Yazıçıların verdiyi fantastik proqnozlar əsrlər sonra gerçək oldu - İnanılmaz öncəgörmələr

Yazıçıların verdiyi fantastik proqnozlar əsrlər sonra gerçək oldu - İnanılmaz öncəgörmələr
18 avqust 2020
# 17:31

Kulis.az Günay Səma Şirvanın "Fantastik öncəgörmələr" yazısını təqdim edir


Fantastiklər o adamlardır ki, reallığı anlamaq üçün onların fantaziyası çatmır.

Qabriyel Laub


Dünyada, texnikanın inkişafında, məişətdə və ya tanınmışların həyatında hansısa öncəgörmə meydana çıxanda nədənsə, fantastik yazıçılar yada düşür. Onların bir çoxlarının hipotezləri zamanla elmi reallığa çevrilib. Amma fantast yazıçılar alim olmayıblar axı... Bəs hansı şəkildə onlar gələcəyi görməyi bacarıblar? Doğrudanmı, nəyisə görmüş və ya təxmin etmişlər? Bu suallar çoxlarını düşündürür: ancaq buna nə ötən əsrin ədəbiyyatçıları, nə də müasir müəlliflər cavab verməyə hazırlaşmırlar.

1619-1655-ci illərdə yaşamış Erkyul Savinyen Sirano de Berjarak “Başqa dünya və ya Ay dövləti və imperiyası” kitabında elmi fantastika janrının ən görkəmli nümayəndəsi Jül Verndən 200 il qabaq kosmosa uçuşları təsvir etmişdi. Əgər Jül Vern qəhrəmanını Aya top mərmisində göndərirsə, onun sələfi Sirano de Berjarak müasir kosmonavtikanın banisi Konstantin Eduardoviç Siolkovskidən on qərinə öncə bəyan edir ki, “bunun üçün çoxpilləkənli raketlərdən istifadə olunacaq”.

Öz qəhrəmanını Aya göndərmək üçün Sirano “bir neçə sıra uçan raketlər bağlanmış maşın” ixtira edir. “Alov raketlərin bir sırasını bürüdükdə - onlar altı sıra idi - cərgənin sonunda yerləşmiş sığorta sayəsində digər sıralar da növbə ilə atəş alır...” İndi kosmik gəmilər məhz bu prinsiplə - mühərriklərin mərhələli olaraq ardıcıl işə salınması prinsipi ilə orbitə çıxarılır. Bundan başqa Sirano de Berjerak öz dövrünə görə kainatın, təəccüblü dərəcədə, dəqiq təsvirini verib:

“Düşünürəm ki, planetlər – Günəşin ətrafına fırlanan dünyalardır, donuq ulduzlar da günəşdir - hansı ki, onların da ətrafında fırlanan planetləri var, uzaqlığından irəli gələn kiçik ölçülərinə görə biz görmürük, onların işıqları bizə çatmır.” Belə bir dahiyanə öncəgörmə, onu dilə gətirmə, yazıya alma üçün böyük cəsarət lazım idi. Çünki bu hipotezin səsləndirilməsindən cəmi əlli il qabaq “çoxsaylı dünyalar və sonsuz kosmos” fikrinə görə Cordano Bruno tonqalda yandırılmışdı.


Sirano de Berjarakın “Başqa dünya və ya Ay dövləti və imperiyası” kitabı dünyada ilk elmi - fantastik roman sayılır. (Məlumatın hazırlanması zamanı “Тайная власть” - qəzetinin arxiv materiallarından(2008,№13) istifadə olunmuşdur.)


Fransız yazıçısı, klassik-macəra ədəbiyyatının, elmi-fantastik janrın ən görkəmli nümayəndəsi Jül Qabriel Vern (1828-1905), YUNESKO -nun “Index Translationum” siyahısında, dünyada kitablarının tərcüməsinə və tirajına görə Aqata Kristidən sonra ikinci yer tutur. Ədəbiyyatçılar arasında yazıldığı vaxtdan reallığa çevrilən öncəgörmələrin ən çox hissəsi onun payına düşür.

Jül Vernin öz qəhrəmanlarını “Yerdən Aya” nəhəng toplarla göndərməsi – məlum faktdır, müəllifin xeyrinə şərh ediləsi bir tərəfi yoxdur. Nədən ki, kosmosa tamam başqa cür uçurlar. Amma onun vaqon mərmisi - hansı ki, içində üç kosmonavt səyahətçi yer alır – bax, bu maraq doğurmaya bilmir. Çünki amerikan astronavtları da Aya uçarkən üç nəfər idi və əsərdə adı çəkilən, material “alyumin”, yalnız XX əsrdə aerokosmik sənayedə istifadə olunmağa başlamışdı.


Bundan başqa 1961-ci ildə ABŞ müdafiə nazirliyi Kanada ilə birlikdə HARP layihəsində elə bir top yaratmaq istəyirdilər ki, onun köməyi ilə elmi və hərbi peykləri aşağı orbitə yerləşdirmək mümkün olsun. (Fikir ayrılığına görə layihə baş tutmur.)

Sualtı gəmi ideyası Vernə qədər dəfələrlə səsləndirilmişdi: amma məhz o, “20 000 lye su altında” (lye- fransız ölçü vahidi, 4,5 km-ə bərabərdir) romanında, elektrik mühərrikindən işləyən, sürəti 50 uzeldən (1uzel-1852km) artıq olan, uzunmüddətli sərbəst üzməyə qadir “Nautilus” gəmisini fikirləşir. Gəminin ölçüsü komanda heyətinin onda rahatlıqla yaşamasına imkan verirdi. Yeri gəlmişkən, dünyada ilk sualtı atom gəmisini simvolik olaraq “Nautilus” adlandırmışlar.

Yəqin ki, Jül Vern sevənlər mənimlə razılaşar ki, yazıçının ən heyrətamiz əsəri “Paris XX əsrdə”(1863) antiutopiyasıdır. Burada yazıçı videorabitə və televiziyanı, göydələnləri, insanların yüksəksürətli qatarlarda səyahət etməsini təsvir edir. Cinayətkarlar isə elektrik qoşulması ilə edam edilirlər. Diqqət: elektrik stulu ilə edam bu əsərin yazılmasından 27 il sonra ilk dəfə ABŞ-da istifadə olunmağa başlayır. Romanda banklarda hesab işlərini maşınlar həyata keçirir, bütün planet teleqrafın köməyi ilə idarə olunaraq qlobal informasiya şəbəkəsi yaradılır. Hesab edirəm ki, burada, xəyali olaraq, “teleqraf” yerinə, “internet” sözünü qoysaq, əsərdə müasir dünyamızın mənzərəsi açılar.

Ümumilikdə 66 romanın, 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifi Jül Vernin bir çox əsərlərində öncəgörmələri var:

- Transsibir və Transmonqol magistrallarının çəkilişi ("Klodius Bombarnak" )

- La-Manş altında tunel tikintisi (“Robinzonlar məktəbi”)

- təyyarə (“Dünyanın hakimi”)

- helikopter (“İstilaçı Robur”)

- kimyəvi silah (“Beş yüz milliyon bequm”) və s.

Maraqlı fakt kimi onu da əlavə edim ki, görkəmli yazıçının "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunmuşdur.

Jül Vernin həmvətəni karikaturaçı, illüstrasiyaçı və yazıçı Alber Robida (1848-1926) bizim ölkədə onun qədər məşhur deyil. Alber Robidanın bədbəxtçiliyi onda idi ki, karikaturaçı və illüstrator olduğuna görə onun çəkdikləri və yazdıqları ciddiyə alınmırdı. Robidanın jurnalda eskizləri çap etdiyindən tam otuz il sonra ilk tankın, aeroplanın ixtirası ili kimi qeydə alınıb. Bu barədə rus emiqrant yazıçısı Mixail Pervuxin hələ 1922-ci ildə “İxtiraçılar” əsərində yazmışdı. 12 il “La Caricatura” jurnalının redaktoru olan müəllif videotelefonun, domofonun, əleyhqazın eskizini çəkmiş, distansion təhsilin, televiziyanın, kimyəvi, bakterioloji, nüvə silahının tərifini vermişdi. Birinci Dünya müharibəsi zamanı Alber Robidanın proqnozları dəhşətli dəqiqliklə düz çıxmağa başlayanda, müəllif, öz “peyğəmbərliyindən” qorxur, şəkil çəkməkdən və yazmaqdan imtina edir.

Dünya ədəbiyyatında yaradıcılığı öncəgörmələrlə zəngin sirli yazarlardan biri də çoxşaxəli istedada malik, Amerika ədəbiyyatında romantik hərəkatın liderlərindən, detektiv janrın banilərindən, elmi-fantastik janra töhfələr vermiş mistik şair Edqar Allan Podur. Qırx illik qısa ömründə zəngin ədəbi irsə malik yazıçı uğursuz və məhrumiyyətlərlə dolu bir həyat yaşamışdır.


Edqar Po – necə deyərlər, “peyğəmbərlər” və “pisliklər” anlayışının bir sifətdə təcəlla edən forması idi. Qumara və içkiyə qurşanmasına görə böyük borclara düşən, Virciniya Universitetini yarımçıq qoyan gənc Edqar, daha sonra intizamsızlıq səbəbi ilə hərbi akademiyadan da atılır. Bir qədər sonra içki düşkünlüyünə narkotikaya aludəçilik də əlavə olunur. Əgər “pisliklər” hissəsini davam etdirsək, həyatı mümkün olduğundan daha kədərli bitir: o qədər spirtli içki qəbul edir ki, onu tanınmaz səfil bir halda şəhərətrafı xəndəkdə tapırlar. Xəstəxanaya qaldırılsa da, yazıçını xilas etmək olmur. Ən müxtəlif mənbələrdə ölmə səbəbi kimi beyin şişi, şəkər, sifilis, epilipsiya, meningit, quduzluq, o vaxtlar Filadelfiyada yayılmış xolera göstərilsə də, Edqar Ponun ölümü sirr olaraq qalır.

Düşünürəm ki, təqdimat üçün yazıçının “Quzğun”, “Anabel-Li”, “Qızıl böcək”, “Morq küçəsində qətl”, “Mari Rojenin sirri”, “Oğurlamış məktub” və s. kimi dünyaca məşhur əsərlərini sıralamağa elə də ehtiyac yoxdur. Həm də ona görə ki, onların bir çoxu ekranlaşdırılmışdır: oxucuya da, izləyiciyə də yaxşı tanışdır.

Ancaq bir az əvvəl “peyğəmbərlər” deyə ayırdığımız hissəyə nümunə olaraq “Nantaketli Artur Qordon Pimanın sərgüzəştləri haqqında povest” (1838) romanına qısa nəzər salaq. Çünki romanda təsvir olunan hadisə tamamilə məntiqə sığmır, hökmü sizə buraxıram: gəmidə baş verən iğtişaş zamanı dörd nəfər sağ qalır. Fırtına göyərtədən bütün yemək ehtiyatlarını yuyub aparır: nə bir tikə çörək, nə bir udum su var. Dənizçilər sağ qalmaq üçün içlərindən birini yeməyi qərara alırlar. Ən kiçik saman çöpünü yunqa Riçard Parker çəkir.


1884-cü il... Romanın yazılmasından 46 il keçir. İngiltərədən Avstraliyaya “Minonet” adı gəmi yola çıxır. Güclü fırtınaya düşən gəmi batmağa başlayır və bütün komandadan cəmi dörd nəfər qayıqla xilas ola bilir. Amma onların nə suyu, nə yeməyi yox idi. Açıq dənizdə üzdüklərinin 16-cı günü dənizçilər xilas edilir. Qayıqda üç komanda üzvü var idi...

Kəmsavad dənizçilər çətin ki, Edqar Ponu oxumuş və ya romanı haqqında eşitmişdilər... Amma onların sağ qalmaq üçün yedikləri gücdən düşmüş dördüncü yoldaşları idi...
Və bu dənizçinin adı Riçard Parker idi... Onları xilas edən “Montesuma” gəmisinin bütün komandası qayıqda qanlı insan qalıqları görmüşdülər. Evə qayıdan dənizçilərin başına gələnləri “Tayms” qəzeti yazır, nəticədə onlar məhkəməyə verilir. Məhkəmə hesab edir ki, “madam heç bir püşkatma olmayıb, onlar ən zəif dənizçini yeməklə düşünülmüş cinayət işlətmişlər”. Hakim çaşqınlıq içində qalır, “yüngülləşdirici şərtləri” nəzərə alaraq, sağ qalanlara 6 ay katorqa cəzası kəsir.

1848-ci ildə San-Fransisko ətrafında dəmiryol işçisi Fineas Qeyc dəhşətli zədə alır: metal çubuq başının bir tərəfindən girib, o biri tərəfindən çıxır. Möcüzə kimi adam sağ qalır. Həkimlər hər tərəfdən onun üstünə tökülür, amerikalı nevroloqların araşdırma qrupu yaradılır, Harvard Universitetinin həkimlər kollegiyası Fineası nəzarətə götürür: məlum olur ki, zədədən sonra Qeycin şəxsiyyəti tamamiə dəyişib, o sadəcə başqa adama çevrilib. Bütün araşdırmalardan sonra həkimlər bu qənaətə gəlirlər ki, “şəxsiyyət” anlayışında, onun formalaşmasında beyin yarımkürəsinin (lat. lobus frontalis) rolu böyükdür.

Niyə bu hadisəyə nəzər saldıq?


Məsələ ondadır ki, hələ 1840-cı ildə Edqar Po “İşbaz” hekayəsində uşaqlıqda beyin yarımkürəsindən eyni şəkildə zədə almış adamdan bəhs etmiş, bu zədədən sonra insanın mərhələli şəkildə necə dəyişərək qəddar bir sosiopata çevrilməsindən yazmışdı. Bu hekayə məşhur nevroloq Erik Altşuleri (Kaliforniya universiteti) heyran etmişdir: “-Onlarla simptom mövcuddur və Po onların hər birini bilirdi. Bu hekayədə hər şey təsvir edilib, çətin ki, biz yeni bir şey biləcəyik... Hər şey o qədər dəqiqdir ki, sadəcə qəribədir. Sanki onun zaman maşını varmış.”

Müasir fantast yazıçılardan da “üfüqün kənarlarına baxanlar” var ki, onların da təsvirləri çox etibarlı, öncəgörmələri heyrətamizdir.

Belə fantast-yazarlardan Robert Enson Haynlaynın (1907-1988), Ser Artur Çarlz Klarkın(1907-2008), Stanislav Lemin (1921-2006) adlarını çəkərək, Rusiyanın Smolensk vilayətində doğulan, amerika fantast yazıçısı, bioximik Ayzek Azimova (1920-1992) nəzər salmaq istərdim.

Əsasən, elmi-fantastik, fentezi, detektiv janrlarda yazan, elmi-populyar: astronomiyadan genetika tarixinə qədər 500-dən artıq kitabın, “Hyuqo” və “Nebyula” mükafatları laureatı Azimovun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika), positronic (pozitron), psychohistory (psixotarix) və s. O, ingilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.

“Başqalarının artıq sərf etdiyi zamana biz qənaət etməklə özümüz üçün vaxt qazanmırıq. Nə mənası var ki, səhər tezdən durub, bütün günü sahildə balıq tutaq, əvəzində yuxudan duran kimi dükandan balıq sifariş etmək daha yaxşı olar. Öz etüdlərimi yazanda mən bu haqda fikirləşirdim və bununla mən ümidsizliyə qapılıram ki, elmin keçmişi onun gələcəyini zənginləşdirmir" - deyən, 11 yaşında yazmağa başlayan, 19 yaşında ilk yazısını çap etdirən Paul Frenç psevdonimli yazıçının “Sonsuzluğun sonu”, “Mən robotam”, “ Detektiv Elaydj Beyli və robot Deniel Olivo”, “Təməlçilər”,“Kosmik axınlar”, “Robotlar və İmperiya”, “Günəşin Tanrıları”, “Dəmir mağaralar” kimi əsərləri bütün dünyada məşhurdur.

Bəs Ayzek Yudoviçin bizi təəccübləndirəcək hansı öncəgörmələri var?

1964-cü ildə Nyu-Yorkda insanlığın əldə etdiyi ən son nailiyyətləri göstərən Ümumdünya sərgisi keçirilir. “Nyu-York Tayms” qəzetinin jurnalistlərinin ağlına onunla belə bir layihə etmək ideyası gəlir: “Məşhur fantast yarıməsr sonra dünyanı necə təsəvvür edir?”

Bu gün bu zaman kəsiyini geridə qoyduğumuz üçün, 1964-cü ildə mümkünü az kimi görünən , o brifinq zamanı səsləndirilən fikirlərin nəticələrinə nəzər salmaq maraqlıdır:

- Telefonlar ekranlı, üstümüzdə gəzdiriləcək qədər kiçik olacaq, qitələr arasında əlaqə peyklərlə yaradılacaq;

- Siz zəng etdiyiniz insanları görə biləcəksiniz. Displeydən sənədlərin, şəkillərin baxılması, kitabdan parçalar oxunması üçün istifadə olunacaq. (Müasir planşet və smartfonlar- G.S.Ş.)

- Yeşiyə oxşayan böyük televizorlar yerinə divardan asılan yastı ekranlar meydana çıxacaq.

- Məişət texnikaları naqillərdən azad olacaq, batareyalarla işləyəcək.

- Gediş biletləri plastik kredit kartları şəklində olacaq.

- Robotexnika haqqında üç qanunun sahibi : - robotlar peyda olacaq, ancaq onları insanlar idarə edəcək- deyirdi .

- Azimov, 2014-cü ildə insanın Marsa enəcəyinə inanmırdı.

- Günəş batareyaları aktiv istifadə olunacaq.


- “Biliklər bir adama aid ola bilməz. Hətta min adama aid ola bilməz. (bu funksiyanı indi İnternet yerinə yetirir-G.S.Ş.)

Sizə də maraqlı deyilmi: o bunları hansı “sehrli güzgü”də görürdü? Yoxsa, zaman maşınında gələcəyə uçmuşdu?


Sonuncu olaraq, öncəgörmələrindən söz açmaq istədiyim on üç roman, dörd yüz hekayə, iyirmi bir pyes, iyirmi səkkiz ssenari, yüzlərlə məqalə müəllifi, dünya şöhrətli amerika yazıçısı Rey Duqlas Bredberidir. Bütün dünyada oxucular, onun “Farenheytlə 451°” antiutopiyasını, “Mars xronikaları” hekayələr silsiləsini, avtibioqrafik povest “Zəncirotu şərabı” və s. əsərlərini oxuyur, əfsanə və reallıq arasında qalır, “bu mümkünsüzdür” - deyirlər. Bir dəfə onu “Orakul” adlandıranda, yazıçı etiraz edir: “Mən heç də gələcəyi görmək istəmirdim. Mən onun qarşısını almaq istəyirdim.”

R. Bredberinin 1955-ci ildə yazılmış məşhur “Farenheytlə 451°” əsərində - qapı, sahibinin barmaq izi ilə açılır. Bu günkü “qulaqcıqların” prototipi olan radioqəbuledicinin əlavəsi “balıqqulağı” təsvir olunur. Onu da qeyd edim ki, ilk qulaqcıq modeli bu romanın çapından 26 il sonra buraxılmışdır. Əsərdə “divarlar” – böyük divarlar boyu insanların bir-birinə nəsə yazıb əlaqə qurmaları üçün super müasir televizorlar quraşdırılmışdır. Əgər fikir versəniz, “Facebook” yaradıcıları öz kommunikasiya tellərini məhz belə adlandırmışlar. Bir-birinə xəbər yazmaq və ya göndərmək istəyənlərə bildiriş belədir: “bu barədə dostunun divarında xəbər saxla”. “Farenheytlə 451°” -də müasir bankomatları xatırladan maşınlar da yer alır. Onların köməyi ilə insanlar gün ərzində öz maliyyə vəziyyətləri haqqında məlumat ala bilirlər.

Elmdə “kəpənək effekti” deyilən bir termin var. Kəpənək effekti (“The Butterfly Effect”) ən qısa təriflə, kiçik bir vəziyyətin gözlənilməz - hesablanmayan, öncədən bilinməyən və xaos həddinə çatan, hətta effektin davamlı olaraq artması vəziyyətinə verilən addır. Bu anlayışı Edvard Norton Lorenz 1963-cü ildə hava proqnozu ilə bağlı bir hesablama apararkən kəşf etmişdir.

Bir kəpənəyin əvvəl-axır tarixi hadisələrə geniş mənada dalğalanma təsiri edə biləcəyi fikri isə ilk dəfə zamanda səyahət haqqında Rey Bredberi tərəfindən 1952-ci ildə yazılmış “İldırım səsi” adlı qısa hekayədə səsləndirilmişdi. Terminin adı bu hekayədən götürülmüşdür.


Bəzən rastladığım maraqlı faktlardan götürdüyüm qeydləri, bəzən oxuduğum əsərlərdən çıxardığım çıxarışları cəmləyərək, fantastik öncəgörmələrdən bildiklərimin, duyduqlarımın bir hissəsini Azərbaycan oxucusu ilə paylaşmaq istədim. Kimsə çox müdrik biri deyib ki, “elə şeylər var ki, onları izah etmək mümkün deyil və heç lazım da deyil... Sadəcə, belə olmalıdır, vəssalam...”
Fikrimcə, öncəgörmələr də “belə olmalı” olan nəsnələrdəndir...

# 4612 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #