dərsə aparırdım. Sükan arxasında özüm idim. İnqilab küçəsində svetoforda dayananda maşının açıq pəncərəsindən şimşək kimi şaqqıldayan qeyri-adi və bənzərsiz səs salona doldu: "Dostum və qardaşım Vilayət Quliyevə eşq olsun! Axşam altıda gözləyirəm!" Mənim üçün burada qeyri-adi və gözlənilməz heç bir şey yox idi. Amma Mikayıl Mirzəni tanımayan heyrətlə mənə baxıb uşaq sadədilliyi və təmizliyi ilə "Ata, o kişi dəlidi?"- deyə soruşdu

Gallery


Tələbəsi Nurəddin Mehdixanlı Mikayıl Mirzənin tələbələrinə qarşı çox diqqətli olduğunu müsahibələrinin birində qeyd edərək deyir: “Bir də görürdün ki, hansısa tələbəni saxlayıb ondan qalstukunu istəyirdi, həmin qalstukdan xoşu gəldiyini deyirdi. Səhərisi günü tələbədən aldığı qalstukun yerinə təzəsini alıb gətirib ona verərdi. O, görürdü ki, tələbə həmin qalstuku iki ildir ki, taxır və artıq yenilənməsinə ehtiyac var. Bunun üçün də məhz bu cür üsulla tələbəyə köməklik edirdi. Və yaxud da televiziyada Mikayıl müəllimə poemaları canlı demək üçün 100-150 manat pul verilirdi. O, məni, rəhmətlik İlham Əsgərovu çağırıb deyirdi ki, uşaqlar mən bunu tək deyə bilmərəm gəlin iki yerə, üç yerə bölək. Biz həmin hissələri əzbərləyib deyirdik. Və o, aldığı pulu bizim aramızda bölürdü”.

Gallery


Mikayıl Mirzə uzun illər ailəsi ilə birgə birotaqlı mənzildə yaşayıb. Evinə gedənlər nəql edirlər ki, mənzildə hər yer dövrün şairlərinin avtoqraflı kitabları ilə dolu olurmuş.

***


“Aydın” tamaşasında baş rolda özü oynamaq istəsə də son anda vaz keçərək rolu tələbəsi Nurəddin Mehdixanlıya verib. Həyat yoldaşı Elza xanımla oğlu Mətin onu inandırıblar ki, 50 yaşdan sonra elə bir rolu oynamağa onun ürəyinin gücü çatmaz.

Gallery


Mikayıl Mirzə son dəfə “Döz” adlı şeir yazıb. Bu şeirə isə müğənni Xumar Qədimova mahnı bəstələyərək, klip çəkdirib. Mikayıl Mirzə həmin klipə çəkilərək şeirinin son bəndini də ifa edib.

***


Aktyor Rafiq Əzimov deyir ki, - axır vaxtlar səhhətindən çox şikayətlənirdi. Dini mövzuda hazırlanmış bir tamaşada tərəf-müqabili idik. Birdən ürəyini tutdu. Dedim, nə edə bilərəm sənin üçün? Dedi ki, sağ ol, heç nə lazım deyil, sürücünü çağırmışam gəlib məni evə aparacaq”.

Gallery

Milli Dram Teatrında hazırladığı “Aydın” tamaşasının premyerasından çox keçməmi. Mikayıl Mirzə xəstələnir. Həkimlər əməliyyat olunmasını bildirirlər. Eyni diaqnozu xarici ölkədəki həkimlər də qoyur. Oğlu Mətin Mirzə atasının xaricdə əməliyyat olunmasını istəyib. Təyyarəyə minmək üçün gedəndə Mikayıl Mirzə oğluna deyir: “Bəlkə, lazım deyil, getməyək, hara qədər çatar ömrüm, qoy, ona qədər yaşayım. Ürəyi yardırmaq asan məsələ deyil”... Oğlu razılaşmır. Əməliyyat çox uzun çəkib. Sonda həkim çıxıb və Mətinə deyib ki, mən ürəyi bir yerə yığıb tikə bilmirəm: “Təcrübəmdə belə şeylə rastlaşmamışam, ürək sapdan çıxıb, tökülür…”

***

İki dəfə Milli Məclisə deputat seçilib. 1992-95-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun direktoru olub. Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib. İkinci Fəxri Xiyabanda dəfn olunub.

# 86467 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #