Aqil Abbasın 50 manatı, Qurban Qurbanovun əli, gənc yazarların düşməni - Reportaj

"Qarabağ" azarkeşləri

"Qarabağ" azarkeşləri

25 fevral 2022
# 15:01

Kulis.az Vüqar Babazadənin “Qarabağ"-"Marsel” oyunundan yazdığı reportajı təqdim edir.

Dostlarla "Qarabağ"-"Marsel" oyununa getmək istəyirdik. Amma bir tərəfdən də bilet almağa, yığışıb stadiona getməyə ərinirdik. Axı bu cür kompaniyalarda kimsə qrupa rəhbərlik edib, bütün təşkilatçılığı öz üzərinə götürməlidir. Amma heç kim qəhrəmanlıq göstərib, qabağa durmurdu. Əşi Allahdan gizli deyilsə, sizdən niyə gizli olsun? Nə yalan deyim, pulumuz yox idi. Ən ucuz biletlər satılıb qurtarmışdı.

Hamımız dərin hüzn içində işdə oturarkən hüquqşünas, milliyyətçi, Azərbaycan ədəbiyyatının gözəl bilicisi, gənc yazarların düşməni, ədəbiyyat sevdalısı, qeyri-adi fikirləri ilə daima gündəmdə olan Şamil Paşayev redaksiyamıza təşrif buyurdu.

Qanım təmiz qaraldı. Bilirdim, Şamil gəlib yenə başlayacaqdı ki, “siz dünyanın ən boş işi ilə məşğul olan avara adamlarısınız. Azərbaycan ədəbiyyatından heç nə olan deyil, Elxan Elatlı hamınızdan daha istedadlıdır. Heç bir işə yaramırsınız. Paralel kainatda Ayxan Ayvaz, əslində, kuryer, Rəvan Cavid bənna, Ulucay Akif maşın ustası, Mehdi Dostəlizadə dilənçi, Samirə Əşrəf gözəllik salonunda işləyir. Vüqar Babazadə isə heç nə deyil, nə burda bir işə yarayır, nə də başqa kainatlarda. Siz səhvən yazıçı olmusunuz”.

Bir sözlə, ovqatım təlx oldu.

Şamilin haqqımızda bu cür danışmağı, bəzən həqiqətləri bir şillə kimi Ayxanın üzünə çəkməyi, bəzən adamı qıcıq edəcək fikirləri məni çox kədərləndirirdi. İçəri daxil olan kimi dedi ki, Ayxan, həyat sənin roman yazmağın qədər mənasızdır. Təmiz əsəbiləşdim. İri cüssəli olmasa, hətta durub dalaşmağı da fikirləşdim. İri cüssəli olmağından çox, hüquqşünas olmağından qorxdum ki, adamı bir saniyənin içində neçənci maddə iləsə tutdurar. Buna görə əl saxladım.

Birdən Şamil dedi ki, "Qarabağ"ın oyununa gedəcəksiz? Dedik ki, yox, biletlər qurtarıb. Dedi ki, narahat olmayın, axşam hazırlaşın, mən qonaq edəcəm sizi. Birbaşa stadiona gələrsiniz.

Şamildən belə təklif göydəndüşmə oldu. Bu elə bir xoşbəxtlik idi ki, sözlə ifadə edə bilməyəcəm. Həmin an Şamil gözümə ağ-qanadlı, gözəl bir mələk kimi göründü. İstədim ki, durub onu qucaqlayım. Bayaqkı fikirlərimə görə özümdən bərk utandım. Uşaqlar da sevindi, hamı bir anın içində xoşbəxt oldu və Şamilə təşəkkür elədi.

Fürsət düşmüşkən, bir daha Şamil Paşayevə dərin minnətdarlıq hisslərimi çatdırmaq istəyirəm. İndiki zamanda qardaşın qardaşa eləmədiyi yaxşılığı bizim üçün eləyib. Şamildə mesenat imici də var. Ona təklif edirəm ki, mənə ayda min manat versin, oturum evdə roman yazım. Bu da olsun onun mədəniyyətə böyük bir töhfəsi.

İşdən çıxıb birbaşa "Gənclik" metrosuna gedirik. Oğuz Ayvazla Ayxanın qaynı Nicat bizi gözləyirlər. Mən, Mehdi, Ulucay və Ayxan onlarla qoşulub marketə üz tuturuq.

Oğuz həmişəki kimi yenə yorğun və kədərlidir. Yolda mənə təzə yazacağı romanından danışır, vaxt azlığından şikayətlənir.

Marketin qabağında Aqil Abbası görürük. Hal-əhval tutandan sonra oyun haqqında fikirlərini soruşuruq. Deyir ki, "Qarabağ" udacaq! Sağollaşıb ayrılanda isə 50 manat çıxarıb bizə uzadır ki, gedib yeyin-için. Bu da lap göydəndüşmə təklif olur. Əvvəlcə heç kim pulu götürmək istəmir, amma Aqil müəllim zorla da olsa verib bizimlə sağollaşır.

Fürsət düşmüşkən Aqil müəllimə də dərin minnətdarlığımı bildirmək istəyirəm. Onda da əsl mesenat imici var. Təklif edirəm ki, mənə ayda min manat versin, oturum evdə roman yazım. Bu da olsun onun mədəniyyətə böyük bir töhfəsi. Ya da 1000 manatın yarısını Aqil müəllim, yarısını da Şamil verə bilər. Öz aralarında məsləhətləşib sonra mənə deyərlər.

Marketdən daha nə almırıq, İlahi? Kimin əlinə nə keçir götürür. Cips, tum, meyvə şirəsi, su, siqaret, pivə, spirtli, enerji içkiləri. Uşaqların sevinci qıraqdan çox kədərli görünür. Çox səmimi və saf sevinirlər.

Mənlə Oğuz marketdən çıxıb çöldə gözləyirik. Aqil Abbas bayaqkı yerində qalıb, bu dəfə yanında Rəşad Məcid də var. Oğuz deyir ki, get Rəşad müəllimə də salam ver, bəlkə, 50 manat da o verdi.

Bir yaşlı qadın bizə yaxınlaşıb, pul istəyir. Aqil Abbasla Rəşad Məcidi göstərib deyirəm ki, ay nənə, bax get onların yanına. Nə çıxsa, ordan çıxar. Mənimlə burda vaxt itirmə.

Uşaqlar da yekə torbalarla çıxırlar. Hərə öz içkisini, siqaretini, cipsini götürür. Ayxanın qaynı 10 dəqiqənin içində iki dənə spirtli-enerji içkisini içib qurtarır. Bu hadisədən sonra mənim ona hörmətim birə-beş artır.

Yavaş-yavaş stadiona tərəf gedib, Şamili gözləyirik. Oyunun başlamasına 15 dəqiqə qalmış kütlənin içinə daxil oluruq. Böyük bir xaosun, insan dənizinin içinə girib, addım-addım gedirik. Qabaqdan hissə-hissə buraxırlar deyə hamı bir-birini ayaqlayır, əzir, söyür. Narazılıqlar, qışqırıqlar, “yuuuh”lamalar havada uçuşur. Ağız deyəni qulaq eşitmir.

Hamı bir-birini basıb keçmək istəyir. Oğuzla yan-yana dayanmışıq. Çevrilib Oğuza deyirəm ki, gələcəkdə yazacam ki, Oğuz Ayvazla bir yerdə, çiyin-çiyinə etiraz etdiyimiz günlər olub. Bu anda qarşımızdakı bir kişi çönüb Oğuza deyir ki, zəhmət olmasa, itələməyin də. İkimiz də gülürük. Necə yəni itələməyin? Az qala bir-birimizin ağzının içinə dirənmişik, kişi də deyir ki, itələməyin. Ayxan arxadan deyir ki, ilk dəfədir xalqımızı bir yerdə belə görürəm.

Birtəhər içəri daxil oluruq. Oğuz stadionun qarşısında oturan orkestr üzvlərinə baxıb deyir ki, ay daa, necə kədərlidir...

Oyun başlayıb və gecikmişik. Hamı pərən-pərən düşüb, it yiyəsini tanımır. Hərə öz sektoruna tərəf qaçır. Birtəhər içəri keçib, öz yerlərimizi axtarırıq. Burda da həmişəki kimi aləm dəyib bir-birinə. Kim harda gəldi oturub. Öz biletinin nömrəsini göstərib, kimisə yerindən durğuzdurmaq, çürükçülük kişi hərəkəti olmadığı üçün biz də bir yer tapıb birtəhər otururuq. Elə oturan kimi, "Marsel" birinci qolu vurur. Qanımız qaralır.

Bir oturacaqda üç nəfər sıxlaşıb, oturmuşuq. Bir az sonra oturduğumuz yerlərin əsl sahibləri gəlir və bizə haqlı olaraq bildirirlər ki, bura bizim yerimizdir. Bu söhbətdən sonra bir oturacaqda dörd nəfər oturmağa başlayırıq. Olsun, bu qədər əziyyəti "Qarabağ"a görə çəkirik. Ürəyimdə fikirləşirəm ki, görəsən, bu qədər zəhmətə dəyəcəkmi?.. Bu anda yanımda oturan 15-16 yaşında oğlan dua edir ki, ay Allah, nolar "Qarabağ" udsun, ay Allah. Sonra çevrilib məndən soruşur ki, qaqa, görəsən, biz uda bilərik? Deyirəm ki, inşallah, udarıq. O, yenidən dua etməyə başlayır. Biz isə həyəcanla oyunu izləyirik.

İgidi öldür, haqqını yemə. Birinci hissə "Qarabağ" yaxşı oynayır. Cinahlardan hücuma keçir. Hətta bu hücumların biri qol da olur. Qışqırırıq, sevinirik, bağırırıq, tullanırıq. Amma sonradan məlum olur ki, futbolçu topu əliylə qapıya salıb. Bunu da Qurban Qurbanov hakimə bildirərək, qolun ləğv edilməsini istəyib. Obrazlı desək, Qurban Qurbanov bu hadisəyə əl edib və Azərbaycanın anti-Maradonası olub. Nə böyük fədakarlıq və soyuqqanlılıq! Əsl müsəlman bax belə olar. İngilislərin yaratdığı futbola, azərbaycanlılar “ponyatka” gətiriblər. Sadəcə əhsən!

Ulucay deyir ki, elə bu halalçılığa görə bizdən heç vaxt Maradona çıxmayacaq, bizə nə qədər haqsızlıqlar ediblər, bir dəfə də biz haqsızlıqla qazanaq. Yooox, nə danışırsan, günahdı axı.

Oyun davam edir və daha bir qol yeyirik. Bu dəfə Şamil hirslənib deyir ki, problem oyunçuların milliyyətindədir. Komandanı türkləşdirmək lazımdır. Hətta böyük Turan komandası qurmalıyıq. Ancaq bu sayədə biz nəyəsə qalib gələ bilərik.

Bir az sonra azarkeşlər telefonların işıqlarını yandırıb Xudayarın “Vətən yaxşıdır” və “Anadır arzulara hər zaman Qarabağ” mahnılarını oxumağa başlayırlar. Çox gözəl bir mənzərə yaranır.

Şamil yenə danışır ki, "Qarabağ" Vüqarın roman yazmağı kimi oynayır.

Yanımda oturan balaca oğlan hələ də dua etməkdədir. Onun dərin inancı məni sarsıdır. Allah onu nə üçün eşitmir, başa düşə bilmirəm.

"Qarabağ" isə ikinci hissə heç nə edə bilmir. Azarkeşlər hər dəfə gəlirlər, dəstəkləyirlər, qışqırırlar, amma olmur ki, olmur. İkinci qoldan sonra camaat yavaş-yavaş getməyə başlayır. Ön sıralardakılar tamam durub gedirlər. Hətta sektorların bir neçəsində siqaret tüstüsü havaya qalxıb adamların təəssüfünə qarışır. Bu mənə çox pis təsir edir. Ümumiyyətlə, azarkeşin stadionu oyun bitmədən əvvəl tərk etməsi çox kədərli hadisədir. Bir futbolçu olsam və bu hadisə başıma gəlsə, yəqin ki, meydanda gözlərim dolar, balaca ürəyim bu hadisəyə dözməz.

Komanda udsa da, uduzsa da, sona qədər dəstək olmaq lazımdır. Elə bu fikirləri düşünürdüm ki, diktor stadiona müraciətlə bildirdi ki, əziz azarkeşlər, siz evə rahat gedəsiniz deyə, metro saat 1-ə kimi işləyəcək. Bu sözdən sonra hamı yenidən sevinir, qışqırır. Elə bil heç bayaq "Qarabağ"ın uduzmasına görə kədərlənmirdik.

Uşaqlardan biri deyir ki, durun, çıxıb gedək. Bundan sonra heç nə olan deyil, boşa vaxt itirməyək. Oyunun bitməyinə beş dəqiqə qalmış, stadionu tərk edib, metroya axışırıq.

Yolda Mehdi zəng vurub deyir ki, muştuluğumu verin, biz gedəndən sonra birini də vurublar...

P.S: Bütün hallarda zəif və haqlı olanın tərəfindəyik. Allah da əzilənin və haqqı tapdalananın yanındadır!

Foto: Sabir Məmmədov

# 2887 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #