Poeziyanın riyazi ifadəsi

Poeziyanın riyazi ifadəsi
12 may 2020
# 16:20

Kulis.az Elşad Baratın “Rəfail Tağızadənin şeirlərində qeyri-səlis məntiq və ya poeziyanın riyazi ifadəsi” yazısını təqdim edir.

Son vaxtlar mənə elə gəlir ki, poeziya dəqiq elmdir. Riyaziyyat, ya da fizikanın bir bölməsidir. Məsələn, fizikada rəqslər və dalğalar bölməsi şeirdə harmoniyaya çevrilir. Qəzəldə "dəvə yerişi" fizikada rəqs edən rəqqas deyilmi?

Nizami Gəncəvi "Sirlər xəzinəsi"ni yazanda Pifaqorun teoreminə söykənibsə, Füzuli bunu "Leyli və Məcnun"da edib. Nəsimi Nəiminin ölümündən sonra çevrə üzrə dəyişən sürətli hərəkətə başlayıb, necə deyərlər, buna görə də rindü-şeydadır. Poeziyanın dəqiq elm olmasını əsaslandırmaq üçün indiki dövrdə yazılan şeirləri də misal çəkmək olar. Məsələn, Aqşin Yeniseyin bu günkü şair durumu atomun parçalanmasına oxşayır. "Məbədin sükutu"na qədər hələ atom parçalanmamışdı. "Tarix və Tale"də artıq bizə praton, elektron və neytron bəllidir. Salam Sarvanın filosofsayaqlığını nəzərə almasaq şeirləri dəqiq şəkildə dəqiq elmlərin bir bölməsidir. Hər şey 0 və 1 arasında baş verir. Bəzi şairlərdə 0 və 1 intervalından çıxma cəhdi görünsə də hələ bunu bacaran olmayıb. Yəni mümkün deyil.

Bu yanaşmama görə Ramiz Rövşən Azərbaycan poeziyasında yeganə şairdir ki, onun poetik qrafiki 0 və 1 arasında həm parabola, həm də düz xətt ola bilir. Burada çox diqqətli olmaq tələb olunur. Ramiz Rövşənin poetik qrafiki 0 və 1 arasında düz xətt ola bilsə də riyazi poetikada düzxətli və bərabərsürətli şair Fikrət Qocadır. Həmçinin, onun şeirlərinin poetik fiquru kvadratdır. Bunu da nəzərə almalıyıq ki, poeziya nə qədər dəqiq elm olsa da bəzi üstü açılmamış sirlərini qoruyub saxlayır. Misal üçün, Fikrət Qocanın poetik fiquru kvadrat olsa da dioqanalları bərabər deyil. Bu da ona oxşayır ki, biz nə vaxtsa atomu ən kiçik zərrəcik hesab etmişik.

Bura qədər poeziyanın dəqiq elmlərlə yaxından ulğaşığ olmasına misallar çəkdik, müəyyən təsəvvürümüz yarandı. İndi isə gələk əsas məsələyə - Rəfail Tağızadənin şeirlərinin riyazi təhlilinə. Görək Rəfail Tağızadənin poetik qrafiki necə çəkilir, poetik həndəsi fiquru hansıdır və onun şeirləri 0-la 1 arasında hansı rəngləri əks elətdirə bilir?

Bildiyimiz kimi, ətraf aləmdə gördüyümüz hər şey boz rəngdədir. Bu boz rəngdə olan hər şeyin işığı əks elətdirmək qabiliyyətinə müxtəlif rəng adları qoymuşuq.

Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında qısaca deyim ki, dünyanın nəhəng alimi azərbaycanlı Lütfi Zadə Aristotelə rəhmət oxutduraraq hər şeyin 0 və 1 arasında baş verdiyini sübut etdi. Göründüyü kimi, bu nəzəriyyə həm də poeziyada fərqli baxış pəncərəsi yaratdı. Bu yanaşma ilə yola çıxaraq hər bir şairin yaradıcılığına qeyri-səlis məntiq pəncərəsindən baxa bilirik.

Qeyri-səlis məntiqdən danışıb Rafiq Əliyevin adını çəkməmək ən azı günah olar. Çünki Rafiq Əliyevin bu sahədə professor yaşı məndən iki dəfə böyükdür. Elmi nailiyyətlərini oxuyanda adamın nəfəsi kəsilir. Lütfi Zadə və Rafiq Əliyev o qədər nəhəng alimlərdir ki, onların nəzəriyyə və elmi yenilikləri bu gün bütün dünya şairlərinin şeirlərindən poetik xətt kimi də keçə bilir.

525-ci Qəzet - Əbülfət Mədətoğlunun ürək ağrıları - Rəfail ...

Rəfail Tağızadənin şeirlərində isə o xətt daha qabarıq görünür. Sanki Rəfail Tağızadə öz şeirlərini qeyri-səlis məntiq nəzəriyyəsinin içində yazır. Daha dəqiq desək, sanki bu sahənin mütəxəssisidir. Sanki Rafiq Əliyev hansısa bir süni aparat yaradır, Rəfail Tağızadə ona ruh verir, can verir, sonra isə aparat riyazi və poetik fəaliyyətinə başlayır.

Rəfail Tağızadənin şeirləri müxtəlif rəngə boyana bilir, yəni rəngarəngdir. Şair daha çox sarı rəngdə yazır:

Bu solan bağların, solan bağların,

Ağaclar saçını yolan bağların.

Qızaran, saralan, dolan bağların,

Payızı xoşuna gəlmədi sənin.

Burada payız, xəzan sarıdır deyə, şeirə sarı demirik. Bəndin özünün poetik rəngi sarıdır. Məsələn, Səməd Vurğunun "Azərbaycan" şeiri nə rəngdədir? Ağ. Abbas Səhhətin "Vətən" şeiri? Ağ. Bəs Hüseyn Cavidin türkçü şeirləri? Təbii ki, qırmızı. Şeirlərin rəngini bilmək üçün həm poeziyanı hiss etməli, həm də fizikanı yaşamalısan. Rəfail Tağızadənin poetik rəngi sarı olan başqa bir bəndinə baxaq:

Buranın havası tamam başqadır,

Naxoş küləkləri xəbər daşıyır.

O xoş diləklərin niyyəti itib,

Qıyğacı baxışlar yara qaşıyır.

İndi isə şairin yaşıl rəngli misralarına misal göstərək:

Bir körpə anasın axtarır hələ,

Açılan güllənin alovlarında.

Deməli, müəyyən etdik ki, Rəfail Tağızadənin şeirləri daha çox sarı rəngdə olsa da ümumilikdə rəngarəngdir. Bəs şairin poetik qrafiki necə çəkilir?

Hər bir şairin şeirlərinin poetik qrafiki olur. Poetik qrafik şairin intonasiyası, məntiqi yanaşma tərzi və mövzuya münasibəti əsasında formalaşır və ya çəkilir. Rəfail Tağızadənin poetik qrafiki düz xətt boyunca artandır. Düşüncə sabitdir (düşüncə - const). Mövzuya yanaşma sabitdir. Yəni, mövzunun içində mövzu axtarılmır. Əgər təbiətdən yazırsa, təbiəti təsvir edir, sona qədər mövzuya sadiqdir. Vətəndən yazırsa, eyni qaydaya əməl edir. Şairin poetik fiquru çevrə və ya nöqtədir. Elə nöqtə böyük çevrədir. Nəzərə alsaq ki, R.Tağızadənin şeirləri rəngarəngdir, yəni çevrənin içi rənglənib, o zaman çevrə dairəyə çevrilir və ya böyük nöqtəyə dönür.

Poetik qrafik və poetik fiquru bir şeirlə izah etmək çətindir. Ən azı on şeiri təhlil etmək lazımdır ki, qrafik və ya fiqur görünsün.

Deməli, müəyyən etdik ki, Rəfail Tağızadənin poetik rəngi daha çox sarı, poetik qrafiki düz xətt (artan qrafiklə), poetik fiquru çevrə və ya nöqtədir. Bunları bir yerə yığanda isə sarı rəngli bir kürə və ona yönəlmiş düz xətt təsəvvür edirik. Artıq hamımıza məlum oldu ki, sarı kürə Günəş, düz xətt isə ona gedən yoldur. Demək ki, Rəfail Tağızadənin poeziyası bizi Günəşə aparır.

# 3665 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #