Arvadı gizli məhəbbətinə haqq qazandırdı, ermənilər içkisinə zəhər qatdı, ölən gün naziri qapısından qovdular – Tofiq Bayramın film kimi həyatı

Arvadı gizli məhəbbətinə haqq qazandırdı, ermənilər içkisinə zəhər qatdı, ölən gün naziri qapısından qovdular – Tofiq Bayramın film kimi həyatı
19 aprel 2023
# 21:00

Kulis.az Əməkdar incəsənət xadimi Tofiq Bayram haqqında maraqlı faktları təqdim edir.

Tofiq Qulam oğlu Bayramov 1934-cü il dekabrın 16-da Bakı şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil alıb.

***

A.T. Tvardovskinin "Yaddaşın hökmü" poemasının tərcüməsinə görə M.Qorki adına Azərbaycan Dövlət mükafatı laureatı fəxri adına layiq görülüb.

“Sizi düşünürəm” adlı ilk kitabı 1964-cü ildə çıxıb.

***

İçkini sevən adam olub. Eyni zamanda mehriban, qəlbitəmiz, zarafatcıl olduğunu deyirlər. Tofiq Bayramın şair dostlarının adına durduğu yerdə qafiyələr qoşmaq şakəri də varmış.

***

Güclü yumor hissinə malik olan Tofiq Bayram kəndə qonaq gedibmiş. Həyətə girəndə yüzlərlə ağappaq “inkubator” cücəsinin sel kimi sağa-sola axdığını görür və deyir:

- Hara gedirsiniz, ay səyyar “zakuska”lar!

Jurnalist Hikmət Sabiroğlunun atasıyla dost olub. Hikmət bəyin sözlərinə görə Tofiq Byaram məşhur adam olduğu üçün ermənilər onun tribunaya çıxmağını, danışmağını istəmirdilər. Və onu öldürmək məqsədi ilə də Tofiq bəy Xankəndində olanda onun içkisinə zəhər qatıb zəhərləmək istəyirlər. Ancaq Tofiq Bayram zəhərlənsə də, həyati təhlükəni atladır. Dostları bilən kimi əncam çəkib onun həyatını xilas edirlər.

***

Tofiq Bayram şair olmaqla yanaşı naşir, tərcüməçi, mahnı mətnlərinin müəllifi və Opera və Balet Teatrında bədii rəhbər də işləyib.

***

Tofiq çox erkən, 21 yaşda bir sinifdə oxuduğu Zərifə adlı xanımla ailə qurub. Həyat yoldaşı Zərifə xanımı çox sevib. Tofiq silsilə məhəbbət şeirlərini ona həsr edib.

Teatrda bədii rəhbər işləyəndə bir türk aktrisasına vurulur. Ona ən gözəl şeirini həsr edir. Bu barədə şairin bacısı Svetlana Bayramova müsahibələrinin birində deyir:

"Tofiqin gizli bir sevdası vardı. Bu, Türkiyənin vaxtilə çox məşhur bir opera müğənnisi olan Sevda Aydan idi. 1964-cü ildə Sevda Aydan Bakıya, Opera və Balet Teatrına qastrola gəlir. Və bilirsiz ki, Opera Teatrındakı işlər uzun müddət çəkir. O ərəfədə də Tofiq həmin teatrda ədəbi-hissə müdiri idi. Onların arasında çox isti münasibətlər yaranır. Mənə elə gəlir ki, Tofiq sözün həqiqi mənasında o qadına vurulmuşdu. Və Sevda Aydan da ona qarşı biganə deyildi. Həmin ərəfədə Tofiq Sevdaya bir şeir yazdı. Sevda həmin şeiri Türkiyəyə apardı. O şeir qısa bir müddətdə sevildi, dillər əzbəri oldu. Və bu şeiri həmin dövrdə də, indi də Türkiyədə əzbər bilməyən adamlar çox az olar".

***

Sevda ilə Tofiqin münasibətlərinin davam etməsi o dövrdə mümkün deyildi. Əslində, o şeirə görə Tofiqin başı çox zülmlər çəkir. Şeir Türkiyədə çap olunandan sonra SSRİ-nin oradakı səfiri bu barədə Moskvaya xəbər verir. Ordan da Azərbaycanın “KQB”sinə zəng vurub bildirirlər ki, bəs sizdə bir şair var, o necə cürət edib türk qızına "canı canımdandır, qanı qanımdan…” yaza bilir. 1964-cü ildə bu cür cümlələr qurmağın özü belə təhlükəli idi.

Sevdanı sevəndə Tofiqin 30 yaşı olub. Xanımı da bu sevgidən xəbərdar olub və məsələni çox da sakit qarşılayıb. Deyib ki, mən fəxr edirəm ki, qadınlar mənim yoldaşımı sevir. Ancaq bacısının sözlərinə görə Tofiqin gizli sevdası Sevda da yox, tamam başqa bir qadın olub. Bu barədə isə ancaq Tofiq bəy özü, bir də bacısı məlumatlı olub.

***

Polad Bülbüloğlu ilə möhkəm dost olublar. Bu dostluğun isə maraqlı tarixçəsi olub. 1960-cı ildə Yazıçılar Birliyindən Tofiq Bayrama “Moskviç – 408” maşını verilir. Bülbülün evi Yazıçılar Birliyinin yanındakı yerləşirdi binada. Günlərin birində səhər-səhər pəncərədən bayıra baxan Polad “Yazıçılar Birliyinin” qabağında Tofiqin maşınını görür. Düşür aşağı, gəlir binanın qarşısına, maşının kimin olduğunu soruşur. Deyirlər ki, bəs Tofiq Bayramındır. Polad Tofiqdən onun maşınını sürmək üçün icazə istəyir. Tofiq özü maşın sürə bilmədiyi üçün, həm də Bülbülə görə razılaşır. Bu razılıqdan sonra Polad böyük həvəslə onun maşınını sürür. Beləcə, onların dostluğu başlanır.


Lakin, iş elə gətirir ki, sonralar bu dostluq pozulur. Hətta vəziyyət o həddə çatır ki, Polad Tofiqin xəstəlik vaxtı onun yanına getmir. Yalnız ölümündən sonra onun evinə ayaq qoyur. Tofiqin bacısı xatirələrində qeyd edir:
“Ölümündən sonra Polad bizə gəldi. Anamı görmək, ona başsağlığı vermək istəyirdi. Mən də qarşısını kəsib soruşdum: sən niyə indi gəlirsən ki? Niyə Tofiq xəstə olanda gəlmədin? Niyə Tofiq əməliyyat olundu, gəlmədin? Hətta Tofiq sağlam ola-ola Namiq Kamal Zeybəkə demisən ki, o elə haldadır ki, sizin görüşməyinizi istəmirəm. Soruşdum ki, Tofiq nə halda imiş ki? Mənə cavab vermədi. Mən də ona qapını göstərdim. Dedim get burdan. O, hətta Tofiqin ölümünü evlərində də deməmişdi. Anası Ada xanım qardaşımın öldüyünü təsadüfən kimdənsə eşitmişdi. Deyəsən, 40-na yaxın gəlib çıxmışdı bizə… Heç yadımdan çıxmaz: pilləkənləri qalxa-qalxa ancaq Poladı qınayırdı. O da anlamırdı ki, oğlu niyə belə iş tutub. Elə hey deyirdi: mən indi bu ailənin üzünə necə baxacam”.

***

O əsl bakılılar kimi mərd, sözü üzə deyən, həqiqət tərəfdarı bir insan olub. Heç vaxt Kommunist Partiyasının üzvü olmayıb. Sovet dövründə hər şeirdən sonra ona “şovinist, millətçi, turançı” damğası vurublar. Rəhmətlik dirijor Niyazi Opera və Balet Teatrının direktoru işləyən dövrlərdə Tofiq onun həm işçisi, həm də dostu olub. Onda Niyazi ulu öndər Heydər Əliyevə məsələni danışır, deyir, Tofiqi ora-bura çağırırlar, incidirlər. Heydər Əliyev işə qarışır və tapşırır ki, Tofiq gedib otursun Əmircanda, bir müddət şəhərə gəlməsin. Amma Niyaziyə deyir ki, “ işə gəlməsə də, maaşını ver, şairi pulsuz qoyma, ailəsi var”.

1991-ci ilin, aprel ayında Tofiq Bayram səhhətindəki narahatlıqlara görə xəstəxanaya düşür. Şair son dəfə bacısından bağlarında çiçək açan ağaclardan bir budaq istəyir. İki saat sonra Svetlana Bayramova Əmircandakı həyətlərindən gətirdiyi budağı qardaşına uzadır. Budağı üzünə yaxınlaşdıran Tofiq Bayram çiçəklərin ətrini ciyərlərinə çəkib, çox mənalı şəkildə iki kəlmə deyir: Ağaclar yenidən çiçək açacaq, amma… O, sözünün ardını gətirə bilmir

***

Tofiq Bayram 1991-ci il aprelin 19-da vəfat edir. Bakının Əmircan kəndində dəfn olunur.

# 31191 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #