Ağxalatlıların şortik davası

Ağxalatlıların şortik davası
8 iyun 2022
# 17:40

Kulis.az Orxan Cuvarlının "Təhsil üçün elegiya – 2" adlı yazısını təqdim edir.

Bəzi mövzular var ki, illər keçsə də, müzakirə əhəmiyyətini itirmir. İlin istənilən vaxtında o mövzunu yenidən gündəmə gətirib ictimai rəyi silkələyə bilərsən. Məsələn, mentalitet, geyim, barlar, gecə klubları və sair və ilaxır.

2000-ci illərdə oğlanların saç uzatması ciddi qərar idi. Bununla sən küçədə gəzəndə, yolla gedəndə, ətrafından, tanımadığın adamlardan istənilən sözü eşitməyi gözə alırdın. Yaxud qadınların cins geyinməyi uzun illər çək-çevir olundu, qınaq məsələsinə çevrildi.

Zaman keçdikcə bəzi mövzular çeynənməkdən əhəmiyyətini itirdi, əvvəlkitək qızğın müzakirələrə səbəb olmadı, normal qarşılanmağa başladı.

Bu illər ərzində qınaq məsələlərindən birinə çevrilən şortik davası isə səngimək bilmədən davam edir, hər səfərində ictimai rəyin tən ortasına bomba kimi düşür.

İstinin adamı gücdən saldığı bu günlərdə sosial şəbəkələrdə bu dava yenidən alovlandı. Xəbər lentində qarşıma çıxan xəbərdə oxuyuram ki, Tibb Universitetinin Əsaslı Kitabxanasında tələbələrə geyimlə bağlı qadağalar elan olunub. Xəbərdə yazılır ki, tələbələr qısa şalvarda kitabxanaya gələ bilməz.

Xəbərə fikir verməməyə çalışdım, işlərimlə məşğul oldum. Az sonra universitetin mətbuat katibinin açıqlaması rastıma çıxdı. Xanım ciddi-cəhdlə rəhbərliyin qərarını əsaslandırmağa çalışırdı. Paylaşımın sonlarında xanım israrla bu elanın tələbələrin israrı olduğunu, rəhbərliyin bu təkidləri nəzərə alıb qərar verdiyini, dünya praktikasında da bu tip qərarların mövcudluğunu qeyd edib və qərarın normal qarşılanmalı olduğunu vurğulayıb.

Magistratura təhsilimi xaricdə almışam. Orada bu xanımın qeyd etdiyi, nümunə verdiyi qadağanın heç biriylə qarşılaşmamışam. Çünki həmin akademik personal, bizim təhsil ocaqlarından fərqli olaraq mütəxəssis yetişdirdiyinin fərqindədir. Onlar üçün tələbələrin hazırlığı, peşəkarlığı, məqsədyönlülüyü, püxtələşməsi şalvarının 20-30 sm qısa olmağından daha vacib məsələdir.

Əziz Tibb Universitetinin rəhbərliyi!

Bəlkə, bir az nəfəs dərməyin, problemləri gözdən keçirməyin məqamı yetişib?

Azərbaycanda böyüməsəm, bəlkə də, bu yazdıqlarınızdan xeyli mütəəssir olardım. Amma təəssüf ki, mən ölkəmizin Avropa standartlarına uyğun səhiyyə sistemindən xəbərdaram.

İllərdir ki, ölkənin tibb tədris edən ocaqlarında yetişən mütəxəssis sayı bir əlin barmaqlarını keçməz. Bir az ağlı olanlar Almaniyaya, ən pis halda isə Türkiyəyə üz tutub ixtisaslaşır, həyatını qurtarmağa çalışır. Şükürlər olsun ki, onlardan bir neçəsi ölkəyə qayıtmaq səhvini edirlər. Yoxsa canlı morqdan fərqlənməyən xəstəxanalarımızda canımızı əmanət edəsi bir kəsi haradan tapardıq?

Başda siz olmaqla, tibb müəssisələri əxlaq keşikçiliyi etməyi bir kənara qoyub təhsilin keyfiyyətinə fokuslansa, vəziyyətdən daha qazanclı çıxarlar.

Şortikə nəzarət etməkdənsə, sağ ayağın əvəzinə sol ayağı amputasiya etməyən, ağxalatlı cəllad kimi görünməyən, rüşvət almayan mütəxəssislər yetişdirin.

2022-ci ildə hələ də bölgələrdə bir az ağır vəziyyətdə olan xəstəni paytaxta göndərirlər. Xaricdən gələn mütəxəssislər olmasa, bu vəziyyətin xəcalətindən necə çıxa bilərdiniz?

Mədəniyyət kiminsə geyiminə məhdudiyyət qoymaq deyil, hamını olduğu kimi qəbul etməkdir.

Etiraz edən əxlaq keşikçiləri bundan sonrakı həyatlarına Ərəbistanda davam edə bilərlər.

# 5238 dəfə oxunub

Oxşar xəbərlər

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

"Yalnız Tomten oyaqdır..." - Tanınmış isveçli şairin məşhur şeiri

15:30 22 sentyabr 2026
“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

“K-pop” ifaçısının reklam çarxı yayımdan çıxarıldı

15:15 22 sentyabr 2026
Məşhur yazıçının həyat yoldaşı meymun hücumundan sonra vəfat etdi

Məşhur yazıçının həyat yoldaşı meymun hücumundan sonra vəfat etdi

15:00 22 sentyabr 2026
Qılıncla dövlət qurdu, qələmlə tarix yazdı - Şah İsmayıl Xətai ana dilini necə poeziya dilinə çevirdi?

Qılıncla dövlət qurdu, qələmlə tarix yazdı - Şah İsmayıl Xətai ana dilini necə poeziya dilinə çevirdi?

15:00 22 sentyabr 2026
Süni intellekt “dərk” edirmi? - Şüur haqqında yeni suallar

Süni intellekt “dərk” edirmi? - Şüur haqqında yeni suallar

14:30 22 sentyabr 2026
Məşhur müğənni mükafat rekorduna imza atacaq

Məşhur müğənni mükafat rekorduna imza atacaq

14:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər