Analar və oğullar - Qalib Arif

Qalib Arif

Qalib Arif

29 noyabr 2022
# 18:40

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Qalib Arifin "Analar və oğullar" hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Analar və oğullar

(“Rusiya hekayələri” silsiləsindən)

...90-cı ilin yazı idi... Qara Yanvarın qara kölgəsi hələ üstümüzdən çəkilməsə də, vahiməsi yavaş-yavaş bizi tərk edirdi. Hər fırtınadan əvvəl qısa müddətli sakitlik olduğu kimi, hər faciədən sonra da müvəqqəti sabitlik olur. Məhz həmin sabitlik dövrü idi və mən də ailəmi valideynlərimə (keçənlərə rəhmət, qalanlara mərhəmət!), valideynlərimi Allaha tapşırıb bir qismət çörək səfərinə çıxmışdım. Rusiyanın Sverdlovsk vilayətinin Nijniy Tagil şəhərinə gedirdim. Orda qohumlarımız vardı, bacım ailəsi ilə orda yaşayırdı. Mən də bəxtimi sınamaq istəyirdim, böyük ölkədə şanslar da böyük olur deyirdim.

Bakı – Tümen reysi ilə uçan təyyarəmiz artıq Sverdlovsk şəhərinin (indi Yekaterinburq adlanır) “Kolsovo” hava limanına eniş etmişdi. Mənim yüküm az olduğundan aeroportdan tez çıxmışdım, yaxınlıqdakı avtobus dayanacağına da hamıdan tez çatmışdım. Artıq Niıniy Tagilə bilet də almışdım, avtobusu gözləyirdim. Səhər hələ açılmasa da, üfüqlər artıq qızarır, bozarırdı. Bakının ilıq yaz havasından sonra buralar yaman soyuq idi, qısa gödəkcədə məni əsdirirdi. Günəş yavaş-yavaş çıxır, soydaşlarım asta-asta dayanacağa yığışırdı. Onların sayından belə düşünmək olardı ki, Bakıdan Sverdlovska gələnlərin hamısı məhz Nijniy Tagil şəhərinə gedir. Diqqətimi cəlb edir ki, mənim yol-yoldaşlarımın əksəriyyəti böyük “Malboro”, “Vinston” və “Kemel” siqaret qutuları ilə yükləniblər, bəzilərinin hətta 4-5 belə qutusu var.

Deyəsən, bu qutuları yalnız mən müşahidə etmirdim. Aeroport binası tərəfdən ağ rəngli bir “09” gəlir və dayanacaqda dayanır. İçindən iki nəfər “zırpı” qara paltarlı çıxır və siqaret qutularının sahiblərinə yaxınlaşır. Növbə və səliqə ilə hər birindən siqaret qutularının sayına uyğun olaraq pul alırlar. Pul vermək istəməyənləri, yoxumdur deyənləri qutuları əllərindən almaqla hədələyirlər. Onların yerinə dostları, tanışları pul verir. Bütün bunları hamı görür və danışıqlarını eşidir. 3-4 qutunun yiyəsi tapılmır və qara paltarlılar həmin qutuları götürüb “09”-un yük yerinə qoymaq istəyirlər.

Mən artıq müşahidəçi rolu ilə kifayətlənə bilmirəm və irəli keçirəm. Əvvəla, fiziki cəhətdən zəif deyiləm, sonra zarafat deyil, arxamda onlarla soydaşım var, ürəkliyəm. Qara paltarlılara müraciət edirəm və bu “bezpredel”ə son qoymağı tələb edirəm. Onların biri, nisbətən yaşlısı ayaq saxlayır və mənə yaxınlaşır, cavanı isə öz işindədir, qutuları maşına qablamaqda davam edir. Aramızda rus dilində kiçik bir dialoq baş verir:
– Sən kimsən, dalıva problem gəzirsən?
– Problem artıq sənin dalındadır. Mən jurnalistəm və öz vəzifəmi yerinə yetirirəm. Bu, açıq quldurluqdur, reketdir və sən buna görə qanun qarşısında cavab verəcəksən.
Həmsöhbətim gülümsəyir, səsinin tonu dəyişir, mülayimləşir:
– Mən aeroportun təhlükəsizlik xidmətinin işçisiyəm və mən də öz vəzifəmi yerinə yetirirəm. Əgər sən doğrudan da jurnalistsənsə, qanun dalınca düşmüsənsə, buyur – Aeroportun milis şöbəsi 1-ci, təhlükəsizlik xidməti isə 2-ci mərtəbədə yerləşir.
Mən irəli keçmək, siqaret qutularını maşından düşürmək istəyirəm. Bu zaman möhkəm bir əl qolumdan yapışır, məni saxlayır. Arxaya çevrilirəm, qıvrım saçlı, nazik bığlı oğlandır, cavan adamdır, hardasa mən yaşdadır, başı da mənim kimi açıqdır.

– “Zemlyak”, görürəm sən yaxşı oğlansan, amma hələ xamsan. Bunların birinə bir yumruq vursan, 5-10 “paqon” tökülüb gələcək, bu 20-30 nəfərin isə biri də yaxın gəlməyəcək. Bizimkilər öz malının, canının hayındadır…
Həmsöhbətim əli ilə göstərir, mən də çevrilib baxıram. “09”-un arxasında qızğın alver gedir. Bizimkilərdən biri qarapaltarlılarla mübahisə edir, sınıq-salxaq rus dilində izahat verir, bayaq ayaqyoluna getdiyini, buna görə də qutuların pulunu gecikdirdiyini deyir. Qarapaltarlılar onun bəhanələrini fərziyyə kimi də qəbul etmək istəmir, ikiqat cərimə tələb edirlər.

“Zemlyak” isə şirin talış ləhcəsi ilə davam edir:

– Təhlükəsizlik xidməti milislə əlbir işləyir, odur ki, hər cür müqavimət əbəsdir. Sən bunlarla tutaşsan, əvvəl aparıb möhkəm çırpacaqlar, sonra “paqona” müqavimət göstərdiyin üçün cinayət işi açacaqlar. Bakıda yəqin ki, işdən çıxaracaqlar, burda isə heç 2-3 min “göy”lə də canını qurtara bilməyəcəksən.
Sonra mənim təəccüblə baxdığımı görüb əlavə edir ki, bunların istədiyi “göy” bu yeşiklərdəki göydən deyil, bizim videolarda gördüyümüz “göy”lərdəndir...

Həmsöhbətim yavaş-yavaş izah edir, mən də yavaş-yavaş başa düşürəm. Bu siqaret yeşiklərinin içindəki adi göyərtidir, keşnişdir, şüyütdür, petruşkadır (göy soğan da yaxşıdır, amma tez xarab olur), Bakıdan, Səlyandan vururlar. Orda dəstəsi 5 qəpikdir, burda 50 qəpikdən göydə fırlanır. Odur ki, Aeroportun təhlükəsizlik xidməti də qazanır, hər qutudan 10 manat alır. Göyərtini yalnız kardon siqaret qutularında gətirirlər, çünki qutuların üzərində deşiklər açmaq olur və göyərti xarab olmur. Hər qutuda neçə yüz dəstə göyərti oldugunu hesablasaq, 10 manat heç nədir… Həmsöhbətimin adı Əlikramdır, əslən Lənkərandandır.

Bu zaman Sverdlovsk – Nijniy Tagil avtobusu dayanacağa yan alır. Azərbaycanda Bakıdan rayonlara işləyən həmin qırmızı “İkarus”lardandır, amma daha təmiz, daha təzədir.

Mənim təəccübümə rəğmən, Bakıda avtobusda, dayanacaqla bashabas salan soydaşlarım səliqə ilə növbəyə düzülür, yükü olanlar yeşiklərini yük yerinə düzür. Mən də çamadanımı yük yerinə qoyuram, əl çantamı da götürüb avtobusa qalxıram və biletimə uyğun yerdə otururam. Sərnişinlər (əksəriyyəti bizimkilərdir) yavaş-yavaş yerlərini tutur, avtobus da hərəkətə gəlir.
Qarapaltarlılarla mübahisə edən soydaşımız da burdadır, deyəsən işi düzəlib, üzü gülür. Avtobusda hamı danışır, bir-birinə aman vermir, elə bil quş bazarıdır, ağız deyəni qulaq eşitmir. Hamı mənə tanış gələn, amma başa düşmədiyim bir dildə danışır. Əlikram yaxınlıqdadır, qonşu sıradadır, məni dərhal başa düşür: “Hamı talış dilində danışır, elə bil ki, Lənkəran – Astara avtobusudur”…

***

2000-ci illərdə Cənub bölgəsi üzrə rəsmi qəzetin bölgə müxbiri işləmişəm, Səlyandan Astaraya kimi gəzmişəm, görmüşəm. Lənkəran şəhəri bölgənin mərkəzi olduğundan burda qərar tutmuşdum, digər rayonlara burdan səfər edirdim. Lənkəranda Köhnə bazarın yaxınlığında bir evdə otaq kirayələmişdim. Məktəblə üzbəüz, abad və gözəl bir ev idi, böyük şüşəbəndi, həyəti, hər cür şəraiti vardı. Evə baxmağa lənkəranlı dostlarım – professor Tarıverdi müəllim (Allah rəhmət eləsin!) və jurnalist Əlsəfa Həsənovla getmişdim...

Ev sahibi Fatma xala bizi gülərüzlə qarşıladı, hələ bir pürrəngi çay da hazırladı. Bəstəboy, gombul bir arvaddı, anam yaşda olardı. Bütün evi, otaqları mənə göstərdi, hansını istəyirsən seç dedi. Mən böyük, işıqlı qonaq otağını seçdim, xala dedi hələlik qalarsan, qışda soyuq olsa, yerini dəyişərsən. Ev yalnız mənim xoşuma gəlməmişdi, Tarıverdi müəllim də evi bəyənmişdi, ev yiyəsinə dedi ki, mənim Bakıda qohumlarım var, Lənkəranda ev almaq istəyirlər, nə desən verərlər. Xala birmənalı olaraq etiraz etdi ki, sən nə danışırsan, mənim Urusiyətdə oğlum var, gələcək, evlənəcək, nəvələrim olacaq, evi onlara saxlayıram…

Fatma xala məni çox istəyirdi, mənimlə dərdləşirdi, deyirdi mənim sən yaşda, Əlikram adda oğlum var, Urusiyyətdədir. Ayda, ildə bir zəng edir, arabir pul da göndərir. Hər dəfə deyir bu ay gəlirəm, gələn ay gəlirəm, amma gəlib çıxmır. Xalanın Əlikramdan kiçik iki qızı da vardı, ailə qurmuşdular, Lənkəranın kəndlərində yaşayırdılar. Deyirdi toylarını özüm eləmişəm, cehizlərini də vermişəm. Onda gözlərim yaxşı görürdü, İrana gedib-gəlirdim, pal-paltar, qab-qacaq gətirirdim, satırdım, özümü dolandırırdım. İndi gözlərim pis görür, gedə bilmirəm, pensiya alıram, birtəhər dolanıram. Qızları arabir gəlib-gedirdilər, analarına kömək edirdilər. Onların da ərləri Rusiyada idi, işləyirdi, evə pul göndərirdi.

Bir dəfə gördüm ki, Fatma xala möhkəm ağlayıb, gözləri qızarıb. Əvvəl yaman qorxdum, elə bildim ki, Əlikramın başında iş var. Soruşdum, xala, nə olub, nə xəbər var? Təzədən kövrəldi ki, bəs Hadi ərindən ayrılıb, ailəsi dağılıb... Düzü, mən xalanın qızlarının adını bilmirdim, zənn etdim onların biri boşanıb. Sual etdim ki, xala, bəs bunlar, axı, Rusiyada idilər, necə boşanıblar? Dedi, ay bala, nə Urusiyət, mən Hadini deyirəm, kinodakı Hadini. Bir də, nə fərqi var ki, Hadi elə mənim qızım yaşdadır. Bəli, xala 2000-ci illərin məşhur “Klon” serialının qəhrəmanı üçün ağlayırdı, az qala Əlikramın da dərdini yaddan çıxarmışdı. Beləydi bizim Fatma xala…

İşim elə idi ki, mən ayda bir dəfə Lənkərana gəlirdim. Budəfəki gəlişim qışa düşmüşdü, yaman soyuq idi. Evə gələndə gördüm ki, xala mənim yerimi dəyişib, orta otağa keçirib. Bura bir az qaranlıqdır, həmin dövrdə gündüzlər işıqlar da yanmırdı. Odur ki, narazılığımı bildirdim, qonaq otağına keçmək istədim. Fatma xala ürəkdən güldü, dedi bütün otaqlar sənə qurbandır, ay bala, nə qədər ki, Əlikram gəlməyib, buralar hamısı sənindir. Amma qonaq otağında peç yoxdur, gecələr yaman soyuq olur. İstəyirsən gündüz burda işlə, gecələr orda yat. Mən nə deyirəm ki…

Düzü, haqsız olduğumu hiss etdim, bir az pərt oldum. Söhbəti dəyişmək istədim, dedim, xala, bu evdəki cavan qız kimdir, bəlkə oğlunu evləndirmək istəyirsən?! Xala yenə ürəkdən güldü, dedi sən tirsən, pirsən, bunu hardan bilirsən?! Ayın başında Əlikram zəng eləmişdi, dedim səni evləndirmək, kiçik bacımın qızını sənə almaq istəyirəm. Oğlum burda olanda qız hələ uşaq idi, heç yadına gəlmədi, amma etiraz da etmədi, dedi sən kimi istəyirsən al, mənə qəbuldur. Ayın ortasında pul da göndərdi, ayın axırında nişan taxdım. İndi qız bizdə qalır, mənə baxır, Əlikramın yolunu gözləyir, bir-iki aya gəlməlidir. Düzü, mən də ürəkdən sevindim, dedim ki, Allah xoşbəxt eləsin…

Üstündən aylar keçdi. Lənkərana növbəti səfərimin birində cavan qızı evdə görmədim, xala yenə tək idi. Səbəbini soruşdum, acı-acı ağladı, lap ürəyimi dağladı. Dedi Əlikram bu dəfə də gələsi olmadı, qız da getdi atası evinə ki, mən nə qədər gözləyəcəm. Sonra məndən soruşdu ki, bəs o professor hardadır, niyə gəlmir. Dedim professor rəhmətə gedib. Dedi rəhmətlik mənim evimi almaq istəyirdi. Mən satmaq istəmədim, ümid edirdim ki, Əlikram gələcək. Deyəsən, gələsi olmadı, mən oğulsuz qaldım. Ev də böyük evdir, qışda odun, yayda pul çatdıra bilmirəm. İstəyirəm həyət evini satım, bina evi alım, bir az da üstündə mənə pul versinlər, son günlərimi birtəhər yaşayım. Bəlkə bu oğraş mən öləndən sonra gəldi, mənim qəbrimi ziyarət elədi?!

***
Artıq 90-cı illərin ortaları idi, mən Nijniy Tagildə “AZƏRİ” cəmiyyətinin vitse-prezidenti idim. Şəhərdə yaşayan soydaşlarımızın çoxu ilə şəxsən tanış idim, imkanlarını, problemlərini bilirdim, izləyirdim. Onu da qeyd edim ki, bizim cəmiyyətin özəyini milis əməkdaşları və iş adamları təşkil edirdilər. Bizim diasporun ziyalı hissəsi, yəni həkimlər və müəllimlər bir qayda olaraq, bizim işə qoşulmurdular və millətin problemləri ilə maraqlanmırdılar.

Yeri gəlmişkən, mənim köhnə dostum Əlikram da bizim ofisə gəlib-gedirdi, arabir mənimlə dərdləşirdi. Artıq Azərbaycandan mal gətirmirdi, şəhərin Vaqonka deyilən hissəsində bir meyvə-tərəvəz köşkü açmışdı və malı topdan alıb elə orda satırdı. Bir dəfə payız vaxtı yanıma gəldi ki, bəs mənim Lənkəranda anam, iki kiçim bacım var. İndi bacılarımdan birinin toyudur. Doğrudur, anama pul göndərmişəm, amma özüm də mütləq getməliyəm. Sən burda hörmətli adamsan, bazarda da hamını yaxşı tanıyırsan. Gedək bazara, “talış balası”na bizimkilərdən bir dəst “şikarnı” qara kostyum, ağ köynək, qara ayaqqabı alaq. Dedim bəlkə “talış balası" evlənmək istəyir?! Dedi dünyanın işini bilmək olmaz – həm ziyarət, həm ticarət. Bazarda uşaqlar bizi yaxşı qarşıladılar, ən yaxşı mallarını qarşımıza tökdülər, hətta alış qiymətinə verməyə razı idilər. İnsafən Əlikram razı olmadı, mənim məsləhətim, özünün zövqü ilə ən yaxşısını, ən bahalısını seçdi və getdi.

Üstündən bir xeyli keçdi, amma nəsə soruşmağa, maraqlanmağa imkan olmadı.
Bir dəfə payız başı Əlikram yenidən yanıma gəldi ki, bəs mənim ikinci bacımın toyudur. Doğrudur, keçən dəfə gedə bilməmişəm, amma bu dəfə mütləq getməliyəm. Keçən il aldığımız kostyum, ayaqqabı da köhnəlib, bunlarla Lənkərana getmək olmaz. Gedək bazara, “talış balası”na bir dəst qara kostyum, ağ köynək, qara ayaqqabı alaq. Dedim bəlkə özün də evlənmək istəyirsən?! Dedi dünyanın işini bilmək olmaz. Nə isə, Əlikram bu dəfə də alver elədi, mənimlə xudafizləşdi, getdi. Dedi Azərbaycandan qayıdan kimi sənə dəyəcəyəm...

Üstündən aylar, illər keçdi, “talış balası” yaddaşımda bir xatirəyə çevrildi. Günlərin bir günü işimlə əlaqəli Vaqonkaya getmişdim, Əlikramla rastlaşdım. Keyfi lap yuxarı - ala buludlardaydı, amma məni tanıdı. Əski dostlar kimi görüşdük, hal-əhvallaşdıq. Elə bil qocalmışdı, yanında “nimdaş” bir rus qadın da vardı. Əynindəki qara kostyum bozarmıışdı, köynəyi də qaralmışdı. Bəli, bunlarla Lənkərana getmək olmazdı…

***
Dostlar, mən artıq 15 ildir Fatma xalanı, 20 ildən çoxdur ki, Əlikramı görmürəm. Doğrudur, əvvəllər arabir xalanın ev telefonuna zəng edirdim, amma son vaxtlar cavab vermir. Jurnalist dostum Əlsəfadan da xəbər aldım, dedi getmişəm, qapıları bağlıdır. Xala bəlkə, həyət evini bina evinə dəyişib, bəlkə dünyasını dəyişib?! Bilmirəm. Bəlkə Əlikram gəlib, anasının qəbrini ziyarət edib?! Onu da bilmirəm…

Yəqin soruşa bilərsiz ki, niyə mən Əlikramı tanıya-tanıya, onun anasına məlumat verməmişəm?! Sadəcə olaraq, mənim tanıdığım Əlikram Sverdlovsk vilayətində işləyirdi, Fatma xalanın oğlu Əlikram isə Samara vilayətində yaşayırdı. Arada az qala, min kilometr məsafə vardı. Bir də nə fərqi var ki, bir qismət çörək dalınca Rusiyanın, Ukraynanın çöllərinə dağılan, özgə qapılarında qocalan, özgə gülləsinə tuş olan oğullar, gözləri yollarda qalan, qarıyan qızlar, evdə oğul həsrəti çəkən, dərddən ölən analar hamısı bizim deyilmi, bizim “AZƏRİ” cəmiyyətinin üzvü deyilmi?!

# 2260 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #