Qardaşımın qorxusundan kağızı uddum – Xanımlar onlara yazılan sevgi məktublarından danışdılar

Qardaşımın qorxusundan kağızı uddum – Xanımlar onlara yazılan sevgi məktublarından danışdılar
14 fevral 2021
# 09:03

Kulis.az 14 fevral – Sevgililər Günü münasibəti ilə tanınmış xanımlardan onlara yazılan ilk sevgi məktubları haqqında soruşub. Cavabları təqdim edirik.

Image result for ilhamiyyə

İlhamiyyə Rza

Mən sevgi məktubu almamışam, heç yazmamışam da. Onda telefon yox idi. Sevgimizi real etiraf edirdik. İlk dəfə real sevgi təklifini isə TV-də işləyəndə Həmid Herisçi edib.

Ramilə Qurbanlı

Atama da, anam da məktəbdə müəllim işləyirdilər deyə, məndən çəkinirdilər, amma arxa partada oturan İbrahim adlı oğlan cəsarətli çıxdı, bir gün mən oturan partanın üstünə bir kağız qoydu. Baxam, nə? Sevgi məktubu. Yazıb, verib mənə, özü də arxa tərəfimdə oturub, başını aşağı salıb. Məktubu oxudum, sonra cırıb başına səpdim. Qıp-qırmızı oldu, bir söz demədi.

Image result for rəbiqə nazimqızı

Rəbiqə Nazimqızı

Mənə yazılan sevgi məktubları maraqsızdır. Ona görə, gəlin sizə özümün yazdığım sevgi məktublarından danışım. Hərdən mənə elə gəlir, gözümü açandan, yox, səhv elədim, hərfləri öyrənəndən sevgi məktubu yazmışam. Bilirsiniz, mən göndərilməyən məktubların ustasıyam. Daha çox mücərrəd, qeyri-real və ya əlcatmaz ünvanlara yazıram. Amma həmişə yox.

Demək, günlərin bir günü bir nəfər diqqətimi cəlb elədi. İntellektual, yaradıcı adamdı. Amma birdən-birə peyda olub demək olmaz axı, adam, mən səndən xoşlanıram. Hərçənd, uzaqdan-uzağa tanıyır məni. Neyləməliydim? Nəyi hamıdan yaxşı bacarıram? Əlbəttə, məktub yazmağı. Üç məktub yazdım. Elə Kulis.az-da çap olundu: “K üçün”. Əslində, adında "k" hərfi yoxdur. Dördüncüsünə ehtiyac qalmadı, reaksiya verdi, hərçənd sonra otuza yaxın məktub yazıldı bu silsilədən. Həyatımın ən maraqlı hadisələrindən idi. Ədəbiyyat üçün həyəcan, həyəcan üçün ədəbiyyat... Sonrası? Heç nə. Yaxşı dost olduq. Hərdən bir-birimizlə şəxsi problemlərimizi də bölüşürük.

Aygün Aslanlı

Image result for aygün aslanlı

Orta məktəbdə platonik sevmişəm. Gizli. Məktubsuz. Və məktub da almamışam.

Image result for fəridə zero

Fəridə

İlk sevgi məktubunu ikinci sinifdə oxuyanda sinif yoldaşımdan almışam. Məktubu birinci partadan dördüncü partaya qədər əl-əl ötürüb mənə verdilər. Dedilər, Həsən deyir məktubumu oxumasa evə gedəndə yolda iti qısqırdacam üstünə. Evimizə yol onların darvazasının önündən keçirdi. Bu, mənim aldığım ilk və son sevgi məktubu olub. Qorxudan məktubu oxumuşdum. İndi o Həsən güləş üzrə beş-altı qat dünya və Avropa çempionudur.

No description available.

Sahilə Yaya

Mənə ilk məktubu şeirlə yazmışdılar. Yeddinci sinifdə oxuyurdum. Üç sinif yuxarı oxuyan oğlan yazmışdı, çatdırması üçün sinif yoldaşıma vermişdi. İndi məktubları mənə çatdıran dostuma bunu deyəndə boynuna almır, deyir, elə şey olmayıb. Yaşının azlığından istifadə edib, onu poçtalyon etdiklərini qəbul etmir. Mən isə zarafatla həmişə bunu onun yadına salıram.

Image result for sevda sultanova

Sevda Sultanova

Niyəsə kişilər mənimlə münasibətdə çox cəsarətsiz olurlar. Buna görə mənə sevgi məktubu yazmayıblar. Amma mən özüm sevgi məktubu yazmışam. İnstitutda birinci kursda oxuyanda bir oğlanla bir-birimizi sevirdik. Ona məktub yazmışdım, amma xatırlayıram ki, tam sevgi məktubu da deyildi. Həyat, mənəvi dəyərlər, sənət, fəlsəfi kontekstdə bir məktub idi. Həmin adam indiyə kimi bayramlarda, ad günlərində yazır, təbrik edir. Deyir, həmin məktubları öz arxivimdə saxlayıram.

Image result for rövşanə ağasəf

Rövşanə Ağasəfqızı

O vaxt məktəbdə kitabın arasına məktub qoyardılar. Ya da rəfiqəndən balaca kağızda yazılı etiraf göndərərdilər. Dumanlı gəlir yadıma. 7-də oxuyurdum deyesen. Gəldim evə, fizika kitabı idi deyəsən. Açanda baxdım, arasında mürəkkəbə bulaşmış balaca kağız var. Cümlənin sonunda gül şəkli. Cümlə tam yadımda deyil. Deyəsən, ürək də var idi. Ox-filan... Ürək qırmızı qələmlə çəkilmişdi, ox qara. Qorxumdan o kağızı harda gizlətdim, bilmədim. Sonra daha kağızla etiraf-filan olmadı. Universitet illərinə qədər.

No description available.

Dilarə Zamanova

Mənə sevgi məktubu yazılmayıb. Məktəbdə bütün günü oxuyan, eynəkli, maraqsız qız idim. İndi siz dediniz, özümə də qəribə gəldi, amma həqiqətən yazan olmayıb, daha çox mən özüm sevirdim, həm də platonik. Bir də gördüm, məktəb bitdi. Sonralar sosial şəbəkələrdən çox yazdılar. Əksərini əhəmiyyətsiz hesab etdiyim üçün yadda saxlamamışam.

Image result for sevinc elsevər

Sevinc Elsevər

İlk sevgi məktubu ilə bağlı xatirəm bir az gülməlidir. Hələ də yadıma düşəndə gülümsəyirəm. O gün ərzində ona yaxın məktub almışdım, hamısı da sinfimizin oğlanlarından. Bəziləri açıq adla, bəziləri gizli adla yazılmışdı. 5-ci sinifdə oxuyurduq. Atamın “Zaporojes” maşını vardı, qıpqırmızı, qət-təzə. O maşına hamı pis baxırdı o vaxtlar. Atam o maşını alıb evə gətirəndə anam qırğın qoparmışdı. Gedib-gəlir, atamın başına qaxınc edirdi. Biz də o maşına minib məktəbə gedəndə çox utanırdıq. “Zaporojes”ə görə sinif yoldaşları məndən bir sinif aşağıda oxuyan qardaşıma da çox sataşırdılar. Atam o qədər tənbeh götürdü ki, bir gün “Mitsubishi” markalı maşın aldı. Nəyimiz var o maşına vermişdik, anamın qızılları, evdə olan nə qədər pul varsa hamısını. Çox sevinirdik. Təsəvvür elə, həmin gün “Mitsubishi” ilə məktəbə getdim, səs yayıldı ki, atam xarici maşın alıb, çantamdan ona qədər sevgi məktubu tapdım. İlk sevgi məktubları. Hamısı da yalan. Hamısını qorxumdan məktəbdəcə cırıb tökdüm. Bəzi uşaqları hələ də xatırlayıram. Rayon, kənd uşaqları sevgi məsələlərində tez ayılır, bütün günü bu söhbətlərin içində olurlar. Filankəsin oğlu yaxşı yerdən qız aldı. Filankəsin qızı imkanlı ailəyə ərə getdi və s. Körpəlikdən uşaqların şüuraltına ötürürlər ki, sevəndə, evlənəndə imkanını da nəzərə al.

Bircə

Aldığım ilk sevgi məktubu "Kosmos" siqaretinin qapağına yazılmış bir cümlə olub. İkinci məktub qonşumuz keçəl Suğranın qaloşunda gəlmişdi, amma nimdaş qaloşun dözülməz iyi məktubun ətrini qaçırmamışdı. Dörd məktub da çəyirdəyi çıxarılmış şaftalının içində çatdırılıb mənə. Bilmirəm, o şaftalıları poçt qutusunamı, bağlamayamı, yoxsa baratamı bənzədim. Görüb-görəcəyim elə bunlar oldu. İlk sevgi məktublarını cırıb atmağa, yandırmağa uzun müddət əlim gəlmədi. Onları nənəmdən qalma köhnə kərpic evimizin çoxdan soyumuş buxarısında gizləyib, qarşısından Leninin şəklini asdım. Dahi rəhbərin fəlakət ssenariləriylə dolu keçəl kəlləsinə həsrət-həsrət o qədər baxdım ki, qardaşım məndən şübhələndi, şəkli qoparıb məktublarımı yerlə bir elədi. Oxumasın deyə, başımı balaca qardaşımın beşiyinə vurub yardım. Bir məktubu da oxumağa macal tapmamış çeynəyib udmuşdum. Üstündən hicri tarixiylə qırx il keçsə də udduğumu bu günəcən canıma sindirə bilməmişəm. Bütün gəncliyim Valentin kimi bir xilaskarın yolunu gözləməklə keçdi. Paslı poçt qutularını güddüm, poçtalyonların əlinə baxdım. Ancaq məktub yetişmədi...

No description available.

Nuranə Nur

İlk sevgi məktubunu bağça vaxtı almışdım. Müəllif hələ hərfləri bilmirdi, gül və ürək şəkili çəkmişdi. Başqa bir qıza vermişdi ki, mənə versin. Qız da gizlətmişdi paltar şkafında, valideyni paltarlarını geyindirəndə tapmışdı. Nə olduğunu soruşanda üstü açıldı ki, kim verib və kimə verməli imiş. Ertəsi gün müəllimələr geniş mövzuya çevirdilər bunu, məktub yazanın valideyni çağırıldı, uşağı danladılar. Valideyni gedəndən sonra cəza olaraq küncə qoydular , yazığım gəlmişdi ona. O gündən qorxusundan mən tərəfə baxmadı.

# 5930 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #