Cinsi aktivlik dərmanı satan yazıçı – Vidadi Məmmədovun ƏHVALATLARI

Cinsi aktivlik dərmanı satan yazıçı – <span style="color:red;">Vidadi Məmmədovun ƏHVALATLARI
4 oktyabr 2017
# 09:00

Kulis.az “Maraqlı adamlar” layihəsindən bir zamanlar ədəbi mühitdə çox tanınan mərhum yazıçı-tənqidçi Vidadi Məmmədovla bağlı maraqlı əhvalatları təqdim edir.

Natiq Səfərovun kostyumu

Tanınmış tərcüməçi Natiq Səfərov balacaboy və cansız olduğundan özünə kostyum ala bilmirmiş. Bir gün Vidadi Məmmədov onu univermağa aparır və əlini atıb ilk götürdüyü kostyum Natiq müəllimin bədəninə qutu kimi oturur. Məəttəl qalır. Deyir, necə oldu ki, belə asanlıqla tapdın. Vidadi Məmmədov cavab verir:

- Əlbəttə asan tapacam! Səni uşaq paltarları satılan bölməyə gətirmişəm!

Məmmədli kişinin kababı

Ramiz Rövşənin atası Məmmədəli kişi çox yaxşı, qonaqpərvər, mərd bir adammış. Tez-tez şairin dostlarını evinə dəvət edib qonaqlıq verirmiş. Bir gün də yaxşıca kabab çəkir onlar üçün. Yeyib-içib şəhərə qayıdırlar. Yolda Vidadi Məmmədovun nadincliyi tutur, balaca və kasıbyana bir kafeni göstərib deyir:

- Gəlin, gedək o kafedə ucuz sosiskadan yeyək, Məmmədəli kişinin bu kabablarını zibilə döndərək!

Mövlud Süleymanlının folklora qayıtması

“Köç” romanı çap olunanda kimsə Mövlud Süleymanlını tərifləyib, deyir:

- Bu romanda yazıçı folklora qayıdıb.

Bunu eşidən Vidadi Məmmədov yenə dilini saxlaya bilmir:

- O, folklordan çıxmışdı ki, qayıtsın?

“Ki”şünas professor

Kamil Vəli Nərimanoğlunun elmi işi bağlayıcılardan imiş. Vidadi Məmmədov buna görə onu lağa qoyaraq deyirmiş:

- Bilmədiyi elmlər namizədi, “ki”şünas Kamil Vəliyev...

Borc pul

Yazıçıların arasında şıdırğı qumar gedirmiş. Vidadi Məmmədov ərk elədiyi dostlardan borc istəyir, hamı and içir ki, pulum yoxdur. Bir azdan qumar stolunun üstünə az qala bir maşının pulu qalaqlanır. Məbləğ şişir, heç kim “pas” getmir. Birdən Vidadi Məmmədov gülümsünür:

- Kartı düzüb, hamınıza üç “Tuz” paylamışam. Pulunuzu ortaya çıxarmaq üçün...

Və ortalıqda qalanan puldan istədiyi məbləği götürüb gedir.

Cinsi aktivlik dərmanı

Vidadi Məmmədov tokar sexinə gedibmiş, birdən baxır ki, balaca kinə sayaq çoxlu taxta qırıqları var. Xoşuna gəlir, bir ovuc götürüb cibinə qoyur. Dostları əlində görəndə maraqlanırlar ki, o nədir elə? Deyir, cinsi aktivlik dərmanıdır, yaman təsir eləyir. Hamı bir-birinin yanında “Mənim ehtiyacım yoxdur” deyib söhbəti dəyişir. Ancaq aralanandan sonra hər biri tək-tək Vidadi Məmmədovu yanlayır. Vidadi Məmmədov o taxta qırıqlarının üçünü hər biri 10 manata üç məşhur ədəbiyyat adamına satır və ciddi-ciddi tapşırıq verir: “Yeməkdən əvvəl atarsan!” Səhəri gün hər üçü yenə ayrılıqda onu yanlayır ki, bəs dərmanın heç bir təsirini görmədik. Vidadi Məmmədov deyir, bağışla, səhv dedim dünən, yeməkdən sonra atmalısan.

Və eyni taxta qırıqlarını hər üçünə ayrı-ayrılıqda yenə 10 manatdan satır.

Ad mübahisəsi

Əsl adı Dədə olan bir kişi həmişə Vidadiyə Vidiş deyirmiş.

Bir gün Vidadi əsəbiləşib və kişiyə deyib:

- Bir də mənə Vidiş demə!

Dədə soruşub:

- Niyə?

Vidadi deyib:

- Sən mənə Vidiş deyəndə, gərək mən də sənə Duduş deyəm.

Qız toyu

Qızının toyunda xüsusi canfəşanlıqla süzə-süzə oynayan bir yazıçını Vidadi Məmmədov arada bir qırağa çəkib deyib:

- Ə, heç utanmırsan?

Yazıçı soruşub:

- Niyə?

Vidadi deyib:

- Sən qızının toyunda elə oynayırsan ki, elə bil oğul toyu edirsən. İşin toy hissəsini fikirləşirsən, bir az “oy” hissəsini fikirləşsənə!

Həssas həyat yoldaşı

Kamil Vəli Nərimanoğlu yayda bir dəfə Vidadi müəllimin evinə gedəndə, onun yoldaşının yun corabla gəzdiyini görüb və səbəbini soruşub. Qadın yazı-pozu ilə məşğul olan ərinə ayağının səsiylə mane olmaq istəmədiyini söyləyib.

Dərin adam

Davud Nəsiblə yeyib içirmişlər. Üç-dörd qədəhdən sonra Davud deyir:

- İçki mənə indi gedib çatdı!

Vidadinin cavabı özünü gözlətmir:

- Davud, sən nə dərin adamsan!

# 2875 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #