Tabutda yaşayan adam - Hekayə

Tabutda yaşayan adam - Hekayə
16 may 2020
# 16:30

Kulis.az Mənsur Rəğbətoğlunun "Sükut həmişə kinlidir" hekayəsini təqdim edir.

Gözlərini açar-açmaz tabutun qapağını kənara sürüşdürüb qalxdı. Pəncərədən boylandı, məzar daşlarının qaraltısından, yaxınlıqdakı saqqız ağacından başqa heç nə görmədi. Bura məzarlığın köhnə anbarıdır.
Aylı bir gecə idi.


Bir neçə dəqiqə dinşədi, baxdı, hərəkət edən nəsə gözə dəymədi. Həminki sükutdur – ölülərin dünyası...
Bədənindən üşütmə keçdi, sanki kimsə boynunun arxasına soyuq nəfəsini üfürdü, kürəyində barmaqlarını gəzdirdi, sonra ikiəlli boynundan yapışdı. İçini çəkib təngnəfəs geri döndü, anbarın zülmət çökmüş dibinə zilləndi. Titrəyən dizləri onu yerə çəkir, ayaq üstə güclə dayanırdı. Gözləri axtardı, özündən başqa kimsəni duymadı. Burada təkdi. Divarın dibinə çömbəldi, siqaret yandırdı, tüstünü udub saxladı, səs salmaqdan - özünü ələ verməkdən qorxurdu. Başdaşı kimi dondu, amma yaxasını sakitcə əcəlin əlinə vermək vaxtı deyildi. Ayağa qalxdı, görə bildiyi yerə qədər pəncərədən məzarlığa zilləndi, bir xeyli belə dayandı. Paltosunun yaxasını açdı, boğazında saxladığı tüstünü ora üfürdü. Udqundu, boğazından yarımçıq çıxan tüstüdən boğuldu, öskürmək istəsə də özünü güclə saxladı. Gözlərindən yaş süzüləndə rahat öskürməyin necə möhtəşəm bir azadlıq olduğunu duydu. Amma bu azadlığını özü əlindən almışdı. Bəlkə də onu bu kiçik çərçivəyə uzun zaman can atdığı azadlığın gətirdiyi qorxu salmışdı.


Azadlıq, qorxunu məğlub etməyi bacarmaqdır. Qorxuya boyun əyməksə, içindəki ac kölənin açılmış ağzına yem atmaq – onu bəsləyib böyütmək deməkdir. Azadlıq həmişə içindəki köləni yada salır. O isə indi yalnız qorxduğunu, bu anbarın içinə atılmış, əlləri bağlı kölə olduğunu bilirdi. Düşünür, əllərini kim bağlamışdı, onu kim bura həbs etmişdi – yadına sala bilmir.


“Sakitlik istəyirdimsə, sakitlik də bir ins-cinsin yaşamadığı bu yerə qapanmaqdırsa, bəs bu qorxu, bu can hayı haradan gəlir?”, - özündən başqa bu suala cavab verəcək kimsə yox idi. Başını buladı, tabuta uzanıb qapağı çəkdi.
Bəlkə bu sualın yaratdığı, bəlkə də bayaq dönə-dönə nəzərdən keçirdiyi ətrafda bir təhlükənin olmadığı ehtimalı onu bir qədər sakitləşdirdi. Amma tabutun qapağını çəkəndə birdən ona elə gəldi ki, bu ani səsə qarışaraq kimsə içəri sivişdi. Tabutun içindən boylanmaq, bir təhlükənin olmadığını aydınlaşdırmaq, tarım çəkilmiş əsəblərinin üstünə soyuq su səpmək istəsə də, bayaq özünə verdiyi sualı xatırladı, bununla sakitləşməyə çalışdı, daha doğrusu buna can atdı.
Kölələr – qorxaqlar həmişə azadlığa meyllidir, çünki onun nə olduğunu bilmirlər. Onu əldə etmək üçünsə, səy göstərmək istəmirlər, çünki qorxurlar. Amma azadlıq, ona qorxaraq ilk əl atanındır. İnsan təbiəti belədir: həmişə bilmədiyi, özü üçün naməlum olan hər şeyə, hər yerə can atır. Hələ ki, əl atdığı azadlıq onu bu ölü daşıyan qayığa atıb sahilsiz zülmətə çəkirdi. Artıq dayanmaq qərarı onun hökmünə aid deyildi. Özü də bunun fərqindəydi.


Bütün varlığına bir qorxu bürünüb, soyuğun öhdəsindən gəlsə də, həyəcanını boğa bilmir, titrəyirdi. Paltosuna büküldü, dizləri tabutun kənarına dirənənədək qıvrıldı. Qollarıyla bədəninə sarılıdı, ürəyini sakitləşdirmək istədi. Bütün gücünü bunun üçün səfərbər etdi.


“Bu boyda dünyada bu qaranlıqda, ölülərin arasında nə işim var, özü də tabutun içində?”, - yenə cavabsız bir sual beynini deşməyə başladı.


Adamlarla dil tapıb danışa bilmədi, ya özü... Cavab tapmaqda acizdi, ətrafı dinləyir: əbədi susmuşların dünyasında sanki hər şey ölüb, hər şey qorxudan dilini udub, kimsə onun kimi ölülərlə üzləşmək istəmir burada. Bu qulaqbatırıcı sükutun toxunduğu hər şey öz ruhunu bədənindən çıxarır, canını allahlara tapşırırdı. Səssizlik əliqanlı tiranların dünyasında azadlığa can atmaqdan daha qorxulu idi, çünki ölülərin nə vaxt, haradan hücuma keçəcəyi məlum deyildi. Həyatın kənarına çıxanların, yəni ölülərin aləmində hər şey naməlumdur, sən öz qorxunla üzləşənə qədər kimsə səsini çıxarmır.


Sükut həmişə kinlidir, təhlükənin yerini heç vaxt göstərmir.


İnsan hər şeyə öyrəşir, qorxudan başqa. Üç gecədir onu bu balaca tabutun içində əsir götürən elə bu qorxu deyildimi? İnsan olmaq qorxusu, öz növündən olanlarla dil tapa bilməmək, yaşamaq uğrunda mübarizə aparmaq, ən yaxınlarının əhatəsində, öz yanında belə yad kimi yaşamaq qorxusu. İndi qorxu ona ümiddən də pis görünürdü: ümid təkcə gələcəyini, qorxu isə həm olanları, həm də olacaqları əlindən alır. O, buna əmindi.


“Həyatda insanın başına nə gəlirsə, qorxusundan gəlir”, - həminki razılıqla içində susdu.


Yumulmuş gözləri qapaqları altında işıq axtarır, o isə düşünür, aradan çıxaraq məchul zülmətə ölü daşıyan bu qayığa sığınmasına bir məna tapa bilmir. Tabutun taxta divarları arasında bir az da sıxılır, içində baş qaldıran yuxulamaq ehtirası qorxusuna güc gəlməyi, arzuladığı, nəhayət, qovuşacağı sakitlikdən həzz almağı bacarmır. Vaxtilə arzusunda olduğu sükut indi canına qənim kəsilir, ayaqlarını yerdən üzür. Qurşaqdan aşağı onun deyil – ölülərin dünyasından qaçmaq üçün çırpınır, ürəyindəki ağırlıq isə dizlərinə çöküb, onu tərpənməyə qoymur. Ruhu bədənindən çıxır, bir-bir ölülərin qapısını döyür, təhlükənin olmadığından əmin olmaq istəyir. Sanki məzarlarından çıxan ölürlər bu taxta tabutun üstündə atılıb-düşürdülər. Heç olmasa, biri ilə rastlaşsaydı, bəlkə də sakitləşərdi. Yəni çətini qorxduğunla üzləşməkdir, sonra sakitləşir adam.


Bir ölünün güdazına gedəcəyi ehtimalı ətini ürpərdir, nəfəsi çatmır, tabutdan çıxıb nəfəs almaq, ölü daşıyan qayığın sükanını azadlığa döndərmək istəyir, amma bu qayıq da onunla birlikdə qorxunun dibinə cumur. Bir addımlıqdakı məzarlığın boğucu görünüşü qaranlığı bir qədər ağırlaşdırır. Diksinir, nə istədiyini özü də bilmir. Amma udqunur, udqunduqca da qorxudan ölə biləcəyi duyğusu gənziyini dalayır - əcəl barmaqlarını onun nəfəs borusuna soxmağa çalışır. O isə bu barmaqların ürəyini yerindən çıxarmasına imkan vermək istəmir, indi olmaz, bəlkə də sonra... Sonra da olmaz - udqunur. Əlini ağzına soxur, əcəlin barmaqlarını axtarır, ürəyindən qalxan bulantı əlini geri itələyir. Hülqumu aşağı-yuxarı dartılır, keçir bulanma.


Udqunur, udqunur, udqunur – yaşamaq, yaşamaq, yaşamaq – bu istəyi onu özündən təkrar-təkrar iyrəndirir. Qorxaraq yaşamaq – insan olmağın kəffarəsini beləcə ödəyir. Udqunmaq, “ölmək istəmirəm” deməkdir. Bəs bu tabutun içində necə, nə qədər yaşayacaq? Kim belə yaşayır axı...


Bəlkə ona görə burada gizlənmişdi ki, dirilərin olmadığı bir dünyada, gözdən iraq bu yerdə daha çox görünəcək. Aradan çıxmaq “mən buradayam”, çağırışı deyilmi? Bilir bunun cavabını, bilir, onu ən çox da bu diksindirir, özündən və adamlardan uzaqlaşdırır. İndi isə qorxu bütün varlığına çöküb, amma ölüm xofu yaxasından yapışandan həyat eşqi bir o qədər alovlanmışdı. Çünki özündən imtina etmək mümkün deyil. Heç vaxt...


“İnsanın ölüsündən də adama xeyir yoxdur”, – yuxu gözlərinə hücuma keçəndə beynində ruh kimi dolaşan bu düşüncəyə gülümsədi. Kimsə - nə ölüm vəd edən bir qorxu, nə də asta-asta tabuta sürünən çağırılmamış qonağın özündən arxada qalan ayağının səsi belə, sahibini sakitliyə aparan bu gözləri açmaq ixtiyarında deyildi artıq. Hər şey onun dumana qarışan xəyalları fonunda baş verir, onun isə buna müqavimət göstərməyə gücü çatmır.
Gülümsəyir, qorxmadığını duyur, bu gecə də qorxuları qarşısında zəfər bayrağını qaldırır, yuxuya təslim olur. Gethagetdə təkcə onu bilir ki, can qorxusu digər qorxulardan daha dözülməzdir. Artıq bədəni keyləşib, onu heç nə ürküdə bilmir, amma o bunu duymur. Heç anbarın qapısını cırıldadaraq açıb asta-asta içəri soxulan dəvətsiz qonaqdan da xəbəri olmur.


Burada tək deyildi.


İnsan heç vaxt ölmək istəmədiyi həqiqətini böyük qorxusuyla burun-buruna qalanda dəqiqləşdirir. İtirəcəyi heç nəyin qalmadığına bu vaxt əmin olur, bir anda hər şeyi özünə etiraf edərək müqəddəs suya baş vurur, günahlarından arınır, məsumiyyət donuna bürünür. İndi isə ölüm və ölü qorxusu bir-birinə qarışmışdı; birincisi əbədi yuxu vəd edirdi, ikincisi isə bunun mümkün nəticəsidir. Üç gecəlik cəhddən sonra yuxuya təslim olur, sabah yenidən gecə düşənədək şirin yuxudan ayılmır.


Dördüncü gecəni də gözlərini tabutun içində açdı.


Pəncərədən boylananda qəbiristanlığa sarı bir nəfərin addımladığını gördü. Allahlar günəşi göy üzündən küncə süpürüb, süpürgəni də qabağına qoymuşdu. Yer üzünə gecə çöküb. Alnında soyuq tər damlaları parıldadı, elə bil kimsə üzünə soyuq nəfəs üfürdü, bədəni buz kəsdi, burada tək olmadığını qətiləşdirdi. Özünü çölə atdı, qaraltının arxasınca qəbir daşlarının arasına şığıdı. Qaraltını gözdən itirmək istəmirdi, əti ürpəşdi, onun... onun... onun izləri yox idi. O, gecənin özü kimiydi, toxunduğu yerə iz qoymadan çəkilirdi. Qarda yeriyib izini bəlli etməyən bu məxluq kim idi? Heç nə anlamır, çaşqınlıqla ətrafına boylanır, kölgə üstündə dayandığı məzarda yoxa çıxır, sanki gözəgörünməz bir güc bir göz qırpımında onu udur. Əyilib baxır, anlamır, baş verənlərə bir anlam verə bilmir – onun izi yoxdu.
Qorxu – o iz buraxmadan gəlir...


“Bəlkə məni bir ölü izləyir, bu məzarda yatan bir ölü? Məni aparmağa gəlib”, – bu dəhşətli fikir beynindən ildırım sürətilə keçdi. Bir tərəfdə göy üzündən çökən zülmət, bir tərəfdə səssiz qəbir daşları, bir tərəfdə də varlığına bürünmüş vahiməli fikir onu halsız salır.


Bütün gücünü dizlərinə verdi, özünü zorla ayaqda saxladı, bir dəqiqə belə düşünməyə vaxt yox idi, anbara sarı cumdu. Sanki yuxudadır, qaça bilmir, ayaqlarını hiss etmir, elə bil kimsə arxadan çathaçatdadır, bu dəqiqə əlindəki baltayla başını ikiyə böləcək. Anbarın qapısına çatar-çatmaz təngnəfəs geri döndü, içini çəkdi, sanki arxadan tutub onu qəbiristanlığa çəkmək istədilər, amma kimsəni görmədi.


Anbarın içində dəli kimi gəzişir, düşünür, başının içində qopan nifrini sakitləşdirə bilmir, heç nə öz yerində deyil, bu qəribə məxluqun izlərini də tapa bilmir. Elə bil qorxu hər şeyi yerlə-yeksan edib, başının içindən çıxardığı beynini ovub onun qarda saldığı izlərin üstünə səpib yoxa çıxarmışdı. Belə də olmalı idi, axı necə ola bilər ki, qarda yeriyən bir insanın ayaq izləri olmasın?


“Bəlkə o insan deyil, qarabasmadır?”, - buna inanmadı, sakitləşməmişdi axı.


İçəri addımını atmağa qorxurdu, elə bil o, çıxandan sonra kimsə yerini tutmuşdu, tabutun içində onu gözləyirdi. Düşüncəli halda var-gəl etdi, pəncərədən boylandı, dönüb təkrar-təkrar içəri göz gəzdirdi, hər şey qoyub getdiyi kimi qalmışdı. Rahat nəfəs aldı, tabutun üstündə oturdu.


“Axı mən burada nə edirəm? Dəli oluram deyəsən, başqa hara gedə bilərəm, axı mən burada qalıram”, - özünü hönkürməkdən güclə saxladı.


Ayağa qalxdı, nə edəcəyini bilməsə də, gözlərini pəncərədən zillənən məzarlıqdan geri qaytarmağı bacarmadı. Hər gecə eyni şeylər təkrarlanır, o izlərin, o qaraltının hara yoxa çıxdığını anlamırdı. Bəlkə gecəni pusquda dayansın, gözləsin, hər kimdirsə özünü ələ verəcək. Özünü təslim etməkdənsə, bu daha yaxşıdır. Bu fikir cəlbedici göründü, sanki gözlənilməz qonağı artıq yaxalamışdı, elə bu an acdığını duydu.
Masaya yaxınlaşdı, bir parça quru çörək və soyutma ət götürdü, götürdüyü kimi də yerinə qoydu. Mədəsində səbəbsiz bir doyumluq duydu – ağzına sarı dartılmış hülqumu idi, div kimi yolu kəsib heç nəyi içəri buraxmaq istəmirdi. Əti ürpəşdi, dörd gecədir o, yatandan sonra bura kimsə gəlir, heç nəyə toxunmadan, onu öldürmədən gedir. Necə yeyə bilərdi, onun özü əcəlin ağzındadır.


Aydınlaşdırmaq, duyuq salmadan gözləmək lazımdı.


Pəncərəni açdı, aylı bir gecə idi, xəfif külək qalxmışdı. Küləyin qulaqlarını gözlədiyi səsdən yayındıracağını düşündü, tələsik pəncərəni bağladı. İçəri cuman sükut başının içində küyə çevrildi. Deyəsən, kimsə bu küyü eşidib səssizcə içəri sivişdi. Ətrafı diqqətlə nəzərdən keçirdi, kimsəni görmədi. Yenidən təlaşla pəncərəyə yaxınlaşdı, gələn var, zilləndiyi qaraltını gözdən itirməmək üçün diqqətini ondan ayırmadı. Amma yanılmışdı, yaxınlıqdakı ağacın qaraltısıdır, elə bil hərəkət edir, anbara addımlayırdı. Hələlik təhlükə gözə görünmürdü, sakitləşdi, tabutun üstündə əyləşdi.
Çox oturmadı, qulağını qapıya söykəyib dinşədi, səssizlik idi, bu, onu daha çox qorxutdu. Gözlənilməz qonağın haradan hücuma keçəcəyini bilmirdi. Gah pəncərəyə sarı qaçır, gah qulağını qapıya söykəyirdi. Səs çıxaran olmadı - başdaşılar susur, qapı susqunluğunu qoruyur, pəncərə təhlükənin yerini göstərmək istəmirdi. Ən çox qapıdan qorxurdu, o hər an açıla bilərdi.


Bəlkə nə pəncərə, nə də qapıya baxsın? Pərdəni çəkdi, bəs qapını nə etsin, onu necə gizlətsin? Qapıya addım atmaq istəyəndə içini çəkdi, geri dönüb gözlərini pərdəyə zillədi. Son bir neçə gündə ilk dəfə pəncərənin pərdəsinin olduğunun fərqinə vardı. Bu necə pərdə idi? Bunu ortasından parça-parça kəsmişdilər. Pərdəni kənara çəkdi, Ay işığı anbarın içini işıqlandırdı, baxmaq istədi, bəlkə gözündən qaçan başqa şeylər də vardı. Bayaq üstündən çörək götürdüyü masa, ətrafındakı iki stul gözünə sataşdı, bunları da elə bil ilk dəfə görürdü. Baxdı, küncdəki balaca rəfi də gördü. Köhnə bir televizor da vardı. Bəs ölü daşıyan qayıq – tabut haradadır? O da buradadır – anbarın o biri küncündə, ən görünməz yerdə.


Dördüncü gecədə ilk dəfə tabutun üstündə yox, stulda əyləşdi. Pəncərənin önündə...


Gecədən xeyli keçmiş məzarların arasından bir qaraltının anbara süründüyünü gördü. Nə edəcəyini bilmədi, sakitcə dayandı, səs salmağa qorxurdu, çünki buna hansı cavabın veriləcəyi naməlumdu. Hələlik təhlükəni mümkün qədər yaxına buraxmaq, nə qədər hədə vəd etdiyinə baxmaq lazımdı. Qapıya sarı cumdu, qulağını dirəyib dinşədi, kimsə orada dayanmışdı. Deyəsən, o da qulağını qapıya dirəmişdi, diksinib geri çəkildi. İzsiz yeriyən bir məxluqla qulaq-qulağa durmaq ətini ürpətdi. Anbarın küncünə qısıldı.


Hər şeyi görürdü, kimsə qapını astaca açdı, sonra barmaqları ucunda içəri keçdi, tabuta yaxınlaşıb əyildi, dinşədi. Qalxıb ətrafına baxdı, sonra yenə əyilib dinşədi. Birdən naməlum qonağın gözlərinin ona zilləndiyini duydu, xeyli baxdı, narazı halda başını bulayıb qapıya yönəldi.


“Bəs niyə gəlmişdi? Öldürməyə?..”, - içindən üşütmə keçdi.


Bəlkə arxasına düşsün, izləsin onu, bu düşüncə ilə kölgə çıxar-çıxmaz qapıya yaxınlaşdı. Özünü ələ verməmək üçün mümkün qədər ehtiyatlı olmaq lazım gəlirdi. Kölgə məzarların arasında yoxa çıxan kimi irəli cumdu, qəbir daşlarından birinin arxasında gizləndi. Kölgə bir ayağını çəkə-çəkə gedirdi.


“Bəlkə şeytandır...”, - düşündü. “Başqa kim ola bilərdi?”, - bu sualın da cavabını bilmirdi, “Məhz belədir, o, axsaq Şeytandan başqa kimsə deyil. Axsaq ayağını arxasıyla çəkib, ancaq o, belə yeriyə bilər, başqa kimsə”, - bu dəfə özünü inandırdı.


Azadlıq – o, ayağının biri gödək Şeytan kimi eybəcərdir, onu ilk sevəndən əl çəkməyəcək. İndi qorxusunun ürkütdüyü bu Şeytan ayağını çəkərək, arxasında iz qoymadan ondan uzaqlaşdırdı.
Çox izləmək lazım gəlmədi, bayaq yoxa çıxdığı məzarın qarşısında dayandı. Ən maraqlı yeri elə burası idi, nə baş verəcəkdi? Fərqli heç nə, bir göz qırpımında yox oldu, bayaqkı kimi...


O, ölü ola bilməzdi, cansız bir bədən necə ayaq açıb yeriyə bilər? Bunda başqa bir sirr vardı. Bunu aydınlaşdırmaq isə gecənin işi deyildi, xüsusən də bu hadisə kimsəsiz qəbiristanlıqda – həyatın kənarına çatıb susanların dünyasında baş verirsə, özü də gecənin bir aləmində. Fikirlərindən uzaqlaşanda məzarların arasında yenə tək olduğunu duydu, əti ürpəşdi. Arxasına baxmadan anbara cumdu, tabutun içində yoxa çıxdı. Gecə boyu düşündü, bir də səhərə yaxın yuxuya getdi.


Günorta ayılar-ayılmaz yemək yedikdən sonra verdiyi ilk qərar sirli məzarda baş verən hadisəni aydınlaşdırmaq oldu. Lakin üstünü qar örtmüş məzar sirrini ona açmadı. Axşamadək gəzdiyi bütün məzarlıqda qar örtüyü altında qalmış qəbir daşlarından başqa heç nə tapmadı. Hava atdığı addımın altını görməyəcək qədər qaralsa da, Ay işığı bu zülmətlə mübarizədə qalib gəlirdi. Saatı ay işığına tutub baxdı, vaxt gecə yarısına şütüyürdü. Sirli məzarın qarşısından keçəndə əyildi, baxdı, bir işıq gələn yer axtardı, yoxdu, bir qədər də əyildi, qulaqlarını dirəyib dinlədi, səs gəlmirdi. Varlığı yeni həyəcana təslim oldu, sanki ətrafdan onu izləyirdilər, diqqətlə baxdı, hər yeri nəzərdən keçirdi. Nəsə gözə dəyməsə də, kimlərinsə nəzərləri ilə müşayiət olunduğu şübhəsi beynini gəmirməyə başladı.


Anbara sarı addımlamağa başladı. Qapı açıqdı, amma gedərkən özü açıq qoymuşdu, yoxsa kimsə açmışdı – bunu ayırd edə bilmədi. Ehtiyatla içəri addım atmaq istəyəndə qarşısında kiminsə dayandığını duydu, naməlum bir qaraltı ilə üz-üzəydi.


Nə edəcəyini bilmədi, uyuşmuş dilindən də heç nə qopmadı, kölgə də susurdu. Nə kölgə içəridən çıxır, nə də o içəri keçə bilirdi. Bura ikisindən birinin dünyasıydı: ikisindən biri buranın köhnə sakini idi, biri isə öz gəlişi ilə digərini narahat etmişdi. Amma indi bunu bilmək mümkün deyildi.


Bəlkə hər şeydən, bu qandonduran səssizlikdən imtina edib geri qayıtsın, onda da onu bura qaçmağa məcbur edən səs-küylə - adamlarla üzləşəcəkdi. O, təkrar-təkrar küçələrdəki səfil-sərgərdan həyatını xatırlayır, çıxdıqdan sonra özünə yer tapa bilmədiyi kimsəsiz uşaqlar evinə qayıdır xəyalən, oradan baxanda buradakı zülmət daha işıqlı görünürdü. Amma onu vaxtilə azadlığa çağıran bu işıq indi naməlum bir qara kölgə kimi yaxasından yapışmışdı, onu ölülərin dünyasına çəkmək istəyirdi. Halbuki bu dilsiz adamlar, yəni ölülər və sükut nə vaxtsa ona öz düşüncələriylə, özüylə əbədi qalmaq vədi vermişdi.


Yenidən geri qayıtmaq istəyi baş qaldırır. Amma yenidən qayıtmaq, bu, öldükdən sonra təkrar-təkrar dirilməyə, eyni həyatı yaşamağa məcbur olmağa bənzəyirdi. Fürsət elə indidir, qəbirstanlığın dəmir qapısını açsın, qaça-qaça uzaqdan görünən işıqlı şəhərin sakinləri arasına qarışsın, birdəfəlik yoxa çıxsın. Amma təkrar qayıtmaq duyğusunun ağırlığı onu süst salır. Bəs bayaqdan üz-üzə qaldığı bu naməlum kölgəylə nə etsin, ondan necə xilas olsun? Bəlkə bu kölgə heç yoxdur, özündən uydurub onu, öz içindəki qorxusudur, bir yolunu tapıb çıxıb çölə, qarabaqara onu izləyir.
Yox, getməyəcəkdi, gedib bir daha geri qayıtsaydı, heç nə əvvəlki kimi olmayacaqdı, vaxtilə yaşamağı arzuladığı bu yerlər ona soyuqqanlı tərbiyəçilərin ögey ana qollarını açacaqdı. İndi bu kölgəylə tanış olacaq, hər şeyi yerbəyer edəcək, bütün qorxularının sədlərini aşacaqdı. Susub düşmən olmaqdansa, danışmaq daha yaxşıdır. Amma bu yeriyə, bəlkə də danışa bilən kölgəylə bir yerdə yaşamaq - ikisindən biri digərini narahat edirdi və bu ikisindən biri sükutu pozmaq üçün çox səs-küylü idi. Bəs burada kim qalacaqdı? Əlbəttə, insan təhlükə və ya məyusluqla üz-üzə qalanda nə istədiyini dərhal bilir: yaşamaq – geri dönmək bahasına da olsa sağ qalmaq. Amma geri qayıtmamaq duyğusu yenidən varlığını ələ keçirməyə can atır.


Xəyalları vulkan krateri kimi soyuq nəfəs püskürən burun dəliklərindən havalanıb yoxa çıxır. Qorxur. Amma içindəki tərəddüd burnunu əməlli-başlı ovur, onu çıxılmaz vəziyyətdə qoyur. Qalsın, yoxsa getsin? İndi üzləşdiyi bu qəribə durumu əvvəlki həyatı ilə müqayisə etdi, özünə sərf edən yekun nəticə əldə edəndə, bu kölgə ilə saziş imzalamaqdan başqa çarəsinin qalmadığını da dərk etdi. Sazişin imzalanacağı labüddür.
Bəs bu sazişin şərtləri kimin xeyrinə olacaq, onun, yoxsa naməlum kölgənin? Hər şey bir azdan yerbəyer olacaq, bu və ya başqa formada saziş imzalanacaq. Bu dumanlı düşüncələr fonunda əlini nə vaxt cibinə atdığını, nə vaxt fənəri çıxardığını duymadı. Fənərin gur işığı zülməti yarıb qaranlığı anbardan qovdu.


Kimsə yoxdu...


İşıq elektrik lampasının divardakı açarına saçıldı. Bunu da sanki ilk dəfə gördü, açarı vurdu, lampanın süd rəngli işığı içərini işıqlandırdı. Gözlərini gəzdirdi, boş rəfin yanında dayanmış həkim ona baxırdı. Kimsə səsini çıxarmaq istəmirdi, bir neçə dəqiqə göz-gözə qaldılar. Həkim başını bulayıb palatadan çıxanda qapıya cumdu. Ağ mərmərlə döşənmiş dəhlizə çıxan həkim əsasına yastlana-yastlana gedirdi. Dəhlizin sonundakı qapı arxasında yoxa çıxanadək onu izlədi. Qapını örtüb pəncərəyə yaxınlaşdı, jalüzü çəkib boylandı, dan yeri sökülürdü. Xəstəxananın həyətində yenicə böyüməyə başlayan küknar ağacları arasından boylanan gecə lampaları bir-bir sönürdü.
Xəstə dəmir çarpayıya uzandı, yorğanı başına çəkib üzü divara döndü. Dizləri divara dirənənədək qıvrıldı. Əlində fənər yuxuya getdi.

# 4003 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #