Hüseyn Cavid Sibirə aparılanda ondan nə istəmişdi? - Abdulla Şaiqin evindən reportaj

Hüseyn Cavid Sibirə aparılanda ondan nə istəmişdi? - Abdulla Şaiqin evindən reportaj
21 fevral 2020
# 10:57

Fevralın 24-ü Abdulla Şaiqin anadan olmasının 139 illiyidir. Bu münasibətlə APA ədibin mənzil muzeyindən reportajı təqdim edir.

Ötən əsrin 80-ci illərinə qədər Yuxarı Dağlıq adlanan küçədə Azərbaycan ziyalılarının 40 ildən çox üz tutduğu bir ünvan olub, bu gün biz də həmin ünvana yollanmışıq. Başda Hüseyn Cavid olmaqla Azərbaycanın əksər şair-yazıçıları, mədəniyyət xadimləri dəfələrlə bu ünvana gəlib, bu evin süfrəsində çörək kəsib, mehribanlıq, qayğı görüb. Bu evin divarları arasında xalqımızın neçə-neçə dərdləri dilə gəlib, problemləri sadalanıb, bu dərdlərdən çıxış yolları aranıb, gələcəyinə işıq tutulub... Niyə bu evdə?

Çünki burada ən əvvəl müəllim, daha sonra yazıçı-şair, tərcüməçi, ədəbiyyatşünas, ictimai xadim kimi tanınan - hamının dərin hörmət bəslədiyi, hələ cavan vaxtlarından siqlətli davranışı, dürüst əxlaqı, su kimi saf qəlbi ilə hər kəsin sevimlisinə çevrilmiş Abdulla Şaiq yaşayıb.

Sonralar, yəni 1981-ci ildə ədibin anadan olmasının 100 illiyi münasibəti ilə Yuxarı Dağlıq küçəsi onun adını daşıyacaq, 1991-ci ildə həmin ünvan mənzil muzeyinə çevriləcək, 2001-ci ildən də ziyarətçilərin ixtiyarına veriləcəkdi.

Bu gün biz də 100 il əvvəl Azərbaycan ziyalılarının onlara doğma olan bu evin kandarından ayaqlarını içəri atarkən keçirdikləri hissin eynisini yaşayırıq. Çünki bizdən ötrü Abdulla Şaiq təkcə bu muzey-evin qapısını üzümüzə açan, direktor Ülkər Talıbzadənin deyil, danışmağa “Keçi”, “Xoruz” kimi neçə-neçə uşaq şeirlərini əzbərləməklə başlayan, “Tıqtıq xanım”dan, “Tülkü həccə gedir”dən xəbərdar olan hər kəsin babasıdır. Ona görə də burda keçirdiyimiz bir neçə saat ərzində nəvə şıltaqlığıyla muzeyin otaqlarını dolaşacaq, bu evin, bu doğmalığın bir parçasına çevriləcəyik.

Gallery

“Abdulla Şaiq bu mənzildə 1916-cı ildən 1957-ci ilə kimi yaşayıb. Babama yazıçıların Hüsü Hacıyev küçəsindəki binasından mənzil veriləndən sonra isə burda əvvəl Nəbi Xəzri, sonra da ədəbiyyatşünas Kamran Məmmədov məskunlaşıb. 1991-ci ildə Abdulla Şaiqin Ev Muzeyinin yaradılması ilə bağlı qərar veriləndə Kamran Məmmədovun ailəsi başqa mənzilə köçürülüb”. Bunları üçmərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mənzil muzeyinə qalxa-qalxa Ülkər xanım danışır.

Mən soruşuram:

- Abdulla Şaiq bu evi özü almışdı?

- Əvvəla onu deyim ki, Abdulla Şaiq 1901-ci ildə anası Mehri xanım, qardaşı Yusif Ziya və bacısı ilə birlikdə Bakıya köçüb. Bundan sonra həmyerlisi və Tiflisdə qonşusu olmuş Nəriman Nərimanov ona istər işə düzəlməsində, istərsə də bu mənzili almasında çox köməklik göstərib.

- Buranı özü almayıb?

- Özü almayıb, babamın o qədər pulu harda idi ki, ev alsın? Evi ona Nəriman Nərimanov verib. O vaxta qədər isə Abdulla Şaiq anası və qardaşı ilə İçərişəhərdə kirayədə yaşayıb.

Bu da Abdulla Şaiqin mənzil muzeyi. Girişdə böyük ədibin bizi qarşılayan büstü ilə salamlaşıb sirli-sehrli məkana daxil oluruq.

Qapıdan girən kimi taxçada düzülmüş mis qablar diqqətimi çəkir. Deyirəm, yəqin adətən muzeylərdə olduğu kimi, buranın da ab-havasına tarixilik qatmaq naminə sərgilənirlər. Yanılmışam. Ziyarətimiz boyu bizə yoldaşlıq edəcək muzeyin elmi işçisi Elminaz Məmmədli sözlərimə düzəliş verir: “Yox, yox, bunlar bəzək üçün qoyulmayıb. Bu mis əşyaları Abdulla Şaiqgil özləri ilə Tiflisdən gətiriblər. Anası Mehri xanım bu qab-qacaqdan mətbəxdə istifadə edir, bunlarda yemək bişirir, su daşıyırmış”.

Yeri gəlmişkən, dayandığımız yer o vaxt mətbəx olub.

Gallery

“Mətbəx”dən qonaq otağına giririk. Buranın divarlarını Abdulla Şaiqlə oğlu Kamal Talıbzadənin (Ülkər xanımın atasının) əksi olan xalça, eləcə də ədibin atasının, qardaşının və həyat yoldaşının təsvirləri olan tablolar, müxtəlif ölçüdə ağ-qara fotolar bəzəyir. Yeri gəlib, onu da deyək ki, Ülkər xanım anadan olandan altı ay sonra babasıgil bayaq adını çəkdiyimiz mənzilə köçüblər. Abdulla Şaiq də həmin evdə dünyasını dəyişib.

“Babam səhər saat doqquza iyirimi dəqiqə qalmış rəhmətə gedib, - ədibin nəvəsi divardakı qədim, kəfgirli saata işarə edir, - baxın, bu saat, eləcə də muzeydəki bütün başqa saatlar eyni vaxtı göstərir. Bunu atam belə edib”.

- Bu qadın Abdulla Şaiqin həyat yoldaşıdır?

İri tablodan, ağbəniz, çəhrayıyanaq bir qadın boylanır.

- Bəli, Şahzadə xanım mənim nənəmdir. Bəlkə çoxu bilmir, deyim ki, Şahzadə xanım Şaiqin ikinci həyat yoldaşı yolub. Birinci evliliyi çox qısa sürüb. Gəlin, onun da şəklini göstərim. Raziyə xanım İçərişəhərdə kirayə qaldığı evin sahibinin qızı olub, 1912-ci ildə ailə qursalar da, evlilikləri heç bir il sürməyib.

- Niyə?

- Raziyə xanım xəstə olduğundan vəfat edib. Abdulla Şaiqin onun ölümünə yazdığı “Bəxtsiz rəfiqəmə” adlı şeiri var.

Qarşı divardakı kiçik ölçülü cavan qız rəsmini göstərir. Yanında iki bəndlik şeir də verilib.

- Raziyə xanımdan övladı olmayıb?

- Yox, olmayıb. Raziyə xanımın vəfatından neçə il sonra nənəmlə evlənib. Nənəmin atası Əhməd bəy Mirzəbəyov Dərbənddə bank müdiri olub. Denikin Qafqaza hücum edəndə azərbaycanlı ailələrin çoxu Bakıya qaçır, o cümlədən də Əhməd bəyin ailəsi. Bakıda bu binanın birinci mərtəbəsində kirayə evdə məskunlaşırlar. Nənəm çox gözəl qadın olub. Abdulla Şaiqin anası Mehri xanım da nənəmi görüb bəyənib və oğluna alıb.

- Neçə övladları olub?

- Dörd övladları olub: Kamal, İldırım, Gülbəniz və Altunsaç. Altunsaç körpə yaşlarında vəfat edib. Gülbəniz xanım uzun müddət indiki Texniki Universitetin poliklinikasında həkim işləyib, kiçik oğlu İldırım Talıbzadə isə Tarix İnstitutunda çalışıb, 50 yaşında dünyasını dəyişib. Atamı isə hamı tanıyır; alim, tənqidçi, ədəbiyyatşünas olub. Məncə, onun haqqında geniş danışmağa ehtiyac yoxdur.

Gallery

Yan otağa keçirik. Burada daha çox A. Şaiqin pedaqoji fəaliyyətini əks etdirən sənədlər, fotolar, dərsliklər sərgilənir. Bir guşədə isə uşaqlar üçün yazdığı nağıllara aid rəsmlər, kuklalar yer alır. Ülkər xanım əski əlifba ilə olan müxtəlif dərslikləri göstərir: “Bunlar Abdulla Şaiqin tərtib etdiyi dərsliklərdir. 1918-ci ildə Azərbaycanda məktəblərin milliləşdirilməsi ilə bağlı qərar çıxır. O zaman ilk türkdilli məktəbi Abdulla Şaiq yaradır. Həmin məktəb “Şaiq nümunə məktəbi” adlanırdı. Bu adı ona xalq vermişdi”.

Ülkər xanım bizə “Şaiq nümunə məktəbi”nin fotolarını göstərir: “Mərkəzdə oturub Qantəmir, Abdulla Şaiq və Qafur Rəşad. Qafur Rəşad məktəbin direktoru idi, bu şəkil 1924-cü ildə çəkilib”.

Başqa bir şəkil isə 1958-ci ilə, ədibin ölümündən bir il əvvələ təsadüf edir. Ətrafında vaxtı ilə dərs dediyi şagirdləri oturub, aralarında kimlər yoxdur? Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Niyazi, Adil Əfəndiyev, Rəmzi Yüzbaşov, Tağı Şahbazi, Yusif Məmmədəliyev... Onun şagirdlərin arasından sonradan Azərbaycanın bütün sahələrində öz sözünü demiş yüzlərlə şəxs yetişib.

Gallery

- Abdulla Şaiqin Əli bəy Hüseynzadə ilə münasibətləri necə olub? Bildiyim qədəri ilə dil məsələsində fikir ayrılıqları mövcud idi.

E. Məmmədli:

- Abdulla Şaiqin xatirələrində Əli bəy Hüseynzadənin ideoloq, rəssam, həkim kimi fəaliyyəti əks olunub. Xatirələrində Əli bəy Hüseynzadəni yüksək qiymətləndirsə də, kiçik neqativ münasibət də ifadə olunur. Abdulla Şaiq onu xəlqi olmamaqda günahlandırırdı. Onu da qeyd edim ki, Əli bəy Hüseynzadə haqqında ilk məlumatı məhz Abdulla Şaiq “Gülzar” dərsliyində yazıb.

Ü. Talıbzadə:

- Bəlkə də Abdulla Şaiq Əli bəyi heç nədə ittiham etməyib, kitab nəşr olunsun deyə, Kamal müəllim bu cür redaktə edib. Mən belə fikirləşirəm. Çünki atam özü deyirdi: “Mən çox günahkaram, çünki atamın əsərlərinə çox əl gəzdirmişəm, lazım olduğundan artıq redaktə eləmişəm. Bunu da ona görə eləmişəm ki, həmin xatirələr senzuradan keçib nəşr olunsun”. Abdulla Şaiq Əli bəyi yüksək qiymətləndirməsəydi, Birinci Türkoloji Qurultayda onun haqqında çıxış eləyib xoş sözlər deməzdi.

Yenidən qonaq otağına qayıdırıq. Elminaz xanım ədibin papağını, araqçınını, diş fırçasını, taraş alətlərini və qol düymələrini göstərir. Xüsusi əlaməti, dəbdəbəsi olmayan sadə əşyalardır. Sahiblərinin təvazökarlığından xəbər verən bu əşyalar bir-birinə həyan olurlarmış kimi sıx düzülüblər: “Gördüyünüz bu çinarları isə Şaiq özü çəkib. Onun rəsm bacarığı da var idi”.

Elminaz xanım başqa bir vitrinə yanaşır: “Bu da onun ilk qəzəl dəftərləridir. Abdulla Şaiq qəzəl yazmağa Füzulinin təsiri ilə Xorasanda başlayıb. O vaxt anası və qardaşı ilə Xorasana İmam Rzanın məzarını ziyarətə gedirlər, sonra isə orda qalıb oxuyurlar”.

Deyəsən, Ülkər xanım bu dəfə də deyilənlə razılaşmır: “Ziyarət öz yerində, atam danışırdı ki, nənəm çox bilikli və inanclı arvad idi. Uşaqlarının dini təhsil almasına çalışırdı. Şaiqin atası isə baxmayaraq ki, axund olub, oğlanlarının dünyəvi təhsil almaqlarından yanaydı”.

- Abdulla Şaiq dindar idi?

- Əlbəttə, Sovet rejiminə görə baxışlarını gizlədirdi. Amma mənə evdə deyirdilər ki, babam elə də dindar olmayıb. Ondan fərqli olaraq, qardaşı Yusif Ziya dini təhsilini davam etdirib və axund rütbəsi alıb.

Yusif Ziyanın acı taleyi olub...

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra N.Nərimanov onu Naxçıvana hərbi komissar təyin edir. Amma Yusif Ziya orda çox işləyə bilmir, hiss edir ki, şura hökuməti ilə ulduzu barışmayacaq. Yenə Nərimanova müraciət edərək ölkədən getmək üçün icazə istəyir. Beləliklə, Yusif Ziya əvvəl Türkiyəyə, sonra Orta Asiyaya yollanıb basmaçıların sırasında Qırmızı Orduya qarşı vuruşur və döyüşlərin birində həlak olur.

- Qardaşına görə Abdulla Şaiqə təzyiqlər edilir?

- Çox böyük təzyiqlər görür. Müəyyən dövrdə ev dustaqlığı yaşayır, iş vermirlər. Hamı məəttəl qalıb, necə olur ki, repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur? Hüseyn Cavid onun ən yaxın dostlarından idi. Bir yerdə rəsmləri də var.

Gallery

Divardakı iri kətan tablonu göstərir.

- Tofiq Kərimov çəkib: “Hüseyn Cavid və Abdulla Şaiq Abdulla Şaiqin mənzilində”.

Ədibin yazı masasının, kitabxanasının və digər əşyalarının yer aldığı növbəti otağa keçirik.

- Bax, həmin bu otaqda, həmin kresloda oturan yerdə onları çəkiblər.

- Bu babanızın kreslosudur?

- Hamısı onun əşyalarıdır.

- Deməli, qardaşı basmaçılara qoşulduğu üçün 37-də Abdulla Şaiqə təzyiqlər olur.

- Bəli. Hətta belə bir hadisə baş verib. Atam danışırdı ki, bir gün səhər qapı döyüldü, anam qapını açdı. Bir nəfər dedi ki, Hüseyn Cavidi Sibirə aparırlar, vağzaldadı, mənə tapşırdı, Şaiqin evinə get, isti pal-paltar göndərsin. Atam deyir ki, bundan sonra baban məni Müşkinaz xalagilə göndərdi. Mən hər şeyi ona danışdım. Müşkünaz xala da bizim evə gəldi, birlikdə azuqə düzəltdilər.

Şaiq sovqatı götürüb özü tək gedir vağzala. Neçə saat gözləyir. Heç kəs gəlmir. Sən demə bu təxribat imiş.

- Şaiqi Hüseyn Cavid bəhanəsi ilə ora aparmaq istəyirmişlər. Bir neçə gündən sonra Yazıçılar İttifaqında iclas keçirilir, bu məsələ də müzakirə olunur. Bax, belə hadisə olub.

Ancaq müəllimliyi dadına çatır... Tələbələri A. Şaiqi 37 canavarının qanlı pəncəsindən xilas edirlər.

- Tələbəsi Ruhulla Axundov hələ repressiya olunmamışdı. Xalq komissarı işləyirdi. Babamı Şuşaya dərs deməyə göndərir ki, gözdən iraq olsun. Mirzə İbrahimov görün nə edir? Özünün ön sözü ilə Abdulla Şaiqin əsərlərini nəşr edir və Abdulla Şaiqi sırf sovet yazıçısı kimi təqdim edir. Bax, babam 37-dən bu cür xilas oldu. Yoxsa başqaları kimi onu da götürəcəkdilər.

- Dediniz ki, iş vermirdilər.

- Bəli. Bir müddət işsiz qalır. Atam həmişə danışırdı ki, nənəmin yaxşı qızılları vardı, babamın işsiz vaxtlarında hamısı “Torqsin”də (Xarici Vətəndaşlarla Ticarət üzrə Ümumittifaq Birliyi - M.A.) əriyib. Atam deyirdi: “Anam qızıl əşyalarını bir-biri “Torqsin”ə qoyurdu, onun hesabına dolanırdıq. Sonra da mən böyüdüm və başladım işləməyə”. Ondan əlavə, 1945-ci ildə atam ali diplomatiya məktəbinə imtahan verib hamısından “beş” alsa da, keçmir. Niyə? Ona deyirlər ki, sənin atanla əmin o vaxt Xorasanda yaşayıb, təhsil alıblar, ona görə burda oxuya bilməzsən.

- Deməli, ailənizə qarşı təzyiqlər heç vaxt bitməyib.

- Bir şeyi deyim. Qırxıncı illərin sonlarında atam Nizami adına Ədəbiyyat İnstitutunda işləyirdi. Bir gün xəbər gəlir ki, babamla atamı KQB-ə çağırırlar. Babam getmir, xəstə idi. Atama orda deyirlər ki, sənin əmin 23-cü ildə ölməyib, sağdır, bu dəqiqə Almaniyada Sovet Azərbaycanına qarşı təxribat işləri aparır. Atam da deyir ki, bizim onunla əlaqəmiz yoxdur, hətta onun qanlı köynəyini və üstündə qan ləkəsi olan Quranını o vaxt bizə göndəriblər. Doğrudan da, elə olub. 23-cü ildə bir nəfər qardaşının qanlı köynəyini və Quranını babama gətirib. Həmin Quran indi muzeydədir.

- Baxa bilərik?

Yusif Ziyanın portretinin altında dayanmış vitrinə yaxınlaşırıq. Balaca cib kitabıdır.

- Babam bu Quranı özündə saxlayırdı, babamdan sonra bibimdə qaldı. Muzey açılanda da bibim bura bağışladı.

Gallery

Artıq qonaq otağındakı geniş masanın arxasında oturmuşuq, söhbətimizə davam edirik. Danışdıqca və bir vaxtlar Azərbaycanın say-seçmə insanlarının ətrafında əyləşdiyi bu qədim masaya, onun örtüyünə tamaşa etdikcə mənə elə gəlir ki, müsahibədə deyil, ruhçağırma mərasimindəyəm. Və biz sıra ilə A. Şaiqin, H. Cavidin, M. Hadinin, C. Cabbarlının, S. Vurğunun və Azərbaycanın neçə-neçə ziyalısının adını çəkdikcə, onların ruhları bir-bir bu soyuq məkanda peyda olur və buranı özlərinin unudulmaz xatiratları ilə hərarətləndirir.

- Bura kimlər gəlirdi?

- Hüseyn Cavid, Hümmət Əlizadə, Mikayıl Müşfiq, Atababa Musaxanlı, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı... O dövrdə Abdulla Şaiqlə işləyən həm müəllim, həm də yazıçılar hamısı burda olub.

- Rəsulzadə də gəlib?

- Onu bilmirəm, məndə elə bir fakt yoxdur. Ancaq deyim ki, bu yaxında “Türk ocaqları” bərpa edildi, onun bərpaçılarından biri də mən oldum. Niyə? Çünki o dövrdə Azərbaycanda “Türk ocaqları”nı yaradanlardan biri babam idi.

- Onların “Türk ocaqları”nı yaratmaqda məqsədləri nə idi?

- Mən sizə deyim ki, bu iki qardaş çox böyük türkçü olublar. Siz fikri verin, hər yerdə fəs geyiniblər. Hətta Yusif Ziya türkçülük barədə daha çox irəli gedib, hamı deyirdi ki, babama bu hissi qardaşı aşılayıb. “Türk ocaqları”nı yaratmaqda da məqsəd Azərbaycanda türk əqidəsini, türkçülüyü yaymaq idi.

- Sonra Sovet hakimiyyəti gəldi və məcburən bu ideyalardan vaz keçməli oldular.

- Onlar vaz keçməyiblər. Rejim başqa olsa da, Abdulla Şaiq türkçü kimi qalmağa davam edib. Onun türkçülük mövzusunda və stalinizmi ifşa edən şeirləri var.

- Nə vaxt yazılıb?

- Elə otuz-qırxıncı illərdə yazılıb. Bu şeirlərin hamısını Sovet dönəmində Abdulla Şaiq rulon şəklində köhnə qəzetlərə büküb kitabların arxasına qoymuşdu. O, rəhmətə gedəndən sonra evdə təmir işləri aparılarkən Kamal müəllim bu şeirləri tapır. O dövrdə çap etdirməsə də, 90-cı illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra bunları ilk dəfə dövrü mətbuatda, sonra isə “Arazdan Turana” adlı kitabda çap edir. O kitabda Abdulla Şaiqin türkçülüyü vəsf edən, stalinizmin ifşasına həsr olunmuş şeirləri, ilk qəzəlləri yer alır. Babam öz əqidəsindən heç vaxt dönməyib, ömrünün sonuna qədər gizli də olsa, türkçü kimi qalıb.

- Siz Abdulla Şaiqin türkçü şeirlərini xatırladınız. Ancaq o, daha çox uşaq şeirləri ilə yaddaşlara həkk olub, deyərdim ki, hamının yaddaşında bir nurani baba kimi qalıb.

- Elədir. Muzeyin bir otağı Abdulla Şaiqin uşaq yaradıcılığı və dramaturgiyasına həsr olunub. Tez-tez uşaqlar üçün tamaşalar göstəririk. O, həmişə deyərdi: “Mən şairliyimdən ziyadə müəllimliyimlə fəxr edirəm. Hər şeydən əvvəl müəlliməm”. Abdulla Şaiq uşaqlar üçün əsərlər yaradanda da, ilk növbədə, müəllim kimi düşünüb, uşaqların maariflənməsini, tərbiyələnməsini nəzərə alaraq yaradıb. O, dərsliklər hazırlayır və bu dərsliklərə uşaqlar üçün ədəbi nümunələr əlavə edirdi. Düzdür, Uşinskinin dərsliklərindən istifadə edib, amma məzmunu saxlayıb, şeirləri öz dilimizdə təzədən yazıb.

Gallery

- Bir dəfə Hadini küçədə görüb evinə gətirir.

- Elədir. Xatirələrində yazır ki, küçədə bir nəfər kağızda şeirlərini satırdı. Yaxınlaşanda gördüm Hadidi.

E. Məmmədli:

- Ondan sonra Hadini evinə gətirir. O zaman hələ İçərişəhərdəki mənzildə yaşayırdılar. Hadini iki aya yaxın həmin evdə saxlayır.

Şaiq xatirələrində yazır ki, Hadi uşaqlıqdan yetim qaldığı üçün sərbəst böyümüşdü. Ona görə də evdə anama tapşırdım ki, səndən nəsə soruşmayınca onu danışdırma, birdən səhv anlayar, elə bilər bizə yükdür.

“Bir gün dərsdən qayıdıb görür ki, Hadi evdə yoxdur” - Elminaz xanım Hadi haqqında söhbəti yekunlaşdırır.

- Mən sizə Hümmət Əlizadədən danışım, - Ü. Talıbzadə əlavə edir, - Folklorşünas alim idi, Şaiqin şagirdi olub. O da bir müddət bu evdə qalıb. Hümmət Əlizadə bir qıza aşiq olur, qızı ona vermirlər. Abdulla Şaiq deyir ki, özüm sənin elçiliyini edəcəm. Elçi gedir, qızı Hümmət Əlizadəyə alır, bu evdə ona toy çaldırır. Toyda dövrün tanınmış adamları iştirak edirlər.

Həmin məclisə S. Vurğun da qoşulur. O gecə mənzildəkilərin arasında bir nəfər də var, Şahzadə xanımın kiçik bacısı Xavər. Xavər ev yiyəsinə kömək edir, bacısı ilə birlikdə qonaqlara qulluq edir. Səməd qızı görür və toy boyu gözünü ondan çəkə bilmir... Bir müddət sonra A. Şaiq Səməd üçün də elçi gedir və baldızını qələm yoldaşına istəyir.

- Səməd Vurğunun toyu da bu balaca mənzildə olub, - Ülkər xanımdı, - bax, bu balaca mənzildə Abdulla Şaiqin, Hümmət Əlizadənin, Səməd Vurğunun, bir də atam Kamal Talıbzadənin toyu olub, dörd toy. Və o toylarda da Azərbaycanın ən görkəmli insanları iştirak ediblər. Bülbül Səməd Vurğunun toyunda bədahətən mahnılar ifa edib. Üzeyir Hacıbəyov, onun qardaşı Zülfüqar Hacıbəyov özü neçə dəfə bu evə gəlib-gediblər.

Sovet dövründə adı yasaq olunmuş İsmayıl Hikmət adlı bir türk alim vardı. İsmayıl Hikmət, Hüseyn Cavid və Abdulla Şaiq - üçünün bir yerdə çəkilmiş şəkli durur. Sovet dövründə həmin şəkli kəsib, İsmayıl Hikməti çıxarmışdılar. O şəklin bərpasını sonradan atam həyata keçirib. İndi muzeydədir. Həmin İsmayıl Hikmət deyirdi ki, Abdulla Şaiq mələk kimi insandır. Onun bu xüsusda şeiri də var. Ona görə demirəm ki, mənim babamdı. Doğrudan da Abdulla Şaiq barədə hamı, həmişə xoş sözlər danışıb.

Ülkər xanımı şirin xatirələrdən ayırıb bir az da güncəl məsələlərə toxunmaq istəyirəm. Bura gələ-gələ sazaq kimi qəlbimdən keçən bir qorxumu onunla bölüşürəm.

Gallery

- “Sovetski” adlanan bu ərazidə intensiv söküntü işləri aparılır. Muzeyin binasının da sökülmə ehtimalı var?

- Bir ara belə fikir var idi. Lakin cənab Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya, nazir Əbülfəz Qarayevə məktub yazmışıq. Nazir də bizi əmin edib ki, bina sökülməyəcək, sadəcə, muzey yenidən tərtib olunacaq, vəssalam. Biz, əlbəttə, binanın sökülməsini istəmirik. Çünki bir var hardasa bizə yer versinlər və desinlər ki, burda Abdulla Şaiqin ev əşyaları toplanıb, bir də var ki, adam bu binada yaşayıb, 1916-cı ildən 1957-ci ilə qədər bu küçədə addımlayıb. Tək Abdulla Şaiqin yox, Azərbaycanın nə qədər adamlarının bu binada ruhları dolaşır.

- Amma bu binada başqa sakinlər də yaşayırlar. Onlar nə fikirdədirlər?

- Sakinlər də binanın sökülməsinin əleyhinədirlər. Onlar da istəyirlər ki, bina bərkidilsin, əsaslı təmir olunsun.

- Muzeyin özünün də təmirə ehtiyacı var. İçəri soyuqdur, hiss olunur ki, istilik sistemi qaydasında deyil. Eksponatlar isə müəyyən temperatur və rütubət şəraitində qorunmalıdırlar, yoxsa xarab ola bilər.

- Elədir. Sadəcə kondisioner var, biz vaxtaşırı kondisionerləri qoşuruq. 29 ildir, bu eksponatları qoruya bilmişik, xarab olmayıb, inşallah, bundan sonra da xarab olmaz.

- Gələn il həm Abdulla Şaiqin 140, həm də muzeyin 30 yaşı tamam olur. Bununla bağlı hazırlıq görülür?

- Hazırda Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası və Təhsil Nazirliyinə Abdulla Şaiqin 140 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müraciət hazırlayırıq. Müraciətdə muzeyin və binanın əsaslı təmir olunması məsələsi də qaldırılıb. Artıq Mədəniyyət Nazirliyində bununla bağlı işlər görülür, mütəxəssislər də gəlib baxıblar. Yəqin ki, bu il ərzində muzeyin təmiri həyata keçiriləcək. Onlar bilirlər ki, binanın vəziyyəti yaxşı deyil. Ona görə binanın da təmiri nəzərdə tutulub. Söz veriblər, görək necə olur.

Söhbətimiz yekunlaşır, xudahafizləşib muzeydən ayrılırıq. Açıq havaya çıxar-çıxmaz sinə dolusu nəfəs alıram. İçimdə qırmızı günəş doğub, rahatam. Elə bil, yüz il əvvəldən qonaq gəlirəm...

Foto: İlkin Nəbiyev

# 6094 dəfə oxunub

Oxşar xəbərlər

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
#
#
# # #