Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə

Koronavirus xəstələrinin kimliyi niyə açıqlanmır? - Psixoloqla aktual müsahibə
2 aprel 2020
# 15:03

Kulis.az tanınmış psixoloq Fərqanə Mehmanqızı ilə karantin dövründə insanların ruhi vəziyyəti haqqında söhbəti təqdim edir.

- Təhlükə zamanı özümüzü qorumağa proqramlanmış varlığıq. Xəstəliyin yaratdığı həyati risklər istər-istəməz bizdə qorxu yaradır. Belə məqamlarda sosial şəbəkələrdə yayılan dezinformasiyalar, qulaqdan-qulağa ötürülən şəxsi analizlər psixologiyamızı nə dərəcədə zədələyir?

- Sosial şəbəkələrdə həyəcan yaradan xəbərlərə, dezinformasiyaların yayılmasına xüsusi diqqət etməliyik. Bu tərkibli xəbərlərə nə qədər əhəmiyyət verməməyə çalışsaq da təəssüf ki, alınmır. İnformasiyalar ard-arda gəlir və insanlar artıq özlərindən asılı olmayaraq o xəbərləri oxuyurlar. Artıq o xəbərin məğzini anlayana, yalan xəbər olub-olmadığını analiz edənə qədər beyin zəhərlənir və biz lazım olmayan stressi keçirmiş oluruq. Yəni psixoloji olaraq xəstələnirik. Bu özünü “panik atak” və somatik depressiyalar şəkilində göstərir.

Gallery

- Mən bu termini ilk dəfə eşidirəm. Yəqin ki, somatik depressiya haqqında mənim kimi məlumatı olmayan bir çox insan var. Nədir somatik depressiya. Əlamətləri nədir?

- Somatik depressiya simptom pozulmasıdır. Müvafiq diaqnostik müayinələrə baxmayaraq hər hansı məlum olan tibbi vəziyyətlə tam izah olunmayan qeyri-spesifik fiziki simptomlardan ibarət sindromdur. Hər hansı bir xəstəliyin simptomları olsa da, pasiyentin analizləri təmiz çıxır. Bu çox ciddi ictimai səhiyyə problemidir. Daha çox stress, qorxu, həyəcan zamanı ağırlaşmalar olunur. Çox təəssüf ki, artıq insanların bir çoxunda koronavirus pandemiyasının yaratdığı somatik depressiya halları müşahidə olunur. Bu insanların əksəriyyəti artıq xəstə olmaqdan qorxmağa başlayıblar. Bu günlərdə bir verilişdə iştirak edirdim və mən orda bir şeyə diqqət etdim; hamı verilişə baxır, amma dinləmir. Tamaşaçılar bir-bir zəng vurub eyni sualları verir. “Mənim filan yerim ağrıyır, bu virusa yoluxa bilərəmmi?”

Bu artıq somatik depressiyanın əlamətidir. Çünki əgər bir insan həqiqətən də özündə ciddi narahatlıq hiss etsə, mütləq şəkildə həkimə müraciət edəcək. Amma bu insanlar həkimin suala verdiyi cavabla özlərini sakitləşdirirlər. Yenə qayıdıram söhbətimizin əvvəlinə sosial şəbəkələrdə virusla bağlı yayılan xəbərlərə. Belə xəbərlər həqiqətən də insanların psixoloji xəstələnməsinə səbəb ola bilir. Pandemiya bitəndən sonra insanları yenidən sağlam cəmiyyətə adaptasiya etmək üçün ən ağır yük pulmonoloqların (ağ ciyər həkimi), terapevtlərin və psixoloqların üzərinə düşəcək.

- Pandemiya bitəndən sonra bizi necə bir geri dönüş gözləyir?

- Birinci onu demək istəyirəm ki, pandemiya bitəndən sonra əvvəldən də aludə olduğumuz sosial şəbəkələrdən bir az da asılı vəziyyətə düşəcəyik. Çünki hazırda yeganə ünsiyyət qurduğumuz məkan sosial şəbəkələrdir. İkincisi isə mən bu vəziyyəti bəşəriyyətin yenilənməsi kimi qəbul edirəm. Bu virus əvvəl ancaq heyvanlarda olurdu, insanlara keçmirdi. Necə ki, meyvələrin GMO-sunu dəyişirlər. Bu virus da mutasiyaya uğrayıb insanlardan insana keçməyə başladı. Təbiət bir daha sübut etdi ki, bir insan bütün bəşəriyyətin taleyini, həyat tərzini dəyişə bilər. Bu gün bütün dünyada həyat dayanıb. Zavodlar, fabriklər, restoranlar işinə ara verib. Atmosferə verilən gərəksiz tüstülər dayandırılıb. Panikaya düşməmək üçün mövcud vəziyyətə bir də bu tərəfdən baxmaq lazımdır. Ən az bir ay hava təmizlənir, ətraf mühit çirklənmir. Bir ay bütün dünyada zavodlar, fabriklər işləmir. Təsəvvür edirsiniz bu atmosfer üçün nə deməkdir? Dünyanın damı adlandırdığımız atmosfer o qədər çirklənib ki, bu artıq iqlimlərə ciddi təsir göstərir. Bəzi ölkələrə yayın ortasında qar yağır, qışda ağaclar çiçək açır. Bu əslində Yer kürəsinin, insanlığın yeni erasıdır və biz çalışmalıyıq ki, bu yenilikdə sağ qalaq. Epidemiyanın qarşısı alındıqdan, normal həyatlarımıza qayıtdıqdan sonra fiziki və mənəvi necə bir geri dönüşün gözlədiyini qabaqcadan söyləmək çətindir. Təbii ki, izləri, təsirləri qalacaq. Normal həyata qayıtdıqdan sonra yuxu və iştaha problemlərimiz düzəlmirsə, davamlı olaraq təkrarlayıcı hərəkətlər edəriksə, təmizliyə olan aşırı həssaslığımız gündəlik həyatımıza təsir göstərməyə başlasa, özümüzü bədənimizin xaricindəymiş kimi, boşluqda hiss edərsək, “panik ataklar” meydana gələrsə o zaman psixoloji dəstək almağımız şərt olacaq.

Gallery

- Pandemiya ilə əlaqədar olaraq fəal ictimai mühitdən təcrid olunmuşuq. Belə məqamda psixoloji sağlamlığımızı necə qoruya bilərik?

- Biz bu məqamdan düzgün və yenilənməyə doğru istifadə etməliyik. Bu günə qədər ertələdiyimiz və işlərimizin çox olması bəhanəsi ilə yayındığımız şeylər vardı. Vaxtım olsaydı, bu işi görərdim, bu kitabı oxuyardım, bu filmə baxardım dediyimiz günlərimiz çox olub. Artıq vaxtdır. Biz özümüzü sosial cəmiyyətdən alıb evə vermişik və sabah cəmiyyətə ötürəcəyimiz “mən”lə dünənki “mən” arasında ciddi fərq olacaq. Bu fərqi gəlin daha gözəl edək. Bu bizim həyat tərzimizə, özgüvənimizə, eqomuza, hətta adət-ənənəmizə ciddi təsir göstərəcək. Dünənə qədər məkətbə getmək qaydası var idi, bu gün online tədris görün nə qədər inkişaf edib. Artıq bu sosial izolyasiya zamanlarında qazandığımız yeniliklər bir müddət sonra həyat tərzimizə çevriləcək. İnsanlarda kitab oxumaq vərdişi yenidən bərpa olundu. İndiyə qədər heç vaxt telefonuna audio kitab yükləməyən adamlar bu gün bu xidmətdən istifadə edirlər. Məsələn mənim bir neçə pasiyentim var ki, gözləri zəif olduğu üçün onlara oxumaq ziyandır, mən onlara audio kitablar məsləhət görmüşəm. Artıq fikir verirsinizsə, biz dinləmək qabiliyyətimizi də inkişaf etdirmiş oluruq. Həmrəylik psixologiyası deyilən bir şey var. Mən bir-iki dəfə desəm ki, sıxıldım, darıxdım. Avtomatik bu sizə də keçəcək. Bu getdikcə bizi daha da aqressivləşdirəcək. Bu bizə lazımdırmı? Əlbəttə ki, yox. Bu zaman nə edirik? Oxuduqlarımızı, öyrəndiyimiz yeni məlumatları sosial şəbəkə vasitəsi ilə bir-birimizlə bölüşürük. Yaxın insanlarla virtual ünsiyyət, sosial paylaşım təbii ki, hər zaman güc qaynaqlarımızdan biridir. Bu gün sosial şəbəkələrdə sıxıldım, darıxdım tipli gərəksiz statuslar yazmaq əvəzinə oxuduğumuz kitablar haqqında esse, təəssürat yazıları yazsaq intellektual müzakirələr yaranacaq. Bu zaman artıq intellektual mübadilə baş verəcək.

- Bəs qorxularımızı necə kontrol etməliyik?

- Bu doğurdan da çox yaxşı sualdır. Hər şeyin bir dərəcəsi var. Qorxu bizə nə verir? Bizə özümüz qorumağı verir. Gəlin özümüzü qoruya biləcəyimiz qədər qorxaq. Bu xəstəliyə yoluxmamaq üçün bizdən nə tələb olunur? Bizdən təmizlik, gigiyenik qaydalara əməl etmək tələb olunur. Biz onsuz da təmizkar millətik. Bunu bir az daha ciddi şəkildə etməliyik. Koronavirus bir çox insana həm də təmizliyin vacibliyini xatırlatdı. Sabun görməyən əllər sabun gördü, diş yumayan insanlar dişlərini yudu. Bir çox insan var idi ki, spirtin ancaq iynə vurulan zaman istifadə olunduğunu zənn edirdi. Sirkəli su ilə ev silməyi öyrəndik.

- Yəni pandemiya insanlara ziyan verməklə yanaşı yeni vərdişlər qazandırdı.

- Ziyanı nə zaman verir? Təmizliyə riayət etmədikdə. Gəlin təmizliyimizi qoruyaq və evimizdə oturaq. Bu gün biz pandemiyadan nəyi öyrənirik? Bir az bunu araşdıraq. Gəlin bu pisliyi içərisindən özümüz üçün bir xeyir güdək. Bir az da burda eqoist olaq. Ailəmizlə, özümüzlə vaxt keçirək. Hətta deyərdim ən çox özümüzlə vaxt keçirək. Bizim buna ehtiyacımız var. Bütün dinlərdə iki saata yaxın özünlə tək qalmaq var. İslamda bu Namazdır, Xristianlıqda kilsədə Müqəddəs ata ilə söhbətdir. İudaizm də tələb edir ki, iki saat özünlə qal. Gün ərzində iki saat insan telefonsuz, internetsiz hər şeyi kənara qoyub özü ilə baş-başa qalmalıdır. Bunu yaşamadığımız üçün bu gün cəmiyyətdə aqressiya, şiddət var.

Gallery

- Koronavirusla mübarizəyə dəstək məqsədli kampaniyalar həyata keçirilir. Müğənnilər evlərindən konsertlər verir, dünyanın müxtəlif ölkələrində yaşayan həkimlərimiz sosial şəbəkələr vasitəsi ilə insanları maarifləndirir. Maraqlıdır, bəs psixoloqlar bu vəziyyətdə necə dəstək olur insanlara. Ödənişsiz psixoloji yardım edirsinizmi?

- Təbii ki, mən də bu mübarizəyə qoşulmuşam. Bilirsiniz ki, dövlətin qərarı ilə bütün psixoloji mərkəzlər bağlanıb. Belə olduğu halda bizdə qaynar xətt yaradıldı. Müraciətləri cavabsız qoymuram. Onlayn psixoloji dəstək göstərməyə çalışıram. Müraciət edənlər arasında yeniyetmələr, onkoloji xəstələr üstünlük təşkil edir.

- Koronovirusa yoluxan xəstələr üçün psixoloq komandası yaradılıbmı?

- Bəli yaradılıb. Mən də o könüllülərdənəm. Sadəcə olaraq hazırda həmin xəstələrin şiddətli dövrü olduğu üçün onlayn həkimlərə daha çox ehtiyacı var. Artıq xəstəliyi qismən adladandan sonra biz onlarla məşğul olacağıq. Artıq bu istiqamətdə xüsusi proqramlar da hazırlanıb. Hazırda bir neçə koronavirusa yoluxub sağalan xəstəm var. Amma onların anonimliyi qorunur. Bu da onların öz şəxsi istəkləridir.

- Bu xəstəliyi keçirib sağalan insanların cəmiyyətə adaptasiya olması nə qədər çətindir?

- Əslində xəstələnib sağalanların yox, cəmiyyətin o adamlara adaptasiyası çətindir. İnsanlar eşidəndə ki, kiminsə uzaq qohumu bu xəstəliyə yoluxub həmin adamlardan qaçırlar. İndi bir də siz həmin adamın özünü təsəvvür edin. Bu onlar üçün necə psixoloji bir travmadır. Mən bunu hər zaman deyirəm. Psixoloqla işləmək lazımdır. Elə bir dördə yaşayırıq ki, hamımızın psixoloji tarazlığının pozulması an məsələsinə çevrilib. Bu gün hətta bu xəstəliklə mübarizə aparan həkimlər də mənə müraciət edir.

Gallery

- Karantin rejiminin ailə münasibətlərinə təsiri olacaqmı. Çində karantin müddəti bitəndən sonra boşanmaların sayı fantastik dərəcədə artıb. Bizdə belə bir hal yarana bilərmi?

- Düşünürəm ki, olacaq. Çünki uzun illərdir yaşadığımız həyat tərzi bir-birimizi tam tanımaq imkanı yaratmır bizə. Məsələn, on il əvvəl sevdiyimiz adam bizim üçün hələ də on il əvvəldə qalıb. Biz iş yoldaşlarımızla ailə üzvlərimizdən daha çox vaxt keçiririk. Axşamlar toplanan ailələr birlikdə bir-iki saatdan artıq vaxt keçirmir. Belə olduğu təqdirdə xarakterlərdəki dəyişikliklər gözümüzə görünmür. Amma karantin müddətində ailələr bir-birini tanımağa başlayır. Kimisi həyat yoldaşının mənfi cəhətlərini kəşf edir, kimisi müsbət. Ona görə boşanmalarla yanaşı, asqıya alınan münasibətlərin də qaydaya düşdüyünü müşahidə edə biləcəyik.

- Belə zamanlarda meydana çıxan üç əsas stress reaksiyası var; Savaşmaq, qaçmaq və donmaq. Bu gün bizim cəmiyyətdə xəstəliklə savaşmaq üsullarından biri də vəziyyəti gülüş hədəfinə çevirməkdir. Sizcə biz niyə hadisələrə bu qədər lağlağı yanaşırıq?

- Biz Mirzə Ələkbər Sabirin satirik şeirləri ilə, Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin”i ilə həqiqətə gələn adamlarıq. “Molla Nəsrəddin” bizi yumorla tərbiyələndirirdi. Bəlkə biz doğurdan da elə yumorla tərbiyələnən bir topluluğuq... “Molla Nəsrəddin” də cəhalətə istehza edirdi. Qızını ərə vermək istəyən ataya lağ edirdi, oğlunu oxutmaq istəməyən valideyni ələ salırdı. “Ölülər” əsərində Mirzə Cəlil faciəmizə necə lağlağı yanaşıb. Düşünürəm ki, bu bəlkə də bizə onlardan keçən bir ənənədir. İnsanların hadisələrə yumorla yanaşması əslində stressdən əmələ gələn davranış olsa da, psixoloji tarazlığı qorumaq üçün yaxşı üsuldur. Çünki yumor da bir növ şəfa qaynağı, müdafiə mexanizmidir. Gülmək, qəhqəhə çəkmək insanı rahatladır, bir müddətlik də olsa qayğı və gərginliyi aradan qaldırır. Belə məqamlarda mövzuyla əlaqəli karikaturaların, zarafatların, yumoristik sosial media paylaşımlarının artması həm bir ehtiyacdır, həm də bizi tükənmişliyə, ümidsizliyə qarşı qoruyan və gücləndirən enerji mənbəyidir.

# 14374 dəfə oxunub

Oxşar xəbərlər

Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
#
#
# # #