Oxumayanlar tutuquşu kimi eşitdiklərini təkrarlayır - Seymur Baycandan gənclərə məsləhət

Oxumayanlar tutuquşu kimi eşitdiklərini təkrarlayır - Seymur Baycandan gənclərə məsləhət
10 aprel 2020
# 10:53

Kulis.az Seymur Baycanın "Gənc publisistlərə məsləhətlər" yazısını təqdim edir.

Qoca qarğa boş yerə qarıldamaz.
(Atalar məsəli)

Ürəyim dolu, vaxtım az, qanım da hal-hazırda bir az qaradır. Ona görə də söhbəti uzatmadan, birbaşa, müqəddiməsiz, girişsiz filansız bir müddətdir yazmaq istədiyim məsləhətlərə keçirəm. Bütün hallarda, səbəb nə olursa olsun, təcrübənin paylaşılmasında fayda var. Diqqətlə oxuyun, bəlkə bu məsləhətlərdən hansısa sizə faydalı ola bilər.

1) Oxuyub fikrimi, münasibətimi bildirmək üçün gənclərdən mənə yazı göndərən olur. Etimada görə təşəkkür edirəm. Bu etimadı qazanmaq çox xoşdur. Əlbəttə, hamısına aid etmək olmaz, amma bəzən oxuyub münasibət bildirməyim üçün göndərilən yazını açıb baxanda görürəm ki, elə ilk abzasda müəllif həyat nədir, həyat əbədidirmi, azadlıq nədir, insan niyə yaşayır, biz hardan gəlmişik, hara gedirik kimi ağır suallara cavab axtarır. Qısa, dar don geyinmiş qoca, əldən düşmüş arvad necə gülməli görünürsə, ağır, həyati suallara cavab axtaran bir gənc də o qədər gülməli görünür.

Ey gənc dost, azadlıq nədir, həyat nədir, həyat əbədidirmi, insan niyə yaşayır kimi ağır suallara cavab axtarmağa hələ vaxtın çox olacaq. Tələsmə. Sən indi yaz görək nə geyinirsən, geyindiyin paltarları hardan alırsan. Ayaqqabın ayağını soyuq havalarda isti saxlayırmı, yağışda su buraxırmı. Gündə neçə manat xərcləyirsən. Xərclədiyin manatları özün qazanırsan, yoxsa onları sənə valideynlərin, nənən, baban verir. Əgər cib xərcliyini sənə valideynlərin verirsə, necə verirlər. Ürəklə, yoxsa əlləri əsə-əsə, deyinə-deyinə, danlaya-danlaya, minnətlə… Kimlərlə oturub-durursan. Ətrafındakı adamlar, qohum-qonşu ictimai-siyasi hadisələrlə maraqlanırmı, kitab oxuyurlarmı. Oxuyurlarsa, nə oxuyurlar, niyə oxuyurlar. Onların sənə münasibəti necədir. Sənin gələcəyini necə görmək istəyirlər. Yaz görək universitetə hansı arzularla girmişdin və orda nələr gördün. Tələbə yoldaşlarınla, müəllimlərlə yola gedə bilirsənmi. Bütün bunlar yazıya çevrilə biləcək mövzulardır. Ətrafınızda bu cür mövzular qaynayır.

Arada fikirləşirəm ki, bəlkə ağır suallara cavab axtarmaq gənclik iddiasından irəli gəlir. Sonra öz gənclik illərimi xatırlayıram. Düzdür gic-gic yazılar çox yazmışam, xatırlamaq belə adama xəcalət verir, normaldır, elə belə də olmalıdır, amma ağır-ağır suallara mütamadi cavab axtarmağım yadıma gəlmir. Hətta ən naşı vaxtlarımda belə yazılarımda çoxlu real hadisələr, real insan portretləri, sifətləri olub. Ayağım yerdən üzülməyib, göylərdə uçmamışam, dərinlik iddiasında olmamışam.

Müşahidələrim, oxuduqlarım nəticəsində qəti olaraq bu qərara gəlmişəm ki, pafos, intellektual blef nədirsə, birbaşa insan təbiəti ilə əlaqəlidir. Adamlar var, heç cür sadə düşünmək istəmirlər. Adamlar var ki, istəyirlər onların oxuduqları kitabları çox az adam, ancaq özləri kimi “seçilmiş adamlar” oxusun. Adamlar var ki, istəyirlər onların baxdıqları filmlərə çox az adam baxsın. Bu kitablar, bu filmlər kütləviləşəndə, başqaları da bu kitablarla, bu filmlərlə tanış olmağa başlayanda onlar bir növ cırnayırlar. Bu cürə mənasız, gülməli əməllərlə özlərini xüsusi təriqət üzvi kimi hiss etmək istəyirlər. Belə deyək, özlərini süni surətdə “intellektual offsayda” salırlar. Niyə insan heç bir lüzum olmadığı halda özünə belə əziyyət verməlidir? Bu onlardan asılı proses deyil. Halbuki, tirajın az və ya çox olması sənət əsərinin kefiyyətinin göstəricisi sayıla bilməz. Yaxşı sənət əsərinin tirajı az da ola bilər, çox da.

Bizim mətbuatda bir neçə adam illərdir yazılar yazırlar. Belə baxanda kifayət qədər istedadlı adamlardır. Mütaliələri, ictimai-siyasi mövqeləri qaydasındadır. Arada maraqlı mövzulara da toxunurlar. Lakin intellektual pafos, intellektual blef onlara özlərini tam ifadə etməyə, potensiallarını tam ortaya qoymağa mane olur. Pafos müəlliflə oxucu arasında doğmalıq hissi yaradan cümlələrin, təsvirlərin yazılmasına, yazının oxuculara daha effektiv təsir göstərməsinə imkan vermir. Bunu yaxşı-yaxşı yadda saxlayın. Bu olduqca vacib məsələdir. İntellektual pafosdan əziyyət çəkən adamların yazılarında şirinlik olmur. İntellektual pafosla müəllif könüllü surətdə öz əlini-qolunu bağlayır, manevr imkanlarını azaldır. Mənə ötən illər ərzində, intellektual pafosdan əziyyət çəkən çox adam deyib ki, sən ağır, dərin, düşündürücü yazılar yazmalısan. Elə yazılar ki, bu yazıları ancaq seçilmiş adamlar oxumalıdır. Demişəm, gedin, o ağır yazıları özünüz yazın. Nədən və kim üçün yazmağı yaxşı bilirəm. Yazıçının, publisistin işi mürəkkəbləşdirmək deyil, sadələşdirməkdi. Peşəkarlıq həm də mürəkkəb məsələləri sadə bir tərzdə ifadə etməkdir.

Deməli belə, əvvala mövzunun balacası, yekəsi yoxdur. Əsas məsələ nədən yazmaq deyil, necə yazmaqdır. Ayağınızı yorğanınıza görə uzatmağı bacarın. Hansı mövzunun altına girə biləcəyinizi, hansı mövzunun altına girə bilməyəcəyinizi dəqiq müəyyən edin.

2) Daim insanlarla ünsiyyətdə olun. Ən müxtəlif təbəqələrə mənsub adamlara diqqətlə qulaq asmağı bacarın. Ünsiyyətdə olduğunuz adamların savadlı və yaxud savadsız olmasına fikir verməyin. Görün Heminquey bu barədə necə gözəl sözlər deyib: “Əgər bir yazıçı müşahidə etməyi dayandırsa, işi bitər. Ancaq müşahidə prosesi şüurlu və material axtarışı məqsədi ilə həyata keçirilməməlidir”. Yəni, müşahidə etmək o demək deyil ki, ovçu kimi küçələrdə gəzirsən və şahidi olduğun, başına gələn bütün hadisələr, gördüyün bütün adamlar haqqında tez oturub yazı yazırsan. Xeyr. Hər bir insan sifəti, hər bir hadisə yaddaşda öz yerin tutur. Zamanı gələndə onlar yaddaşın dərinliklərindən üzə çıxıb “məni yaz, məni yaz” deyirlər.

Gənclərin yazılarını bacardığım qədər oxuyuram. Yazılarda real insan, real həyat görünmür. Görünəndə də çox az görünür. Bilmirəm bu catışmayan cəhət əsasən hardan, nədən qaynaqlanır. Yəqin ki, yazılarda insanın, həyatın görünməməsinin əsas səbəbi canlı ünsiyyətin az olmasındadır. Başım çıxmır gənclər niyə gedib hər hansı məkandan reportaj yazmırlar. Niyə gedib adi və qeyri-adi adamlardan müsahibələr almırlar. Bu nə epidemiyadır belə, hamı fikir, düşüncə, təriqət, mərifət, həqiqət yaymaqla məşğuldur?

2000-ci illərin əvvəlində budcəsi və tirajı az olan bir qəzetdə işləyirdim. Təsəvvür edin, həm xəbər, həm reportaj, həm də müəllif yazısı yazırdım. Müsahibələr alırdım. Eşşək kimi işləyrdim. Bütün günü gəzirdim. Hər cür adamlarla ünsiyyətdə olurdum. Ayda azı bir dəfə hansısa rayona gedirdim. O vaxtlar köşə yazıları dəbdə idi. Redaktordan xahiş etmişdim ki, müəllifi olduğum yazının üstündə şəklimi verməsin. Nəsə yazının üstündə şəklimin verilməsinə özümü layiq bilmirdim. Buna hazır deyildim. Bir gün səhər işlədiyim qəzeti köşkdən aldım. Gördüm ki, müəllifi olduğum yazının üstündə şəklimi də veriblər. Dəhşət utandım. Qəzetdəki şəklimə baxa bilmirdim. Gəldim redaksiyaya, redaktora etirazımı bildirdim. Bir daha xahiş etdim ki, şəklimi yazımın üstündə verməsin. Amma qəzetin növbəti nömrəsində yenə də şəklimi yazımın üstündə gördüm. Qərəz, qəzetdə şəklimə öyrəşməyim bir neçə ay çəkdi.

Bunu niyə xatırladım? “18,6”nı, “Quqark”ı yazanda aldığım müsahibələr, yazdığım reportajlar, rayonları gəzməyim, ən müxtəlif adamlarla görüşməyim karıma gəldi. “18,6”da, “Quqark”da bolluca hadisələrin, bolluca insan portretlərinin yazılması həm də qəzetdə eşşək kimi işləməyimin nəticəsi idi.

3) Qalın, dama-dama bir dəftər alın. Hər hansı bir əsəri oxuyub bitirən kimi, əsər haqqında fikirlərinizi, təssüratlarınızı isti-isti dəftərə yazın. Sonralar əsər haqqında yazdıqlarınızı oxuyanda yaddaşınız təzələnəcək. Ümümiyyətlə, əsərlər haqqında yazı yazmağı, əsərlərdə yazılanlarla günümüz-güzəranımız arasında paralellər aparmağı öyrənin. Heç bir yazıçının tirajından, mükafatlarından qorxmayın. Əsər xoşunuza gəlmədisə, açıq yazın ki, xoşuma gəlmədi. Amma bunu əsla "cool" görünmək, sırf ədabazlıq xətrinə etmək olmaz. Niyə xoşlamadığınızı səmimi surətdə əsaslandırmalısınız. Yazın ki, bax bu, bu, bu səbəblərə görə əsər xoşuma gəlmədi. Özünüzə qarşı səmimi olun. Hansısa əsərin tirajından, məşhurluğundan qorxub, əsərdən həzz almadığınız halda həzz aldığınızı yazsanız, əsərdən həzz almadığınız halda həzz aldığınızı desəniz, hamıdan, hər kəsdən əvvəl özünüzü aldatmış olacaqsınız. Bu isə avtomatik olaraq sizi yuxarıda yazdığım bəlaya, intellektual pafosa, intellektual blefə aparıb çıxaracaq.

4) Oxuduğunuz yazdığınızdan azı iki yüz dəfə çox olmalıdır. Oxumadığınız halda yazı yazmaq haqqını özünüzə tanımayın. Bunu yazmaqdan yorulmayacam; oxumayan adamda təfəkkür, hadisələrə özünəməxsus baxış olmur. Oxumayan adamlar tutuquşu kimi ordan-burdan eşitdikləri söz-söhbəti təkrarlayırlar. Bəzən heç bunu da bacarmırlar.

5) Mütamadi olaraq Azərbaycan dilində yazılmış əsərlər oxuyun. Azərbaycan dilində oxunması vacib olan əsərlərin siyahısın “Subyektiv siyahı” adlı yazıda vermişəm. Azərbaycan dilində yazılmış əsərləri oxumaq dilinizi inkişaf etdirməklə bərabər, həm də mənsub olduğunuz camaatı, vətəndaşı olduğunuz ölkəni tanımaqda da sizə xeyli köməklik göstərəcək. Aleksey Varlamovun təbirincə desəm, yalnız ayrı-ayrı adamların taleyini öyrənməklə tarixi hiss etmək olar. Dəqiq deyilib. Həqiqətən belədir. Tarixi yaxşı bilən adamlara çox rast gəlmişəm, amma onlar ədəbiyyat az oxuduqlarına, ayrı-ayrı adamların həyatlarından az xəbərdar olduqlarına görə tarixi hiss etməkdə çətinlik çəkirlər. Tarixi hiss etmədikdə isə bu gün baş verən hadisələri də başa düşməkdə problemlər yaranır.

6) Mövzuya birbaşa girin. O dərəcədə birbaşa girin ki, hətta oxucuda belə bir fikir yaransın; dəyəsən bu yazının ilk iki abzası itib.

7) Cümlələrin hamar olmasına calışın. Oxucu cümləni bir dəfə oxuyanda müəllifin nə demək istədiyini başa düşməlidir. Ta geriyə qayıdıb müəllifin nə demək istədiyini başa düşmək üçün cümləni təkrar oxumamalıdır. Bəzi müəlliflər elə bilirlər ki, uzun, qarmaqarışıq cümlələr yazmaqla adamların gözünə olduğundan daha ağıllı və istedadlı görünəcəklər. Kökündən səhv yanaşmadır. Əndrabadi cümlələrlə, lazımsız, süni təsvirlərlə yazının tempini aşağı salmayın. Yazıda keçidlərin yumşaq alınmasına xüsusi diqqət edin. Mövzusundan aslı olmayaraq yazı oxunaqlı olmalıdır. Kobud, kələ-kötür cümlələr oxucunun gözünə tikan kimi batmamalıdır.

8) Mövzunu beyninizdə bacardığınız qədər çox bişirin. Yazib bitirən kimi yazını tələm-tələsik redaktora göndərməyin. Yazını bir-iki gün dəmə qoyun. Soyuq başla yazını təzədən oxuyub, yazı prosesində coşub yazdığınız lazımsız cümlələri silin, sonradan ağlınıza gələn fikirləri yazıya əlavə edin.

11) Axtarın, maraqlanın, tapın və xarici ölkələrdə keçirilən yazı müsabiqələrində iştirak edin. Müsabiqələrdə iştirak etməklə siz heç nə itirməyəcəksiniz. Tam tərsinə, müsabiqələrdə iştirak etmək sizin inkişafınıza ciddi təsir göstərəcək.

12) Sevgi və nifrətinizin ünvanını, kimi, haranı sevməyi, kimə, haraya nifrət etməyi dəqiq müəyyən edin. Burda təfərrüatlara girmək istəmirəm, amma əmin olun ki, bu da çox vacib bir şərtdir.

13) Həyatdan qisas almağı öyrənin. Nə mənda? O mənada ki, hər bir axmaq, pis hadisəyə, hər bir uğursuzluğa yazı yazmaqla, işləməklə, ortaya məhsul qoymaqla cavab verin. Məsələn, bax indi ovqatım heç yerində deyil, axmaq bir hadisə baş verib. Bu barədə düşünməmək üçün oturub yazı yazıram. Ən yaxşısı da budur. Yazı yazan gün özümü rahat hiss edirəm. Mənə elə gəlir ki, günüm hədər getməyib.

14) İctimai-siyasi məzmunlu fikirlərinizin, düşüncələrinizin sağlam olmasına çalışın. İctimai-siyasi məzmunlu fikirlər sağlam olmayanda hətta ən vəhşi istedad, ən dərin intellekt belə insanı xilas eləmir.

Yekun

Yuxarıda yazılanlar çox ümümi və düşünürəm ki, həm də əməl edilməsi vacib olan məsləhətlərdir. Yaxşı yazı yazmağın resepti yoxdur. İnsan yazdıqca püxtələşir. Qələm yazdıqca itilənir. İllər keçdikcə insanın üslubu, öz mahnısı yaranmağa başlayır. Kim deyibsə, çox dəqiq deyib: “Üslub – insanın özüdür.”/azlogos.eu/

# 3805 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
# # #