Kulis.az Ülvi Bahadırın Azərbaycan görkəmli maarif xadimi, pedaqoq, yazıçı Qantəmir Qafur haqqında tərtib etdiyi maraqlı faktları təqdim edir.
Qantəmir harada anadan olub?
Qantəmir Qafur 1888-ci ildə Göyçay mahalının Potu kəndində anadan olub. Deyilənə görə, Qafurun atası Sədrəddin Əfəndi mədrəsə müəllimi olsa da, dövrünün tanınmış ziyalılarından sayılıb. Hətta Sədi Salis təxəllüsü ilə şeirlər də yazırmış. Qafur da elə ilk təhsilini məhz atasının müəllim işlədiyi mədrəsədə alıb.
***
Uşaqlıq illərindən klassik şairləri, xüsusilə də, Şərq ədəbiyyatını müntəzəm mütaliə edib, sənətə, elmə xüsusi maraq göstərib. Şair təbiətli Sədrəddin kişi oğlunun qabiliyyətindən xəbərdar olduğundan onu mükəmməl oxutmaq arzusunda idi. Bu səbəbdən də Qafur 1905-ci ildə Göyçaya gələrək o dövrün tanınmış ziyalılarından olan İbrahim Həqqinin yeni üsulda açdığı məktəbdə oxuyub.
Qantəmir kimlərdən təsirlənib?
Qantəmir 1908-ci ildə Göyçayda pedaqoji fəaliyyətə başlayıb. 1915-ci ildə fəaliyyətini şəhərdə yeni açılan "İqbal" məktəbində davam etdirib. 1916-cı ildə "Nəşri-maarif" cəmiyyətinin Qubada açdığı məktəbə müdir vəzifəsinə dəvət olunub. Müəllim işlədiyi dövrdə Abbas Səhhətlə, Mirzə Ələkbər Sabirlə olan görüşləri bu istedadlı gəncin bir qələm sahibi kimi inkişafında öz sözünü deyib. Uzun müddət Sabirin şeirlərinin təsirindən çıxa bilməyib.
***
Qantəmirin hekayələrində məhz Sabir ruhunun təsirini aydın duymaq olur. Sabir öz şeirlərində millətinin maariflənməsini, ayıq olmasını nə qədər çox istəyirdisə, eləcə də qansızları, millət düşmənlərini, çar məmurlarını satira atəşinə tuturdusa, Qantəmir də hekayələrində bu ideyanı özünəməxsus şəkildə qabardırdı.
"Qantəmir" təxəllüsü necə yarandı?
O, 1911-ci ildə təhsilini davam etdirmək məqsədilə Türkiyəyə gedərək İstanbul Universitetinin tarix-filologiya fakültəsinə daxil olub. O, burada da yaradıcılıqla məşğul olub, kiçik hekayələr yazıb. Yəqin ki, elə “Qantəmir” imzasını da Türkiyə mühitində yaşayarkən götürüb. Əvvəl orada qalıb işləmək istəyib. Çünki İstanbulda oxuduğu illərdə özünə çoxlu dostlar tapmışdı. Ancaq I Dünya müharibəsinin başlanması və Osmanlıda da müharibəyə hazırlıq getməsi və səfərbərlik elan edilməsi səbəbindən Qantəmir doğma vətənə qayıtmağa məcbur olub.
***
Sonralar sorağı Qubadan gələn Qantəmir bir müddət bu bölgədə yeni tipli məktəblərin təşkilində və fəaliyyətində fədakarlıqla çalışıb. Gah müəllim, gah da məktəb direktoru kimi ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Qantəmir xalqın savadlanması üçün böyük zəhmət çəkib. Ömrünün sonuna kimi də orta və ali məktəblərdə müxtəlif fənlərdən dərs deyib. Bakı Ali Pedaqoji İnstitutu nəzdində fəaliyyət göstərən "Şaiq" məktəbinə rəhbərlik edib.
Qubada işlədiyi illərdə o, buranın ictimai həyatında yaxından iştirak edib, tez-tez əhali arasında maarifləndirici söhbətlər aparıb və onları milli zülmə və müstəmləkəçilik rejiminə qarşı yeni mübarizələrə hazırlayıb.
Qantəmir ermənilərin Azərbaycandakı qətliamları barədə nə yazırdı?
1917-1918-ci illərdə ermənilər tərəfindən Azərbaycanda həyata keçirilən kütləvi qətliamlar Qantəmirə də pis təsir etmişdi. O, kədərlə yazırdı ki, ermənilərin dinc Azərbaycan türklərinə, o cümlədən bütün müsəlmanlara qarşı həyata keçirdikləri vəhşilikləri dillə təsvir etmək mümkün deyil:
“Belə barbarlığı bəşəriyyət heç daş dövründə də görməyib. Ermənilər insan donuna bürünmüş vəhşilərdir. Vəhşidən sağ qurtarmağın yeganə yolu isə onu məhv etməkdir”.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ruh yüksəkliyi ilə pedaqoji fəaliyyətini davam etdirən Qantəmir həm dərs deməklə məşğul olub, həm də kiçik hekayələr yazıb
O dövrdə qələmə aldığı məqalələrindən birində yazırdı:
“Bizim əsas məqsədimiz Azərbaycanın müstəqilliyinin qorunmasıdır. Bu müstəqillik asan alınmayıb, tökülən şəhid qanları hesabına başa gəlib. Biz onların axıtdıqları qanların hədər getməsinə yol verməməli, müstəqilliyimizin qorunub saxlanılması üçün hər birimiz şirin canımızdan keçməyi bacarmalıyıq. Zira millətimizin gələcəyinə və müstəqilliyimizin hifz olunmasına yol ancaq bundan keçir”.
Qantəmir niyə Türkiyəyə getmədi?
Bolşeviklər tərəfindən müstəqil cümhuriyyətimizin devrilməsi yazıçını kədərə qərq edib. İnsanların sorğu-sualsız güllələnməsi yazıçının bir müddət özünə qapanmasına səbəb olub. Əvvəlcə Türkiyəyə getmək fikrinə düşüb. Ancaq sonra bu qərarından daşınıb.
Dostlarından birinə yazırdı:
“Hamı bu ölkəni tərk etməyə cəhd göstərir. Belə getsə, bu məmləkətdə kim qalacaq? Bu məmləkət bizə babalarımızdan yadigar qalıb. Onu qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq və bu yolda mübarizə aparmaq müqəddəs vəzifələrimizdən biri olmalıdır”.
Müəllimlik fəaliyyəti ilə yanaşı, tibb sahəsi də Qantəmiri özünə cəlb edirdi. Çünki əhali arasında tibbi kadrlar çatışmırdı. Bunu nəzərə alaraq, Qantəmir 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olub. O, eyni zamanda, müəllimlik fəaliyyətini də davam etdirib.
Azərbaycan yazıçılarının I qurultayının iştirakçıları. Sağdan: Rəşid bəy Əfəndiyev, V.Vişnevski, A.Şirvanzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, ayaq üstə (sağdan sola): Qurviç, M.Rəfili, C.Cabbarlı, Qantəmir (Əfəndiyev), M.S.Ordubadi, Əhməd Cavad, Səməd Vurğun, M.Hüseyn. 13 iyun 1934.
Qantəmirin SSRİ qurulandan sonrakı fəaliyyəti
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da xalq maarifi sahəsində işləyib, Göyçayda müəllim hazırlamaq üçün qısamüddətli pedaqoji kurslar təşkil edib. Sonralar Bakıda Ali Pedaqoji institutun nəzdində təşkil edilmiş Abdulla Şaiq adına ikinci dərəcəli nümunə məktəbində direktor işləyib, 1937-ci ildə Ağsu rayonuna köçüb diş həkimi işləyib.
Qantəmirin hekayələri yuxarı dairələr tərəfindən birmənalı qarşılanmırdı. Əvvəlcə, müəyyən səbəblər üzündən Qantəmirə dəyib-dolaşmır və yazdıqlarına siyasi don geydirmirdilər. Çünki rejimin dayaqları hələ xalq içində kifayət qədər möhkəm deyildi. Amma ötən əsrin 30-cu illərinin əvvəllərindən başlayaraq, Qantəmir ciddi nəzarət altına alındı və onu həbs etmək üçün bəhanələr axtarmağa başladılar.
Yazılarda Qantəmir nələrdə günahlandırılmırdı...
“15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar”.
Ə. Hidayət imzalı birisi isə Qantəmirə böhtanlar və çirkablar atmaqda hamını kölgədə qoymuşdu.
Ə. Hidayət “Kommunist” qəzetinin 3 fevral 1936-cı il tarixli sayında “Boş və mənasız hırıltıya qarşı” məqaləsində Qantəmiri əxlaqsızlıqda günahlandıraraq haqqında yazırdı:
“Adama belə gəlir ki, müəllif proletar-sosialist Bakısının tamamilə yeni, nümunəvi və sürətlə boy atan şura rayonundan deyil, köhnə patriarxal İran şəhərlərindən danışır.
Qantəmirin yazıçılıq gözü görünməz bir sürətlə böyüyən bu rayonda şura yazıçısının qələminə layiq qəti sürətdə heç bir müsbət cəhət tapa bilmir.
Qantəmir sosialist Bakısının mərkəzi olacaq bu rayona ancaq şəhvət oyadan qızlara və gəlinlərə baxmaq üçün gedir. Burada həqiqi insan həyatı, şura və sosializm quruluşu həyatı yoxdur.
Müəllif yazır:
“15 yaşını yenicə doldurmuş sütül gəlinlərə ancaq bu dairədə rast gəlmək olar”.
Həqiqətən, Qantəmiri ancaq bu gəlinlərə baxmaq, bunların dedi-qodularını dinləmək maraqlandırır, “siz hər nə rəng verirsiniz verin, mənim ən çox xoşuma gələn şey arvad davasıdır”.
Bu, Qantəmirin ən səmimi ifadəsidir.
Qantəmir ən qabaqcıl, ən aktiv, hətta firqəçi və komsomolçu qadında və qızda bir dənə də olsun müsbət insani xüsusiyyət görə bilmir.
Onun üçün qadın ancaq əyləncə, “saçının uzunluğuna rəğmən əqli qısa”, sütül bədənli və ictimai işə yaramayan bir şəhvət obyektidir.
Qantəmirin bu tipləri əsərinə almaqda məqsədi qabaqcıl əməkçi türk qadınlarının obrazını yaratmaq deyil, bu tiplər simasında oxucunun hırıltısına səbəb olan qondarma və süni cizgilər qeyd etməkdir.
Qantəmirin hekayələrində “bitərəflik” və “obyektivizm” ruhu hökm sürür. Onun hekayələrində hər şeydən əvvəl ictimai kəsər yoxdur.
Qantəmirin yumoristliyi haqqında çox danışılır. Doğrudur, bu hekayələr adamı bəzən güldürür, ancaq bu gülüş boş və mənasız hırıltıdan ibarət olaraq qalır".
Azərbaycan Yazıçılar Birliyi binasında repressiyaya uğramış Azərbaycan yazıçılarına həsr edilmiş memorial lövhə
Beləcə, Qantəmir 1939-cu ildə həbs olunaraq Orta Asiyaya sürgün edilib.
Sağlığında bir neçə kitabı işıq üzü görən Qantəmir ölkəni bürümüş repressiyalardan çəkdiyi mənəvi əzablar nəticəsində 1944-cü ildə 56 yaşında dünyasını dəyişib.