Təxəllüs alverçiləri - Üzeyir yazır...

Təxəllüs alverçiləri - Üzeyir yazır...
10 dekabr 2020
# 16:04

Kulis.az Üzeyir Əlizadənin "İçindən qurd çıxdı" yazısını təqdim edir.

Çoxdan görüşmədiyim yazar dostlardan birini təsadüfən məclislərin birində görəndə, salamsız-kəlamsız, ilk soruşduğum söz bu oldu:

- Təxəllüsün qalırmı, istəyən var, satmırsan?

Elə bu sualı təzəcə vermişdim ki, ağlımda təxəllüs biznesinə girişmək qənaəti hasil oldu: özü də “Uruset” bazarına ixrac. Vaxt itirmədən həmin dosta təklif etdim ki, təxəllüsündən nə qədər sata bilərsə satsın, bir tır alıb Rusiyaya göndərmək istəyirəm. Bəri başdan xəbərdar da elədim ki, baha qiymət “oxuyub” siftəmi korlamasın. Fikirləşdim ki, Rusiya bazarlarında Azərbaycan mallarına tələbat olduğu kimi, Urusetin sənət mühitində , valideynlərin öz övladlarına ad-soyad seçimində, sevgililərin bayramlarında, ad günlərində bu məhsula da hədiyyə qismində tələbat ola bilər. Masanın ətrafında oturan dostlardan biri bu biznesə onu da qoşmağımı xahiş edərək bildirdi ki, nə qədər təxəllüs lazımdırsa, maşınlara yükləyib göndərə bilər. Dərhal razılıq verdim və xeyli maraqlı təkliflərlə çıxış edərək söz verdi ki, yaxın zamanlarda bır tır yükü hazırlayıb göndərəcək. Elə oradaca qollarını çirmələyib təxəllüslü bəxtəvər tanışlarına zəng vurmağa başladı. Onlardan biri satmadığını, amma saatı 20 manatdan icarəyə verə biləcəyini dedi. Digəri isə təxəllüsünün rouminqə çıxışı olmadığı üçün “xaricdə işləmir” bəhanəsi ilə satmaqdan boyun qaçırdı. Təzə şərikimin ilk bazarlığı baş tutmasa da, məni inandırdı ki, ayda neçə tır təxəllüs istəsəm, göndərə biləcək.

Doğrudan da, bir neçə gündən sonra bir tır təxəllüs yükünü hazırlayıb göndərdi. Amma bu partiyadan ziyana düşdüm: bir səbəbi sənədlərdən çatışmayanı olduğu üçün Rusiya gömrüyünün rüşvət istəməyi idisə , digər səbəbi təxəllüslərin keyfiyyətsiz olması idi. Mən mal göndərən dostumuza çatışmayan sənədlərdən əqli mülkiyyət sertifikatının gələn partiyada qaydasında olmasını tapşırdım və bazarın tələbatını bilmək üçün çoxsaylı təxəllüs çeşidlərinin vacibliyini bildirdim.

Qısa müddətdən sonra gələn ikinci tır 6-7 adda təxəllüslə ağzına qədər doluydu. Düzdür, bu təxəllüslərin bəzilərini bəyənməsəm də, o birilərinin gözünə qatıb, bir yerdən verdim getdi.

Beləliklə, bazarın tələbatını yavaş-yavaş öyrənməyə, həm də alıcıların zövqünü formalaşdırmaq üçün heç bir titulu olmayan, nadir hallarda çap olunan, heç bir kitaba müəlliflik imzası atmayan yazarların yeni-yeni təxəllüslərini təbliğ eləməyə başladım. Tanınmayan, məşhur olmayan təxəllüsləri buradan ucuz alıb orada baha satmaqla çoxlu pul qazanmaq istəyirdim.

Təxəllüs ticarətinin də özünəməxsus çətinlikləri varmış. Çox vaxt satılmayan təxəllüsləri yer tutmasın deyə yaxşı təxəllüslərin üstündə hədiyyə verib canımızı qurtarmağa çalışırdıq.

Bazar qanunları öz sözünü bu sahədə də deyir. Məsələn, müştəri qıtlığı, vaxtı keçmiş, istifadəyə yararsız, qüsurlu, görünüşü yaxşı içi xarab, qurumuş, çürümüş təxəllüslərin anbarda yığılıb qalması adamı bezdirir.

Birdən görürsən ki, oturduğun yerdə hansısa müştəri girdi içəri. Nə vaxtsa aldığı təxəllüsü əlinə alıb qaytarmağa gətirib: “Bu nədir, satmısan, ayıb deyıl? Apardım evə, içindən qurd çıxdı”. Nə qədər başa salmağa çalışırsan ki, vallah-billah, bunun sortu belədir – elə tumurcuqlayan kimi ağacdaca qurdlanır, inanmır ki, inanmır.

Başqa biri isə aldığı təxəllüsü qoltuğuna vurub gətirir ki, evə çatmamış əridi. Ha izah edirsən ki, bunun tərkibi belədir, əriməyə meyillidir... nə faydası?!

Biri də o boyda təxəllüsü çantasına basaraq gətirib ki, oxucularımın ağız dadına uyğun deyil, dəyiş bunu, başqasını ver. Hirslənib ona da deyirsən ki, a yoldaş, sənin oxucun oxucudur, bizimki yox? Neçə illərdir bizim oxucular bu imzanı yeyirlər, ölməyiblər ki? Apar yedizdir, qorxma ölməzlər.

Ya da qar kimi ağ, gözəl bir rus qadını – qara üzüm yesə, boğazında görünər – təxəllüsü qaytarıb deyir: “Sevgilim mənə hədiyyə alıb, amma özünü yaxşı aparmır, etibarlı deyil bu məhsul”. Təskinlik verib deyirəm: “Narahat olma, bu mal elə oralarda da özünü belə aparır”.

Ya da “axşambazarı” gələn müştəri ucuz təxəllüslərdən birini istəyir ki, sabah televiziyada çıxışım var. Bu zaman “Nədir, ucuz mal alıb bahalı-bahalı danışmaq istəyirsən?” demək keçir adamın ağlından.

Bəzi haqlı müştərilərin “Vaxtı keçmiş təxəllüsdür, qaytarıram - tələblərinə” ürəyində deyirsən: “Guya bu yetimin normal müddəti olan vəziyyəti olub?! Elə həmişə vaxtı keçmiş məhsuldur da.”

O gün də biri səhərin gözü açılmamış qapını kəsdirib ki, guya arvadının ad gününə hədiyyə almaq istəyir. Ürəyimdə dedim: “Ayə, tülküyə toyuq yeməyi öyrətmə, hansı köpəyoğlu sübh tezdən yerindən durub arvadına hədiyyə almağa gedir?! Kimçün alırsan, al da... kimə gəlirsən?!”

Bax belə axmaq alıcıların əlindən bezib təxəllüslərin pərakəndə satışından keçmək istəyirsən topdansatışına.

Malı tırlara yükləyib göndərən dostumuzdan təxəllüslərin vəziyyəti, alış qiyməti ilə bağlı tez-tez məlumat öyrənirdim. Elə yazarlar vardı ki, təxəllüslərini satmırdılar, hərçənd satsaydılar, yaxşı pul tutmaq olardı. Elələri də vardı, pulsuz versəydi də, almağa dəyməzdi. Bazar “dartmayan”, yəni satılmayan mal kimə lazımdır?

Vaxt olurdu, tırda bir adda, vaxt da olurdu, çox adda təxəllüs göndərirdi. Bəzən bir adda iyirmi-otuz min təxəllüs gəlirdi. Yaxşı təxəllüsün alıcısı başının üstündəydi . Çox adda təxəllüs olanda isə iş bir az çətinləşirdi: ayırmaq, çeşidləmək, hər birinin öz müştərisi İlə ayrı-ayrılıqda bazarlaşmaq çox vaxt aparırdı.

Malı uzaq məsafəyə daşıyarkən, hər təxəllüsün özünəməxsusluğu olduğu üçün qablaşdırarkən, maşına yükləyərkən diqqətli olmaq lazımdır. Təxəllüslərdən isti-soyuğa davamlısı-davamsızı, nəmişlikdən qorxanı-qorxmayanı var. Ona görə də daşınma zamanı malların xarab olmamağı üçün gərək yol boyu maşının hərarət, nəmlik dərəcəsini daim diqqətdə saxlayasan.

Bəzən maşını boşaldarkən görürsən ki, bir axmaq təxəllüsün kaprizindən digərləri bezərək yoldaca intihar ediblər. Bəzən də sakit bir təxəllüs yaxınlaşıb deyir ki, yol boyu filan təxəllüslər qruplaşıb məni təkləmişdilər, xahiş edirəm, daha məni onlarla bir maşına yükləməyin. Ən pisi isə hansısa təxəllüsün maşından boşaldılan kimi səs-küy, qışqırıq salmağa başlamasıdır. Bu zaman onu qırağa çəkib başa salmaq lazım gəlir: bura qərib ölkədir, zatını büruzə vermə, özünü adam balası kimi apar, abır-həyan olsun...

Heç gözləmədiyin halda sahibindən zəng gələn təxəllüs də olur. Deyir, təxəllüsə söz demisən, xətrinə dəyib.

Razı qaldığın qabiliyyətli təxəllüslər da olur. Zəng vurub sahibinə təşəkkürünü bildirərək “belə təxəllüs tərbiyə etdiyinə görə halal olsun sənə” deyirsən .

Zəng vurub, təxəllüslərinin tələbata uyğunluğu ilə maraqlananlar da olur. Bu illər ərzində bir nəfər də alıcı görmədim ki, “məni dünya tanıyır” qışqıran təxəllüslərdən istəsin. Keçən il məhəllə, əyalət təfəkkürlü bir tır mal kiflənmişdi, açıq havaya sərdim ki, bəlkə gün vursa, düzələr. Xeyiri olmadı, zay oldu getdi o boyda mal.

Bir ara Çindən də bir-iki maşın təxəllüs vurdum Urusetə. Çin təxəllüsləri qısa olduğu üçün qiyməti də aşağı idi. İmkanı olmayanlar bu mala üstünlük verirdilər. Düzdür, bizimkilər qədər keyfiyyətli olmasa da, ucuzluğuna görə bir müddət yaxşı satıldılar. Sonra müştərilərin “dabanı tez yeyilir, sapı tiftiklənir, açan kimi qazı uçur, tez göyərir, qabığından yaxşı ayrılmır, səs kimi şikayətləri ucbatından Çin təxəllüsünə tələbat xeyli azaldı.

Danışmaqla bitən söhbət deyil. Xülasə, koronovirus söhbətindən sonra işlər dayandı. Qapısı bağlanmış Rusiya yalnız bunların girişinə qadağa qoydu: adamların və təxəllüslərin.

# 2159 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #