Şəfiqə Şəfanın hekayəsi: "Tozlu masalar"

Şəfiqə Şəfanın hekayəsi: "Tozlu masalar"
5 aprel 2021
# 17:29

Kulis.az Şəfiqə Şəfanın hekayəsini təqdim edir.

Yenə yollardaydım... Sakitləşdirici, uzaqlaşdırıcı, izaholunmaz güc “vaxtıdı” deyib məni yollara salmışdı. Sevdiyim tək sürət – uzaq yollara, bilinməzliyə, bəlkə də yenu macəraya tələsən nəqliyyat sürətidi... Uzaq bir qəsəbədə, yad evdə, özgə yatağında, sərin yay gecəsində uzanıb xəyal qurmaqdan, hər səhər təbəssümlə oyadan ümiddən gözəl nə var?

Paytaxtda həyatın sürətini heç cür yavaşıda bilmirəm. Bacardığım ən yaxşı şey yaxanı ələ vermədən sivişib çıxmaqdı. Bu dəfə yolun əvvəlindən içimdə qəribə tutqunluq, pozulan dincliyimin gərginliyi vardı. Nəsə bu yol həmişəki kimi rahatlıq vermirdi. Bir tərəfdən də yolboyu böyrümdə fıshafıs yatan oğlanın çiynimə əyilmiş başına toxunmamaq üçün pəncərəyə qısılmaqdan lap keyimişdim.

Öskürək, qurcunmaq, çantamı açıb-bağlamaq kimi nə hiylələrə əl atdımsa, çarəsi olmadı. Zalım balası elə bil daş idi, yüzillik yuxusunu alırdı. Ya da nə bilim, bəlkə yanına düşmüş hazır “nemət”dən bu yolla istifadə etmək istəyirdi. Çünki avtobus yemək fasiləsi üçün yolüstü kafelərdən birində dayananda bayaqdan qış yuxusuna getmiş “ayı” dərhal oyanıb gərnəşdi. Dişim-dişimi kəsirdi, uzaq yol həvəsi ilə çıxasan, şəhərin gərginliyindən, stresindən qurtulmaq üçün yolboyu yaşıllıqlar, kənd evlərindən zövq almaq yerinə, yad nəfəsin “zümzümə”siylə iki saat yerində büzüşəsən...

Avtobusun tünlüyündən başımı götürüb tez özümü aşağı atdım. Yarıqurumuş kollarla çəpərlənmiş yolüstü kafe müştərilərə cazibəli görünsün deyə dəmir məhəccərlərin üstü süni sarmaşıqlarla bəzədilmişdi. Aclıqdan adama cuman, qabırğaları görünən itləri qova-qova ən küncdə qoyulmuş masalarından birində əyləşdim. Müştərilər əsasən yola yaxın yerləri seçdiyindən künc-bucaqdakı plastmas masaların üstünü toz basmışdı, baxan yox idi.

Özümü söyüdün altındakı masaya verib yayxandım. Heç ağzımı açmağa, bir tikə çeynəməyə də həvəsim yox idi. Dəyib-dolaşan olmaya, elə burdaca bir az mürgü döyərdim. Hələ iki saat da “ayı”nın ağır gövdəsinə dözməli olacaqdım. Bəlkə... yaxşı tərəfindən baxım bu ağır gövdəyə?! Necə deyərlər, gördün zorlanırsan, qurtuluşun yoxdusa, heç olmasa həzz al... Neyləməli iki saatlıq yol başqa cür çəkilməzdi.

Yerimdə təzəcə rahatlanmışdım ki, başımın üstünü alıcı quş kimi kəsdirən doydaq, qarayanız oğlanın “Nə yeyəcəksiz” sualına “Ancaq çay içəcəm” cavabı verməklə, elə bil dədəsini söydüm. Sifətini qıcqırdıb yan masaya ötəri nəzər saldı. Dodağının altında nəsə donquldanıb gəldiyi kimi də sürətlə uzaqlaşdı. Heç macal tapıb tozlu stol-stuldan şikayət də edə bilmədim. Qeyri-ixtiyari ofisiantın baxdığı tərəfə nəzər saldım. Bir əlini çənəsinə dayamış gənc qadın o biri əlinin şəhadət barmağı ilə boş, tozlu masanın üstündə nəsə yazır, pozur, sonra yenidən masanın “salamat” qalmış tozlu hissəsində hərflər, işarələr cızırdı. Arada barmağını gözünün qabağına tutub diqqətlə baxır, nəsə pıçıldayıb təzədən “qələm”ini işə salırdı.

“Deyəsən, havalıdı. Bəs nə əcəb bu doydaq onu qovmayıb...”

- Qardaş, mən sadə çay istədim ey, bu nədi vitrində şirniyyat qalmayıb, düzmüsən bura?

- Xanım, 5 manatdan aşağı sifariş olanda müdiriyyət danışır. Yemədiyinizi götürərsiz də yola.

- Məsləhətivə görə sağ ol, bəs o 5 manatın içində buraların tozun silmək yoxdu?

Oğlanın qarayanız, təzəcə tüklənmiş sifəti yenidən qıcqırdı. Üzümə baxa-baxa əl atıb arxa cibindən sarı əskini elə çıxartdı ki, sanki sehrbaz qutudan şar çıxartdı. Elə sehrbaz ədası ilə də əskini əlinə dolayıb tələsik sildi. Bəri başdan çay dəstgahının pulunu da alıb yan masaya döndü:

- Ay bacı, gözlədiyin gəlmədisə, müdir deyir stolu boşaltsın da... Kliyent çoxdu eee, ças pikdi.

Qadın səsdən diksinib başını qaldırdı, sanki huşu özünə təzəcə gəlmiş adam kimi harda olduğunu, nə baş verdiyi kəsdirmək üçün gözlərini döyüb yan-yörəsinə baxandan sonra:

- On dəqiqəyə qalxıram, - sakit, bəm səslə dilləndi.

Ona diqqətlə baxdığımı sezib gözlərini üzümdə ləngitdi. Duruxdum, heç yaxşı olmadı. Elə də marıtlayıb baxırdım ki, adama deyərlər başını aşağı salıb çayını iç də... Vəziyyətdən çıxmaq üçün “Gəlin çay için”, - deyə təklif elədim.

- Sağ olun, adam gözləyirəm, - gülümsəmək üçün dodaqlarının kənarını güclə dartdı.

- Yarım saata qalxıram onsuz da, bu boyda çayniki təkbaşına içən deyiləm, - niyə israr etdiyimi özüm də bilmədim. “Mövzuverici” tanışlıq idi, yazıçı ruhum bunu hiss edirdi. Onunla danışmalıydım...

Bu dəfə səmimi gülümsəyib qalxdı. Deyəsən özü də təklikdən sıxılmışdı. Ya da ofisiantın tənəsindən məcbur idi, hər halda gözləmək üçün əlavə yarım saat da qazanırdı. İki stulun arasından keçəndə ayağı büdrədi, tez yaxınlaşıb qolundan tutdum. Bu arada “ovçu” gözlərim fürsəti fövtə verməyib tozlu masanın üzərində yazılanlara tələsik nəzər saldı. Masa boyaboy “hicran” sözü və “h” həfləri ilə dolu idi. Qadın təşəkkür edib əyləşdi. Mənalı-mənalı gülümsəyib soruşdu:

- İşlə əlaqədar gedirsiz harasa?

- Niyə elə düşündüz ki? İstirahətə gedə bilmərəm? – maraqla onu süzüb sualına sualla cavab verdim.

- Gözəl, cavan xanım niyə tək istirahət etsin ki?

- Siz də gözəl və cavan xanımsız, tək oturmusuz, demək ki, belə də olur.

- Mənim təkliyim başqadı. Belə pis çıxmasın elə cütləşmək üçün burda oturmuşam, - deyib öz zarafatına utancaq halda güldü. Aralı qabaq dişləri uzunsov üzünə, ətli dodaqlarına ayrıca yaraşıq verirdi. – Amma gözlədiyim adamdan səs-soraq yoxdu. Bəlkə də... başına bir iş gəlib, - üzü elə tutqunlaşdı ki, bir neçə saniyə öncə üzünü gülüş işıqlandıran qadından əsər qalmadı. Sağ əlinin üç barmağını dodaqlarının üstünə möhkəm basdı. Elə bil sözünə baxmayan dodaqlarını cəzalandırırdı. Sonra udqunub davam elədi. - İlk sualıma gəlincə, hiss elədim ki, məni danışdırmaq istəyirsiz. Jurnalist olarsız, yəqin. Gözünüzdən də heç nə qaçmır.

Bu da mənim “havalı” dediyim. Məni suya susuz aparıb, susuz gətirər. Ayıq adammış. Gülümsədim:

- Əhsən deməkdən başqa çarə qalmır. Amma sizə hicran yaşadan adamı gözləmək nəyə lazım? Başa düşürəm həm özünün, həm qarşı tərəfin bəhanələri həmişə olur. Ancaq öz təcrübəmdən bilirəm, dəyməz...

- Hicran yaşatmağına yaşadır, amma ona görə yazmamışam o sözü. Adamın adı Hicrandı. Yox, yox, elə baxmayın, qadın deyil, - tələsik sözümü kəsdi.

Çayımdan bir-iki qurtum alıb dilucu dedim:

- Həə, belə ikicinsli o qədər adlarımız var ki...

- Amma insan adını təsdiqləyir, o da doğrudu. Kişi bədənində qadın! Biz görmüşük ki, qadın naz edər, görüşə gecikər, vaxtı uzadar...

- Özünüzü aldatmayın!

Bu dəfə mən onun sözünü kəsdim. Həm də sərt şəkildə yarıda kəsməyim, deyəsən ona toxundu. Dodağını sanki ağlamamaq üçün kip sıxıb başını aşağı dikdi. Barmağını armudu stəkanın kənarında gəzdirib sonra isti çay dolu stəkanı ovuclarında sıxdı. Onun isterik hərəkətlərini görüb hər ehtimala qarşı səsimin tonuna yumşaqlıq qatdım:

- O fikirlə razıyam ki, insan öz adıyla uyğunlaşır. Amma burada məsələ başqadı. Sevən kişi görüşə gecikə bilər, amma yolda bir hadisə olubsa, başına bir iş gəlibsə... Naz eləmək, daimi laqeydlik – bunlar sevməyən, hansısa məqsədə görə qadını əldən buraxmayan kişilərin cəhətləridi.

- ...

- Susursuz, amma doğru dediyimi də anlayırsız.

Dodağını kip sıxmaq işinə yaramadı, göz yaşları heç bir maneəyə baxmadan himə bəndmiş kimi bir-birinin ardınca düzüldü:

- Bilirəm... Hər şeyi özüm də yaxşı anlayıram. Nə bilim e... Mənimki də bir ümiddi. Gələcək, hər şey yaxşı olacaq. Söz verib, o da sevir, yəqin nəsə bir dərdi var və daha nələr... – Çayını qurtumlayıb dərindən nəfəs aldı. Stəkanı yenidən “qucaqlayıb” sözünə davam elədi. – Burda, bax bayaq oturduğum o masada ilk dəfə görüşmüşdük. İndi söydüyüm sosial şəbəkələrə bir zamanlar minnətdar idim – bizi tanış etdiyi üçün. O şəhərdə, mən rayonda yaşayıram. Həftələrlə yalvardı görüş üçün. Qorxurdum, ayrı-ayrı dünyaların insanıydıq. Üstəlik dul qadınam, camaat himə bənddi söz qoşmağa! Hər həftə burda görüşüb əl-ələ, göz-gözə saatlarla dayanırdıq. Cəmi bir dəfə cəsarət elədim onunla... – Udqundu. Hiss etdim ki, utandı. Baxışlarını gizlətməyə yer axtarırdı, kürən kəkilinin arxasına daldalandı. – Nə isə... axırı da belə. Hər dəfə söz verir ki, bu həftə imkan tapıb gələcəm. Mən də gəlib gözləyirəm. Üst-üstə zəng eləməyimə əsəbiləşir. Ona görə də dinməz-söyləməz oturub gözləyirəm, nə vaxt gələcək.

Soyumuş çayından bir neçə qurtum alıb şabalıdı gözlərini qəfil üzümə dikdi. Bayaqdan bəri ilk dəfə idi gözləri gülümsəyirdi. Üzünə qəribə - utancaq, eyni zamanda qürur dolu ifadə yayıldı:

- Mən onun səsinin hər halına hazıram, istər xoş, istər əsəbi. Yox, yox... təkcə sevdiyimə görə deyil. Bilirsiz, qəribə, həzin səs tonu var, elə bil Aztv-nin keçmiş aparıcıları kimi ləngərlə, təmiz səslə danışır, adam qulaq asdıqca asmaq istəyir!..

Bilmədim nə deyim, bir qadın olaraq təsəlli, yoxsa ağıl verim. İndi heç biri işə yarımayacaqdı. İndi onun öz doğruları vardı. Bir qadın hər dəfə qəlbində kəpənəklərin titrəşdiyini hiss edəndə düşünür ki, bu dəfə hər şey başqa olacaq. Bu dəfə Odur – çoxdan gözlənilən şəxs. Elə bilir hamıdan fərqli, hamıdan gözəl yaşaya biləcək duyğularını, mütləq qarşılıqlı olacaq. Hətta ilk başlarda xəyallarla reallıq üst-üstə düşməyəndə gerçəyin gözünə baxmaq istəmir. “Yox, sevir, sadəcə büruzə vermir, soyuq adamdı, dərin hisslər yaşamaqdan qorxur, qaçır. Anlayanda hər şey başqa olacaq”, fikirləşir. Amma gün gəlir soyuq gerçək adamı iliklərinə qədər kəsir. Qadın ilk başda heç cür məğlub olmaq istəmir. Ancaq nə qədər tərkisilah vuruşacaq ki?! Yorulur, tükənir və sonda qəbul edir. Ağrıdır bəli, amma əvvəl-axır sağalır.

İstədim ən azından düşündüklərimi ona deyəm. Avtobusun siqnalı qulağımı dəldi. İkimiz də diksindik. Ayağa qalxıb bir az duruxdum. Sonra əlimi zərif, damarlı əlinin üstünə qoyub sadəcə bunları deyə bildim:

- Heç bir səbəb həyatı yaşamaq yerinə onun yanından ötüb-keçməyə dəyməz. Hərdən dərddən kənara çıxıb ətrafa da baxmaq lazımdı.

Gülümsədi:

- Dinlədiyiz üçün sağ olun, xeyli yüngülləşdim. Yaxşı yol.

Bu dəfə mən özümü gülümsəməyə məcbur etdim. Üstümə qəribə bir ağırlıq çökmüşdü, Addım atmağa ayağımın gücü yetmirdi, avtobus yenidən həyəcan siqnalına bənzər səslə inlədi. Özümü toplayıb tez mindim.

Avtobusa girər-girməz qeyri-ixtiyari gözüm yol yoldaşımı axtardı, yeri boş idi. Keçib yerimi təzəcə rahatlamışdım ki, peyda oldu. Üzündə gülümsər ifadəylə nəsə demək istədi. Mənasız cəhdinin qarşısını almaq üçün çantamdan kitab çıxarıb oxumağa başladım. Adamın susmaqdan başqa çarəsi qalmadı. Təbii ki, müvəqqəti olaraq. Oxumurdum əslində, oxuya bilmirdim.

Fikrim-zikrim qadının yanında qalmışdı. Daha nə qədər gözləyəcəkdi, daha nə qədər alçalacaqdı? Görəsən həmişə belə qərarsız olub, ya indi görünməz tora dolaşdığı üçün çarəsizdi? İstər-istəməz özümü onun yerinə qoyurdum, müqayisə edirdim. Amma olmurdu, mənim necə deyərlər, ağzım isti yerdə idi.

- Bu avtobusun bir işi yaxşıdı ki, maraqlı insanlarla həmsöhbət olursan. – axır böyrümdəki dözə bilmədi. Əlinə söhbətə çəkmək üçün fürsət düşüb axı... - Arxada bir ailə oturub. Maşallah elə şipşirin uşaqları var ki... Hələ qızları! Mən qız övladlarını daha çox sevirəm, yaman şeytan olurlar...

Artıq nə dediyini duymurdum, ancaq səsini eşidirdim, bir də ləngərli danışığını... Yol yoldaşım lap keçmiş Aztv aparıcıları kimi danışırdı... Özümü saxlaya bilməyib həyəcanla soruşdum:

- Adınız nədir?

Sözünü kəsib qəfil adını soruşmağımdan ani duruxdu. Sonra gülümsəyib:

- Hicran!.. - dedi

- ...

Sonra yenə nəsə dedi, amma mənim gözlərim artıq arxada nöqtə kimi qaralan, ağacların altındakı tozlu masada başını əlinin arasına alıb oturmuş siluetə tərəf axdı.

# 2779 dəfə oxunub

Oxşar xəbərlər

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
# # #