18 yaşlı oğlunu qətlə yetirdilər, özünü isə boğub öldürdülər – Sərvətə görə həyatı kabusa çevrilən bəstəkarımız...

Tamella Məmmədzadə

Tamella Məmmədzadə

30 noyabr 2021
# 12:10

Kulis.az məşhur bəstəkar Tamella Məmmədzadə haqqında 10 maraqlı faktı təqdim edir.

1. Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Bir yaşı tamam olmamış onun atası Sibirə ordan isə İrana sürgün edilir. İranda bir fars qadını ilə ailə qurur. Bu evlilikdən onun üç övladı olur. Ancaq Tamella xanımın anası Sara xanım ikinci dəfə ailə qurmur, qızını təkbaşına böyüdür və həyat yoldaşı ilə ömrünün axırına kimi danışmır.

***

2. Tamella xanım çox erkən, 18 yaşında bir idmançı ilə ailə həyatı qurur. Artıq Avstriyada böyük iş adamı, iri qızıl mağazalarının sahibi olan Tamellanın atası on ildən sonra ilk dəfə Bakıya qızının toyuna gəlir. Lakin, onun gənc yaşda qurduğu ailənin ömrü uzun çəkmir. Oğlu Çingiz doğulandan bir müddət sonra həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək üçün suya atılanda boğularaq dünyasını dəyişir.

***

3. Bəstəkarın faciəsi bununla bitmir. Gözünün ağı qarası, 18 yaşlı oğlu Mərdakan bağlarının birində dostları ilə görüşür. Bu görüş də onun həyatının sonu olur. Çingiz dostları tərəfindən qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar. Polis işçiləri hadisə yerinə çatanda tonqalın üstünə uzadılan cəsədin böyük hissəsi tanınmaz hala düşür, yalnız ayaqların topuq hissəsi, şalvarın balaqları və ayaqqabılar salamat qalıbmış.

4. Deyilənlərə görə bu amansız qətlə səbəb Çingizin babası Məmmədağanın qızı Tamellaya ad günü münasibəti ilə bağışladığı çox qiymətli brilliant dəsti olur. Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.

***

5. Tamella Məmmədzadə oğlunun ölümündən bir müddət sonra ikinci dəfə ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa da, hər iki hamiləliyini dayandırır. Bir müddət sonra o, həyatının maraqsız olduğunu hiss edir və əri ilə qərara alırlar ki, övladlığa uşaq götürsünlər. Uşaqlardan biri ər tərəfin qohumlarından yeni doğulmuş oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız olur. Bu əhvalatdan altı ay keçir, Tamella xanımın ikinci həyat yoldaşı da dünyasını dəyişir.

6. İki uşaqla tək qalan bəstəkarın həyatı rahat olmur. Dörd yaşlı qızcığazı ailəsinə qaytarmalı olur. Oğlan uşağını saxlayır. Lakin hər dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır, ondan küllü miqdarda pul tələb edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə müraciət edir və uzun mübarizədən sonra uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.

***

7. 60 illik yubileyində istəyir ya Amerikaya, ya da Fransaya getsin. Sonradan bu fikirdən vaz keçir. Ömrünün son illərində çox ağlayıb, özünü bədbəxt hiss edirmiş. Həyat yoldaşını itirmiş ailə dostu Məcid adlı bir kişi ilə ailə qurmaq istəsə də bu fikirdən vaz keçir.

8. Günlərin birində bəstəkarın qızı kimi saxladığı, toy edib köməklik göstərdiyi qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Hamıya qohumu kimi təqdim etdiyi qulluqçusunu əri ilə evə buraxan bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə keçir. Bu zaman Məcid müəllim zəng vurur. Ona hər gün serialın başlandığını deyir. Söhbət əsnasında Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq qonaqların bu zəngdən xəbəri olmur.

***

9. Mətbəxdən əlində çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri kəmərlə boğur və qızıllarının yerini soruşur. Bəstəkar qızılların yerini deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri razılaşsa da, qadın razılaşmır. Deyir, o, oğlunu öldürən adamı həbs etdirdi, bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.

***

10. Üç gün morqda qalan bəstəkarın nəşini nəhayət dördüncü gün qohumlarına verirlər. Çox sakit keçən yas mərasiminə vaxtilə çiyin-çiyinə çalışdığı sənət dostlarından heç kim gəlmir. O, öz səsi ilə oxuduğu musiqi sədaları ilə dəfn olunur.

# 4200 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #