Anamı o yazıçı boşandırdı

Anamı o yazıçı boşandırdı
2 dekabr 2020
# 11:15

Kulis.az Xumar Ələkbərovanın "Atamla anamı o yazıçı ayırdı" yazısını təqdim edirik.

Hiss edirdim, atamla anam arasında münasibətlər yenə tarıma çəkilib. Son günlər ümumiyyətlə mübahisəsiz keçmir, hər söz, hərəkət mərmi olub partlayır, olan əsəblə çırpılan qapılara, sındırılan boşqablara olurdu...

Həmən gün fikrimi heç cür ev tapşırıqlarına cəmləyə bilmirdim. Uşaq ağlımla gərgin durumu düzəltməyə çalışır, gah mətbəxdən çıxmayan anamın yanına qaçıb, bilərəkdən dəcəllik edirdim ki, sükut pozulsun, gah da televizorun qarşısında oturub fikirləri çox uzaqda olan atamı mənasız sual atəşinə tuturdum. O da birinə dilucu məntiqsiz cavab verir, beşini ötürürdü.

Yaxşı ki, şam yeməyində ailəliklə eyni süfrə başına oturduq. Xatırlayıram, çəngəli boşqaba döyəcləyib, şit uşaq zarafatlarımla sükutu pozmağa çalışırdım, amma alınmırdı. Daha bir cəhd etdim:

- Mən qərar verdim böyüyəndə kim olacam...

Deyəsən, bu sözümlə hər ikisini maraqlandıra bilmişdim. Amma yenə də inadla susub, yalnız masaya zillənmiş gözlərini mənə tərəf qaldırmaqla, baxışları ilə “kim?” soruşdular.

- Yazıçı.

- O hardan çıxdı? – atam soruşdu.

- Televizorda gördüm. Bir kişi danışırdı, yazıçı imiş. Xoşum gəldi yazıçı olmaqdan, maraqlıdır. Yazıçı nə istəyir uydura bilər, ürəyindən nə keçir yaza bilər.

- Sən ona baxma, onun ağlı çatmır, - atam söhbəti bağlayıb sükutu bərpa edəcəyini düşündü.

- Amma onu televizora çıxarmışdılar, deməli axmaq deyil.

- Televizora çıxanların elə çoxunun ağlı çatmır, - atam çımxırdı.

- Amma o gün bibim də televizorda idi, - məsum-məsum söhbəti yenə qüvvədə tutmağa çalışdım.

- Guya bibinin ağlı çatır? – bu dəfə anam söhbətə qoşulub mənə cavab verdi. Atam isə cavabı yubatmayıb anama:

- Mənim bacım küçədən keçərkən təsadüfən sorğuda iştirak etmişdi. Sənin bacın isə efirlərdən düşmür!

- Mənim bacım aktrisadı...

- Anam elə düz deyir, nə qədər gec deyil, sizin “artist tayfanızdan” uzaqlaşmaq lazımdır!

- Nə demək istəyirsən?

- Demək istəyirəm, bizim evliliyimiz yanlış idi, mən boşanmaq istəyirəm!

Bundan sonra çökən uzun sükutu atam pozdu. Çəngəli zərblə boşqaba çırpıb ayağa durdu. Barmağını mənə tuşlayıb:

- Elə bu da sizə oxşayacaq! Bunun boyuna bax, yazıçı olmaq istəyir. Nə istəsə, yazacaqmış!

Durumu düzəltmək üçün “sözüm” var idi, hər halda uşaq ağlımla belə düşünürdüm. Elə ağzımı açmaq istəyirdim ki, anam məndən tez tərpəndi:

- Boşanaq...

* * *

Valideynlərim boşanandan sonra mən anamla qaldım. Atam bir də evləndi, ögey bacım var. Atamın ikinci evliliyindən bir neçə il sonra anam da ikinci dəfə ailə qurdu, iki ögey qardaşım var, ailəliklə İranda yaşayırlar. Məni isə həmən aktrisa xalam anama vermədi ki, uşağı uzaq yerə aparıb “çadraya bələmə”. Heç anam da məni özü ilə aparmağa istəkli deyildi.

Beləcə, xalam məni böyütdü, ailə də qurmadı. Teatrdan, televiziya çəkilişlərindən aldığı az məvaciblə onu qınayan kişinin qızına korluq vermədi, özündən əsirgədi, məndən yox. Allah rəhmət eləsin, mən məktəbi bitirən il sətəlcəmdən dünyasını dəyişdi. Bu gün onun evində yaşayıram, yatmağa yerim var...

Artıq 4 ildir tək yaşayıram. Ara-sıra anamla, qardaşlarımla videobağlantı vasitəsilə görüntülü danışırıq, bacımla isə əlaqəm yoxdu.

Əvvəllər mütləq yazıçı olmağı düşünürdüm, məncə, buna dəyərdi. Amma yaşa dolduqca, “bu istək ailəmi dağıdıb” düşünüb, yazıçılığa, yazıçılara nifrət etməyə başladım.

Nəisə, bu boyda “qurbandan” sonra yazıçı da olmadım. Əvəzində ağlagəlməyən bir peşə sahibi oldum - manikür ustası. “Yazıçı təxəyyülümü” qələm əvəzinə dırnaq boyaları ilə rəngə çevirir, ruzumu qazanıram.

Bütün bu illəri isə düşündüyüm, məni narahat edən bir şey var – görəsən, o vaxt atam boşanmaq istədiyini deyərkən anamdan öncə mən danışsaydım... Lap anamın cavabından sonra da susmasaydım, demək istədiyimi desəydim, boşanardılarmı?

Nə deyəcəkdim? Var gücümlə bağırıb deyəcəkdim ki, “Ata, narahat olma, mənim istəyimlə deyil ki. Televizordakı kişi dedi ki, həkim, müəllim, rejissor, sürücü, nazir, lap kosmonavt da olmaq olar. Amma yazıçı olmaq olmur, yazıçı doğulur...”

Ürəyimdə qalan, məni “bəlkələrlə” yaşadan bu sözlə bərabər, günah hissi də məni tərk etmirdi. Bəzən ailəmizin dağılmasının günahı ağır olduğundan təkbaşına çəkə bilməyəndə, rəhmətlik xalamın “Mənəm bacımın ailəsinin dağılmasına səbəb” sözünü xatırlayıb, “günah yükümü” xəfiflədirəm. Amma sonra onun gizlində xısın-xısın axıtdığı, məni görüncə peşəkar artist kimi gizlətdiyi göz yaşlarının ardınca gülmək üçün göstərdiyi çabaları, məni əzizləyən sözlərini yadıma salıb, televizorda çıxış edən o yazıçını günahıma şərik edir, ailəmizin dağılmasının baiskarı hesab edirəm.

Ailəmizi o yazıçı dağıtdı - atamla anamı ayırdı, məni valideyn nəfəsinə həsrət, gəncliyini bacı balasına bağışlayan xalamı nakam buraxdı...

# 9467 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #