Metronun açılması xəbəri gündəmimizə bomba kimi düşdü. Heç vaxt ağlımıza gəlməzdi ki, həmişə tıncıxdığımız, sıxıldığımız, narazı qaldığımız metro bizdə bu qədər həssas nostalji duyğular oyadacaq.
Şübhəsiz, səbəb pandemiyadır.
Kulis.az Bakının rəmzlərindən biri olan metropolitenin müzakirə mövzusu olduğunu nəzərə alıb ədəbiyyat adamlarının bu maraqlı məkanla bağlı xatirələrdə yaşayan əhvalat və lətifələrini təqdim edir.
***
Bir dəfə Xəlil Rza gənc şairləri yığıb qonaqlıq vermək istəyirmiş. Arayış üçün bildirək ki, Xəlil Rza həmin vaxtlar Milli Azadlıq hərəkatının təsiri ilə leksikonundan rus, fars və Avropa mənşəli sözlər çıxarıbmış. Hətta dostlarına da bu sözləri işlətməyi qadağan edibmiş. Qonaqlığın xəyalını quran gənclər düşünür ki, tez olsun deyə, lazımı ünvana taksi ilə gedəcəklər. Lakin metro ilə getməyə üstünlük verən Xəlil Rza əlini amiranə şəkildə yuxarı qaldırıb yüksək səslə deyir:
- Lağımla gedəcəyik!
***
Şair Akif Səməd sərxoş halda metroya düşmək istəyir, polislər saxlayır ki, olmaz. Akif müəllim gülür:
- A kişi, qatarı mən sürməyəcəm ki!
***
Yazılarında nə qədər azad və rahat görünsə də, cəmiyyət içərisində ciddi kompleksləri olan Seymur Baycan bir gün metro ilə gedirmiş. Şair Sadiq Elyer bir dəstə gənc qələm sahibi ilə ona yaxınlaşır və başlayır aktyorluq eləməyə:
- Aaa!!! Bu, bizim böyük yazıçımız Seymur Baycandır! Sizi görməyimizə çox şadıq Seymur bəy! Çoxdankı arzumuz idi sizinlə heç olmasa bir dəfə görüşək. Zəhmət olmasa, bura bir avtoqraf atardınız...
Utandığından nə edəcəyini bilməyən Seymur Baycan Sadiq Elyerin əl çəkməyəcəyini görüb candərdi onun təqdim etdiyi kağıza imza atır.
Az keçməmiş, Sadiq Elyer Seymur Baycanın imzaladığı kağızı xışmalayıb əzərək qatarın açıq pəncərəsindən qaranlığa tullayır.
***
Aşağıdakı əhvalatı isə çox güman kimsə lətifə kimi düzəldib.
Bir gün Fikrət Qoca metro qatarında Fikrət Sadıqla rastlaşır. Soruşur:
- Hardan gəlirsən?
Fikrət Sadıq cavab verir:
- Yazıçılar İttifaqından. Bəs sən?
Fikrət Qoca ciddi-ciddi:
- Mən də Yazıçılar İttifaqına gedirəm.
***
Bu əhvalatın başqa bir versiyası da var. Qulağı ağır eşidən iki yaşlı yazıçı metroda rastlaşır və aralarında belə bir dialoq olur:
- Hara gedirsən?
- Yazıçılar Birliyinə.
- Eləmi. Mən də elə bildim Yazıçılar Birliyinə gedirsən.
***
Böyük şair Əli Kərimin ən gözəl şeirlərindən biri metro haqqındadır. Əslində, şair metro haqqında yazmayıb, onu məcazlaşdıraraq, başqa məna verib. “Metronun yaylı qapıları” adlanan həmin şeiri təqdim edirik:
Adam var bu qapıları açar,
Bir az
saxlayar, deyər:
"Birdən,
Arxadan gələnə dəyər".
Bəzən
heç dönüb baxmaz da
Heç özü bilməz də
Kimdir: dostdur,
yoxsa düşmən.
Qapını yavaş-yavaş
buraxar əlindən.
Eləsi də olur ki,
Tələsik özünü içəri soxur,
Elə bil
Heç arxada adam yoxdur.
Kimliyi yazılmayıb ki,
insanların alnına.
Qapılar
Açılır, örtülür,
Gah sürətlə,
gah asta;
Gah bu geniş dünyaya,
gah da yerin altına.
***
Xatırladaq ki, bu şeir əsasında “Mozalan” kinojurnalında maraqlı bir qısa film də çəkilib.
***
Şair Mahir Mehdi sərxoş vəziyyətdə “Nizami” stansiyasında dispetçerin mikrofonunu götürüb şeir demək istəyib, polislər güc-bəla əlindən alıblar.
***
2017-ci ildə metroda işıqlar sönəndə sərnişinlərlə birlikdə yazıçı və şairlər də tuneldə qalmışdı. Onlardan biri də Kulisin əməkdaşı Ayxan Ayvaz idi. O, tunellə çox çətinliklə gəlib çıxmış, səhəri gün saytımızda bu hadisə ilə bağlı maraqlı bir reportaj yazmışdı. Çətin anda heç kimə fərq qoymadan bir-birinə dəstək olan insanlardan bəhs edən reportaj çox böyük marağa səbəb olmuş və rekord sayda oxunmuşdu.
***
Bakı metropoliteni həm də orda öz kitablarını satan mərhum şair Bəşir Kəsərli ilə yadda qalıb. O, başına yaylıq bağlayıb, alın hissəsinə “Qarabağ” yazmışdı və deyirdi ki, nə qədər torpaqlarımız işğal altındadır, bu yaylığı başımdan açmayacam. Maraqlıdır, o vaxt Bəşir Kəsərliyə polislər də mane olmurdular.
***
Kəramət Böyükçöl metro ilə gedirmiş, qəfil bir dilənçi yaxınlaşır ona, əlindəki mis qabı qorxa-qorxa yazara tərəf uzadıb ondan çörəkpulu istəyir. Kefi pozulan Böyükçöl dilənçinin çəkingənliyini görüb kasanı ondan alır və qatarda hərlənərək iki-üç dəqiqənin içində xeyli pul toplayır. Pulları dilənçiyə verəndə deyir:
- Gərək hər işi istedadla görəsən!