İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi

İtin kolbasasını uşağına verdiyi üçün villadan qovulan fəhlə - Varisin yeni hekayəsi
6 avqust 2020
# 08:59

Kulis.az Varisin yeni “Çerkizovodan Badamdaradək” hekayəsini təqdim edir.

Şahin quşu küləyin əsdiyi istiqamətdə uçarkən deyil, küləyə qarşı uçarkən daha yüksəklərə qalxır.

Uinston Çörçil

İnsan – öldürdüyünü dərk edən heyvandır.

Elias Kanetti

1.

Hadisə vaqe olur Bakının cənub-qərbində, belə ki, bir ay oradakı şəxsi villalardan birinin həyət-bacasında çalışan Osman bəy (bəy?!) 500 manatlıq halal məvacibini aldıqdan sonra soraqlaşıb “İnşaatçılar” metrosu tərəfdə münasib qiymətə bir ev kirayələyir, ucqar dağ kəndində yaşayan həyat yoldaşı Nazlıyla altı yaşlı oğlu Orxanı da Bakıya çağırır ki, gəlin, daha mənim şəraitsizlik içində gözətçi köşkündə, sizin də sınıq-salxaq daxmada yaşamaq dönəmimiz bitdi, indi biz də aylıq stabil əməkhaqqı qazanan normal bakılı ailəsiyik, 500 manatın 250-si mənzilin kirayə haqqına, yerdə qalanı da yeməyimizə, kommunal xərclərimizə, əyin-başımıza, çatışmayan əşyaları almağımıza, xeyir-şərə və sairə xərclənər. “Balamız da məktəbə Bakıda gedər” müjdəsi ilə də Nazlını ikiqat sevindirir.

Dedikcə diribaş, od-alov olan Nazlı dərhal qapı-bacanı kilidləyib, bir çamadan pal-paltar yığıb, öz şəxsiyyət vəsiqəsini, uşağın doğum haqqında şəhadətnaməsini, təkqaş üzüyünü, bir qom qurudulmuş dağ kəklikotusunu və evdə olan qırx yeddi manat nağd pulu götürür, uşağı da yanına alıb obaşdandan kənddən çıxır, günorta artıq Bakıya yetişirlər. Avtovağzaldan metroyla “Elmlər Akademiyası”na gəlirlər, ordan da Osmanın başa saldığı marşrut üzrə payi-piyada (niyə bədxərclik etsinlər axı) “Qurd qapısı” restoranının qarşısına təşrif buyururlar. Balaca Orxanın ara-sıra yolun uzunluğundan dolayı yorulmasını dilə gətirərək ayaqlarını yerə mıxlamasını nəzərə almasaq, yol boyu heç bir ekstrim-filan da yaşanmır.

Üzü qara olsun ayrılığın. Osman çörəkpulu dalınca Bakıya gedəndən sonra ana-bala bərk xiffət çəkmişdilər. Sıxıntıları həm yemək-içmək sarıdan idi, həm dağ meşəsinə dirənmiş yarıuçuq hasarlı, amanat qapılı komada yiyəsiz yaşamaq qorxusundan idi. Amma daha çox Osmanın özü üçün darıxırdı anayla-bala. Üzün-gözün öyrəşən bir adamdan ayrı düşmək, onun üz cizgilərini hər gün öz baxışlarınla təkrar-təkrar cızmamaq həmişə çətin olur. Onda ki, bu adam sənin doğman ola...

“Qurd qapısı” restoranının qarşısında Osmanla külfəti yüz ilin ayrılmışları kimi bir-birinə sarıldılar, yoldan keçən yadlar belə, ailənin bu qovuşuğuna biganə qala bilmədən qəhərlə sevinci çulğalayaraq onların tamaşasına durdular. Hətta təsadüfən hadisə yerinə gələn Differensial.com saytının bir xanım müxbiri onları kamerasına tuş da elədi.

Düzü, bir insan kimi Osmanın bu şad gününün sevincindən mənə də pay düşdü, mən də fərəhləndim. Axı, necə olmasa da, dünyada nə qədər çox adam xoşbəxt olursa, dünya bir o qədər özü də xoşbəxtliyə sürüklənir.

Yağışlı-çiskinli, soyuq fevral günüydü, təqvimdə 14 rəqəmi bərqərar idi. Nazlı özüylə kəklikotu gətirməsi xəbərini ən dərin, ən cingiltili sevinc zəngulələri ilə ərinə çatdırıb onu feyziyab edəndən sonra (Osman kəklikotulu çayın aşiqidir) soruşdu, ay kişi, məhz bu gün bizi Bakıya çağırmağın, ev tutmağın, yenidən birgə yaşamaq müjdən bir təsadüfdürmü, yoxsa mənə Sevgililər günü hədiyyəsidir?

Osman həyatı boyu yalan danışmaz, özü də aqil adamdı, çoxlu kitablar oxuyub, elə bir cavab verdi ki, nə şiş yandı, nə kabab. Dedi, Nazlım, bütün təsadüflər zərurətlərdən doğur, Sevgililər günümüz mübarək, inşallah, hədiyyəni də alıb axşam verəcəyəm, narahat olma.

Hədiyyə qadınların ən zəif yeridir. Ən prinsipial məsələlərdə, ən dirənişli anlarda belə bir hədiyyə həlledici olur, küsülülüyü barışığa çevirir, incikliyi tam aradan götürür. Hətta məqam da gəlir ki, nifrəti belə sevgiylə əvəzləyir. Bir sözlə, hədiyyə qadının çəkdiyi qılınca kişinin qaldırdığı qalxandır.

Osmanın külfətini yaxınlıqdakı iş yerinə - Müzəffər müəllimin yeddi metr hündürlüyündəki daş hasarın arxasında gizlənən dəbdəbəli villasına gətirib çıxarması da özünü çox gözlətmədi. Mühafizəçini öncədən agah eləmişdi ki, kənddən arvad-uşağı gəlir, beş-on dəqiqəlik görüşdən sonra onları kirayə tutduğu mənzilə yollayacaq, bu gecədən özü də daha bu köşkdə yox, ailəsi ilə birlikdə yeni mənzildə yaşayacaq. Mühafizəçi də yad adamları həyətə buraxmaq üçün “starşi”dən icazə almışdı.

Üzərində qızılı tökmə yarpaqlar, butalar həkk olunmuş nəhəng dəmir qara qapı bir zəngdəncə ağır-ağır aralandı, mühafizəçi gülümsəyərək salamlaşıb onları həyətə ötürdü.

2.

Uca palmaların əhatəsində dördmərtəbəli, Barokko üslubunda tikilmiş, sütunlarında ağzıaçıq şirlər poz vermiş nəhəng, gözəllər gözəli saray! Gerçəkdirmi, nağıldırmı?

“Di bu da mən, Osman! Gördünüz də, haradan haraya ucaldım!”

Osman elə bir qürur hissiylə həyat yoldaşıyla oğlunun qarşısında dayanmışdı, sanki bu sehirli aləm hansısa Müzəffər müəllimin deyildi, onun özünə məxsus idi. Hər halda, etimad qazanıb belə bir kişinin həyətində işləmək də hər oğulun hünəri deyil. Dağın vüqarından, necə olsa, təpəyə də pay düşür axı.

Nazlı az qalmışdı bayıla, “Bu nə ev-eşikdir, ay evi yıxılmış” sualı ilə gözləri bərəlmiş halda Osmana xitab elədi, hətta villanın önündə bir selfi çəkdirmək eşqi ilə skoçlanmış telefonunu hazırlıq vəziyyətinə də gətirdi. Amma Osman onun telefonlu əlini aşağı saldı, artıq-əskik söyləyəcəyindən ehtiyatlanaraq barmağını dodağının üstünə qoyub “sus” işarəsi verdi. Gözünü də qapı-pəncərədə gəzdirdi ki, görsün, xidməti personaldan baxıb eləyən varmı. (Təlimata görə burda foto çəkmək qadağandı).

Şükür, nə evdən baxan var idi, nə də həyətdəki mühafizəçi onlara diqqət yetirirdi.

Bir an sonra şaqqıltı qopanda - deməzsənmiş, balaca Orxanının qızıl suyu çəkilmiş sütunların parıltısından gözləri necə qamaşıbmışsa, qarşısını görməyib qatlanan kresloya ilişərək kreslonu aşırmış, özü də üzü üstə yerə gəlibmiş - Osmanın yenidən gözü qapı-pəncərədə qalmaqla ürəyi bir tikə oldu. Səsə çıxan mühafizəçini “bir şey olmayıb”la rahatlayandan, uşağın burnunun azacıq cızılmasına Nazlının qoparacağı vay-şivəni birtəhər dəf edəndən sonra təhlükədən qurtulduqlarına tam əminliklə dərindən nəfəs aldı, növbəti mərhələdə isə həyat yoldaşına villa barədə bildiyi və təxmin etdiyi məlumatları birər-birər çatdırmağa başladı. Bu cür şəxsi evlərin tikilməsi, şübhəsiz, şəhərə bir ayrı gözəllik gətirir. (Yiyələri özləri ilə gorlarına aparmayacaqlar ki). Onların daşı, sementi, qumu, armaturu – hamısı ən keyfiyyətlilərindən olur, memar ən gözəl layihələrin içindən seçim edir, tikintiyə ən yaxşı ustalar cəlb olunur, interyer üçün... İnteryer nədir? Rəhmətliyin qızı, interyer – yəni binanın içi. Hə, interyer üçün hər şey – boya, alçipan, aboy, parket, kafel-metlax, qapılar - ən bahalı, ən yaraşıqlılarından seçilir, eksteryerin... Eksteryer də, yəni, binanın çöl tərəfi. Hə, eksteryerin üzlük materialları da, damın kirəmiti də, pilləkən meydanının mərməri də, eyvan məhəccərləri də başgicəlləndirici qiymətə başa gəlir...

Bir ay öncə ilk baxışdanca Osman bu dəbdəbəyə vurulmuş (evin içini şəxsən görməsə də orada nəhəng büllur çilçırağın, parıltılı ağ royalın, insan boyu bərabərində vazların, dekorativ qabların, eləcə də iri dibçəklərdə ətirli ev çiçəklərinin qərarlaşdığından xəbərdar idi), xarüqələr yaradan insan sənətkarlığından vəcdə gəlmiş, beynində özüyçün bir təqribi smeta da tutmuşdu ki, adam kimi yaşamağın qiymətini bilsin.

(Əzəldən Osman maddi və mənəvi gözəllik aşiqidir, ən böyük arzusu da odur ki, o da öz sahəsində yaradıcı, elmi gözəlliklər ortaya qoya bilsin. Sahəsi də elə-belə sahə deyil, kvant fizikasıdır. Mövcud durumla mövcud olmalı durum arasındakı fərqi bir stəkan kəklikotulu çaydan qurtumlaya-qurtumlaya fikir süzgəcindən keçirməyi çox sevir, amansız sual basqısına cavab tapmağa çalışır hər dəfəsində. Real həyatla insanın onu qavramasının fərqini gözəl bir mənzərəni hədsiz dərəcədə bərbad çəkən rəssamla xarabalığı ustadcasına gözəl çəkən rəssamın çəkdikləri arasındakı fərq qədər görür.)

Qayıdaq mətləbə. Qonaqların gəlişinə qəfəsdəki Fransız mastifinin bir ağız hürməkdən ibarət reaksiyasından dərhal sonra balaca Orxan qaçıb palmalardan birinin arxasında gizləndi, atası da onun əlindən tutaraq qəfəsin qarşısına gətirdi, itə “Qraf, svoy”, uşağasa “Qaqaş, qorxma, bağlıdır, sənə xətər toxundurmaz” söylədi.

Qadın marağının hüdudsuzluğundan bixəbərsiniz ki? Nazlı heç Nazlı olmazdı, it barədə bütün bilgiləri dərhal, özü də tam müfəssəl olaraq həyat yoldaşından qoparmasaydı: pasportuna görə dörd yaşı var, doğum günü 26 yanvardır. Təlimi rusca keçib, bütün komandaları bilir. İlk dövrlər “Çappi”sayaq it yeməkləri yesə də, indi yalnız servelat kolbasası yeyir, özü də adisini yox, hər gün məxsusi olaraq yaxınlıqdakı “ Murad-market”dən kilosu otuz manata alınan Moskovskisini, “Çerkizovo” firmasınınkını. Arada ona bulyon, xaş da verilir. İçdiyi su da adi deyil, 19 litrlik plastik qablarda satılan distilə olunmuş “Slavyanka” suyudur. Qab-qacağı hər gün “Feri” ilə yuyulur, özü xüsusi “Doktor Viç” şampunu ilə çimizdirilir, yeri rahat olsun deyə altına ortopedik döşək döşənir. Ayda iki dəfə şəxsi həkimi tərəfindən bahalı vaksin və vitaminlər vurulur...

Bilgiləri ağzı açıq halda dinlədikdən sonra Nazlı bir kəlmə “Ay Osman, bəxtəvər başına Qıradın, bəyəm bu, it həyatıdır ki yaşayır?” sualını tuşladı, ərinin itə qulluq sahəsində rastlaşdığı çətinliklər barədəki gileyindən isə (iti çimizdirmək, kefsiz olanda səbəbini öyrənmək, onunla tələb olunan qaydada atlanıb-düşmək, ümumən, vahiməli olduğundan ona öyrəşmək çox çətinmiş) xeyli pəjmürdə oldu.

3.

Osman doktoranturanı bitirəndən bu yana – altı ildi ki, müxtəlif ünvanlara iş axtarışıyla bağlı CV göndərmişdi, təvazökarlıqdan çıxıb bəzən hətta özünün kəşfi – kristal atomlarının titrəyişinin kvantı sayılan fononun elektronlarla əlaqədə istilikkeçirmə proseslərində elmə məlum olmayan fərqli davranışı, tətbiq edilərsə bunun hərbi sənayemizə gətirəcəyi misilsiz faydalar barədə də yazmışdı (müharibə şəraitində yaşayan bir ölkədə bu cahanşümül kəşfə lazımi diqqət yetiriləcəyinə çox əmin idi), bununla belə, oxu hey daşa dəymişdi. Nəhayət, kənddə dolanışıq qəti sıfırlananda səbr kasası daşmış, “bəlkə, heç olmasa, uşaq pulu verərlər”, “birdən işsizlik müavinəti ödəyərlər” kimi gözləntiləri də bilmərrə başından çıxarıb Bakıya üz tutmuşdu. Gündüzlər ac-susuz qapı-qapı günəmuzd iş axtarmış, vağzallarda gecələmişdi. Allah balasını saxlasın, tələbə yoldaşı Vahabı təsadüfən Nəsimi bazarında görməsəydi, kim bilir axırı necə olacaqdı. (Haydı, tanıyıb-eləyən olmasın deyə “çeçenka” papağı gözünün üstünə bas, qoşul yeniyetmə uşaqlara, onun-bunun bazarlığını daşı. Əksəriyyət qəpik verdiyi üçün təəssüflən, arada-bərədə manatlıq verən tapılanda da “şükür bərəkətinə” nidası ilə özünü ovundur). Bir şişmanqarınlının bütöv əlliqəpikliyinin müqabilində iki ağır zənbilini daşıyan məqamda Vahabla rastlaşarkən ilk olaraq utanıb yerə girmişdi. Axı, necə olsa da, bahalı xəz gödəkcə geyinmiş, yanında da iki cantaraq cangüdən gəzdirən bu şəxsin universitetdə “starostası” olmuşdu, daim öz üzərində onun qibtəsini hiss eləmişdi. Yaxşı da ki, insan ən son anda toparlanmağı bacarır. Utanmaq hisslərini zorən arxa fona atmağa, qəhərlə olsa belə Vahaba vəziyyətini agah etməyə özündə güc tapmışdı. Vahab da sağ olsun, onu özünün də villası yerləşən Badamdara yönləndirmişdi, demişdi, orda imkanlı adamlar mülklərinə gözətçi, bağban, dalandar və sair axtarırlar, get, bir-bir qapıları döy, soraqla. Beləcə, Osman bir neçə uğursuz cəhddən sonra gəlib bura çıxmış, özünə iş tapmışdı. Buradakı vakant yer dalandar vəzifəsiydi. Digər ştatlar – “starşi”, aşpaz, qulluqçu, sürücü, bağban və mühafizəçi – təbii ki, tutulmuş idi. Osmanın bəxtindən həyət-bacaya baxan 74 yaşlı dalandar (ev əhli bu vəzifəyə ”itəbaxan” deyir) ürəkkeçməsindən yenicə rəhmətə getmişdi, hələ yeddisi çıxmamışdı deyə yeri boş idi. Müzəffər müəllim, əslində, yeddidən sonra kimisə təyin edəcəkdi, deyilənə görə, yalvaran çox idi, əlidiplomlular sıralanmışdı, amma bəxt yaxşı şeydir, Osmanın məhz bu həssas məqamda müraciəti yerinə düşmüşdü, xeyli çəkən müsahibədən sonra onu bəyənən “starşi”nin – orta yaşlı Dilruba xanımın tövsiyyəsi ilə (“Universitet bitirib, magistratura bitirib, doktorantura bitirib, ingiliscə təmiz bilir, elmi kəşfləri var, tam bizə sərf edən kadrdır”) Müzəffər müəllim onu işə götürmüşdü.

Səhər saat səkkizdə oyanıb 25 sotluq həyət-bacanı süpürüb-sulamaq, harda qazonun yaraşığına xələl gətirən ot-ələf gözünə dəysə onu yolmaq, gecədən səhərədək açılıb həyətə buraxılan itin nəcislərini yığıb quma basdırmaq, dükandan itin ərzağını almaq, onu yedirdib-içirtmək, onunla oynamaq, damını təmizləyib dezinfeksiya etmək, qış bağçasındakı quşları, balıqları yemləmək, idman kompleksinə əl gəzdirmək, axşam Müzəffər müəllimin işdən dönməsi ərəfəsində yenidən həyət-bacanı süpürmək - ta ki axşam saat 19.00-a – telefonunun qurulmuş zəngi çalınana kimi əl saxlamadan çalışmaq – Osmanın funksiyasına bunlar daxil idi. (Hərdən ona “Ey” deyə müraciət edən kaprizli ev sahibəsinin, ondan kaprizli evin qızının “onu apar-bunu gətir”dən ibarət xırda-para tapşırıqlarını da canla-başla yerinə yetirməli olurdu). Burda yatır, günorta havayı nahar edirdi (elə doyunca yeyirdi ki, bir sutka duruş gətirə bilsin), başqa xərcləri olmadığından (siqaret çəkmirdi, içki içmirdi, şəhərə çıxmırdı) aylıq məvacibini tam olaraq toxunulmamış saxlaması mümkün idi. Rahat iş idi, ürəyincə idi.

4.

Harda qaldıq? Hə, Nazlının suallarında. Bu suallar bir-birini avtomatdan açılan güllələr kimi elə sürətlə əvəz edirdi ki, Osman onları cavablandırarkən sözün həqiqi mənasında əziyyətə qatlaşırdı: Müzəffər müəllim haralıdır, neçə yaşı olar? Arvad-uşağı hanı? Arvadı işləyirmi, uşaq böyükdürmü? Bu hovuzda hamısı birgəmi çimir, yoxsa həya edib kişi ayrı, zənən ayrı çimir? Arvad-uşaq bu ayı boyda itdən yəni qorxmur? Görən nəylərinə lazımdır bu evi dörd mərtəbə tikmək, üç adamdılar da, içində kos-kosmu oynayacaqlar? Bu palmaların yerinə niyə meyvə ağacı əkməyiblər? Bu maşın hansındandır, o Mercedes deyirlər, nə deyirlər, ondandırmı? Televizorda göstərilən seriallar, Röyanın axırıncı klipi bu villadamı çəkilib?

Balaca Orxan maraqla Qrafa, suyu boşaldılmış nəhəng hovuza, sütunlardakı şirlərə, uca palmalara, parıltılı, qapqara, upuzun avtomobilə, şkafı xatırladan mühafizəçiyə, şirin-şirin söhbət edən ata-anasına göz qoyurdu, balaca beyninin süzgəcindən kiçik kəndləri ilə bu nəhəng şəhərin, uçuq daxmaları ilə bu dəbdəbəli sarayın, bitli-sirkəli kənd tazıları ilə bu yaraşıqlı itin, itələnərək işə salınan sınıq-salxaq kənd maşınları ilə bu gözqamaşdıran limuzinin fərq hüdudsuzluğunu keçirmək istəyirdi, bu fərqin hansı səbəblərdən doğduğunu, ümumiyyətlə təzadların, əksliklərin mənşəyinin nə olduğunu anlamaq üçün beyninin dərinliklərinə varmaqdaydı.

İstəyirdi hey burada qalsınlar, çıxıb getməsinlər, vaxt dayansın. Vaxtsa keçirdi, dayanmırdı. Saatların heç vecinə olmaz insan yaşantıları. Cəhənnəmə ki, kiməsə hər saniyə həlledici olsun, yaxud, cəhənnəmə ki, kimsə vaxt öldürsün. Saat əqrəbləri öz işlərini görürlər. Dəqiqdən dəqiq, düppədüz.

Osman aldığı maaşının tən yarısını – iki yüz əlli manatı ev sahibəsinə verib açarları dünən günorta götürmüşdü. Birotaqlı, təmirsiz mənzil olsa da əsas odu ki, əşyaları var. Bir enli taxtdı, üçü də ora sığışar. Yorğan-döşək kirli, kəsif mizik qoxulu olsa da birtəhər dözmək olar. Bir qapısı sınıq şıfoner də ixtiyarlarındadı. Mətbəxdə bir masa və iki taburet var. Yemək yeyəndə Orxanın oturacaq məsələsini hamam otağındakı dəmir vedrəni çevirib stuləvəzi altına qoymaqla həll etmək mümkündü.

Soyuducu işləmir. Onsuz da indi qışdır, ona nə ehtiyac. Yaya kimi də Allah kərimdir.

Hamam-tualet bitişikdi, çox dardı, vanna götürülüb. Unitazın da suçəkəni işləmir, suyu vedrəylə tökmək lazım gələcək. Emalı tökülmüş vedrə ümumişlək olacaq, həm mətbəxdə, həm də burda istifadə ediləcək.

Dünən mənzilə girəndə Osmanın ağzından buğ çıxmışdı, otaqlar bumbuz idi, nə qızdırıcı, nə kondisioner vardı. Ona görə də dərhal bir əldədüzəltmə elektrik peçi alıb qoymuşdu ki, normal yaşamaları mümkün olsun. Hər şeyi birtəhər yola verməyə alışmış Osmanın yeganə kefinə soğan doğrayan şey mətbəxin, hamam-tualetin tarakanları olmuşdu. Özü də alçaqlar yaman ətli-qanlı idilər.

Ən əsası və sevindirici olanı isə oydu ki, eyvanları vardı. Çıx, saatlarca beşinci mərtəbədən ətrafın panoramını seyr elə. Dağ adamı üçün hündürlük çox önəmlidir.

Nazlı yaşayacaqları mənzilə buradan necə gedəcəkləri barədə Osmandan təlimat aldıqca (“Elmlər Akademiyası” metrosuna qədər piyada, oradan bir stansiya gedib “İnşaatçılar”da düşmək, üzərinə KFC yazılmış, ağsaqqal kişinin şəkli olan binanın yanından sağa burulub bir tin getmək, oradan...), ara-sıra yenə Müzəffər müəllimin kimliyi ilə maraqlanır, bir belə sərvəti olan insanın hansı amallarla, hansı arzularla yaşaması, arvadının nə geyinməsi, nə yeyib-içmələri, hətta yatanda hansı yuxuları görmələri barədə düşüncələrə dalıb beynini yükləməkdəydi.

Hava tam boz da deyildi. Hərdən günəş görsənirdi, yerə hərarət yollayırdı.

O vitrin şüşəli yer nədir? Nə? Qış baxçası? O nə olan şeydir elə?

5.

Osman Nazlını qış baxçasına saldı. İçəri istiydi, girəni xumarlandırırdı. Gül-çiçək həm göz oxşayır, həm öz ətriylə adamı feyziyab eləyirdi, süni şəlalənin şırıltısı, qəfəsdəki alabəzək quşların cəh-cəhi bir-birinə qarışmışdı. Akvariumdakı rəngbərəng balıqların üzməsi də sanki bu ritmə uyğunlaşırdı.

Nazlı ağzıaçıq halda bu gözəlliyin seyrinə daldı. Bu güldür belə? A kişi, elə bil budağa bülbül qonub, belə gül olar? Təbii deyil yəqin, olsun, nədisə süni şeydir... Neçə balıqdır? Səkkiz... Yox, doqquz. Aaa, onmuş ki. Vaxsey, on birmiş...Tanrım, bu nə alabəzək quşdur, tükü yəqin çox yumşaqdır. Əla balış çıxar... Deməzsənmiş, dünyada bu cür əndrəbadi gül-çiçək, belə qəribə balıqlar, quşlar varmış. Orxanı səslədi ki, uşaq da gəlib bütün bu möcüzəni öz gözü ilə görsün... Xüsusən, danışmağı bacaran 100 yaşlı deyingən Ara tutuquşusu (Osman onun başgicəlləndirici qiymətini söyləyəndə gözləri bərəlmiş Nazlı üç dəfə ərini əziz-gilanlarının canlarına and içməyə vadar etdi ki, dediyi rəqəmin doğru olduğuna inansın) Orxanı xeyli əyləndirdi.

Qış bağı ekskursiyası xeyli çəkdi. İçəridə şüşə stol-stul var idi, stolun üstündə nəsə bir kitab gözə dəyirdi, stulların üstünə döşəkcələr atılmışdı. Ər-arvad yorulub əyləşdilər (bu məqamda hətta Osmanın beynindən uzun yol gəlmiş əzizləri üçün bir çay təşkil etmək də keçdi, amma birdən bunun rəhbərlik tərəfindən yaxşı qəbul edilməyəcəyi qorxusu ilə beyninə farağat durmaq əmri verdi), cüvəllağı Orxan isə yenidən həyətə cumdu, limuzinə baxmaqdan doymamışdı.

Kəklikotundan bir az da aşpaza verəcək, Müzəffər müəllimçün çay dəmləyəndə qoy içinə qatsın, kişi içib feyziyab olsun. Dağ kəklikotusu bir başqa, buralarda satılan aran kəklikotusu bir başqadır.

Ərlə arvad indi də gələcəyə planlar qurmağa başlayanda - 250 manatdan qənaət edib hər ay nə qədər artıra bilərlər, Orxanı məktəbə necə aparıb gətirərlər, Nazlıya bir dəri gödəkçə ala bilərlərmi – saatın əqrəbləri şövqlə bir az da irəlilədilər, günortanın tam ortasını manşırladılar.

Masanın üstündəki, yanında da ərinin optik eynəyi gözə dəyən qalın kitab Nazlının diqqətini çəkməkdəydi, söhbətləri azacıq nəfəsini dərəndə onu iyrənirmiş kimi ağız-burnunu büzərək əlinə götürdü, “Ay Osman, burda da bu andırlardan qurtula bilmirsən? Bizim komanı elə bunlar yıxdı da” – deyə gileyləndi. Ardınca “Kaş ki o vaxt başını oxumaqla qatmaqdansa gedib Çoban Hüseynin yanında itə qulluq etməyi öyrənəydin, indi mağıl, bu Qırad köpəkoğlunun dilini bilərdin” – deyə gileylənməklə lap Osmanın xətrinə də dəydi.

Üzərinə “Seçilmiş nitq və məqalələr” yazılan, içindəki qara çap hərfləri qırmızı avtoqələmlə çiçəkləyən kitabı Nazlının əlindən qoparıb, yanlarına gəlib acdığını bildirən və yemək tələb edən Orxanı “Bir az döz, indi ananla təzə evimizə gedəcəksiz, yolda da anan sənə toyuq dönəri alacaq” kəlmələri ilə yola verəndən sonra (Orxan dönərin nə olduğunu soruşanda onu da anladı ki, ailəsini Bakıya öyrəşdirməsi elə də asan başa gəlməyəcək) Osman inciklik hopmuş bəraət sözlərini Nazlı üçün bir-birinə pərçimləməyə başladı:

- Bu kitaba Müzəffər müəllimin iclaslarda elədiyi çıxışları toplanıb. Təsadüfən əlimə keçəndə bir az oxudum, gördüm, vay dədəm, nə qədər orfoqrafik səhv var, redaktəsizlik, pintilik var. Məntiqsizlik, uzlaşma xətası nə qədərdir... Başladım qırmızı qələmlə səhvləri düzəltməyə. Qoşqar (mühafizəçinin adıymış - red) bu barədə sözarası Müzəffər müəllimə bildirib, kişi bilirsən nə deyib? Deyib ki, (aşkar pıçıltıya keçdi) bu çıxışları iki şöbə birlikdə hazırlayıb, müavini təsdiqləyib, özü də ali kürsülərdən oxuyub, burada iyirmi nəfərin əməyi var, hamısı da etibarlı kadrlardır, qohumları, yerliləridir. Deyib, hamısına güvənirəm, onlar səhv edə bilməzlər! Olsun ki, itəbaxan özü səhv eləyir...

Nazlı lap narahat oldu, narahatçılığını “Ay Osman, işi düz-əməlli bacarmamağın bir yana, niyə yuyulmamış çömçə kimi özünü hər yerə soxursan, bəlkə kişinin acığına gəlir belə etməyin?” kəlmələri ilə izhar elədi. Di gəl, Osman tərs oğlu tərsdir, kitabı əlinə alıb ixtiyari bir səhifəsini açaraq söz güləşdirməyə başladı, dedi, bir diqqət et, gör nə qədər səhv var: “Mən qətiyyətlə bildirirəm, bizim məqsədimiz insanların rifah halını yaxşılaşdırmaq üçün maddi bolluqların yaradılmasında prinsipial olaraq ona nail olunmuşdur ki, insanlar öz rihaf hallarının yaxşılaşdırılması üçün gərəkiyən proseslərdə biz bir qurum olaraq bütün qüvvələrin səfərbər edilməsi nəticəsində layiqli əmək sərgiləmişdir. Nəticədə ...”

Osman oxuduqlarına uzun-uzadı düzəlişlər elədi, Nazlıya bir şeylər başa salmaq istədi, Nazlı da illərdir bir yastığa baş qoyduğu ərinə yaxşı bələddir, bu mənasız prinsipiallığından da çoxdan bezib, boşuna başını niyə ağrıtsın, yazığın sözünü ağzında qoyaraq qış bağından çıxdı, icazəsiz həyətdəki yay mətbəxinə girib bahalı servizə, qazan və tava dəstlərinə bəh-bəhlə, ağzıaçıq halda tamaşa etməyə başladı.

Qadın ki qadın!

Nazlının ardınca Osman da qış bağını tərk edəsi, bir xeyli yay mətbəxindəki həyat yoldaşına şüşə arxasından göz qoyası oldu. Orxan bəs hanı? Sövq-təbii hiss edəndə ki, yəqin uşaq villanın arxasındakı “qırmızı zona” adlanan, içində nəhəng seyflər qərarlaşmış tikili tərəflərdədır (ora Müzəffər müəllimin gizlinidir axı, bir dəfə Qoşqar ağzından çıxarmışdı ki, orada kisə-kisə pul, külçə-külçə qızıl var, ora quş da quşluğuyla yaxınlaşa bilməz), qaranafəs özünü ora çatdırdı, “Bura gəlmək olmaz”, - çığırtısı ilə tikilinin on addımlığına yaxınlaşmış oğlunu qamarlayıb villanın qarşısına gətirdi.

Dəhşət uşaqdır. Nə itin azıb axı orda? İki-üç metr də irəliləsəydi siqnalizasiya işə düşəcəkdi, aləm dəyəcəkdi bir-birinə.

6.

Günəş bir ara göydə xeyli ləngidi də, hətta Osman istilənib kürkünü də çıxarmaq istədi. Qrafın qəfil hürməsi onu diksindirdi. Hovlnak saata baxdı, baho, dördə on beş dəqiqə qalırdı, itin günorta yeməyinin vaxtından düz on beş dəqiqə keçmişdi. İtin xətrinə dəyməkmi olar? Cəld özünü mətbəxə - Nazlının yanına atıb (Orxan da burada idi, heyrətlə sırayla düzülmüş şirəçəkən, ətçəkən, kofebişirən, tərəvəzdoğrayan, çörəkqızdıran, ərzaqqarışdıran, sosiskaqızardan və sair cihazlara tamaşa edirdi), soyuducudan bir ədəd yarıhisə verilmiş “Çerkizovo” kolbasası götürdü, kolbasanın cığalasını ehtiyatla soyub ortadan ikiyə, bunları da bir neçə dəfə tən ortadan olmaqla peşəkarlıqla cəmi on altı bərabər hissəyə böldü, ağ emallı qaba qoydu, Nazlının “Doğrudan, indi bu otuz manatlıq kolbasanı o Qıraddı, nə köpəyoğludu, ona yedizdirəcəksən? Gül kimi kolbasanı hayıf eləmə, sən Allah. Eşşək nə qanır zəfəran nədir” sözlərini də qulaqardına vuraraq itin qəfəsinin qarşısına getdi.

Kolbasanın qoxusunu duyub ağzı seliklənən it (hərçənd, elə Osmanın özünün də ağzı hər dəfə bu işin icrası zamanı sulanır) qəfəsin qapısına çırpılaraq, sanki “tez elə” komandası verirdi. Proses başladı: Osman bir-bir tikələri qəfəsin içindəki qaba atırdı, it də öncə onları qoxulayıb ağzından selik axıdır, sonra marçıltıyla yeyirdi, yeyib qurtaranda da dilini uzadıb dodaqlarını yalayırdı.

Bu açıq-qəhvəyi rəngli, tükləri parıltılı iti Müzəffər müəllim çox sevir. Amma nə qədər çox sevsə də, babal yuya bilməz Osman, olsun ki, 26 yanvarda servelatı coşquyla dişinə çəkən itinin belini sığallayan zaman Müzəffər müəllimin öncə öz tikinti biznesinə, ardınca da, rahatlanmayıb, meyvə-tərəvəz biznesinə başçılıq eləyən adamlarına zəng vurması, Moskvadakı Çerkizovo kolbasa kombinatının “dannılarını” öyrənməyi tapşıraraq oranı almaq istəyini dilə gətirməsi içkili olması səbəbindən idi, güman ki, sonradan heç bu məsələnin üstünə düşülməmişdi. Bu qədər də olmazdı yəqin.

- Ata, bu, biz yeyən kolbasadan deyil, elə?

Gəlib arxasında dayanmış Orxanın sualına dilucu “Yox, oğul, biz düşəndən düşənə beş-altı manatlıq keşlədən, sabdan, min bərəkət-halal nemətdən-zaddan alıb başımızı girləyirik, busa otuz manatlıq əsil moskovski kolbasadır, bizlik deyil,” - cavabını verdi.

- Yəqin çox dadlıdır, elə? – sualı ümumiyyətlə cavabsız buraxıldı. Amma “Ata, acmışam axı, mən də kolbasa istəyirəm”, sualı gələndə Osman duruxdu, xeyli götür-qoy elədi. On altı tikənin artıq on üçünü Qraf həzm-rabedən keçirib həris baxışlarla növbətisini gözləyirdi.

- Ananla gedəndə anan sənə dönər alacaq da, dedim axı sənə, hikkəsi ilə Osman on dördüncü tikəni də itin qabağına atmasın, neynəsin? Di gəl, Orxanın yanıqlı “Ata, mən dönər istəmirəm, mən bu kolbasadan istəyirəm,” iniltisi sanki içini dağlayıb keçdi, üzünü çevirib oğlunun dili ilə dodaqlarını yalayan məsum halına bir xeyli tamaşa elədi.

- Ah, dünya, nələrin varmış sənin!

Atasının baxışları altında (bilmirdi tuşlanan nəvazişdımi, ya məzəmmətdimi) uşaq lap qəhərlənmişdi, gah atasının əlindəki gözəl qoxusu olan, arasında xırda ağ piy dənələri qabaran qırmızımtıl, əsrarəngiz, sehirli kolbasa tikələrinə, gah özünü həlak edən əzəmətli it rəqibinə baxıb, birdən hıçqırtı ilə ağlamağa başladı. Ağlayırdı, ara-sıra da “Niyə itə olar, mənə olmaz” sualını atasının vücuduna çırpırdı.

Uşaqlar belədirlər. Bəzən ağına-bozuna baxmadan bir şeylər istəyirlər. Onlar üçün bütün qadağalar, tabular tam əsaslandırılmış olmalıdır. Böyükləri çərçivələrə alışdırmağa nə var. Yazılı qanunlar, yazılmayan qanunlar, etik norma, əxlaq kodeksi, konstitusiya, cinayət məcəlləsi, mülki məcəllə, böyük-kiçiklik, Allah qorxusu, hökumət qorxusu... Uşaqlar isə belə şeyləri əsla hərləməzlər. Onlara qatığın qara olduğunu heç döyə-döyə, cəzalandıra-cəzalandıra da sübut edə bilməzsən.

Osman xeyli götür-qoydan, ətrafa göz qoyub onları heç kəsin görmədiyinə tam əminlikdən sonra içinin “uşaq birdən şişər, evimiz yıxılar” sədası ilə kolbasanın son iki tikəsinin birini itə atıb digərini Orxana uzatdı, onun necə acgözlüklə kolbasanı dişinə çəkməsinə, barmaqlarını az qala dəriləri qopanadək yalamasından utanc duyub çox baxa bilmədi, itin qəzəblə hürməsinin müşayiəti altında Nazlının ardınca yollandı ki, külfətini tez yola salsın, getsinlər. Vaxt artıq gec idi, həyət-bacaya əl gəzdirməliydi, bir azdan Müzəffər müəllim işdən qayıdasıydı...

Haçansa imkanı olanda bəlkə o da həyət evi alsın? Nə var e, bina evində? Kibrit qutusu - tam hərəkət məhdudluğu, özünəqapanma! Heyif deyil həyət evi? Nə istəyirsən elə. Ək, becər, it-pişik, toyuq-cücə saxla. Özü kəndçi babadır, öyrəşib kənd həyatına.

... Nazlıyla Orxanı (oğlunu ağzı kolbasanın yağından işıldayan görəndə bir məmnunluq da keçirdi ki, ciyərparasına artıq moskovski kolbasa yedizdirir) evə yola salarkən özünün də tez gələcəyini bəyan etdi (təbii ki, Nazlının Sevgililər günü və hədiyyə vədini xatırlatmasının müşayiəti altında), əzizləri villalararası küçənin döngəsində görünməz olduqda isə birdən fərqinə vardı ki, evin açarını onlara verməyib (köpək oğlunun həyəcanı), ardlarınca götürülüb açarı verdi, sonra da təngnəfəs qayıdıb canla-başla həyətdə səliqə-səhman yaratmağa başladı.

7.

Həyəti səhər böyük məsuliyyətlə silib-süpürürdü ki, Müzəffər müəllim işə gedəndə təmizlik gözünü oxşasın. Amma küləklər şəhərinin küləyi qumu, kağız-kuğazı, sellofon torbaları gətirib həyət-bacaya necə doldururdusa, üstəlik bağban işlərini səliqəsiz görüb yeri torpaqla, yarpaqla, budaqla necə zibilləyirdisə, məcbur qalırdı Müzəffər müəllimin işdən dönüşü ərəfəsində səhərdəkindən də artıq əlləşsin.

Bu gün Osmanın kefinin hədsiz kök olması əl-qolunun təpərini, məhsuldarlığını da artırmışdı. Zarafat deyil, ailəsi gəlib, təzə evə köçürlər. Üstəlik, deməzsənmiş, həm də Sevgililər günüymüş. Hələ heç bir bayramda indiki qədər pulu olmamışdı, fərqinə vardı. Nazlıya da “İnşaatçılar” metrosu həndəvərindən on-on beş manata bir hədiyyə alıb aparar, sevindirər. Nə alar? Gül! Bəlkə ətir? Gül belədir ki, solub gedəcək. Ətir yaxşıdır. Yazığa bəlkə də axırıncı dəfə ətiri evləndikləri il bağışlayıb... Babat birini alar, qurtaranda da şüşəsinə alıb ucuzunu doldurarlar.

Haçansa varlananda o da həyat yoldaşına, uşağına bayramlarda yaxşı sürprizlər edəcək. Lap Müzəffər müəllim kimi. Arvadı ilə qızını Londondakı yeni mənzillərinin gördüsünə yollayıb, ordan da Parisə gəzməyə gediblər, Sevgililər gününü bəxtəvərlər orada keçirirlər. Amma yox. O, Müzəffər müəllim uçan yüksəkliyin quşu deyil. Nəyinə lazım Paris-zad. Məsələn, Nazlıya axırıncıdan əvvəlinci ayfon alar (o vaxta yəqin mobil telefonlar hələ işlənər), Orxana da velosiped, ikitəkərlisini.

Mətləbdən yayınmayaq, orda qaldıq ki, Osman həyətin təmizlik işlərinə keçmişdi. Həvəslə, canla-başla palmaların altını süpürdü, sellofan parçalarını yığdı, metlaxın üstündən quş nəcisini sildi, hovuzun künclərinə toz dolmuşdu, təmizlədi, gözünə sataşan hörümçək torlarını götürdü. Təkcə qapalı hovuza keçmədi, onsuz da sabah orada işi çox olacaq. Hava qaralhaqaralda artıq bütün əsas işlərini görüb qurtardı.

Bir-iki səmərələşdirici təklif verəcək Müzəffər müəllimə, bəlkə kişinin gözündə ucaldı. Məsələn, o küncdəki həsir stol-stul külək tutan yerdədir, hər gün üstünü toz-torpaq basır. Nə qədər su, yuyucu vasitə, biristifadəlik əski işlənir onun təmizlənməsinə. Halbuki, onu beşcə metr sağa – külək tutmayan yerə çəksələr bütün bu məsrəflərdən qurtulmaq olar.

Ya da, bu on səkkiz ədəd nəhəng palmanı hər payız sellofanlayıb bir də yazda açırlar ki, şaxta vurmasın. Əvvəla, bu palmalar artıq altı ildir ki, burada əkiliblər, iqlimə uyğunlaşıblar. Palma həm canıbərk ağacdır, həm də tam kontrast təşkil etməyən iqlimə tez uyğunlaşandır. Üstəlik, Abşeronda düz-əməlli şaxta da olmur. Bu qış, məsələn, heç temperatur sıfırdan aşağı düşmədi. On-on iki dərəcə şaxtayadək dözümə malik palmanı, demək, heç bir təhlükə gözləmir. Qoşqar deyir, bunları bu cür bağlamağa xüsusi qaldırıcı kran, neçə fəhlə, neçə rulon sellofan lazım olur hər dəfəsində. Bir gör nə qədər pul eləyir!

Ya da, delfin saxlamaq fikrini (Qoşqar deyir, bir cüt delfin üçün (dəqiqləşdirib ki, Afalin cinsindən) Dubaydakı hansısa şirkətə artıq filan qədər beh də verilib) Müzəffər müəllimin başından çıxarar. Heç bunun məsrəflərini demir, bunları bir kənara qoyaq, yazıq canlıları dəniz nəhayətsizliyindən qoparıb nə qədər böyük olsa belə, yenə də hovuz çərçivəsinə salmaq düzgün deyil axı, delfinlərin çox pis qarğaması var, nəyə lazım, özünü qarğış yiyəsi edəsən?

Başa düşür, Müzəffər müəllim özü kənddə doğulandır, uzun illər fermada çalışıb, mal-qaraya baxıb, kişinin fauna sevgisi burdan qaynaqlanır, amma reallığı nəzərə almaq lüzumu da var axı.

Bir-iki başqa təklifləri də yığılıb. İndi Müzəffər müəllimin qanıqara vaxtlarıdır, hələ nazirliyin büdcəsini ayırmayıblar, onun da gələcək nəvələri üçün Qəçrəşdə, bir də Pirquluda tikdirdiyi villalarında ilşlər dayanıb. Pul ayrılanda kişinin kefi düzələn kimi Osman təkliflərini verəsidir.

Saat yeddi radələrində, işinin qurtarması vaxtına bir az qalmış Qoşqara üzrxahlıq etdi, dedi, başına dönüm, bütün işlərimi görmüşəm, getmək istəyirəm, müəllim gələndə vəziyyəti ona başa sal, de, kənddən Osmanın ailəsi gəlib, təzə ev tutublar, gedib ailəsini yerləşdirməyə. Sabah da, inşallah, obaşdannan burdayam. Sabah işim çox olacaq, xanımgil Parisdən dönəsidir, qapalı hovuzda onun süd vannası prosedurunu hazırlamalıyam.

Qoşqar da dedi, problem deyil, deyərəm, Müzəffər müəllim insan adamdır, get işində ol.

8.

Uça-uça yeni ünvana götürüldü. Böyük xoşbəxtlikdir, indi onun Bakıda işi var, mənzili var. Bütün kənd işsizdir, Allah bilir, kənddə onlara necə həsəd aparırlar. Nazlıya tapşırmışdı, “Osman harada işləyir” soruşulanda bir kəlmə desin ki, “nazirlikdə”. Kimin nə borcuna, “Müzəffər müəllimin yanı” nazirliyin özüdür, ya kişinin həyət-bacası, it damı. Onsuz da heç vaxt yerində saymayacaq, daim irəliləyəcək. Şükür, ali doktorantura təhsili var. Müzəffər müəllimə kitabdakı səhvləri tutmaqla biliyini onsuz da sübut edib, bir az da özünü gözə soxacaq, həyət-bacaya baxmaq onun işi deyil, mütləq yaxınlarda kostyumlu-qalstuklu bir idarə işi alacaq kişidən. Dar ayaqda heç nazirlik də olmasın, kişinin saysız biznes sahələrindən biri olsun. Ətrafında hamısı qohum-əqrəbasıdır, çoxunun heç ali təhsili də yoxdur, Osman kimi bir təhsillisinə yəni heçmi təlabat olmayacaq? Sonra da Allah kərimdir, qismət olar, öz kvantı ilə məşğul olar.

Çətini gedib qapını tapmaqdır. Tapdınsa, o qapı mütləq gec-tez açılacaq.

...“İnşaatçılar” metrosunun yanındakı, adamların qarışqa kimi qaynaşdığı ticarət cərgəsinə göz yetirdi. Kişi kostyumları, qadın koftaları, əstafurullah, qadın alt paltarları... Ətirlər satılan şöbəyə yaxınlaşdı. Qiymətlər 50 manatdan başlayırdı. Yox, bu şöbə onun cibi üçün deyil. Bir qədər irəlilədi, burda da ətirlər satılırdı. Qutularından hiss edilirdi ki, bunlar bayaqkılar kimi deyillər, ucuzvaridirlər. Zənnində yanılmadı. Buradakı ətirlər, satıcısı demiş, “turetski poddelka” idi. On manata qutusu güllü bir ətir alıb (beş manata “kitayski poddelka” da ala bilərdi, ancaq bunu etmədi), onu parlaq cığalaya bükdürdü.

Bir an sonra birotaqlı mənzillərində ilk xoşbəxt günlərini qeyd edəcəkdilər. Hədiyyədən məmnun halda Nazlı süfrə açacaqdı (ayın-oyun almış, kartof qızardıb üstünə yumurta vurmuşdu). Ləzzətlə yeyəcək, eyvana çıxıb qış olmasına baxmayaraq küçəyə, binaların və avtomobillərin işıqlarına tamaşa edə-edə kəklikotulu çayı ayaqüstü orada içəcəkdilər.

Nazlının Müzəffər müəllimgil barədəki növbəti sual yağışı gələndə Osman cavab verə-verə özü üçün xırda, bəlkə də, heç xırda da deyil, çox iri bir mətləbi də aşkarlayacaqdı. Bax, Müzəffər müəllimin qızı universitet oxuyur, xırda-para xərcləri üçün kişi hər ay içinə iki min üç yüz manat halal maaşı yüklənən kartını ona verib, üstəlik həftədə azı bir dəfə ya anasıyla, ya rəfiqələriylə şopinqə gedəndə qız evdən filan qədər pul alır, tez-tez internetlə də nələrsə sifariş verməyə əlavə pul istəyir (Parisə getməzdən öncə kuryer növbəti sifariş qutusunu gətirmişdi, üzərində “24800 avro” qeydi aparılmış malı Osman qəbul etməli olmuşdu. Maraqlanıb görmüşdü ki, ayın hər günündə birini taxmaq üçün hərəsinin qiyməti 800 avro olan 31 ədəd müxtəlif dizaynlı Ayfon-11 çexolu komplektidir). Bir belə pulu xərcləməyə (halal-halal xoşları olsun) yer tapmaq vallah asan deyil, insandan nə qədər fəhm, fərasət, fantaziya tələb eləyir. Yəni, kasıb varlıya birmənalı olaraq qibtə etməsin, kasıbın kasıb dərdi olduğu kimi, varlının da varlı dərdi var. Kasıb necə qazanmağa, varlısa necə xərcləməyə baş sındırır. Bu da bir kvant - atom və subatom hissəciklərinin qarşılıqlı davranışı.

Bu mətləbi Osman hey “Müzəffər müəllimgil elə, Müzəffər müəllimgil belə” nidaları ilə həsəd, qibtə və paxıllıq epogeyi yaşayan Nazlının şüuruna da pərçimləməyə çalışacaqdı. Orxan yatsa da gecə yarıyadək ərlə arvad oyaq qalıb kreditlə televizor almaqdan başlayan “onu elə edərik”, “bunu belə edərik”lə dolu sabahlarını, birigünlərini ipə çəkəcəkdilər. Arada bir dəfə də kəklikotulu çay dəmlənib eyvanda içiləcəkdi. Yalnız Osmanın ertədən – saat səkkizdə işdə olması reallığı cütlüyü məcbur edəcəkdi ki, nəhayət, yuxuya dalsınlar. Səhər Osmanı çox ağır iş günü gözləyirdi. Həyətdəki idman kompleksindəki qapalı hovuza bitişik xüsusi nahiyəni südlə doldurmaq sizə asan gəlməsin, ora 500 litr həcmə malikdir. Ayağındakı varikozun ardınca gözünün altında qırışların peyda olmasından depressiyaya düşən evin xanımına fərdi kosmetoloqu süd vannası məsləhət görərkən ilk dönəmdə Müzəffər müəllim südü süd kombinatından çənli maşınlarla gətizdirirdi. Amma sonra dilə-dişə düşməsin deyə satın almağı tapşırdı. Gözə çox girməsin deyə bir yox, bir neçə marketdən üst-üstə 500 qutu litrlik süd alıb gətirmək, bir-bir ağızlarını açıb vannaya əndərmək, sonra qutularını yığışdırmaq insanın səbrini və bütöv sutkasını alır. (Yeri gəlmişkən, Osman süd vannasının daha faydalı və daha sərfəli “dağnanəsi plyus çobanyastığı” vannası ilə dəyişdirilməsi təklifini də Müzəffər müəllimçün hazırlamışdı).

Kəsif qoxulu yataq nə qədər rahatsız olsa da, Osman son illərdə ən rahat yuxusunu yatacaqdı bu gecə. Bəzən elə bir gün gəlir, öz çəkisinə, sanbalına görə üst-üstə bütün əvvəlkilərinə dəyir. Arzulara tam deyilsə də, qismən yetişmək nə gözəl şeydir. Arzuların ara sahilləri olmur deyə arzu gəmiləri təyinat nöqtəsinə yan alarkən fasiləyə çıxmaq, dincini almaq, nəyisə götür-qoy etmək kimi vasitələrdən, üstünlüklərdən istifadə edə, yararlana bilmirlər. Ona görə də təyinat nöqtəsinə qədər olan məsafənin uzandıqca uzanması– arzuların məhv olma riski deməkdir.

9.

Səhər elə tez açıldı ki.

Osman villaya çatanda səkkizə üç dəqiqə qalırdı, zəngi basdı. Adəti üzrə hər dəfə “Murad-market”ə gedib qayıdanda ona qapını dərhal, özü də gülümsəyərək açan Qoşqarın bu dəfəki yubanışından, ardınca da qaşqabağından, onu içəri buraxmaq əvəzinə qarşısında sipər çəkməsindən dərhal dalağı sancdı. Gün kimi aydın idi ki, nəsə yerində deyil, bu yerində olmayan nəsəni Qoşqarın anlatması da uzun çəkmədi, ağır-ağır söyləndi ki, Müzəffər müəllim tapşırıb, o, içəri buraxılmasın, işdən qovulur.

Nə?!

Necə?!

Hətta bu qədər?

Osman siftə bunu zarafat sanmaq istədi, amma onu da anladı ki, heç vaxt zarafatlaşmadığı adamdan bu boyda zarafat ola bilməz. Çox güman, olanlar deyilirdi. Yenə də, qeyri-ixtiyari: “Zarafat edirsən?” – deyə mızıldandı. Amma həmin an Qoşqarın: “Nə zarafat? Zarafat-filan eləmirəm”, – cavabı ilə gözlərinə ayın, ulduzun qeybə çəkildiyi zülmət qaranlığı çökdü.

Xalq məcazının insanın qəfil zərbəylə üzləşərkən düşdüyü vəziyyətini ifadə edən digər hallarını da özündə ardıcıl hiss edən Osman (öncə başından qaynar su töküldüyünü, sonra içinin bıçaqla doğram-doğram doğrandığını sandı) Qoşqara sarı addım atmaq istədi, ayaqları dizindən büküldü, bir kəlmə “Niyə?” deyə soruşa bildi. Qoşqarın dinmədiyini görüb qəhərli səslə “Dünən tez getdim, müəllimi gözləmədim, onçün?”, – sualını verdi, Qoşqar başını buladıqda “Uşaqları həyətə saldığımçün?”, – deyə növbətisini ünvanladı.

Qoşqar yenə də başını buladı, amma üçüncü sualı gözləmədən Qoşqar özü müəmma pərdəsini yırtdı, hər şeyi açıqladı:

- Əmanətə xəyanət etdiyinə görə, itin yeməyini kəsdiyinə görə.

- Nə əmanətə xəyanət? Nə itin yeməyini kəsmək?

Düzü, Osman öncə söhbətin nədən getdiyini kəsdirə bilmədi. Beynini azacıq qurdalayanda ağzı servelatın yağına bulaşmış Orxan mətləbi çəkib gətirdi gözünün qabağına. Osman bu dəm elə yazıq-yazıq, elə dərindən ah çəkdi ki, Qoşqardan savayı yanında kimsə olsaydı “ahın dağlara” deyərək onun halına mütləq şərik çıxardı, lap dərinə getsə, dəsmal götürüb ağlayardı da.

- Ay Qoşqar, uşaqdır, uşaq nə qanır, istədi, mən də umsunar deyə bir tikə verdim, Allaha and olsun, cəmi bir tikə verdim, bir kiloluq kolbasanın cəmi on altıda birini, cəmi 62 qram yarımını – sözləri nəhayətsiz okeanın rəngini mürəkkəb damcısı ilə dəyişmək istəyi kimi boşuna getdi.

Yaman yerdə axşamladı!

Qəhər Osmanın boğazında tıxanmışdı, əsla danışmasına imkan vermirdi, peşmançılıq hissindən doğan çarəsizlik o qədər güclüydü ki, ürəyini gətirib ağzından çıxarmaq, dışarı tullamaq dərəcəsində döyündürür, çırpındırırdı. “Hər şeyi necə də yoluna qoymuşdum, kaş bunu etməzdim, əsla etməzdim”, – inadıyla çığırmaq istəyir, sözlər içinin həbsindən qurtula bilmirdi.

Nə pis şeydir peşmançılıq. Bir şeyi bircə dəqiqə ərzində edirsən, əvəzində bir ömür yanıb-yaxılırsan.

Qoşqar nələrsə danışırdı, ara-sıra bəzi sözlər qavrama əhatəsinə düşəndə Osman anlayırdı ki, o, Müzəffər müəllimin məsələdən necə xəbər tutmasını izah eləyir. Əlbəttə ki, Osmanı Qoşqar satmamışdı, digər işçilər də satmamışdılar, sadəcə, Osmanın ailəsinin həyətə girdiyini eşitcək, nədənsə Müzəffər müəllim kamera görüntüsünü izləmək fikrinə düşmüş, izləyəndə də itin kolbasasının uşağa yedizdirilməsindən xəbər tutmuşdu...

Niyə belə oldu axı, niyə, niyə?!!

“Acgöz uşaq, görməmiş uşaq, ziyankar uşaq! Vacib idi, o boyda dirəndin bir tikə ağıdan, zəhərdən ötrü? Kaş ki, sizi bura gətirməzdim, elə dərhal evə aparaydım. Ayağım qırılaydı sizi bura gətirdiyim yerdə...”

Biçarə Osman ayaqlarının birini götürüb birini dayaq kimi qoyur, köksünü yarıb çıxmaq istəyən ürəyinin indicə partlayacağının təlaşını keçirir, gözlərindən səmt götürüb yanağı boyunca şırım açan, sinəsinəcən gedib çıxan göz yaşlarının istisini duyurdu.

Həyat deyilən nəsnə elə bu deyilmi? Tam namüəyyənlik, gözlənilməzlik. Dünən olanın bu gün də olacağına, bu gün tapdığının sabah əlindən çıxmayacağına zəmanət verənmi var? Hər şey ötəri, keçəri. Bütün başlanğıclar “son” qorxulu!

Handan-hana çətinliklə “Qoşqar, qurban sənə, bəlkə özüylə danışıb yoluna qoyaram” söyləyə bildi, amma Qoşqar daş atdı, başını altına tutdu ki, müəllim hədsiz qəzəblənib sənə, deyir, əliəyri adama mənim yanımda yer yoxdur.

“Əvəzində bütöv kolbasa alım gətirim”...

”Birini yox, lap ikisini alım”..

”Bir aylıq maaşımı kəssin”...

”Lap iki ayımı kəssin”...

Yox ki yox! Qoşqar qətiyyətlə onun təkliflərini kənara itələməkdəydi, hətta onu da dedi ki, müəllim sözü bir dəfə deyir, tapşırıb, cırt-pırt eləsən, polis çağırıb səni içəri basdırım...

Yenə yalvarıb-yaxardı, bir pud duz-çörək kəsdiklərini Qoşqara xatırlatdı, barı “starşi” ilə danışmasına köməklik göstərməyi xahiş etdi.

Bir manat səksən yeddi qəpiklik yeyintimi olar, ay başınıza dönüm? Bir manat səksən yeddi qəpikdən ötrü adamı işindən çöləmi vızıldadarlar? Neynəsin? Başına haranın daşını töksün?

Qoşqar xeyli götür-qoydan sonra (çox insaflı adammış), qayıdıb köşkdəki selektordan nömrə yığdı, kiminləsə nəsə danışıb Osmanı əli ilə yanına çağırdı.

Şükür!

Osman sevincək içəri keçib dəstəkdən yapışanda, birnəfəsə “Dilruba xanım, sənə qurban olum, balalarının qadasını alım” kimi sicilləməyə keçəndə ümid seli onu qabağına qatıb necə sürətlə apardısa da, dəstəyin o özündən gələn amiranə səs bir elə sürətlə onu maneəyə çırpdı:

- Sən məni də padvadit elədin, ayıb olsun! Çox yarıtmaz iş gördün! Məsələ artıq həll olunub. Get özünə başqa iş tap! Müzəffər müəllim əlitəmiz adamdır, əlikirlilərin onun yanında yeri yoxdur!

Bəzən söz öz çəkisindən ağır olur, daş, çınqıl qismində bir ünvandan qopub digər ünvandakının üstünə yağdırılır. Bəzənsə lap ağırlaşır, daş-çınqıl nədir, təpə, lap elə dağ olub qarşı tərəfdəkinin təpəsinə çökür...

Osman köşkdən çıxdı. Qoşqar da onun ardınca çıxdı. Bir müddət hər ikisi susdu. Osman bu an heç nə düşünə bilmirdi, düşüncələri donmuşdu. Qoşqarsa doğrudan-doğruya təəssüflənirdi ki, niyə belə oldu. Hər halda, Osman pis oğlan deyildi, yaşıdıydı, söhbətcil idi, qılıqlıydı, əvvəlki yaşlı itəbaxanın mısmırığından çox çəkmişdi deyə hey bol-bol danışıb gülərdilər. Qoşqarın uşağına da ingilis dili öyrədəsiydi, söz vermişdi...

Yenə bir xeyli müddət keçdi.

Haçandan-haçana “Vallah mənlik bir şey yoxdur. Allah kərimdir, çox fikir eləmə, bir iş taparsan” deyib Qoşqar ağır dəmir qapının önünə gəldi, baxışları ilə “mürəxxəs olub çıx” söylədi, Osman da çıxdı, qapı cırıltıyla ardınca bağlandı. Vəssalam. Bir ay idi ki, üstündə qızılı tökmə yarpaqlar, butalar ışıldayan bu qara qapı indi Osmanın gözünə tam başqa cür göründü, yarpaqlar tabutlara, butalar meyitlərə bənzədi.

10.

Buludların arxasından günəş heç nədən xəbərsiz halda boylanaraq gülümsəyirdi. Heç elə bil, fevral günəşi də deyildi, hərarətliydi, atəşliydi. Sanki aprel, lap elə may günəşiydi.

Bir də, fasiləsiz it hürməsi eşidilməkdəydi...

Bəzən olur, bütün gücünü, taqətini toplayır, bütün səbrini basır, bütün iradəni, xarakterini səfərbər edir, gözün alan bir hədəfi vurmağı planlayırsan. Və bütün gələcəyini də bu planın üzərində qurursan. Ona çatmaq üçün nə qədər əsəb itirir, yuxusuz gecələr sərf edir, stres keçirirsən. Ölüm-zülümlə, canın-qanın əldən gedərək hədəfinə – özünə də olmasa, böyür-başına çatırsan, daha doğrusu, çatdığını zənn edirsən. Bütün iç dünyan, bütün əzaların bu qələbənə köklənərək bayram edirlər, qələbə bayrağını qaldırırsan... (Zarafat deyil e, on illik universitet, magistratura, doktorantura təhsilindən, altı illik də iş gözləntilərindən ta ki üzübəri düz on altı il yol gəlmişdi bu babat məvacibli daimi iş yerinə qədər). Və qəfildən məlum olur ki, qələbəni ləğv edərək insafsızcasına sənin əlindən alırlar, sevincini kədərə tuşlayır, bayramını qara gətirirlər. Beləcə, qaldırdığın bayrağı endirməli olursan!

(Lənət şeytana, necə inanmışdı həyatının axır ki düzəldiyinə. Lap inanmışdı. Ölümünə inanmışdı... Cəmi 62,5 qram e, a kişi! Cəmi 1 manat 87 qəpik!)

Məğlubiyyət nə qədər acı olsa da həzmediləndir. Ancaq artıq qələbə badəsini başına çəkib ilk qurtumların ləzzətindən nəşələnərkən ədalətsizcəsinə məğlubiyyət zərbəsinə pərçim olunmaq öldürücü dərəcədə çəkilməz imiş... Necə çəksin indi bu dərdi? Özü cəhənnəmə, Nazlıya, Orxana necə başa salsın hər şeyi? Nazlı bu axşama çəkili ət alıb, yarpaq alıb dolma bişirəsiydi, “Cola” da alasıydı, necə yeyəcəkdilər o dolmanı, o “Cola”nı necə içəcəkdilər?

Sabahı “starşi”dən özünə istirahət günü kimi yazdırıb kreditə televizor götürməyə gedəsiydilər. Yaxşı getdilər!

“O vaxt siz (hətta bu vəziyyətində də “siz”dən “sən”ə keçmirdi) kənddə - fermada çalışıb mal-qaranın altını təmizləyəndə yuxunuza da girməzdi qəfildən bəxtiniz açılar, burada - Bakıda taksi sürən əmioğlunuz mənsəbli birinin qohumuyla evlənib vəzifəyə keçər, sizi də irəli dartar. Nə olar, Allahla hərəkət eləyin, siz də mənə şans verin” – sözləriylə Müzəffər müəllimin qarasıyca gileylənərək uşaq kimi burnunu çəkə-çəkə hıçqırdı, sısqadı.

- Allah götürməz axı, bircə şanssa verin, bircə şans! Mən neynəyəcəm, başıma haranın daşını tökəcəyəm?! - nidası ilə hönkürdü ardınca.

Beynində nə isə pıqhapıq pıqqıldayırdı. Qanı damarları boyu, nə idisə, bir şırıltıyla axırdı ki...

“Qohum-əqrəbaya, tanış-bilişə, kənddəkilərə nə deyəcəkdilər?”

Yox, dəqiqə-filan nədir, dəqiq, dörd saat yarım keçmişdi Müzəffər müəllimin qapısı qarşısında dayanmasından.

Çifayda?

“Müəllim sözü bir dəfə deyir, tapşırıb, cırt-pırt eləsən, polis çağırıb səni içəri basdırım...”

Getmək lazım idi. Ancaq hara?!

Xeyli baş sındırdı, “hara” sualı ən cavabsız sual olub onun başına-başına döyəclədi. Evə necə getsin axı?

Yoldan uğultulu səslə maşın keçdi. Üzünü tabutlu, meyitli qapıdan ayırıb yola boylandı. İşə bax. Dünən burda dayanıb arvadıyla oğlunu evə yola salmışdı, necə bəxtəvər idi, necə xoşbəxt idi... Bir gün e, a kişi! Bir ay, bir il yox e, bircə gün. Bir günə adamı dağın başından götürüb dərənin dibinə atan namərd dünya!

Deyəsən çox uzatdım, əlqərəz edim. Biçarə Osman ayaqlarını ağır-ağır sürüyərək bir daha geriyə boylanmadan Müzəffər müəllimin qapısının önündən aralanıb qonşu küçəyə adladı, tanış dalandarın salamını eşitməyib almadan oradan da ensiz cığırla növbəti küçəyə keçdi, üzərinə “Murad-market” sözləri yazılmış mağazanın yanından ötdü, sonra dayandı, geri qanrılıb mağazanın qırmızı fonda ağ hərflərlə adı yazılmış lövhəsinə ürəyi çırpına-çırpına tamaşa etməyə başladı, bəlkə də iki saatını, üç saatını da buna sərf etdi. (Starşidən pulu götürüb kefi kök-damağı çağ bura necə gələrdi, itin kolbasasını, suyunu aldıqdan sonra xəyalən Nazlıyla danışıb, evə nə lazım olduğunu soruşub ərzaqların ən bahalılarından iki-üç iri zənbili xəyalən necə doldurardı... Offf...)

Handan-hana nə düşündüsə (düşündü deyəndə ki, nə düşünəsiydi, düşüncələri donmuşdu) qayıdıb içəri keçdi.

11.

Tanış kassir, tanış piştaxtalar, tanış məhsullar, tanış satıcılar... Hər addımda bəxtəvər günlərin, saatların işartıları... Xüsusən xoşbəxt keçmişin şahidlik edəndə bədbəxt indin lap dözülməz olurmuş.

“Qastronomiya” şöbəsinə yaxınlaşdı, vitrinə göz gəzdirdi. “Moskva kolbasaları” yazılmış hissədə axtarıb “Çerkizovo servelatı” kolbasalarını tapdı, bir ədədini götürüb gözünün qarşısında irəli-geri çəkərək xeyli tamaşa etdi. Silah! Silah da yox, bomba! Adisi də deyil, atom bombası!

Qaytarıb yerinə qoydu. Xeyli vitrində onun duruşuna tamaşa etdi.

Yanıb yaxılmaqdaydı. Aldığı təhsil, oxuduğu kitablar, kvant nəzəriyyəsi axı belə demirdi. Eyni ölkənin sərvətlərinə eyni dərəcədə haqqı çatan iki bərabərhüquqlu vətəndaşı olasınız, birinizə Londonda mənzili, Çerkizovo kolbasa kombinatını (belədirsə, yüz faiz alacaq oranı o köpəkoğlu), delfinləri, 24800 avroluq telefon çexolunu, 500 qutu südün vannasını qıyalar, o birinizə 1 manat 87 qəpiyi qıymayalar. Tüpürüm sənin ədalətinə, ay gidi dünya!

Yenidən kolbasanı götürdü, kassaya yaxınlaşdı, onunla gülümsəyərək salamlaşıb, Qrafın kefini-halını soruşub nuşi-can diləyən kassirə cavab vermədən cibindəki puldan üç onluq ayırıb uzatdı, mağazadan çıxdı.

Başındakı küt ağrının müşayiəti ilə beynindən şüuruyla əlaqəsi olmayan nəsə nizamsız əmrlər gəlirdi, o da onlara tabe idi. Elə qapının ağzındaca dayandı, kolbasanı sinəsinə sıxıb key-key içəri girib-çıxanları seyr etdi, sonra kolbasanı sığallamağa başladı, əzizlədi, üstünün cığalasına yazılan sözləri dönə-dönə oxudu, naxışlara diqqət etdi. Buna da xeyli vaxtı getdi. Beynindən gələn şüuruyla əlaqəsi olmayan nizamsız əmrlər bir az da fəallaşdılar. Və qəfildən “kolbasanın cığalasını qopar” dedilər, qopardı, onu “qoxula” dedilər, qoxuladı, “dişinə çək” dedilər, ağzından selik axıda-axıda dişinə çəkib marçıltıyla yeməyə başladı (demək beləymiş bunun tamı), hər tikəsini də çeynəyib udandan sonra dilini çıxarıb dodaqlarını yaladı, hətta qulağına özündən çıxan mırıltıya bənzər əcaib səslər də gəlməyə başladı.

Qeyri-adi bir mənzərəydi.

Adamlara başqa nə lazımdır ki? Gəlib-gedənlər ayaq saxlayıb heyrətlə onu süzməyə, öz aralarında pıçıldaşmağa başladılar. Təsadüfən hadisə yerinə gəlib canlı yayına başlayan Differensial.com saytının xanım müxbirinin kamerasına söylənilən rəylər də eyni qəbildən idi:

- Görməmişdır də, nə deyə bilərəm.

- Görməmiş deyil, olsun ki dəlidir. Ağıllı adam belə eləməz.

- Xəstə də ola bilər...

- Xəstə-zad deyil. Qudurmuşluğundan belə edir. Bizim millət lap ağını çıxarıb. Ala bilməyənlərə yanmışlıq verir ki, baxın, şişin.

Get-gedə daha çox şəxs dayanıb bu qeyri-adi mənzərəni seyr etməyə başladı. Artıq qəhrəmanımızın kolbasa yeməsi ilə məzələnənlər, qəşş edənlər də kifayət qədər idi. Hətta “Ay it, fas” deyib onun üstünə xırda daşlar yağdıran xırda uşaqlara da rast gəlirdin. (Bilmirəm, “yıxılana balta vurmaq” məsəlini çəksəm yeridirmi).

Kolbasa yağlıydı deyə get-gedə Osmanın ürəyini bulandırırdı, qarnında küt sancı hiss edirdi. Dad və ləzzət tədricən əziyyətə dönməkdəydi. Xırda olsalar belə, bədəninə dəyən daşların pis yandırmağı da vardı. Nədənsə xəyalına isə anidən relsdən çıxan qatarın kvantı gəlirdi. (Bəzən qatar hansısa səbəbdən relsdən çıxası olur. Onda onun nə edəcəyi sual doğurur. Ləngərləyib dayana da bilər, vaqonlarının bir parası, yaxud hamısı aşa da bilər. Hətta yerindən asılı olaraq, onun üzü aşağı dərəyə, uçuruma yuvarlanması da labüddür. Hər şey səbəbin təzyiqindən asılıdır).

12.

Bir parıltılı, qapqara, upuzun avtomobil keçirdi, sürətini yavaşıtdı, arxada əyləşmiş qadın tünlüyü görüb sürücüyə saxlamaq əmri verdi. Yanında oturmuş, telefonunun əndrəbadi çexolunu barmaqlayan qızı “Ee, ma, sən də hər şeylə maraqlanırsan e. Gedək evə, evçün darıxmışam” söyləsə də qadın ona məhəl qoymadı. Şüşəni salıb hadisənin episentrinə göz qoydu. Nə baş verdiyini öyrənmək üçün izdihama ünvanladığı sualına hələ cavab almamışdı ki, marketin pilləkən meydançasında dayanıb kolbasanı qəribə tərzdə dişinə çəkən Osmanı tanıdı, təəccüblə qızı səmtə “Ay qız, bu bizim itəbaxan deyil?” sualını tolazladı, qızı təsdiqləyəndə əli üzünə getdi:

- Qudurub ki bu bədbəxt! Yəqin Qraf dişləyib!

Hava bu ara xeyli isinmişdi. Bahar o yana, lap yay havasına bənzəyirdi.

Günəş insafsızcasına gülümsəməyində idi.

Siqnal səsi səs-küydə çox zəif eşidildi. Osmanın telefonundan gəlirdi səs, saatın 19.00 olmasından xəbər verirdi. Bu vədələrdə onun iş vaxtı bitirdi...

13.

Düzü, bir insan kimi Osmanın bu bədbəxt gününün kədərindən mənə də pay düşdü, mən də qüssəyə batdım. Axı, necə olmasa da, dünyada nə qədər çox adam bədbəxt olursa, dünya bir o qədər özü də bədbəxtliyə sürüklənir.

O ki qaldı real həyatla bizim onu qavramağımızın fərqinin gözəl bir mənzərəni hədsiz dərəcədə bərbad çəkən rəssamla xarabalığı ustadcasına gözəl çəkən rəssamın çəkdikləri arasındakı fərq qədər olmasına, bu, həqiqətən belədir. Sənə xarabalığı bəh-bəh deyib tərifləyərək gözəllik kimi sırıyırlar, səninsə beynindəki əsil gözəlliyin bərbad qavranması illüziyasıdır.

P.S.

Kvant fizikasının kəşfinə qədər işığın zərrəcik yığını olması qəbul edilirdi. Kəşfdən sonra isə məlum oldu ki, işıq dalğa davranışı göstərir.

P.P.S.

Zərrəcik nədir ki, tapdalayıb keçdiniz, iş bitdi. Amma dalğa gələndə, onu dəf etməyiniz çətin olacaq!

Fevral, 2020

# 7693 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #