37 yaşlı oğluna 13 yaşlı “qız alan” ana niyə belə rahatdır?

37 yaşlı oğluna 13 yaşlı “qız alan” ana niyə belə rahatdır?
16 may 2023
# 15:48

Kulis.az Ülvi Bahadırın “Gözlə ayaq arasında və ya eşmə bığların yalnızlığı” yazısını təqdim edir.


“Qohumlar arasındakı razılıq nəticəsində 13 yaşlı qız anasının boşanmış dayısı oğluna nişanlanıb”.

Vallah, elə bu cür də yazılmışdı.

Təəccübləndimmi?

Təbii ki, yox!

Balaca ölkəyik, hamı da bir-birini yaxşı tanıyır. Ayda bir dəfə belə xəbərlər çıxmasa, elə bil ki, o ay boş keçir. Bəs niyə düzəlmir?

Laqeydlik!

Baxın, bir neçə il əvvəl çox savadlı, intellektual bir dostumla oturmuşdum. Nəysə, xoş-beşdən sonra adam qayıtdı ki, bəs rayondan gəlirəm indi, biz tərəfləri də bilirsən də, 14 yaşında qız uşağını 43 yaşında zıpa boyda kişiyə veriblər.

Fikirləşdim ki, vay-vay dostum indi oranın altını-üstünə çevirib, polisi, medianı filan yığıb ora, bir sözlə, aləm dəyib bir-birinə.

Adam nə desə yaxşıdır:

– Başımı götürüb çıxdımeee…

Başımı götürüb çıxdımee….

Başımı götürüb çıxdımeee…

Yox-yox, klaviaturam yaxşı işləyir, bu, beynimin hadisəyə reaksiyasıdır. Daha doğrusu, onu anlama cəhdləridir.

Məni ən çox dəhşətə salan isə adamın rahatlığı idi. Sanki heç nə olmayıb. Nə var ee burda? Uzaqbaşı 14 yaşlı qızla 43 yaşlı kişini bir yatağa soxublar. Gör nəyi dərd eləyirsiniz?

Başa düşürəm, bir şey dəfələrlə baş verəndən sonra, zamanla adiləşir, ancaq bunu hər hadisəyə şamil etmək olmaz.

Bax, 37 yaşlı oğluna 13 yaşlı qız uşağını alan ana da belə rahat idi. Eləcə əli cibində danışırdı. İndi gəlirik növbəti suala:

Ana niyə bu qədər rahatdır?

Çünki o kürəyini minillik mentalitetə, adət-ənənələrə, “burdan ancaq kəfənin çıxa bilər”lərə söykəyir.

Ona görə də oturub taxtında təsbehini sallayır.

Oğlandan, daha doğrusu, yekə kişidən danışmağa dəyməz. Bir dəfə evlənib. Qadın dözməyib, başını götürüb qaçıb gedib. İndi də 13 yaşlını alıblar ki, gedə bilməsin.

Hara gedəcək? Ata həbsxanada. Ana dünəndən razı.

Görün düşüncəyə, əxlaqsızlığa baxın.

Sosial şəbəkələrdə, xüsusilə də feysbukda bir qrup adam var ki, onlar ölkəni ancaq dostluğundakı adamlarla ölçürlər. Elə bilirlər ki, ölkəsindəki adamlar da dostluğundakı adamlar qədər səviyyəli, kübar, intellektualdır.

Elə bilirlər ki, hansısa ağzının qatığını dağıdan bir gədəni dostluqlarından çıxarsalar, avtomatik ölkənin kanalizasiya borusundan axıb töküləcək başqa qalaktikaya.

Olmur elə… Vallah, olmur. Mən də təzə-təzə elə bilirdim.

Yuxarıda yazmışam ha, balaca ölkəyik, doğrudur, amma necə deyərlər, bapbalaca boyumuz var, dam dolusu toyumuz var. Bax, məsəllərimiz də toyla bəzənib ee. Lənətə gəlsin, neyləyirik, çıxa bilmirik. Hara qaçırıqsa, qaçaq, əcdadımız qulağımızdan yapışıb zingildədə-zingildədə atır mağarın tən ortasına.

Qızın anasının danışığında bir hissə diqqətimi çəkdi. Deyir, atası həbsxanadadır, deyir ki, çıxan kimi səni öldürəcəm.

Çox dəhşətli mənzərədir. Əlbət ki, bu, qızı 13 yaşında ərə verməyə əsas vermir. Sadəcə burda yenə kimsəsiz Azərbaycan qadının faciəsi gizlənib. Belə qadınlarla şəxsən rastlaşmışam. Qızını evləndirən yox, hər an ölümlə burun-buruna olan.
Təsəvvür eləyin, həbsxanada bir adam var və o çıxan kimi sizi öldürəcək.

Kim bilir o qadının özünü neçə yaşında soxublar o dustağın yatağına?

Bütün bunların başında isə bu “ağsaqqal institutu” deyilən şey var ha, odur. Siz Allah, yenə sinənizdən 3 tel ayırıb döşünüzə basıb dınqıldatmayın ki, bəs, ay oğuull, onlar ağsaqqal deyil, nə bilim, ağsaqqal elə olur, belə olur. Ay nə bilim, gəl, göstərim-filan.

Mən yaxşı bilirəm, yaxşı tanıyıram onları. Bir əlin barmağını keçməyən adamları çıxaq, cəmiyyətdə görünmür onlar.

Ay qardaş, ay bacı, şəhərdə ad çıxarmış, hörmət-izzət sahibi, bax, həmən o “ağsaqqal” dediyiniz, mənim də havasına aldandığım biri var idi. Adam gözümün içinə baxıb dedi ki, “bizim gədə buyün-savaxlarım türmedən çıxır, Cahanın qızını isdiyirəm gedəyə alım”.

– Axı onun 15 yaşı var. Səninkinin də qırx neçə.

– Beyy… Nooolsun ki? Mən Xazangülü alanda, o da elə o yaşdeydı da. Mən da gədə yaşında.

Bunu deyib bığına bir tumar çəkdi. İndi belə yazıram, yaxşı görünmür, amma bir görəydiniz adama necə hörmət vardı orda. Ay ağsaqqal, orda oturma, burda otur, burda oturma, orda otur. Canım üçün… Hind quruları kimi yaşayırdı.

Siz də sınayın. Ətrafınızda çox hörmətli ağsaqqallara bir də nəzər salın. Bu dəfə daha yaxından və daha ətraflı.


Bəllidir ki, cəmiyyətdə bir ikiüzlülük var. Məsələn, o yaxşı material istəyir, amma oxumur. Yaxşı adam axtarır, amma özü yaxşıdırmı? Yaxşı adamı yoldaş olmaq üçün axtarır, yoxsa minmək üçün. Çünki bizim kimi cəmiyyətlərdə yaxşıları ən yaxşı halda minirlər.

İndi bu hadisəyə pis olan sizlər, doğulduğunuz, ora yaxın yerlərdə və ya birbaşa belə hadisəni görəndə, neçəniz kəskin reaksiya vermisiniz? Əminliklə deyirəm ki, çox azınız. Bir çoxunuz ya “başınıza iş açmaq” istəməmisiniz, ya da evdəkilərin “qonum-qonşu ilə üz-göz olmayağ”ına boyun əymisiniz.

O qızın həyatını düşünün. İndi necə olacaq? Guya 18 yaşını gözləyəcəklər? Deməyin ki, inandım. 13 yaşlı qızı 37 yaşlı kişinin yatağına soxan cəmiyyəti kim, niyə ciddi qəbul eləsin? Siz eləyərsiniz? Mən də eləmərəm.

İndi deyəcəksiniz ki, hər ölkədə var. Birincisi, bunca əxlaqsızlığı belə ucuz nömrələrlə ört-basdır eləyə bilməzsiniz. Heç bir sivil ölkədə buna bu qədər normal yanaşan adam olmur. Əksinə, kəskin reaksiya verilir. Aylarla gündəmdə qala bilir. Ta ki həll olunana qədər.

Bizdə isə bu mövzu 2-3 gün sonra unudulacaq. Daha neçə-neçə qız uşağı tərli bədənlərdə susdurulacaq, məhv ediləcək, O vaxtacan ki, hansısa kanal, sayt hardansa belə xəbərlər tapacaq.

Növbəti hadisəyə qədər isə full pafos, full populizm… Ən qədim xalq… Cavanşir, Babək, Nəbi, Koroğlu…

Ciddi soruşuram, heç gülünc gəlmir bu feodal təfəkkürü?

Heç iyrənc gəlmir hər yerə zurna-balabanın, eşmə bığların soxuşdurulması?

Gecə yerinizə girəndə gün ərzində paylaşdığınız o psevdopatriotik postlara baxıb gülmürsünüzsə, ta sizə sözüm yoxdur. Çünki mən kefim pis olanda, açıb baxıram, doğrusu, xeyli köməyi də olur.

Əvvəllər çox şey çox formada olub. Ancaq zamanla reform olduqca insanların düşüncələri dəyişib, hadisələrə başqa yöndən baxmağa başlayıblar. Zamanın süzgəcindən keçə bilənlər keçib, qalanları qalıb. Bəzi xıltlar isə yol tapıb necəsə özünü müasir dövrə soxuşdurmağı bacarıb.

“Necəsə” deyəndə ki, yazdığım kimi, laqeydliyimiz sayəsində. Özümüzə problem yaratmamaq üçün. “Əşi, guya mən qarışsam, hər şey düzələcək?”lər azsaylı düşünə bilən insanları da passivləşdirir.

Belə hadisələrin yaşanmamağı üçün özümüzdən başlamalıyıq. Gördüyümüz bütün bu tip hadisələrə maksimum reaksiya verməli, yeri gəlsə, müdaxilə etməliyik. Axıra qədər getməliyik. Dəyərlər sistemimiz, prinsiplərimiz olmalıdır. Gündəmbaş olmamalıyıq.

Qadınların ayaqlarının arasına yox, gözlərinin içinə baxmağı öyrənməliyik!

# 6237 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #