Allahların tikdiyi, insanların dağıtdığı şəhər – Troyadan reportaj

Allahların tikdiyi, insanların dağıtdığı şəhər – Troyadan reportaj
22 sentyabr 2023
# 09:00

Kulis.az Rəvan Cavidin Troya antik şəhərindən reportajını təqdim edir.

Qarşımda məni antik Yunanıstanla tanış edəcək, kiçik Troya cümhuriyyətinin xarabələrinə aparacaq uzun və kimsəsiz bir yol, sağımda və solumda isə Trakyanın, qədim Troyanın bərəkətli torpaqları var.

Zeytun bağları, onların üstünə ağ şal kimi atılmış lay-lay buludlar, yerə səpələnmiş üç min illik bəyaz daşlar, üzərində yunan hərfləri və rəqəmləri həkk olunmuş lövhələr.

Çanaqqalanın Tevfikiyə kəndinin girişində düşdüm. Bundan sonrakı üç kilometrlik yolu bələdiyyənin tur avtobuslarına gecikdiyim üçün təkbaşına və piyada getməyə məcbur idim.

Uzandıqca uzanan yolun qorabişirən istisini boğazdan əsən sərin meh qovurdu. Zeytun ağaclarının kölgəsi iştahımı çəksə də, vaxt itirə bilməzdim. Böyük bir muzey və antik şəhər məni gözləyirdi.

Troyaya çatana qədər gəlin sizə bu şəhərin yaranma tarixini danışım.

Homerin “İlliada”sında bəhs edilən Troya müharibəsi ilə tarixdə məşhurlaşan bu antik şəhər eramızdan üç min il əvvəl mövcud olmuş eyni adlı kiçik cümhuriyyətin paytaxtı olub.

Yunan mifologiyasına görə, dəniz pərisi Tetislə dənizlər tanrısı Okeanosun qızı olan Elektra Zevslə evlənir. Bu izdivacdan Dardanos doğulur. Çanaqqala boğazının tarixdə bilinən adı "Dardanel" də bu tanrının adı ilə bağlıdır.

Dardanosun oğlu Tros Truad adlı bir şəhər qurur. Sonra onun da oğlu İlus Truadın ətrafında ikinci bir şəhəri – Troyanı yaradır.

Troya Kaz (Qaz) dağının ətəklərində yerləşir. Üç min il öncə bu dağın ətəyində bir gözəllik yarışması təşkil olunur. Yarışmaya üç ilahə qatılır: Hera, Afrodita və Afina. Müsabiqənin yekun qərarını isə Paris verir. Afrodita Parisə Sparta kralı Helenanı vəd edir və beləcə yarışmanın qalibi olur.

Daha sonra Troyalı Paris Sparta kralının qızı Helenanı qaçırdır və məşhur Troya müharibəsi başlayır. Bu müharibədə də Axillesin, Simonun və Troya atının hekayələri var.

Troyada həm yunan, həm roma mədəniyyətinin izlərini görmək mümkündür. Səbəbi şəhərin bir neçə dəfə təbii fəlakətlərdən dolayı dağılması və ayrı-ayrı imperyaların vaxtında yenidən tikilməsidir.

Bu şəhəri ən son işğal edən hökmdar isə Hadriandır. Hadrianın məzarı, heykəlləri, qurduğu ibadətgahlar hələ də Troya muzeyində sərgilənir. Yeri gəlmişkən, Troya şəhərinin qalıqları kimi, muzeydə sərgilənən bütün nəsnələr də orijinaldır.

Antik Troya şəhərindən əvvəl yol bizi Troya muzeyinə aparır. Artıq uzaqdan isti ilğımının arxasında muzeyin binasını görürəm. Çatana qədər Troyanın yaxınlığında qurulan başqa bir şəhərin də əfsanəsini danışım. Bu həm də yunan-roma mədəniyyətinin Anadoluya necə gəlməsi ilə bağlıdır.

Troya və ətrafındakı bərəkətli torpaqları simvolik olaraq qucaqlayan Troas. Sevgilisi Heroya qovuşmaq üçün dənizi üzüb keçən Leandrosun qurduğu şəhər. Leandros Hellespont boğazını, başqa adı ilə Dardanel boğazını, bir başqa adı ilə isə Çanaqqala boğazını keçib sevgilisini Anadolu torpaqlarında axtararkən bu şəhəri qurur. Troasın xarabəliklərində antik yunan mədəniyyətinin izləri, o mədəniyyətin Anadoludakı İkiçayarası mədəniyyətə qovuşması aydın sezilir.

Sivilzasiyanın iki böyük mədəniyyəti – Şumer və Yunan mədəniyyəti bu şəhərdə qovuşur.

Bayaqdan müxtəlif adlarla xitab etdiyim boğazın da yunan mifologiyasında öz hekayəsi var:

Deməli, Boiotia kralının qızı Helle qanadlı bir qoçla Yunanıstandan Qaradəniz sahillərinə uçarkən qoçun qanadları qırılar və onlar dənizə düşər. Bu müsibətdən sonra yerli əhali buraya Hellespont adını verər, yəni Hellenin dənizi. Zaman keçdikcə bu boğazı üzüb keçən Leandrosun və qədim yunan allahı Dardanosun da adı xatırlanar və Dardanel adlanar boğaz. Türklərin 1915-ci il zəfərindən sonra isə boğazın adı Çanaqqala kimi məşhurlaşar.

Troya muzeyinə çatdım. Məni əsgərlər kimi düzülmüş antik qəbir daşları qarşılayır. Yerdəki mərmərlərdə isə Homerin “İlliada”sından müxtəlif dillərdə hissələr nümayiş etdirilir: Troya müharibəsi və şəhərin əfsanələri...

Muzeyin girişində kofeşop və kitabxana mövcuddur. Kitabxanadan Antik Yunan mifologiyasına, tarixinə və ədəbiyyatına dair kitablar ala bilərsiniz. Kitabxananı gəzdikcə şüşə döşəmənin altındakı qədim süxurları və arxeoloji tapıntıları da müşahidə etmək olur. Burada, həmçinin, dövrə aid daş kitabələr də mövcuddur.

İkinci mərtəbənin adı “Hökmdarla görüş”dür. Burada Hadrianın məzarı, heykəli və o dövrə aid bir çox filosofların heykəlləri, həmçinin, qazıntılar nəticəsində tapılan məişət əşyaları, silahlar, dini ayinlər üçün nəzərdə tutulan əşyalar var. Hadrian Troyanın son sahibi idi. Məzarı üzərində mifoloji qəhrəmanların və öz dövrünün saray adətləri həkk olunub.

Üçüncü mərtəbə muzey qurularkən sərgilənən ilk qazıntı nümunələrindən, antik geyim və bəzək əşyalarından ibarətdir. Troyanın kəşfi Heinrix Şlieman adlı alman tacirlə bağlıdır. 1871-ci ildə Osmanlı dövlətindən icazə alaraq burada qazıntı işlərinə başlayır və Homerin bəhs etdiyi həmin şəhərin gerçəkliyini dünyaya sübut edir. Günü bu gün də Çanaqqala ərazisində antik yunan mədəniyyəti ilə bağlı araşdırma aparılır. Dünya arxeoloqları bu torpaqların altında qeyb olmuş daha çox şəhərin tapılacağına ümidlidirlər. Yəni Şliemanın araşdırması fiziki olaraq davam etməsə də, mənəvi olaraq davam etdirilir. İndi onun yerinə başqaları Homerin yazdıqlarının izinə düşüb Qədim Dünyanın itmiş şəhərlərini axtarırlar.

Troya müharibəsinin izlərini isə Karl Uilyam Bleqen tapıb. Həyat yoldaşı ilə Amerikada apardığı araşdırmalar onları Osmanlının hüdudları içərisinə gətirib. Şliemanın qazıntıları arasında yeni bir araşdırmaya başlayan Bleqen tarixin ən mifik müharibəsinin izlərini tapır və tarixə öz adını “Troyanın detektivi” kimi yazdırır.

Qeyd edim ki, Troya müharibəsindən 3000 il sonra baş verən Çanaqqala müharibəsi bir-birinə çox oxşayır. Hətta tarixçilər ordu sıralarının və döyüş planlarının da bir-birinə bənzədiyini iddia edirlər. Bütün hallarda bu iki möhtəşəm müharibəyə şahidlik etmiş Çanaqqalqda – Troasda, yəni Gelibolu yarımadasında hər iki müharibənin iştirakçıları (şəhidləri) qoyun-qoyuna uyumaqdadır.

Muzeyin arxasındakı xırda Afina ibadətgahını ziyarət edib əsas yerə – Troya şəhərinin dağıntılarını görməyə gedirəm. Muzeydən təxminən bir kilometr kənarda yerləşən həmin antik şəhərədir yolum.

Axillesin dabanından vurulduğu yerdəyəm, yəni şəhərin qala qapılarının dağıntıları arasında. Trakya (Tekirdağ, Kırklareli, Çanakkale və Edirne) Qərb mədəniyyətinin son beşiyidir. Osmanlı modernləşməni buradan öyrənib. Trakyalılar özlərini bu baxımdan həmişə Anadolu türklərindən ayırırlar. Məşhur bir deyim də var Trakyada: “Trakyalı ilə barbar tüklər arasında üç min illik mədəniyyət fərqi var”. Bax o fərqi iliklərimə qədər hiss edirəm. Qədim yunanların qurduğu şəhərin süxurları, memarlığı, ibadətgahları, fəlsəfə məktəbləri məni bəşəriyyətin idrakı kəşf etdiyi tarixə götürüb aparır. Şəhərin girişində məni məşhur Troya atının restavrasiya üçün sökülmüş taxta hissəcikləri qarşılayır. Atın başı sağ-salamat qalıb. Tarix bu atı bütün müharibələrin simvolu kimi “diri” saxlayıb (mövzudan kənar: Bela Tarın məşhur “Turin atı” filmini xatırlayıram və mənə elə gəlir ki, bu iki ad arasındakı oxşarlığı bir daha təhlil etməyə lüzum var).


Şəhər qat-qat tikilmiş böyük evlərdən, Afina məbədindən və bir neçə məktəbdən ibarətdir. Dairəvi və mərtəbəli şəkildə inşa edilmiş qədim şəhərin qala divarları altından saxsı borular keçir. Bu borular şəhəri içməli su ilə təmin etmək üçün qurulub.

Məbədin önündə kiçik amfiteatr var. Yəqin ki, tarixin heç bir dövründə inanc və mədəniyyət bir-birinə bu qədər yaxın olmayıb. Məbəd salamatdır. Tarix kitablarında gördüyüm o məşhur memearlıq nümunəsi indi dipdiri qarşımda dayanıb və mən ona toxuna bilirəm. Şəhəri gəzmək içimdə və düşüncələrimdə fərqli bir aura yaradır. Gözlərimi yumanda şəhərin uğultusunu eşidirəm. Utopiya məni üç min əvvələ aparır.

Arxeoloqlar şəhərin qalıqlarını nömrələyərək turistlərə köməklik ediblər. Bu nömrələri izləyib bütün şəhərin trayektoriyasını düzgün müəyyən etmək olur. Maraqlıdır ki, şəhərdə həbsxana yoxdur. Bəlkə də, var, tapılmayıb hələ. Amma tarixçilərə görə, mənbələrdə də həbsxana haqqında məlumat yoxdur.

Bütün binaların yanında quyular mövcuddur. Ən böyük quyu məbədin yanındadır. Troyalılar bu quyuya “Qutsal quyu” deyirlərmiş.

Troyanın ən hündür nöqtəsindəyəm. Buradan bütün şəhəri və qalanın çölündəki bütün hərəkətliliyi müşahidə etmək olur. Bu o nöqtədir ki, bütün troyalılar Axilleslə Memnonun təkbətək duelinə buradan baxırdılar.

Axilles Həbəşistandan gəlmiş kralı öldürür. Yunanlar dueldən qalib ayrılmışdılar, şəhərə girmək üzrəydilər. Lakin o anda Appolonun tabeliyində olan Troya şəhzadəsi Paris Axillesi ən zəif nöqtəsindən – əbədi dirilik suyu dəyməyən dabanından vurur və öldürür. Məşhur at hədiyyəsini yunanlar bu məğlubiyyətdən sonra fikirləşirlər.

Bütün şəhəri gəzmək nə az, nə çox, düz dörd saatınızı alır. Kiçik görünsə də, mərtəbəli inşası şəhəri geniş qılır. Həm də burada görəcəyiniz heç bir tikili sıradan bir inşa deyil. Ya Troya müharibəsindən bir iz daşıyır ya yunan-roma mədəniyyətindən.

Şəhərin çıxışında yenə bir qala divarı ilə rastaşıram. Bu divar sonuncu dəfə inşa edilən Troyadan qalmadır. Yəni bizim tarixə ən yaxın tikili bu qaladır. Həm də ən son tapılan.

Qalanın yanındakı əncir ağacının altından qarşı tərəfə – Gelibolu yarımadasına, Conq təpəliklərinə baxıram. 1915 Çanaqqala müharibəsinin şəhidləri orada dəfn olunub. Müharibə də orada baş verib. Atatürkün tarixə "doğduğu" yer. Qədim Troas təpəlikləri. İki tarixin arasından axan boğazın mavi suları isə iki müharibənin yorğunluğu ilə sakit-sakit, xumarlana-xumarlana Mərmərəyə tökülür.

# 2974 dəfə oxunub

Oxşar xəbərlər

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

Respublika Uşaq Kitabxanasında anım mərasimi keçirildi

10:21 13 dekabr 2024
Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

Hamı mənim "yıxılmağımı" gözləyirdi? - Sərdar Ortaç

09:53 13 dekabr 2024
# # #