Cavanşir Quliyevin kitabı nəşr edildi - Foto

Cavanşir Quliyevin kitabı nəşr edildi - Foto
23 aprel 2020
# 13:21

Milli bəstəkarlıq məktəbinin ənənələrini davam etdirən, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, bəstəkar Cavanşir Quliyevin “Divan” adlı kitabının ikinci hissəsi çap olunub.

Kulis.az xəbər verir ki, Milli musiqimizin dərin qatlarını yenidən kəşf edən, Avropa musiqi sistemləri ilə sintezin keyfiyyətcə fərqli mərhələsini əsərləri vasitəsilə ortaya qoyan bəstəkarın kitabında məhz bu qəbildən olan əsərləri yer alıb.

Yeri gəlmişkən, “Divan”ın birinci cildində C.Quliyevin ötən əsrin 70-ci illərinin sonu – 80-ci illərinin I yarısında gənc ikən bəstələdiyi əsərlər -zurna ilə simfonik orkestr üçün Uvertüra, saz və violin üçün Sonata, İki saylı Simli Kvartet, Muğam səssıralarında interlüdlərlə “Yeddi Pyes”, Üçüncü simfoniya kimi işarəvi əsərlərlə yanaşı, ilk dəfə qarışıq xor üçün “Dönübdür” xor miniatürü yer alıb.

İkinci cildi isə bəstəkarın yaradıcılığının əsasən 2000-ci ildən sonrakı dövrünü əhatə edir. Buraya ağac nəfəs alətləri üçün Kvartet, yaylı orkestr üçün “Dastan” adlı Dördüncü simfoniya, habelə irimiqyaslı beynəlxalq layihələr çərçivəsində gerçəkləşdirilən fleyta, saz və violonçel üçün “Karvan”, xanəndə, soprano və geniş heyətli ansambl üçün “Bayatı” daxil edilib.

Kitabın ön sözünün müəllifi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarın yaradıcılığının I dövrünə münasibət bildirərək deyir ki, yaradıcılıq məqsədinin təəccüb doğuracaq aydınlığı, həmin məqsədin janr, bədii qayə baxımından fərqli əsərlərdə heyrətamiz ixtiraçılıqla gerçəkləşdirilməsi, buradan irəli gələn nadir üslub vəhdəti gənc azərbaycanlı müəllifə güzəşt deyilən münasibəti büsbütün ləğv edir: “Kitabın hər iki cildinə daxil olan əsərlər konkret bədii qayə, həmin qayənin təcəssümü, instrumental heyət baxımından nə qədər fərqli olsa da, müəllifin fərdi üslubunun səciyyəvi cəhətlərini əyani sərgiləyirlər”.

Z.Dadaşzadə kitabda Cavanşir Quliyev yaradıcılığının kvintessensiyasını təqdim edir: “Bəstəkarın yaratdığı melodiyalar qabarıq, yaddaqalandır, amma onların genezisi mürəkkəbdir: burada gah aşıq musiqisi, gah muğam, gah dəqiq ünvanı bilinməyən, arxaik intonasiyaların peyda olması bəstəkarın genetik yaddaşının dərinliyinə, musiqi duyumunun qeyri-adi həssaslığına dəlalət edir. Özü də C.Quliyev total musiqi axtarışlarında təkcə Azərbaycan musiqisi ilə məhdudlaşmır, bütövlükdə türk dünyasının arxaik musiqi qaynaqlarını əhatə etməyə çalışır”. Bundan başqa, II cildə Zümrüd xanımın bəstəkarla vaxtaşırı apardığı söhbətlər əsasında tərtib etdiyi yığcam müsahibəsi də yer alıb və elmi mətnləri səliqə ilə tərtib etmək kimi xüsusiyyəti də diqqəti cəlb edən məqamlardandır. Hər iki cilddə ön söz qismində verilən məqalələrin sonunda müəllif geniş biblioqrafiya yerləşdirir – istinad etdiyi bütün mənbələri bir-bir qeyd edib.
Əslində “Divan” sadə bir məcmuə deyil, eyni zamanda bəstəkarın uzun illərdən bəri davam edən yaradıcı axtarışlarının fəlsəfi məzmunudur.

“Renessans A” Nəşriyyat Evində çapdan çıxan toplunun adı çox simvolik məna dşıyır. Belə ki, şərq poeziyasına xas müəyyən strukturlu Divan forması bəstəkarın diqqətini hələ gənclik illərindən cəlb etmişdir. Bu baxımdan o, uzun müddət üzərində düşündüyü “Divan”ını yaxın konsepsiyalı əsərləri bir yerə toplayaraq həyata keçirir və hər bir cild burada yer alan əsərlərin səs yazısı olan disk ilə təchiz olunub ki, bu da iki cildlik kitabın ciddi və dolğun bir nəşr kimi səciyyələndirməsinə şərait yaradır.

Onu da qeyd edək ki, bəstəkar “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərə (“Qocalar, qocalar”(1982), “Qəm pəncərəsi”(1986”), “Süd dişinin ağrısı”(1987), “Araqarışdıran”(1987), “Lətifə”(1989), “Girişmə əldürər”(1990), “Şirbalanın məhəbbəti”(1991), “Fəryad” (1993), “Beşmərtəbəli evin altıncı mərtəbəsi”(1996), “Arxada qalmış gələcək”(2004), “Cavid ömrü2(2007), “Buta”(2011) və s.) də mahnı yazıb. 2005-ci ildən yaradıcı fəaliyyətinə Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri fakültəsində davam etdirir.

# 1969 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #