20 dəqiqəlik məhkəmə - Onu niyə ölümə məhkum etdilər?

20 dəqiqəlik məhkəmə - Onu niyə ölümə məhkum etdilər?
9 yanvar 2024
# 10:20

Bu gün əfsanəvi aktyorumuz Ülvi Rəcəbin doğum günüdür.

Kulis.az İradə Əliyevanın "Bir aktyorun faciəsi" yazısını təqdim edir.

​​​​​​...1956-cı il iyunun 7-də Xalq artisti Mərziyə Davudova SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasından bir məktub alır. Məktubda bildirilir ki, Hərbi Kollegiyanın 1955-ci il noyabrın 19-da çıxardığı qərar 1938-ci ilin yanvarında Şaşıqzadə Ülvi Rəcəb Molla oğlu haqqındakı hökmü ləğv edərək işə xitam verib, onun bütün hüquqları özünə qaytarılıb. Beləliklə, həmin vaxtdan 18 il əvvəl zamanın amansız səhvi - Stalin repressiyalarının, qırmızı terrorun hökmü ilə güllələnmiş 35 yaşlı bir gəncin üstündən "xalq düşməni" kölgəsi götürülür.

​​​​​

Uğurlu tanışlıq Ərəblinskinin xeyir-duası

"Şaşıqzadə" və "Şaşıqoğlu" Azərbaycanda tanınan, hörmətlə səslənən soyaddır. "Şaşıqzadə" soyadını daşıyan Ülvi Rəcəb Azərbaycan teatr sənətində əbədi imza atmış, dəst-xətini Azərbaycanın incəsənət tarixinə həkk etmişdir. Ülvi Rəcəbin faciəli ölümündən illər sonra xalqımız bu nəsildən olan digər bir aktyoru tanımış və sevmişdir. Bu, bir sıra Azərbaycan kinosunda çəkilən, ən çox da "Uzaq sahillərdə" filmindən tanınan Nodar Şaşıqoğludur. Ülvi Rəcəb Nodarın doğma əmisidir.

...Təxminən 1918-ci ildə Azərbaycan peşəkar teatr sənətinin banilərindən olan Hüseyn Ərəblinski öz truppası ilə birlikdə Batumiyə qastrola gəlir. Onlar buradakı "Artistlər cəmiyyəti"nin salonunda "Otello" tamaşasını oynayırlar. Zaldakılar arasında tamaşaya heyran kəsilən 15 yaşlı bir yeniyetmə də olur. Onu xüsusilə Ərəblinskinin yaratdığı Otello obrazı valeh edir. Tamaşadan sonra Hüseyn Ərəblinskiyə yaxınlaşan gənc ona təəssüratlarını, eləcə də arzu və istəklərini söyləyir.

Bu yeniyetmə sonralar tanınmış Azərbaycan aktyoru olacaq Ülvi Rəcəb Şaşıqzadə idi. O, 1903-cü ildə Batumi yaxınlığındakı Canivri kəndində dünyaya göz açmışdı. Milliyyətcə acar idi. Atası Rəcəb bəy dövrünün tanınmış ziyalılarından olduğuna görə kiçik yaşlarından övladında geniş dünyagörüşü formalaşdıra bilmişdi. Oğlunu elmli, təhsilli bir insan kimi görmək istəyirdi. Bəlkə də bu səbəbdən Ülvini İstanbulda yaşayan xalasının yanında qoymuşdu ki, orada mükəmməl təhsil alsın.

Kim bilir, Ülvini necə xoşbəxt günlər gözləyirmiş... Amma bir gün onu bu xoşbəxtliyə aparan yollar qırılır. Atası dünyasını dəyişir və Ülvi çox erkən yaşlarından çörək pulu qazanmalı olur. Təhsilini yarımçıq qoyur.

1918-ci ildə Batumiyə qayıdan gənc teatr kollektivinə daxil olur. Onu buraya sənətə olan məhəbbəti gətirir. Sonrakı taleyini müəyyən edən həmin görüş - Hüseyn Ərəblinski ilə tanışlıq da elə bu zaman baş verir.

Həyatın növbəti dönüş nöqtəsi

Gənc Ülvi Batumi teatrına qəlbən bağlanır. 1922-ci ildə teatr Tiflis şəhərinə qastrola gəlir. Lakin Rustaveli teatrındakı ilk tamaşadan sonra məlum olur ki, kollektivin qastrolu heç də yaxşı təşkil olunmayıb. Ona görə səfər yarımçıq qalır. Bu zaman Ülvi Tiflisdə Azərbaycan teatrının yaradıcılarından biri - İbrahim İsfahanlı ilə tanış olur və onun həyatında növbəti bir dönüş yaranır.

Ülvi Rəcəb artıq Batumiyə qayıtmayıb Tiflisdəki "Zubalov evi"ndə fəaliyyət göstərən "Azərbaycan dram cəmiyyəti"nə daxil olur. Burada o, daha bir böyük sənətkarın, teatrın baş rejissoru Aleksandr Tuqanovun diqqətini cəlb edir.

1924-cü ilin yayında Aleksandr Tuqanovu Akademik Milli Dram Teatrının baş rejissoru təyin edirlər. Tuqanov Ülvi Rəcəbi Bakıya çağırır. Beləliklə, Tiflisdəki Azərbaycan teatrından başlanan yol Bakıda davam etdirilir. O, Bakı səhnəsində 1925-1937-ci illərdə bir çox obrazları canlandırır və cavan olmasına baxmayaraq, bacarıqlı sənətkar kimi tanınıb şöhrət qazanır.

Dövrün təzadları onun həyatında

Ülvi Rəcəb Azərbaycan teatrındakı xidmətlərinə, yaratdığı parlaq obrazlara görə respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Tez şöhrətlənən cavan aktyor bu adı 30 yaşında almışdı. Bəs necə olmuşdu ki, cəmi 5 il sonra o, "xalq düşməni"nə çevrilmişdi?

Bax, bu, dövrün ağlasığmaz təzadları idi. Çox qəribədir ki, az qala eyni vaxtda, eyni qəzet onu həm tərifləmiş, həm də damğalamışdır.

İfşaedici bir məqalədən sətirlər: "Budur, Ülvi Rəcəb. Bu adam xalqın qəddar düşmənləri - yapon-german faşizminin agentləri, R.Axundovun və Ə.Trinicin vasitəsilə teatra soxulmuşdur.

Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam tez bir zamanda "məşhurlaşmış" və respublikanın Əməkdar artisti kimi şərəfli bir ada "nail" olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Trinic, Ə.Kərimov, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reaksion qəzetlər oxumuş, patefonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur..."
Bu sözlər 1937-ci ildə "Kommunist" qəzetində yazılmışdır. Elə bundan əvvəl həmin qəzet Ülvi Rəcəb haqqında başqa bir məqaləsində digər sözlər də yazmışdı: "Ülvi Rəcəb nəcib, ləyaqətli, saf amallı, həyat eşqli, bütöv xarakterli obrazları xüsusi bir zövq və məharətlə ifa edirdi. O, monumental quruluşlu romantik faciə surətlərinin səhnə təfsirində də həyatdan şirə çəkən poetik realizmə üstünlük verir, ifa üçün səmimiyyət, məlahət, ürəyəyatımlılıq kimi - daha çox aktyorun şəxsi "mən"indən qidalanan psixoloji məziyyətləri qabardırdı. Onun gur və yapışıqlı səsində ürək çalan, qəlb oxşayan bir lirizm vardı".

20 dəqiqəlik məhkəmə

1937-ci ilin ortalarında Azərbaycan XDİK-dan Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsinə daxil olan dərkənarda iki aktyorun - Abbas Mirzə Şərifzadənin və Ülvi Rəcəbin adları çəkilir. Bildirilir ki, onlar tezliklə həbs olunmalı və istintaqa cəlb edilməlidirlər.

Bu məlumata əsasən, 4-cü şöbənin müdiri Sinman arayış hazırlayır. Arayışda Şaşıqzadə Ülvi Rəcəb Molla oğlunun doğum tarixi, Azərbaycan SSR vətəndaşı və dram teatrının artisti olduğu qeyd ediləndən sonra bildirilir: "İdarəmiz tərəfindən həbs olunmuş əksinqilabi-burjua-millətçi təşkilatının üzvü Əli Kərimov göstərdi ki, Şaşıqzadə Ülvi Rəcəb də həmin təşkilatın üzvüdür. İzah edilənə əsasən, Şaşıqzadə Rəcəbin həbs olunub Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci və 73-cü maddələri ilə məsuliyyətə cəlb edilməsini zəruri hesab edirəm".

Qeyd edək ki, bu dövrdə Əli Kərimov Azərbaycan Dövlət Dram Teatrının direktoru, A.M.Şərifzadə artıq tanınmış aktyor və rejissor, respublikanın Xalq artisti, Ülvi Rəcəb isə Əməkdar artist idi.
Ülvi Rəcəb sentyabrın 15-də həbs edilir. Müstəntiq tərəfindən dindirilərkən və müttəhim Əli Kərimovla üzləşdirilərkən Ülvi Rəcəb onun ünvanına deyilənləri qətiyyətlə rədd edir.

İttihamlar isə çox idi. Belə ki, aktyoru teatrın repertuarına ideoloji cəhətdən səbatsız və ziyanlı əsərlərin daxil olmasına şərait yaratmaqda, əməkdaşlar arasında əksinqilabi-burjua-millətçi təşkilata yeni üzvlər cəlb etməkdə, Ruhulla Axundovu Azərbaycan xalqının rəhbəri kimi şöhrətləndirməkdə günahlandırırdılar. Guya 1936-cı ilin qışında əksinqilabi-burjua-millətçi təşkilatı Azərbaycan K(b)P katibi M.C.Bağırovun əleyhinə sui-qəsd hazırlayıbmış və bunu Ülvi Rəcəbə həmin Əli Kərimov deyibmiş.
1937-ci il noyabrın 15-də keçirilən dindirmə zamanı müstəntiq Ülvi Rəcəbə öz ifadələrini yekunlaşdırmaq əmri verir. "Müqəssir" isə ona "yüklənən" cinayətlərin hamısını boynuna alır. Beləliklə, 1938-ci il yanvarın 2-də Bakıda SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının bağlı iclası keçirilir. Digər günahsız müqəssirlərə olduğu kimi, Ülvi Rəcəbə də ölüm hökmü səslənən iclas çox çəkmir. Cəmi ...20 dəqiqə davam edir. Müttəhimə son söz verilir. Bu dəfə o, bir kəlmə belə demir, susur. Hökm yanvarın 2-də icra edilir.

Həqiqət neçə ildən sonra olsa da, təsdiqlənir, ədalət bərpa edilir. Ancaq nə yazıqlar ki, həyatının və sənətinin çiçəklənən çağında ağ yalanın və nahaq güllənin qurbanı olan bir cavanın ömür karvanını geriyə qaytarmaq mümkün olmur. Azərbaycan xalqı isə övladını, böyük sənətkarı unutmur.

# 1013 dəfə oxunub

Oxşar xəbərlər

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

12:00 15 dekabr 2024
İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
# # #