Kulis.az Şahnaz Şahinin "300 manata tərg olan gənclik" adlı yeni yazısını təqdim edir.
İş yeri, verilən əmək haqqı deyəndə ağıla günün xərclər cədvəli, sonra da bir aylıq kommunal, qida, məişət, baxım, dərman və sair xərcləri qarşılamaq gəlir... Hələ üstəlik, kirayə yaşayanı, ailəsi, uşağı olanı da var ki, belə olan halda durum bir az da çətinləşir... İnsan ta əzəldən öz minimum yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün mucadilə edib. Beləcə ictimai-siyasi formasiyalar bir-birini əvəzləyərək indiki dövrə gəlib çatıb.
Bu gün texnologiyanın yüksək inkişaf etdiyi dövrdə yaşamaq, əlbəttə, rahat və komfortludur. Bir halda ki, paltarlarını, qablarını maşın yuya, evini tozsoran təmizləyə... Şikayətlənməyə haqqımız yoxdu ilk baxışda. İndi hər evdə bu üç mübarək məişət avadanlığından ikisi mütləq olur.
Yadıma bir əhvalat düşdü. Deməli, ziyalı bir xanım tanıyırdım, bir gün oğlu üçün elçiliyə gedir. Qızın valideynləri də bir az “yuxarıdan gedən” idilər, gələcək qaynanaya şərt qoymaq istəyirlər ki, bizim qızımız soğan doğramayacaq ha, əlindən iy gələr... Bu da hazırcavab qadındır, elə o saat qayıdır ki:
- Bıy, siz hələ soğanı əllə doğrayırsız, bizdə maşın doğrayır!
...İndi ən ucqar kəndlərə də qaz çəkilib, bu da insan əməyini xeyli yüngülləşdirib. Düzdür, hərdən nostalji, romantik hisslərimiz güc gəlir və qaz peçini ənənəvi odun peçi ilə də əvəzləyirik. Bu tam başqa bir yazımın mövzusu olacaq. Bu yazı isə əsasən gənclərin, günün demək olar ki, on iki, on dörd saatını işləməsi və bunun müqabilində aldığı “əmək haqqı” barəsindədir. Yazıda demək olar, öz şəxsi müşahidə və sorğularıma əsaslanmışam.
...Gör neçə il keçib fəhlələrin səkkiz saatlıq iş uğrunda apardığı ölüm-dirim mübarizəsindən... Sanki keçilən yol bir dairə cızır, fırlanıb yenə haçansa durduğun nöqtəyə çatırsan. Elə Xatirə Rəhimbəyli bir şeirində dediyi kimi:
Əvvələ yüyürür hər şeyin sonu...
Və yaxud dünya fırlanır, arkadaş ..!
Elə həmin gün Xatirə xanımla bir az dərdləşməyi düşünərək evdən çıxmışdıq. Gəzə-gəzə şəhərin mərkəzi hissələrindən birinə gəlib çıxırıq. Çay süfrəsi arxasında söhbətimizə davam etmək üçün yaxında gözümüzə ilk dəyən rahat kafelərdən birinə daxil oluruq. Qapı ağzında mehriban, gülərüz və yaraşıqlı xanım qarşılayır bizi, yaşı da uzağı 20-23 arası olar. Xoş gəldin edib pəncərə qabağındakı boş masaya dəvət edir. Təbəssüm ona çox yaraşır, gözümü ondan çəkə bilmirəm. Mənə elə gəlir ki, bu təbəssüm qızın təkcə üzünü deyil, lap arzularını da işıqlandırır... Nə yeyib içəcəyimizi soruşur, sonra da masanın üstünə kafenin menyu kitabını qoyub: “Siz baxın, indi qayıdıram" - deyib uzaqlaşır...
Nədənsə bu gözəl qıza qanım elə qaynayır ki. Qayıdıb gələndə əyləşməyini istəyirəm, məqsədim həm də ona bir neçə sual verməkdi. Amma o etiraz edir və səsini alçaldıb: "Olmaz, bizə oturmağa icazə yoxdu..." - deyir və yenə gülümsəyir... Ayaqüstü də olsa suallarımı verib cavab ala bilirəm:
- Neçə saat işləyirsiz ?
- Səhər doqquzdan axşam on-on birə kimi..
- Bəs bu müddət ərzində heç oturmursuz?!..
- Yox...
- Bu iş üçün əmək haqqınız nədir bəs?
- 300 manat...
Deyir və sifətinə təbəssümün rəsmi çəkilibmiş kimi gülümsəməkdə davam edir...
Gülümsəyir üzümə
Bomboş ciblərim.
Tullayır dənizlərə
Məvacibləri...
Dərdini dimdikləyir
Hələ də quşlar.
Açılmır içimdəki
Dərin qırışlar.
Yenə işıq axtarır
Günəş səmada.
Bir əlim Allahdadı
Biri havada.
Kimsə kürəyimizdən
Vurub aparır.
Bir ağrıya daraşır
Ac qarışqalar...
Yadıma illər öncəsi bir dərman şirkətində iş hazırlığı keçdiyim zaman düşür. Orda mənə ünsiyyət zamanı yalnız gülümsəməyi öyrədir, gülməyi isə hər bir halda qadağan edirdilər..! Təbəssüm çox bağlı qapıların açarı ola bilir bəli...
Fikrimdən sıra ilə suallar düzümü keçir, amma nə faydası var, bu nəyi dəyişəcək ki... Kənarda dayanan bir qədər yaşlı xanım isə nəzərlərini bizdən çəkmir, yəqin ki, işçilərə nəzarət ona tapşırılıb...
Çayımızı içib məkanı razılıqla tərk edirik, söhbətimiz də alınıb, bir tək bu və ümumiyyətlə, günün yarıdan çoxunu "iş yeri"ndə əritməklə gənclik bağını belə azacıq maaşa viran edən gəncləri düşünür, düşündükcə də özümə sualla verirəm: "nə olacaq bu gənclərin axırı..." Axı bunların evlənməsi, övlad sahibi olması var hələ... Başı qarışır gündəlik dolanışığa, həyat üçün vacib məsələlər yaddan çıxır... Bir də baxıb görəcək ki, taxtını yellər oynadır... Bəs hardadı çıxış yolu!?
...Bu yazını çoxdan yazmaq istəyirdim, amma nədənsə hər dəfə bir cür təxirə düşürdü. Qismət bu günmüş. Onu da deyim ki, zamanla iş saatının azaldılması və şəraitinin yaxşılaşdırılması, əmək haqlarının qaldırılması və sair kimi tələblər həmişə əhalinin alt təbəqəsi tərəfindən irəli sürülmüşdür. Amma bu dəfə tələb yuxarıdan gəldi!
Ölkə prezidenti tərəfindən verilən tarixi sərəncam tamamən əhalinin ürəyindən xəbər verdi! Bu məlum sərəncamla ölkəmizdə səkkiz saatlıq iş rejimi qanuni şəkildə qüvvəyə minir artıq! Bu uzun illər məcbur qalaraq aşağı əmək haqqına 10-12 saat və daha artıq işləyən insanları sevindirməyə bilməz...
"Heç kim 8 saatdan çox işləməməlidir", "Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müaviləsi bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər!" -bu sözlər cənab Prezidentə məxsusdur... Bu bir daha göstərdi ki, "xalq dövlət üçün deyil, dövlət xalq üçündür!"
Və sonda...
Tarix həmişə hər şeyi öz yerinə qoyur...