Dünyanın Qarabağda yırtılan maskası: Qərb Ermənistana niyə can yandırır? - Filosof yazır...

 Dünyanın Qarabağda yırtılan maskası: Qərb Ermənistana niyə can yandırır? - Filosof yazır...
9 dekabr 2020
# 17:21

Kulis.az filosof Rahid Uluselin "Dünyanın dəyişmə nöqtəsi – Azərbaycan" yazısını təqdim edir.

Dünya özünü tanımayacaq dərəcədə dəyişir. Ancaq bu dəfə, deyəsən, özünü daha doğruca dərk etmək üçün dəyişir. Ona taxılan sifətin özününkü olmadığını anlayır. Artıq saxta bürüncəklərindən bezib dünya...

Artıq anlamağa başlayıb ki, “modern” sivilizasiya örtüyünün altında ağzıqanlı yırtıcılıq gizlənir. Erkəklə dişini ayırd edə bilməyəcək kütlüyün dərinliyində insanlığı feminist ruha çökdürməyin iblisanə niyyətləri uyuyur.

Dünyanın əsl mahiyyəti ermənilərin son qərinədə viran edib xarabalığa döndərdikləri Azərbaycan torpaqlarının işğaldan sonrakı mübarək üzü kimi açılır.

Qlobal siyasətin meydanı Şuşa savaşında artilleriyasız, dronlarsız, yenilməz Həqiqətin Ruhu tək əlbəyaxa döyüşən Azərbaycan ərənlərinin cəngavərliyindən örnək alası bir məntiqə köklənmək gərəyini yaşayır.

Dünya yapma Sivilizasiya ilə ilğım Cəngəllik arasında vurnuxmaqdan üzülüb artıq...

Dünya Qərb oxu ətrafında fırlanmaqdan gicəllənib artıq...

Küpəgirən qarının sifətindəki qırışlar tək oxunur dor-dolaşıq siyasətin heroqlifləri...

Avropa ilə, daha geniş anlamda Qərblə Rusiya Pyotr zamanından bəri nə qədər qarşıdurmalarda olsalar da, onların Qafqaz siyasətində uzlaşıb dil tapmalarının köklü səbəbləri var.

Bu səbəblərin başında ariçilik dayanır. Bu gün ABŞ-la Rusiyanın maraqları Ermənistanda açıq şəkildə toqquşsa da, onların bu Qafqaz dönüyünü qorumaqda anlaşma tapacaqları şübhə doğurmur.

Bilirsinizmi, miladın IV-V əsrlərində ermənilər neçə dənə imiş: 3 milyon! Özlərini bir çox qaynaqlarda, eyni zamanda, hamının baxa biləcəyi başdan-başa uydurma “https://ru.wikipedia.org/wiki/ Великая_Армения” saytında məhz belə hesablayan ermənilər bəs bu gün neçə dənədir: 3 milyon!

Roma imperiyasının çiçəklənən vaxtında Roma şəhəri əhalisinin 1 milyon olması təxmin edilir. Yüksək dövlətçilik və inzibatçılıq mədəniyyətinə malik olan romalıların yanılmadıqlarına inanmaq olar.

Ancaq tarixdə heç zaman olmamış və olmayacaq “Böyük Ermənistan”ın bütün Qafqaza pərçim edilən mifik xəritəsindəki coğrafiyada 3 milyon erməninin yaşamasını hansı statistika kahini müəyyənləşdirib?! Deməli, ötən 1600 il ərzində ermənilər “qatır cinsi” tək heç doğub-törəməyiblər?!

Tarixi bitdə-bitdə araşdıran, onun hər faktının təsdiqinə elmi arqumentlər axtaran Avropa (Qərb) rasionalistləri nə əcəb bu qısır toplumun daşlaşıb qalmasını görməyiblər?! Nə əcəb görməyiblər ki, ermənilərin “Böyük Ermənistan”la öyündükləri tarixi zamanda (III – VI əsrlər) onlar Sasani imperiyasının tərkibində satraplıq kimi qısılıb qalıblar. Əlbəttə, görüblər. Əslində, bu tarix korluğunun müəllifi elə onlar özləridir.

Təqribən son 300 ildə Avropa imperializm və təhrifçi tədqiqatçılıq ittifaqı ilə dünya müstəmləkəçiliyinin özülünü qoyub. Bu gün həsəd aparılan Qərb inkişafı öz bünövrəsi üzərində deyil, əsasən, qeyri-Qərb dünyasından daşınan sərvətlər üzərində qurulub.

Avropa imperializminin ekspansionist ideologiyası ariçilik – bəşəriyyətin ari irqinə mənsubların seçkinliyi və üstünlüyü təməlində onların planetar hökmranlığına haqq qazandırmaq üçün quraşdırılmışdır.

“Qafqaz irqini” (Caucasoid və ya Europid) öz əcdadları sayan avropalılar, Avropadan köçmüş amerikalılar öz alimlərinin yaratdıqları ziddiyyət içərisindədirlər. Çünki Qafqaz və ari (hind-avropalı) irqləri tamamilə ayrıdır. Erməni etnosunun da alban, gürcü, abxaz, udin, kabardin, çərkəz, adıgey, avar, ləzgi, sakur və s. onlarla xalqın mənsub olduğu “Qafqaz irqinə” nə dil, nə də antropoloji cəhətdən heç bir bağlılığı yoxdur. Deməli, Qafqaza bağlılığı yoxdur.

Başlanğıcından siyasiləşmiş və hərbiləşmiş ariçilik ideologiyası dünyanın “ari arealı” boyunca Hind-Avropa dil ailəsinə daxil olan etnoslardan özünə ayaqyeri düzəldərək yerimək, irəliləmək və rəqib dövlətləri parçalayaraq (divide et impera) onların ərazisini ələ keçirmək, həmin ərazilərdə dayaq nöqtələrini yaratmaq vasitəsidir.

Avropa (əsasən, Böyük Britaniya və Fransa) imperializminin ariçilik yuvaları xüsusilə dünyanın üç böyük türk imperiyasını – Moğol, Səfəvi və Osmanlı dövlətlərini dağıtmaq üçün Hindistanda, Pakistanda, İranda, Anadoluda, Qafqazda və onlara həmhüdud bölgələrdə yaradılmışdır.

Ariçiliyin erməni yuvaları Anadolu və Qafqazda fiziki şəkildə mövcud idisə və son yüz əlli ildə Qafqazın ən böyük dövləti Azərbaycana qarşı “mütəşəkkil cinayətkar toplum” halına gətirilmişdirsə, hazırda “Erməni dili və sivilizasiyası” adı altında Avropa və Amerikanın bir çox universitetlərində humanitar və intellektual bölmə-təsisatlar şəklində mövcuddur.

Həmin universitetlərin dərsliklərində, tarixi-linqvistik-kulturoloji tədqiqatlarında mikroskopik ermənidən az qala antik Şərq dünyasının vacib komponenti kimi, hətta imperiya qurucusu kimi bəhs edilir, “Ermənistan” pazı Anadolu və Qafqazın bütün antik xəritələrinə saplanır, burada min illər ərzində mövcud olmuş, hətta ermənilərin özünə də bir küncündə yer vermiş tarixi dövlətlərin hüququ tapdalanır.

Tək-tük də olsa, hətta ermənilərin özünün bu toplumu yerində oturdan tədqiqatçıları var: ABŞ-ın Kolumbiya Universitetinin professoru Nino Qarsoyan “Ermənistan IV əsrdə” adlı məqaləsində Ermənistanın vahid, birləşdirilmiş dövlət olduğu iddialarını qəti şəkildə inkar edir. N.Qarsoyan hələ 1600 bundan öncə niyə bütün bölgədə ermənilərin “personae non gratae” (etibarsız şəxs) sayıldıqlarına dair hətta bu gün də əhəmiyyətini itirməyən olduqca tutarlı fakt gətirir: İran tarixinin ən uzunmüddətli “şahənşahı” – Sasani hökmdarı II Şahpur (309 – 379) ermənilərin “tarixi ikiüzlülüyünü” ikrahla bəyan edir: “Ermənilər bizim torpaqlarda yaşayırlar, lakin Sezarın dalınca gedirlər” (http://lraber.asj-oa.am/1876/1/55.pdf, c.56-58, 61).

Yeni epoxanın Avropa Sezarları da “ari erməni”dən həm Mif, həm də Silah kimi istifadə edirlər.

Almaniyada yaşayan dəyərli alimimiz Ağalar Qut “kulis.az” saytındakı son iki məqaləsində arianizmin – ariçiliyin bu Mif-Silahının bizə qarşı necə işlədilməsinin mahiyyətini dəqiq hədəfi ilə açır:

“Azərbaycan avropalı diplomatların, mediaların və beynəlxalq təsisatların üzünə açıq mətnlə çırpmalıdır ki, biz məsələni başa düşmüşük, siz nə məlumatsızsınız, nə sadə xristian təəssübkeşlərisiniz, nə də humanist dəyərlərin müdafiəçiləri, siz sadəcə olaraq gizli irqçilər, maskalı arianistlərsiniz!”

Azərbaycan diplomatiyasının və xarici humanitar siyasətinin fundamental strateji mövqeyi məhz belə qurulmalıdır.

Əlbəttə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq edən beynəlxalq qanunlar qarşısında gücümüzlə tərk-silah edilən Ermənistanın ağlı başında bir kimsə tərəfindən dəstəklənməməsi artıq ariçiliyin özünü də köntöy vəziyyətə qoyub. Onda gərək XXI əsrdə 3 milyon olan erməninin elə IV əsrdə də 3 milyon olduğuna dünyanı inandırmaq sarsaqlığında olasan ki, belə bir əsassız dəstəklə özünü gülünc günə salasan...

Bu gün Azərbaycan Vətən Müharibəsində təkcə Ermənistanı diz çökdürmədi, həm də onun dayaqlandığı ariçilik ideologiyasının sütunlarını laxlatdı.

Ariçilər Ermənistanın hərbi məğlubiyyətinin qarşısını ala bilmədilər. İndi basılmış məmləkət üstündə baş sındırılan bu: Qafqaz “qatırı” Ermənistanı kim harayacan minəcək...

Son video süjetlərindən birində gördüyümüz kimi, yağmaladığı Azərbaycan torpağından qovulan erməninin özü ilə sürüyüb apardığı unitaz – əslində, onun Qafqazdakı aqibətinin parlaq simvoludur. Qafqazdakı absurd ariçilik siyasəti belə də başa çatmalı idi!

Etiraf edək ki, homo sapiensin ən qədim məskənlərindən olan Qafqazın son iki yüz ildə düşmənlərinə yenilmələri onu yetərincə “çatışmazlıq kompleksi”nə qapandırmışdı. Bəşəriyyətin önündə getməyə zəkası və haqqı çatanlar güclülərin yedəyinə bağlanmışdı.

Qafqaz böyük imperiyaların hər tərəfdən nizə taxdığı məğlub bölgə sayılırdı. İndi onun nüvəsindən qalib bir dövlət doğulur – Azərbaycan!

Qalib Azərbaycan dövləti bu bölgəyə minilliklərlə yoğrulan öz Həqiqətini – gerçək siyasətini gətirməklə dünyanı özünə tanıtmağın haqq yolu ilə yürüməkdədir.

Qafqazın Azərbaycanı və Azərbaycanın Qafqazı özünü yenidən yaratmaqla, çən-dumanında süslənən, fəqət ilğımlarından sıyrılmağa susayan planetin bu müqəddəs məkanına onun mədəniyyətindən siyasətinədək dumduru hava gətirəcək!..

Azərbaycanın qələbəsi – heç bir qütbdən təhdid edilə bilməyəcək Qafqazın böyük qələbəsinin başlanğıcıdır!..

# 1827 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
#
#
# # #