İlqar Məmmədovla ədəbiyyat söhbəti: “Şair heç vaxt dövlət idarə edə bilməz”

İlqar Məmmədovla ədəbiyyat söhbəti: “Şair heç vaxt dövlət idarə edə bilməz”
9 dekabr 2019
# 08:59

Kulis.az-ın “İşdən kənar” layihəsinin budəfəki qonağı Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovdur.

- Yəqin rusca mütaliə edirsiniz...

- Bağçada da rus sektoruna getmişəm, məktəbdə də, universitetdə də. Nadir hallarda bədii əsərləri öz dilimizdə, ya da ingiliscə oxuyuram.

- Azərbaycanca oxuduğunuz bədii əsər olub?

- Olub. Amma çox yox. Ötən il Markesin “Polkovnikə məktub yoxdur” əsərini azərbaycanca oxumuşam.

- Dilin təfəkkürə təsiri danılmazdır. Sizcə, rusdilli olmaq sizin təfəkkürünüzə necə təsir edir?

- Rusca oxusam da, bu, o demək deyil ki, oxuduqlarımın çox hissəsi rus ədəbiyyatına aiddir. Daha çox dünya ədəbiyyatını oxuyuram. Əlbəttə, dil təfəkkürə təsir edir, bu qaçılmazdır. Əsas odur ki, yaxşı təsir etsin.

- Sizcə, yaxşı təsir edirmi?

- Hər halda razıyam. Bir şeyi də nəzərə alın, mən 6 yaşıma qədər rusca bilmirdim. Rusdilli bağçaya getdikdən sonra bu dili öyrənməyə başladım. Evdə həmişə öz dilimizdə danışmışıq. İndi də elədir.

- Yaxşı, belə deyək, plan quranda içinizdə hansı dildə düşünürsünüz?

- Demək çətindir. Mövzudan və məqamından asılıdır. Bəzən rusca, bəzən öz dilimizdə, bəzən ingiliscə düşünürəm.

- Rusdilli olmaq siyasi karyeranıza necə təsir edir?

- Təkrar edim ki, 6 yaşımdan sonra rusca öyrənməyə başladım. Bəziləri istəyərdi ki, başqa dillərdə təhsil almağımın siyasi fəaliyyətimə həlledici təsiri olsun və bunu mənə qarşı istifadə eləsinlər. Amma çalışıram olmasın. Yeri gəlmişkən, bu yaxınlada xaricdəki bir tədbirdə mənə rusca çıxış etməyi təklif etdilər. Onda fikir verdim ki, ictimai çıxışları demək olar ancaq öz dilimizdə edirmişəm. Rus dilində çıxış etmək üçün əlavə hazırlaşmağa məcbur oldum. Halbuki, öz dilimizdə çıxış edəndə buna ehtiyac olmur.

- Yazılarınızda tez-tez mədəniyyət mövzuları, ədəbiyyat motivləri ilə rastlaşırıq. Mədəniyyət fikirlərinizin ifadəsinə necə təsir edir?

- Böyük həcmli mətnlər istehsal eləməyimə baxmayaraq, özüm haqqımda ədib kimi düşünməmişəm. Mətn istehsalçısı ilə ədəbiyyatçı arasında fərq var. Yazılarım ədəbi zövq tərbiyə etməkdən ötrü deyil. Ölkənin siyasi ehtiyaclarını ödəməkdən ötrü yazıram. Amma hansısa mövzuya xüsusi bir önəm verməyimi ifadə etmək üçün bəzən ədəbiyyatın estetik üsullarından da istifadə edirəm. Amma bu üsuldan çox da istifadə etmək olmaz, çünki onun çəkisi itər və diqqətin daim sözün gözəlliyinə yayınacaq, məzmun səni daha maraqlandırmayacaq.

Bircə dəfə bədii əsər yazmaq fikrinə düşdüm. O da həbsimin ilk aylarında. Siyasi triller yazırdım, əlyazmada 30 səhifə irəlilədim. Sonra gördüm ki, başım Avropa Məhkəməsinə hazırlıq məsələlərinə qarışır və diqqətimi ona yönəltdim.

- Hansı janrlı ədəbi əsərləri mütaliə etməyi xoşlayırsınız?

- Vaxtım olduqca bədii ədəbiyyat oxuyuram. Amma ən çox belə kitablarla yeniyetmə yaşlarımda tanış oldum, yəqin belə də olmalıdır. Necə ki, ana südü körpələrin gələcək həyatını təyin edir, ədəbiyyat da yeniyetməlik vaxtında insan zehninin xəmirini yoğurur. Bu vaxt insanın dünyanı kəşf etdiyi vaxtdır.

Yeniyetməlik illərində bədii ədəbiyyatdan daha çox məktəb proqramında olan klassik əsərləri, fantastika və macəra janrında olan əsərləri, tarixi romanları oxumuşam, bir də klassik detektiv romanlarını. Məncə, klassik detektivləri oxumaq hər kəsin borcudur – Konan Doyl, Aqata Kristi, Edqar Allan Po və s.

Universitetdə oxuduğum müddətdən etibarən bədii ədəbiyyata marağım zəiflədi, çünki diqqətimi elmi ədəbiyyat tam zəbt etdi. Amma heç vaxt marağım yox səviyyəsində olmayıb. Bədii ədəbiyyata qayıtdığım ikinci dönəm, həbsxana illəri olub. Amma hətta orda da daha çox oxuduğum kitablar bədii deyil, xüsusi ədəbiyyat olub – elmi-populyar, siyasi və s.

Gallery

- Teatra gedirsinizmi?

- Xeyr. Getmirəm. Azərbaycan teatrlarında bir neçə dəfə olmuşam, bəyənməmişəm. Bu o demək deyil ki, Azərbaycanda teatr mədəniyyətinin olmadığını düşünürəm. Bəxtimə belə düşüb. Bəlkə də yaxşı tamaşalar var.

- Humanitar təfəkkürlü adam – deyək ki, ədəbiyyatçı, şairanə xarakterli bir adam hakimiyyətdə ola bilərmi?

- Xeyr. Şairlik bir ruh halıdır. Şair heç vaxt dövlət idarə edə bilməz. İdarəçilik olduqca rasional prosesdir. Sözü sözə qoşmaq, bu qoşquda bir möcüzə yaratmaq, ya da yaranacağına ümid etmək beyin enerjisini dəhşətli dərəcədə xərcləyən işdir. Ona görə, inanmıram ki, şair siyasi idarəçilikdə uğurlu olsun.

- Yaxın vaxtlarda gənc müğənni Üzeyir Mehdizadə ilə bağlı fikirləriniz cəmiyyət tərəfindən birmənalı qəbul edilmədi. Siz həqiqətən də Üzeyir Mehdizadənin fəaliyyətini, mahnılarını yüksək dəyərləndirirsiniz? Özünüz dinləyirsiniz bu müğənnini?

- Bir ifaçı 170 milyon dəfədən artıq izlənilirsə, bu, Azərbaycan mədəniyyətinin mümkün əhatə dairəsini göstərir, çünki Azərbaycanda bu qədər adam yoxdur. Mərakeşdən tutmuş İsrailə, Orta Asiyadan tutmuş Almaniyaya qədər coğrafiyanı əhatələyən bir adam heç kəsdən pul istəmir. Əksinə, kənardan pul qazanır Azərbaycana gətirir, burda xərcləyir, dövlətə vergi ödəyir. Onun vergisi sayəsində insanlar pensiya alır, bəzi sənət adamları isə dövlətdən mənzil alır. Bunun nəyi pisdir?

Kimsə gecə-gündüz mədəniyyət, incəsənət əsərləri yaradır, sonra isə vergi ödəyicisindən mənzil istəyir, imtiyaz umur. Bu cavan oğlan isə heç nə ummur, əksinə onun vergiləri hesabına başqa mədəniyyət adamlarına maddi imtiyazlar çatır. Bizə öz istedadını dünya bazarında satmağı bacaran insanlar lazımdır. Zövq məsələsinə isə çalışıram qarışmayım. Hər kəsin zövqü ayrıdır.

Bununla belə, demirəm ki, ümumilikdə götürəndə mədəniyyət ancaq kommersiya əsaslı olmalıdır. Deyirəm ki, Üzeyir Mehdizadənin uğuru bazarın mövcudluğunu, bazarın gerçəkliyini, həqiqiliyini sübut etdi və xeyli sayda mədəniyyət adamı bazar imkanlarından yararlana bilər.

- İlqar müəllim, az əvvəl qeyd etdiyiniz. Bəs o, 100 milyondan artıq insanın yaşadığı geniş arealda Azərbaycan musiqisi adı ilə Üzeyirin mahnılarının yayılmasına necə baxırsınız?

- Normal. Kim sevirsə, sevsin. Mən kiminsə zövqünə niyə müdaxilə edim ki?

- Özünüz dinləmisinizmi, Üzeyir Mehdizadəni?

- Mənim musiqi zövqümdən danışsam, bitməz. Klassik, rok, caz, xalq mahnıları, aşıq musiqisi – hər şey var...

- O cümlədən də Üzeyir?

- Hansısa məclisdə onun da bir mahnısını dinləyərəm. Amma daha çox caz, rok və pop musiqiyə meylliyəm. Bir də görürsən muğamat aparır adamı. Ya da aşıq havası. Ya da tar. Ya da hava limanına gedəndə Eyyub Yaqubovun “Samolyot” mahnısına ləzzətlə qulaq asaram. Hər cür gözəl musiqini dinləyirəm.

- Sizcə, ədəbiyyat siyasətə yön verə bilərmi?

- Verməlidir. Biz onu birbaşa hiss etmirik. Sözlər və onların törətdiyi, yön verdiyi ideyalar ədəbiyyat oxunduqca və o oxunanlar cəmiyyətdəki ünsiyyətə sirayət etdikcə yaranır, yayılır. Qazıb baxmaq mümkün olsaydı, görərdik ki, bəzi siyasi fikirlərin kökü kiminsə siyasətdən tam uzaq bədii yaradıcılığına gedib çıxır. Havanın molekulyar tərkibinə nəfəs alarkən diqqət etmədiyimiz kimi, bu yönvərməni də hiss etmirik.

- Az əvvəl dediyiniz bir məsələyə qayıtmaq istəyirəm. Bəzi sənət adamlarına dövlət dəstəyi, mənzil hədiyyəsi və s. Belə bir yanaşma var ki, Azərbaycan kimi balaca ölkələrdə sənət adamlarına dövlət dəstəyi zəruridir. Razısınız bu fikirlə?

- Ölkəmiz kiçik kimi görünür, amma adamlar var ki, toy sənayesinə qatılıb xeyli pul qazanır. Toy sənayesi bir qrup sənətkarı yaşadırsa, demək, başqa bazar platformaları hansısa başqa incəsənət növlərini yaşada bilər. Məncə, bu ölkədə yaradıcılıqla uğurla məşğul olmaqdan ötrü 10 milyonluq əhali yetərincə böyük bazardır.

- Ədəbiyyat adamları arasında dostluq etdikləriniz varmı?

- Ünsiyyətim olanlar var. Amma çox da yaxın olan biri, “sən” deyib müraciət edə biləcəyim adam ağlıma gəlmir.

- Oxuduqlarınız arasında, adını çəkə biləcəyiniz gənc yazarlar necə, var?

- Azərbaycan ədəbiyyatını nadir hallarda oxumuşam. Bəzi yazarları onların ictimai fəaliyyətlərindən tanıyıram, mətn üzərindən yox.

- Əzbər bildiyiniz şeir?

- Ruscadır. Sevdiyim 3 şair var, hamısı rusdur – Puşkin, Mayakovski, Brodski.

- Ümumilikdə Azərbaycan ədəbiyyatında adını çəkə biləcəyiniz yazıçı hansıdır?

- Azərbaycan yazıçıları arasında məndə birbaşa iz buraxanı yoxdur. Son oxuduğum əsər – onu da həbsdə oxudum – İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” povestidir. Hamımız Azərbaycan cəmiyyətinin məhsuluyuq deyə, o yazıçılar bizim formalaşmağımızda dolayısı ilə iştirak edir.

- Sonda film zövqünüzlə tanış olaq...

- Filmlər nisbətən çox baxıram.

- Necə seçirsiz, rejissorlara görə?

- Xeyr, təsadüfən. Bir dəqiqədən sonra bilinir ki, film baxılasıdır, ya yox. Sevdiyim filmlər xüsusi auditoriya üçündür, amma populyar filmlərlə də məmnuniyyətlə vaxt keçirirəm.

- Xüsusi auditoriya üçün olan filmlərdən, yaxud rejissorlardan bir neçəsinin adını xahiş etsəm...

- Stenli Kubrik, Koppala, Tarkovski, Kieslovski, Nolan, Almadovar və s. Amma rejissorun adı ilə film seçmirəm. Film üzərindən rejissoru tanıyıram.

- Müsahibə üçün sağ olun.

- Siz də sağ olun.

# 6998 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #