Amaliya Pənahova ilə küsülü oldu, atasını dəfn edən gün səhnəyə çıxdı, məşhur aktrisa ilə sevgisi əfsanəyə çevrildi 

Amaliya Pənahova ilə küsülü oldu, atasını dəfn edən gün səhnəyə çıxdı, məşhur aktrisa ilə sevgisi əfsanəyə çevrildi 
4 may 2022
# 12:00

Bu gün mərhum sənətkar, Xalq artisti Fuad Poladovun anım günüdür. Kulis.az aktyor haqqında 10 maraqlı faktı təqdim edir.

1. Fuad Poladov Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. Anası Hənifə ibtidai sinif müəlliməsi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi olub. Atası müəllimliklə yanaşı məktəb direktoru, maarif şöbə müdiri olub. Fuad Poladov əvvəllər atası işlədiyi məktəbdə oxuyub, lakin, sonradan o məktəbdən xaric olunub 132 nömrəli məktəbə keçirilib. Fuad məktəbdən xaric olunanda atası bu məsələyə qəti şəkildə qarışmayıb.

***


2. On altı yaşı olanda Fuad Poladov bir gün evə gəlir, görür ki, atası onun filmlərdən olan şəkillərinin hamısını cırıb. Sən demə həmin ərəfədə Fuad Poladov yanındakı qıza söz atan oğlanla dalaşdığı üçün polisə düşüb. Bundan sonra polislər onun yaşadığı evə gəlib. Polislər gedəndən sonra isə Poladovun atası əsəbindən onun şəkillərini cırıb.


3. Azdramada “Təhminə və Zaur” hazırlananda Fuad poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna təsdiq olunur. Lakin, hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla danışıb, onunla barışır və rollarını ifa edirlər. “Təhminə və Zaur” tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilib.

***


4. Deyilənlərə görə aktyor hər dəfə premyera günü otağına gələndə stolunun üstündə gül görürmüş. Kostyumerdən içəri kimin girdiyini soruşsa da, ona cavab vermirlərmiş. Amma kostyumer bir dəfə ağzından qaçırır ki, sən demə otağa gül qoyan qadın aktrisa Sofa Bəsirzadə olub.


5. 35 yaşı olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olub və aktyor atasını dəfn edib məzarlıqdan səhnəyə gəlir, tamaşanın təxirə salınıb tamaşaçının geri qaytarılmasına razı olmur.

***

6. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

7. Yaradıcılığında iki hadisə olduqca əlamətdardır. 1989-cu ildə 20 il işlədiyi Akademik Mili Daram Teatrını tərk etməsi, bir də həmin teatrda iki il işlədikdən sonra 2017-ci ildə oranı yenidən tərk etməsi. Bu gedişdən sonra aktyorun səsi batıb. Daha sonra səhhəti kəskin şəkildə pisləşib. Bir müddət sonra isə həkimlər aktyorda xərçəng xəstəliyi aşkar ediblər. Aktyor son müsahibələrinin birində bu barədə müsahibinə deyir:

“Görünür, əsəbiləşmək, səsimin düzgün müalicə olunmaması gətirib ağciyərlə bağlı problemə çıxardı. İnsan həmişə xəstəliyinin səbəbini, kökünü axtarır. Mən də indi səbəbini axtarıram ki, səsim necə oldu? Bəlkə də bu təsadüf imiş? Əsəbiləşməsəm də, olmalı imiş? Amma mən onunla bağlayıram. Mən heç vaxt belə hala düşməmişdim. Mənim bu dediklərimi isə yazma. Mən öləndən sonra yazarsan. O daha maraqlı olar...”

8. Ağır və bahalı müalicə tələb edən xəstəlikdən əziyyət çəksə də, heç bir şəxsdən və heç bir qurumdan kömək istəməyib. Son müsahibələrinin birində isə belə deyib:

“Xaricdən söhbət gedə bilməz. Mən demişəm Azərbaycanda müalicə olunacam. Özümə sığışdırıb deyə bilmərəm ki, Azərbaycanda başladığım müalicəni gəlmişəm, siz davam etdirəsiniz. Nə olacaq, olacaq da. Ümidimi bağlamışam bizim həkimlərə. Bizdə də yaxşı həkimlər yox deyil. Mən öz həkimlərimə inanıram. Bu gün əllərindən nə gəlirsə və yaxud xaricdə mənim xəstəliyim necə müalicə olunardısa, bunu məndən əsirgəmirlər”.

***


9. Ölümündən sonra isə Poladovun həyat yoldaşı Gülüstan Poladova həyat yoldaşının son vəsiyyətini də açılayıb:

“Deyirdi, Azdramadan götürülməyimə yol vermə, evimdən, ancaq evimdən çıxar məni. Birdən gəlib sənin “saqqızın oğurlayarlar”, birdən kiməsə əl açarsan, birdən nədəsə mən qoyduğum qaydanın əksinə gedərsən, birdən kimsə nəsə verə bilər, yollayar, bax a, deyirdi, Gülüstan, bax, məzarımda tərs dönərəm, halal eləmərəm heç nəyi”.

10. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır.

# 16382 dəfə oxunub

Oxşar xəbərlər

Alek Bolduin yenidən məhkəmə qarşısında: "Pas" filmindəki faciənin izləri silinmir

Alek Bolduin yenidən məhkəmə qarşısında: "Pas" filmindəki faciənin izləri silinmir

15:43 20 aprel 2026
Sarı Aşığın və Aşıq Alının kitablarının təqdimatı olacaq

Sarı Aşığın və Aşıq Alının kitablarının təqdimatı olacaq

14:23 20 aprel 2026
Haaqada “Şərq və Qərb bir arada”  adlı fotosərgi açıldı

Haaqada “Şərq və Qərb bir arada” adlı fotosərgi açıldı

13:30 20 aprel 2026
Brem Stokerin "Drakula"sının tarixi prototipi kim idi?

Brem Stokerin "Drakula"sının tarixi prototipi kim idi?

13:20 20 aprel 2026
“Şuşa fatehi-Yunis Kazımov”  kitabının təqdimatı oldu

“Şuşa fatehi-Yunis Kazımov” kitabının təqdimatı oldu

13:00 20 aprel 2026
Aprelin “Ulduz”u işıq üzü gördü

Aprelin “Ulduz”u işıq üzü gördü

12:09 20 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər